Yanvarın 15-də doğma yurduna yola salınan köç karvanı Şuşa və Xocalı şəhərinə, Xocalı rayonunun Ballıca kəndinə çatıb. Bu mərhələdə 28 ailə - 135 nəfər doğma yurdlarına qayıdıb. Mərasimlərdə müvafiq olaraq, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.