"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1486
Avropalı qonaqlar Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər
Mətbuat xidmətinin məlumatı 08 İyul, 2013
İyulun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Azərbaycanda səfərdə olan Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa olunması tələb edilmişdir. Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanmalıdır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. Komitə sədri qonaqlara Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. Bildirmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Avropa ölkələri, eləcə də Avropa Parlamenti ilə Azərbaycanın çox sıx əlaqələrinin olduğunu diqqətə çatdıran Əli Həsənov demişdir ki, bu əlaqələrin yüksək səviyyədə, davamlı inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müxtəlif ölkələrdə, o cümlədən Fransada təşkil etdiyi mədəni tədbirlərin də xüsusi əhəmiyyəti vardır. Avropa Parlamenti üzvlərinin Azərbaycana səfərləri çərçivəsində ölkəmizi yaxından tanımaq imkanı əldə edəcəklərini söyləyən komitə sədri vurğulamışdır ki, nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri Azərbaycan ilə Avropa strukturları arasındakı münasibətlərin daha da genişlənməsinə töhfəsini verəcəkdir. Avropa Xalq Partiyasının vitse-prezidenti, Avropa Parlamentində xarici əlaqələr komitəsinin üzvi Mario David Bakıda ilk dəfə olduğunu söyləmiş, burada gördüklərinin onda böyük təəssürat yaratdığını diqqətə çatdırmışdır. Qonaq demişdir: “Biz Azərbaycanın dostuyuq və dostu olaraq da qalırıq. Məqsədimiz Azərbaycanın dostu kimi burada baş verən müsbət dəyişiklikləri öyrənərək, ölkənizdə müxtəlif mövzularda müzakirələr keçirməkdir. Müstəqilliyini bərpa etməsindən ötən 20 illik qısa tarixi dövr ərzində Azərbaycan çox böyük nailiyyətlər əldə etmişdir. Mən Azərbaycan ilə Avropa Parlamenti arasındakı əlaqələri yüksək qiymətləndirirəm. Azərbaycanın “Trans-Adriatik Pipeline” (TAP) qaz kəməri layihəsinə razılıq verməsi bizim üçün olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, Azərbaycanın regionda suveren bir ölkə olmasına əyani sübutdur. Təmsil etdiyi partiya haqqında geniş məlumat verən Mario David, həmçinin ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə də əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləmişdir. Görüşdə iştirak edən Avropa Parlamentinin üzvləri Filip Kaçmarek, Elena Antonesku, Raşida Dati və başqaları Azərbaycanda müşahidə etdikləri sürətli inkişafdan, tolerantlığın yüksək səviyyəsindən məmnunluqlarını bildirmiş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulamışlar. Nümayəndə heyəti həmin gün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni məhəlləyə baş çəkmiş, burada məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və onlar üçün yaradılmış şəraitlə tanış olmuşlar.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib