"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 2155
Məcburi köçkün qəsəbələrində mənzil-kommunal təsərrüfatının normal vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilir
Mətbuat xidmətinin məlumatı 29 November, 2019

Azərbaycan ərazilərinin 20 faizə qədərini təcavüzkar Ermənistanın hələ də işğal altında saxlaması bir milyondan çox həmvətənimizi qaçqın-köçkün vəziyyətində yaşamaq məcburiyyətində qoyub. Xalqımızın belə böyük humanitar fəlakətlə üzləşməsinə baxmayaraq, ölkəmizin müstəqil dövlətçiliyi Ulu Öndər Heydər Əliyevin cəsarəti, qətiyyəti və müdrikliyi sayəsində qorunub saxlanıldı, möhkəmləndirildi, milli inkişaf strategiyası müəyyənləşdirildi və onun uğurla həyata keçirilməsinə başlanıldı. Məhz həmin dövrdən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli bir nömrəli məsələ elan olunaraq onun həlli istiqamətində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin sosial siyasətində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məş­ğulluğunun artırılması əsas prioritetlərdəndir. Hazırda onlar üçün ölkə ərazisində salınmış qəsəbələrin sayı 106-ya çatıb, yenilərinin tikintisi davam etdirilir. İndiyədək 300 mindən çox məcburi kökçün yeni ev və ya mənzilə köçürülüb. Gələn il üçün hədəf – yeddi min ailəni yeni yaşayış sahəsi ilə təmin etməkdir.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədovla söhbətimiz məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və yeni qəsəbələrdəki mövcud şərait, mənzil-kommunal təsərrüfatının istismarı vəziyyəti, həmçinin yeni yaşayış komplekslərinin salınması üçün aparılan hazırlıq işləri barədədir.

 

- Sabir müəllim, respulikamızın müx­tə­lif ərazilərində qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələr salınıb və bu iş davam etdirilir. Bu qəsəbələrin yeri müəyyənləşdirilərkən hansı meyar və prinsiplər əsas götürülür?

 

- Qaçqınların və məcburi köçkünlərin yaşayaış şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin görülməsinə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılıb. Məlum olduğu kimi, Ulu Öndərin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin əldə etdiyi gəlir, ilk növbədə, məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilərək çadır düşərgələrinin ləğvinə başlanılıb. Bu istiqamətdə tədbirlər cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilərək, çadır düşərgələrinin ləğvi başa çatdırılıb, məcburi köşkünlər müasir tipli yeni qəsəbələrə köçürülüb, onlara məşğulluq və təsərrüfatçılıq imkanları yaradılıb. Cənab Prezident tərəfindən 2004-cü ildə təsdiqlənmiş Dövlət Proqramında, 2007, 2011-ci illərdə həmin Proqrama edilmiş əlavələrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin əksəriyyətinin icrası təmin olunub, qalanlarının icrası üzrə işlər yerinə yetirilir.

 

Məcburi köçkünlər üçün qəsəbələr, əsasən, onların ilk sığınacaqları olan düşərgələrə, müvəqqəti məskunlaşma yerlərinə yaxın ərazilərdə, mövcud kommunikasiya resurlarına əlçatanlıq, həmçinin müəyyən müddət ərzində iş, təhsil, tibbi xidmət və s. sahəsində formalaşan əlaqələr nəzərə alınmaqla salınır. Təbii ki, məcburi köçkünlərin ən başlıca arzusu, istəyi doğma yurda qayıtmaqdır və buna görə də işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin bərpası xüsusi əhəmiyyət kəsb edir. Keçmiş Dağlıq Qarabağın inzibati ərazisi olan Şıxarxda, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən tədbirləri buna misal göstərə bilərik. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə və məcburi köçkünlərimiz öz daimi yaşayış yerlərinə qayıdacağına inanırıq. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, normal həyat şəratinin təmin olunması üçün Azərbaycanın həm zəruri resusları, həm təcrübəsi vardır və buna uyğun qayıdış proqramı hazırlanıb.

 

- Məcburi köçkün qəsəbələri, yeni salınan yaşayış kompleksləri zəruri sosial-texniki infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib. Bu təsərrüfatın normal vəziyyətdə saxlanılması və səmərəli istismarının təmin edilməsi üçün hansı işlər görülür?

 

-  Məcburi köçkünlər üçün salınmış qəsəbələr və yaşayış komplekslərinin mənzil-təsərrüfat və kommunikasiya sistemlərinin səmərəli idarə edilməsi vacib məsələdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olan Mənzil İstismar Departamenti və tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən bununla bağlı gündəlik zəruri iş aparılır. Mənzil İstismar Departamenti (MİD) məcburi köçkünlərin istifadəsinə verilmiş dövlət mənzil fondunun normal vəziyyətdə saxlanmasını və səmərəli istismarını təmin edir. Məcburi köçkünlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin həyata keçirilməsi, daxili miqrasiyanın idarə edilməsi baxımından bu təsisatın fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

 

Mənzil-kommunal istismar sahələri məcburi köçkünlərin dislokasiya üzrə qeydiyyatını aparmaq, habelə binaların mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətinə nəzarəti təmin etməklə yanaşı, qəsəbələrin və yaşayış komplekslərinin ərazisində yaşıllaşma, abadlıq, işıq­landırma, məişət tullantılarının daşınması, mənzil kirayəçilərinin qaldırdıqları məsələnin həlli istiqamətində əməli tədbirlər görürlər. Əsas vəsaitin qeydiyyatı, balansda olan xüsusi texnikanın saz-işlək vəziyyətdə saxlanılması, su, qaz, elektrik təchizatının fasiləsiz verilməsinə nəzarət də mənzil-kommunal istismar sahələrin öhdəliklərinə daxildir. Bu qurumların işçiləri evlərə, həyətyanı sahələrə, binaların fasadına, zirzəmisinə, dam örtüyünə, pilləkən qəfəsinə və s.-yə mütəmadi baxış keçirir, aşkar edilən qüsur və çatışmazlıqlar ya daxili imkanlar hesabına aradan qaldırılır, ya da bununla əlaqədar dərhal Departamentə məlumat verilir.

 

- Payız-qış mövsümünün başlanması ilə əlaqədar məcburi köçkün qəsəbələrində daha çox hansı məsələlərə diqqət yetirilir?

 

- Məcburi köçkünlər üçün salınmış qəsəbələr ilin bütün fəsillərində normal həyat şəraitini təmin edən mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib. Bununla belə payız-qış mövsümü ərəfəsində mövcud vəziyyət bir daha təhlil edilir, mənzil-kommunal istismarı sahələri tərəfindən görülməsi vacib olan işlər müəyyənləşdirilir və icra edilir. Bu il payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində MİD tərəfindən Mingəçevir şəhərindəki “Yeni həyat”, Goranboy rayonundakı “Meşəli”, Füzuli rayonundakı 4 nömrəli “Zobucuq” qəsəbələrində daxili yolların təmiri, yol kənarı arxların təmizlənməsi, yağıntıların axıdılması üçün metal boru xətlərinin çəkilməsi, hazırda Tərtər rayonunun inzibati ərazisində olan Şıxarx qəsəbəsində, Qəbələ rayon ərazisindəki qəsəbədə isti su və istilik sisteminin təmiri işləri aparılıb.

 

Dövlət Komitəsinin müraciəti əsasında Mingəçevir və Yevlax şəhərlərindəki məcburi köçkün qəsəbələrində “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzi istilik xətlərinin təmirinə başlanması buradakı mənzillərin isti su və istiliklə təchizatının normal qaydaya düşməsini təmin edəcəkdir.

 

Bu il hündür mərtəbəli binaların dam örtüyünün və fasadının təmiri ilə əlaqədar 8 qəsəbədə, o cümlədən Abşeron rayonunun Masazır kəndində, Bərdədə, Yevlaxda və Ağcabədidə yerləşən məcburi köçkün qəsəbələrində zəruri tədbirlər həyata keçirilib.

 

Qəsəbələrdə uzun müəddətdən bəri istismarda olan evlərin, mənzillərin bəzilərində əsaslı təmirə ehtiyac yaranır. Belə ki, bu yaxınlarda Ağdam, Füzuli, Goranboy və Gəncədə yerləçən qəsəbələrdə qəzalı vəziyyətdə olan evlərə baxış keçirilib və ən təhlükəli halda olan ev və mənzillərdə təmir işləri aparılıb.

 

Payız-qış mövsümündə iqlim şəraiti ilə əlaqədar yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün MİD-in balansındakı xüsusi texnikanın işlək vəziyyətdə saxlanması da diqqət mərkəzindədir.

 

Bununla yanaşı qeyd etmək istərdim ki, hazırda Dövlət Komitəsinin balansında olan və artıq on ildən çox istismar edilən 13350 fərdi yaşayış evindən ibarət 46 qəsəbədə 357 evdə əsaslı təmir işlərinin aparımasına ehtiyac yaranıb.

 

- Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlərə verilən ev və mənzillər xüsusi təyinatlı olmaqla onların müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələridir. Bu yaşayış sahələrindən istifadənin şərtlərinə necə əməl edilir?

 

- Məcburi köçkünlərin onlara verilən yaşayış sahələrindən istifadə etməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir. Həmin Qaydaya əsasən, müvəqqəti yaşayış sahələrindən məcburi köçkünlər onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydada göstərilir ki, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

 

Məcburi köçkünlər dövlətin onların mənzil-məişət şəraitnin yaxşılaşdırılmasına göstərdiyi qayğıya cavab olaraq, dövlətə məxsus əmlaka əsil vətəndaş məsuliyyəti ilə yanaşmalıdırlar. Uzun illərin təcrübəsi göstərir ki, doğma yurdundan didərgin düşmüş həmvətənlərimizin əksəriyyəti bu məsuliyyəti dərindən dərk edir, istifadə etdikləri ev və mənzilləri yaşayış üçün normal vəziyyətdə saxlayırlar.

 

- Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi ilə yanaşı, Dövlət Komitəsi tərəfindən onların digər sosial problemlərinin də həlli istiqamətində hansı işlər aparılır?

 

- Məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial müdafiəsinə dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə və düzgün xərclənməsi, eləcə də beynəlxalq və respublika təşkilatlarından daxil olmuş humanitar yardımların uçota alınması, saxlanılması və təyinatı üzrə çatdırılması da Komitənin fəaliyyət istiqamətlərindəndir. Həmin fəaliyyət Komitənin tabeliyindəki təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi tərəfindən həyata keçirilir. İdarə humanitar yardımların daşınması, pansionat və sanatoriyalarda məskunlaşmış məcburi köçkünlərin içməli suya olan təlabatının ödənilməsi üçün nəqliyyat xidmətini təmin edir. İdarənin tabeliyində fəaliyyət göstərən Baza Sənaye Kombinatının məcburi köçkünlərdən ibarət işçiləri tərəfindən istehsal edilən yataq dəstləri, bəzi qadın, kişi, məktəbli geyimləri humanitar yardım kimi aztəminatlı ailələrə verilir.  Məsələn, ötən il 7838 ədəd isti gödəkcə, müvafiq formada 10.454 geyim dəsti, bu ilin doqquz ayı ərzində isə 7.800 geyim dəsti aztəminatlı məcburi köçkün ailələrin məktəbli övladlarına təqdim olunub. Humanitar yardımların belə ailələrə çatdırılmasında yerli icra hakimiyyəti orqanları ilə yanaşı, bu il Erməni Təcavüzünün Tanıdılması və Xocalı Soyqırımını Tanıtma ictimai birlikləri də iştirak ediblər. Yeri gəlmişkən qeyd edim ki, Komitə məcburi köçkünlərlə bağlı humanitar və maarifləndirici tədbirlər həyata keçirən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu və “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi ilə sıx əməkdaşlıq edir, onlara öz dəstəyini əsirgəmir.

 

- Məcburi köçkünlərin müvəqqəti olaraq sıx məskunlaşdıqları obyektlərin istismar vəziyyətinə necə nəzarət edilir? Belə obyektlərin təmiri istiqamətində son vaxtlar hansı tədbirlər həyata keçirilib?

 

- Erməni təcavüzü nəticəsində öz tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımız respublika ərazisində 1500-dən çox müvəqqəti məskunlaşma obyektində - sanatoriya və pansionatlarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq bağçalarında və yataqxanalarda müvəqqəti məskunlaşıblar. Belə obyektlərin cari təmiri üçün dövlət büdcəsindən müvafiq maliyyə vəsaiti ayrılır. Bununla əlaqədar olaraq, yerli təşkilatların və vətəndaşların müraciətləri əsasında Dövlət Komitəsi rayon icra hakimiyyətləri ilə birlikdə məskunlaşma obyektlərinə baxış keçirir, həmin obyektlərdə cari təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür. Bu ilin doqquz ayında məcburi köçkünlərin sıx məskunlaşdığı 68 obyektdə cari təmir işləri başa çatdırlıb, 9 obyektdə isə iş davam etdirilir. Həmin ob­yektlərdə 1793 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

 

Bundan başqa, müxtəlif rayon və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin suya və elektrik enerjisinə olan tələbatını ödəmək və baş verə biləcək prob­lemlərin qarşısını almaq məqsədilə müxtəlif gücə malik transformatorlar, komplekt transformator mərkəzləri, kabinəli dizel generatorları və digər elektrik avadanlıqları, su nasosları alınıb, bunların bir qismi müvafiq qaydada yerli icra hakimiy­yəti orqanlarına verilib.

 

Müvəqqəti məskunlaşma obyektlərinin sayı ilbəil azalır və məcburi köçkünlər hər cür şəraiti olan qəsəbələrdə, yaşayış komplekslərində tam təmirli yeni evlərə, mənzillərə köçürülürlər. Təbii ki, nə qədər rahat şəraitdə yaşasa da, hər bir didərgin soydaşımız üçün doğma torpaq, o torpaqda yaşayan həyat daha dəyərlidir. Əminik ki, işğal altındakı ərazilərimiz tezliklə azad ediləcək və dövlətimiz Böyük Qayıdış proqramının icrasına başlayacaqdır.

13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 December, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 December, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 November, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb