"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 258
Prezident İlham Əliyev Laçına səfər edib
Rəsmi xronika 27 May, 2025

İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir. Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

 ***

İlham Əliyev “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib. “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır. “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.

 ***

İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır. Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdaretmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.

***

İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir. İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilməkdədir. Bu xüsusda Laçında turizm infrastrukturuna xüsusi diqqət yetirilir. 

***

İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib. Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

***

İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

***

İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib. “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verdi. Bildirildi ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır. Dövlətimizin başçısına “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları haqqında məlumat verildi. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar. Prezident İlham Əliyev “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarını işə saldı.

***

İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

***

İlham Əliyev “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi. Qarabağın əsrarəngiz təbiətində, Laçın rayonunun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir. Bildirildi ki, ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Kompleksdə fəaliyyət göstərəcək restoran və kafelər həm milli mətbəxin, həm də dünya mətbəxinin təamlarını qonaqlara təqdim edəcək. Burada qonaqların istirahətini mənalı və əyləncəli keçirmələri üçün boulinq, VR oyun zonaları, karaoke, bilyard, uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək. Kompleksin ərazisindəki futbol və basketbol meydançaları, velosiped və yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda aktiv istirahət təqdim edəcək. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.

10 May, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib
27 Mart, 2025 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
27 Mart, 2025 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar
18 Mart, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna səfər edib
19 Fevral, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
19 Fevral, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalıya səfər edib
18 Fevral, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər