Fəaliyyət istiqamətləri
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Dövlət Komitəsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum etmək, qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirir, məskunlaşma yerləri üzrə məcburi köçkünlərin uçotunu aparır, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir, müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirlərini həyata keçirir, məşğulluğun artırılması, yoxsulluğun azaldılması, məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərini müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir.
Dövlət Komitəsi məcburi köçkünlərin problemlərinin həlli üzrə aidiyyəti dövlət orqanlarına təkliflər verir, onların qarşısında məsələ qaldırır, həmin şəxslərin miqrasiyası sahəsində dövlət və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər görür, komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini hazırlayıb müvafiq dövlət orqanlarına təqdim edir, məcburi köçkünlərə aylıq müavinətin və yardımın ünvanlı çatdırılmasına nəzarət edir, qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlayaraq müvafiq orqanları ilə razılaşdırmaqla təsdiq edir, xarici, yerli, hüquqi və fiziki şəxslərdən qrant və yardımlar alır.