"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 951
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər
Rəsmi xronika 20 Oktyabr, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

 

Dövlətimizin başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

 

Dövlətimizin başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

 

Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

 

Dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

 

***

 

 

Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.

 

Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.

 

Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.

 

***

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar.

 

Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verdi.

 

Bildirildi ki, Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələn il də davam etdiriləcək.

 

Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəsi nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb. Həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində Azərbaycanda ceyranların populyasiyası bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

 

***

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

 

Dövlətimizin başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoydu.

 

Qeyd edək ki, inşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.

 

"Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.

 

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti-quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.

 

“Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müştərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarında, həmçinin alternativ və bərpaolunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.

 

Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq layihənin reallaşdırılması üzrə 3 mərhələdən ibarət planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddətini keçən və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyalarının genişləndirilərək tam yenidən qurulması və “Ağcabədi” yarımstansiyasından 132 kilometr, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksəkgərginlikli elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulub. Artıq “Ağcabədi” yarımstansiyasından Cəbrayıla 330 kilovoltluq xəttin çəkilməsinə başlanılıb.

 

Eyni zamanda, Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyasında işlərin böyük hissəsi görülüb.

 

İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikaya 255 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək və 330 kilovoltluq “Naxçıvan” yarımstansiyası tikiləcək.

 

Üçüncü mərhələdə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün muxtar respublikanın qardaş ölkəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə Avropa enerji standartlarına uyğun 400 kilovoltluq çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək. Bununla da, böyük strateji əhəmiyyətə malik layihə reallaşdırılacaq.

 

Tədbirdə Azərbaycan enerji sisteminin ixrac və tranzit perspektivləri haqqında təqdimat nümayiş olundu. Bildirildi ki, Prezident İlham Əliyevin 2022–ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkənin elektrik enerjisi üzrə ixrac potensialının 1000 meqavatdan 5000 meqavata çatdırılması barədə tapşırığına uyğun olaraq, “Azərenerji” tərəfindən müvafiq araşdırmalar aparılıb, ilkin razılaşmalar əldə edilib.

 

***

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub.

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə məlumat verdi.

 

Bildirildi ki, bu layihələr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 21-ci iclasında Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının yaradılması və magistral boru kəmərinin tikintisi məqsədilə verilmiş tapşırıqların icrası olaraq ASC tərəfindən hazırlanıb.

 

Eyni zamanda, ASC tərəfindən Türkiyə Respublikasının “Suyapı” məsləhətçi şirkəti dəvət edilərək Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının və ondan ayrılacaq magistral kanalların (Laçın-Qubadlı-Zəngilan) yaradılması məsələsi üzrə müvafiq araşdırmalar aparılaraq təkliflər hazırlanıb.

 

Araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasib hesab edilib. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilib.

 

Eyni zamanda, Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda, layihədə subasar zonadan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur.

 

Nəticə etibarilə, Qubadlı və Zəngilan rayonları ərazisində “Dost Aqro” şirkətinin 1900 hektar, “Azərsun” MMC-nin 3300 hektar, “AzərAqrar” şirkətinin 2500 hektar, “Aqrovay” şirkətinin 2700 hektar, “Dost Ziraat Heyvandarlıq” şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin oluna bilər.

 

Qeyd edildi ki, Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.

 

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

 

Dövlətimizin başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoydu.

 

Qeyd edək ki, Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək.

 

“Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı şəhər” və “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq.

 

Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində “Yaşıl Enerji” mənbələrinin qurulması nəzərdə tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə işləmək imkanına malik olacaq.

 

***

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verdi.

 

Bildirildi ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

 

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

 

Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.

 

Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur.

 

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

 

Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

 

Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.

 

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq.

 

Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər.

 

Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub