"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 677
Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
Rəsmi xronika 08 Aprel, 2023

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

 

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşıladı.

 

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdirdilər.

 

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin olduğu qeyd edildi.

 

Prezident İlham Əliyev keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladı və səfər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinin bu səfəri zamanı aparılacaq müzakirələrin önəmini vurğuladı. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli və vacib bir ənənə olduğunu bildirdi.

 

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulandı. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olundu. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulandı. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olundu.

 

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı və bu istiqamətdə əlavə tədbirlərin görüldüyü bildirildi, Azərbaycanın SOCAR şirkətinin Gürcüstanda uğurlu fəaliyyəti xüsusi vurğulandı.

 

Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edildi.

 

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə etdilər.

 

Gürcüstanın Baş naziri bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, Ümummilli Liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən də böyük hörmət və ehtiramla anıldığını bildirərək, Ulu Öndərin Gürcüstanın və gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.

 

***

 

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

 

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin bəyanatı
 

- Hörmətli cənab Baş nazir.

 

Hörmətli qonaqlar, xanımlar və cənablar.

 

İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

 

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız. Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir.

 

Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq.

 

Bu gün bir çox önəmli məsələlər müzakirə olunmuşdur və biz gələcək fəaliyyətimizi də əldə edilmiş razılaşmalar əsasında quracağıq.

 

Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.

 

Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq.

 

İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Dünən mənə verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonenti təbii qazla təmin edir.

 

Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir.

 

Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır.

 

Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq.

 

Bu, əsas fəaliyyət istiqamətləri idi. Amma təbii ki, Gürcüstan-Azərbaycan əlaqələri sadaladığım sahələrlə məhdudlaşmır. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir – müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı. Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır. Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir.

 

Hörmətli Baş nazir, bir daha xoş gəlmisiniz.

 

X X X

 

Sonra Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

 
Baş nazir İrakli Qaribaşvilinin bəyanatı
 

 

-Cənab Prezident, əziz dostum, mən Sizi salamlayıram.

 

Hörmətli İlham müəllim, mən bu gün ölkənizin bu füsunkar bölgəsində olmaqdan böyük şərəf duyuram. Mənim dostum Azərbaycan Prezidenti cənab İlham Əliyevə bizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

 

Siz düz qeyd etdiniz ki, bir neçə ay öncə Gürcüstanda səfərdə oldunuz. Bu, artıq yeni bir ənənədir ki, biz yalnız paytaxtlara deyil, həm də bölgələrə səfər edirik. Bu, çox gözəl təşəbbüsdür və bu gün də bizim burada olmağımız bunun sübutudur.

 

Bir daha onu qeyd etmək istərdim ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətləri olduqca önəmlidir. Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik.

 

Məlumdur ki, Gürcüstan da etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam etdiririk və dayanmırıq. Bildiyiniz kimi, biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz məsələsini inkişaf etdiririk. Yaşıl enerjini Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur, bunun çox böyük perspektivləri var. Bu, bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik.

 

Bundan əlavə, əlbəttə ki, biz regiondakı vəziyyəti müzakirə etdik. Hazırda Ukraynadakı vəziyyət müzakirə edildi, burada risklər, çağırışlar mövcuddur. Elə çağırışlar ki, onlar İkinci Dünya müharibəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin təmin edilməsidir. Çünki bunlar olmasa, heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz.

 

Biz yeni iş yerləri açmalıyıq və xalqlarımızın firavanlığını təmin etməliyik. Biz bu sahədə eyni baxışa malikik. Ölkələrimiz arasında münasibətlərin daha sıx olmasını arzulayırıq.

 

Onu da əlavə etmək istəyirəm ki, biz Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışırıq. Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik.

 

Bunu bir daha qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz regionda sülhü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi gözəl qardaşlıq mühitində irəli aparacağıq.

 

Cənab Prezident, bir daha Sizə hədsiz minnətdarlığımı bildirirəm. Bu il ölkənizdə Siz dahi atanız Heydər Əliyevin 100 illiyini qeyd edirsiniz. Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub. Sizə və Azərbaycan xalqına sülh və sabitlik arzu edirəm. Təşəkkür edirəm diqqətinizə görə.

 

***

 

Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhəri ilə tanış edilib.

 

***

 

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ regional “ASAN xidmət“ mərkəzində olublar.

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin fəaliyyəti ilə bağlı məlumat verdi.

 

Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il avqustun 10-da açılışı olan Mərkəz müvafiq sahələr üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir. Yeddi illik fəaliyyəti dövründə regional mərkəzə ümumilikdə bir milyona yaxın vətəndaş müraciəti daxil olub. Eyni zamanda, səyyar “ASAN xidmət” avtobusu vasitəsilə 220 mindən çox vətəndaş müraciəti qəbul edilib. Burada gündəlik orta müraciət sayı 1000-ə yaxındır.

 

Qəbələ regional “ASAN xidmət” mərkəzində indiyədək 673 könüllü fəaliyyət göstərib. Ötən dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

 

Tanışlıq zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Qeyd olunub ki, hazırda 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

 

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 624 mindən çox vətəndaşın 61 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faizdir.

 

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan bəri 2 milyon 773 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

 

Məlumat verilib ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 mindən çox könüllü gənc qoşulub. Bu günədək 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

 

Həmçinin bildirilib ki, Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bundan başqa, bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.

 

Sonda Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə “ABAD-çı ailə” tərəfindən hazırlanmış əl sənətkarlığı məhsulu hədiyyə olunub.

 

***

 

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində də olublar.

 

Qəbələ Qida Şəhərciyinin baş direktoru Fuad Babayev Azərbaycan Prezidentinə və Gürcüstanın Baş nazirinə məlumat verdi.

 

Qeyd olundu ki, 16 hektar ərazidə yerləşən Qəbələ Qida Şəhərciyinin nəzdindəki konserv zavodu qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilib. Zavod meyvə şirəsi, limonad, qazlı və qazsız içkilər, soyuq çay və konsentrat istehsalı sahələrindən ibarətdir. Buradakı 13 istehsal xəttində 6 növ qablaşdırmada 130 adda məhsul istehsal edilir. Müəssisə ildə 360 min ton hazır məhsul istehsalı gücünə malikdir.

 

Saatda 10 min litr dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə tərkibli içkilər və soyuq çay, şirə və nektar istehsalı xətti isə saatda 20 min litr meyvə şirəsi və konsentrat istehsal etmə imkanına malikdir. Digər xətdə isə saatda 35 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsal olunur.

 

Müəssisədə qablaşdırma mərhələsindən əvvəl müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqləndikdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb. Qəbələ konserv zavodunda istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir.

 

Məlumat verildi ki, kartof emalı müəssisəsində iki istehsal xətti fəaliyyət göstərir. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin hazır məhsul buraxılışı gücü saatda 2 ton təşkil edir. Çips istehsalı xəttinin gücü isə saatda bir ton hazır məhsuldur. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Qəbələ rayonunda şirkətə məxsus olan 200 hektar ərazidə ildə 10 min tondan çox kartof yetişdirilir ki, bu da istehsal müəssisəsinin illik xammal tələbatını tam ödəyir. Kartof emalı müəssisəsinin istehsal etdiyi məhsullar ölkəmizdə təqdim olunmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac edilir. Sahələrdən yığılan kartof 6 min kvadratmetrlik ilkin soyuducu anbara yerləşdirilir. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir. İstehsala göndərilməzdən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır.

 

***

 

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin şərəfinə nahar verilib.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub