XƏBƏRLƏR
Çap et
1220
Prezident İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olmuşdur.
Mətbuat xidmətinin məlumatı
21 Yanvar, 2014
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olmuşdur.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.
Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə isə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır.
Məhəlləyə gələn dövlətimizin başçısı əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, lazımi avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınmışdır.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır.
Dövlətimizin başçısı iş otaqlarında və akt zalında yaradılan şəraitlə maraqlandı.
Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayında oldu.
Qeyd edildi ki, Mədəniyyət Sarayı bu günədək istifadəyə verilən məhəllələrdə inşa olunan sarayların arasında ən böyüyüdür. Saraydakı 500 yerlik zalda ən müasir texnologiya əsasında işıqlandırma və səs sistemləri quraşdırılmışdır. Mədəniyyət Sarayında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən musiqi məktəbində yüksək şərait yaradılmışdır.
Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbində də oldu.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq tədbirləri, Ümummilli Liderin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər quraşdırılmışdır.
Dövlətimizin başçısı məhəllənin baş planına baxdı.
Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün köçürüləcəkdir. Burada klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Gəncə şəhərinin kommunikasiya xətlərinə qoşulmuşdur. Ümumiyyətlə, son beş ildə bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilinə də xidmət göstərir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondunun verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu.
Diqqətə çatdırıldı ki, məhəllədə tikilən bağçada da yüksək şərait yaradılmışdır.
Daha sonra dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilində hər cür şərait yaradılmışdır.
Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
- Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm.
Məcburi köçkün Ofeliya MƏMMƏDOVA dedi: Çox sağ olun, cənab Prezidentimiz. Bu gün Sizinlə görüşməyimizə çox şadıq. Biz hərtərəfli sevinc hissi yaşayırıq. Birincisi, bizə Sizinlə - möhtərəm cənab Prezidentimizlə görüşmək nəsib olub. İkincisi, Siz bizim ailəyə hər cür şəraitli olan belə gözəl mənzil hədiyyə etmişiniz. Siz birinci dəfə deyil, həmişə bizlərə qayğı göstərmisiniz. Dünyanın heç bir ölkəsində məcburi köçkünlərə belə qayğı göstərilmir. Göstərdiyiniz bu qayğıya görə ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.Sizə uzun ömür, cansağlığı arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ olun. Son illərdə köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün çox böyük işlər görülür. Bildiyiniz kimi, bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. İlk dəfə Dövlət Neft Fondundan birinci ödəmələr köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. O ildən bu günə qədər bu siyasət davam etdirilir. Biz çalışırıq ki, hər il yeni mənzillərlə, evlərlə təmin olunan köçkünlərin sayını artıraq. Misal üçün, keçən il 20 min köçkünün evlə təmin edilməsi nəzərdə tutulurdusa, əslində biz təxminən 30 minə yaxın köçkünü evlə təmin etdik. Yəni, il ərzində 28 min köçkün yeni mənzillərə, evlərə köçmüşdür. Əslində bir il ərzində böyük bir şəhər tikmişik.
2014-cü ildə də bu siyasət davam etdirilir. İlin birinci ayında biz yenə də köçkünlər üçün salınmış ən böyük qəsəbədə görüşürük. Həm dövlət büdcəsindən, həm də Dövlət Neft Fondundan vəsait ayrılır. Keçən il 640 milyon manat vəsait ayrılmışdır. Ondan 300 milyonu Dövlət Neft Fondundan, 300 milyonu dövlət büdcəsindən, cəmi 40 milyonu xarici beynəlxalq donor təşkilatlarından ayrılmışdır. Yəni, əslində bu, özü göstərir ki, bu gün Azərbaycan bütün bu böyük işləri öz hesabına görür və görəcəkdir. Çünki bu, ən ciddi, ən böyük sosial problemdir. Ölkə qarşısında duran problemlərin arasında ən böyük problemdir.
Son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçübdür. Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da vardır. O cümlədən siz bu günə qədər ağır vəziyyətdə yaşayırdınız. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcəkdir. O cümlədən Gəncə şəhərində, digər şəhərlərdə fərdi evlər, mənzillər, şəhərciklər tikiləcəkdir.
Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaqdır. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da vardır. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır.
O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulmuşdur. Yəni, il ərzində təbii artım 120 min nəfər olmuşdur, getdikcə daha da artacaqdır. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaqdır. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaqdır.
Bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir. Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıbdır. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edibdir! İnkişaf hələ daha da sürətlə davam edəcəkdir. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcəkdir. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq.
Bilirsiniz ki, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir. Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyildir. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcəkdir. Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaqlar. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq. Ancaq müvəqqəti olaraq indi bu şərait də vardır. Mən əminəm ki, bu, müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı olmalıdır. Burada bütün yüksək standartlar gözlənilibdir.
Ofeliya MƏMMƏDOVA: Bəli cənab Prezidentimiz, biz də bilirik ki, bu qəsəbə bizim üçün ömürlük deyildir. Bir arzumuz vardır - Kəlbəcərimizə qayıtmaq, inşallah, belə görüşlərimizi orada etmək.
Prezident İlham ƏLİYEV: İnşallah.
Ofeliya MƏMMƏDOVA: Biz bunu Sizə, Sizin siyasətinizə, gücünüzə, güclü ordunuza tam əmin olaraq deyirik. İnşallah, biz belə bir günü keçirəcəyik. Bu, bizə nəsib olacaqdır.
Biz o mənfur ermənilərlə qonşu olaraq yaşamışıq. Onların hər xasiyyətini bilirik. Bilirik ki, onlar güclünün ayağına tez gedirlər.
Prezident İlham ƏLİYEV: Hələ Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bilirsiniz, Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı. Çünki bu işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı böyük bir faciə idi. Bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı idi. Ona görə, əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməmişlər. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparmışlar. Ona görə, bu gün biz bax bu vəziyyətlə üzləşmişik.
Ancaq bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyildir. Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyildir. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyildir. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik.
Ofeliya MƏMMƏDOVA: Cənab Prezident, Siz 10 il ərzində Azərbaycan üçün böyük işlər görmüsünüz. Ötən il keçirilən seçki açıq-aydın bunu göstərdi ki, xalq Sizinlədir. Xalq öz inandığı Prezidentini seçdi. Biz bunu tam əminliklə deyə bilərik. Qoy bizə qara yaxanlar Sizdən öyrənsinlər ki, xalqa məhəbbət, ona münasibət, xalqla yaxınlıq necə olmalıdır. Onu Sizdən öyrənməlidirlər.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də xalq üçün, dövlət üçün çalışıram. Çox şadam ki, Azərbaycan doğrudan da sürətli inkişaf dövrünü yaşayır. Sosial problemlər həll olunur, iqtisadiyyat artır. Biz köçkünlər üçün gözəl işlər görürük. On il ərzində 170 minə yaxın insan yeni evlərə köçürülübdür. Biz bundan sonra da bu işləri görəcəyik. Tikinti, yardımlar, güzəştlər, hər şey yerində qalacaqdır. Təki siz rahat yaşayasınız.
İndi Gəncə şəhəri də görün necə gözəlləşibdir. Müasir şəhərə çevrilibdir. Bax bu ərazilər artıq şəhərə, şəhərin mərkəzinə çevrilir, gözəl magistral yol çəkilib, iş yerləri açılır. Gələcəkdə Gəncədə böyük sənaye komplekslərinin tikintisi, digər layihələr nəzərdə tutulur. Yəni, yaxın gələcəkdə bəlkə də başqa rayonlardan buraya işləməyə gələcəklər. Ona görə, Gəncə də gözəlləşir, siz də gözəl qəsəbədə yaşayırsınız. Mən buna çox sevinirəm, çox şadam.
Ofeliya MƏMMƏDOVA: Cənab Prezidentimiz, bir həqiqəti deməyi özümə borc bilərdim. Milli musiqimizi, muğamımızı inkişaf etdirən, Azərbaycanın mədəniyyətini, Xocalı soyqırımını, ümumiyyətlə, Azərbaycan həqiqətlərini dünyaya tanıtdıran birinci xanım Mehriban Əliyevanın, qızınız Leyla Əliyevanın gördüyü işlər hər birimizi qəlbən sevindirir.
Prezident İlham ƏLİYEV: Yeni qəsəbənin açılışı, istifadəyə verilməsi münasibətilə bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Uşaqlar yaxşı böyüsünlər, yaxşı vətəndaş olsunlar, ölkəmizin inkişafına töhfəsini versinlər.
Ofeliya MƏMMƏDOVA: Bütün dünya bizə həsəd aparır, cənab Prezidentimiz. Ulu Öndərimiz XX əsrin müqaviləsini imzaladı. Xalqımız indi onun bəhrəsini görür. XXI əsrin müqaviləsini isə Siz imzaladınız. İnşallah, onun da bəhrəsini görərik.
Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, ölkəmizin gələcək inkişafı üçün nə lazımdırsa hamısını edəcəyik.
Ofeliya MƏMMƏDOVA: Cənab Prezidentimiz, bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı, Azərbaycan naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb