Qərbi Azərbaycandakı tarixi torpaqlarından azərbaycanlıların məcburi departasiyası, əslində, etnik təmizlənməsi ötən yüzillikdə dörd mərhələdə həyata keçirilib və həmin ərazidə monoetnik erməni dövlətinin yaradılması, onun ərazisinin genişləndirilməsi məqsədi daşıyıb. Dəhşətli cinayətlərlə, qəddarlıq və vəhşiliklərlə müşayiət olunun kütləvi köçürülmə kampaniyaları arasındakı dövrlərdə də azərbaycanlı əhaliyə qarşı təxribatlar, mənəvi-fiziki təzyiqlər davam etdirilib. Bu barədə tarixi həqiqətlərin daha fəal şəkildə beynəlxalq ictimaiyyətə, həmçinin xalqımızın gənc nəsillərinə çatdırılması vacibdir. ABŞ-də yaşayan və orada elmi-pedaqoji fəaliyyətlə məşğul olan siyasətşünas alim Əli Əskərin “Etnik təmizləmənin dörd mərhələsi” kitabı da belə mühüm bir missiyanı yerinə yetirir. Kitab orijinalı ingilis dilində olan monoqrafiyadan ixtisarla tərcümə edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kitabın müəllifi ilə görüş keçirilib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransın iştirakçılarına müraciətini xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev xalqımızın əsrlər boyu öz dədə-baba torpaqlarında yaşayaraq, zəngin mədəni irs yaratdığını vurğulayıb. O yerlərə əsl sahiblərinin – azərbaycanlıların qayıdacağı barədə Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi fikirlərə istinad edən komitə sədri xalqımızın tarixi yaddaşının buna əsas verdiyini bildirib. Vətənpərvər alim kimi Əli Əskərin də məhz milli mənəvi irsdən və tarixi yaddaşdan faydalanaraq obyektiv elmi araşdırmalar apardığı, tutarlı faktlar və dəlillərlə erməni millətçilərinə cavab verdiyi qeyd edilib. Müəllif görüşdəki çıxışında məcburi deportasiyaya məruz qalmış bir ailənin övladı olaraq bu mövzunu araşdırmağı, tarixi həqiqətlərin açılmasına erməni tarixçilərinin və publisistlərinin öz etirafları əsasında nail olmağı qarşıya məqsəd qoyduğunu deyib. Bildirib ki, azərbaycanlılara qarşı ermənilərin apardığı deportasiya siyasəti və genişmiqyaslı zorakılıqlar son nəticədə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayıraraq, Ermənistana birləşdirmək cəhdləri ilə sıx bağlı olub. Kitabda bu tezis ətraflı şəkildə şərh edilir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə göstərdiyi həssas münasibəti yüksək qiymətləndirən Əli Əskər dövlətimizin güclü dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığını vurğulayıb. Görüşdə kitabın tarixi əhəmiyyəti, onun nəşrinin Azərbaycan cəmiyyətinin, xüsusən gənclərin maarifləndirilməsi baxımından vacibliyi bir daha qeyd edilib. Görüşdə komitə əməkdaşları ilə yanaşı əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı da iştirak edib. Ertəsi günü isə müəllifin həmyerliləri, Amasiya rayonunun Qaraçanta kəndi icmasının üzvləri paytaxtın kütləvi tədbirlər keçirilən məkanlarından birində kitabın müzakirəsinə yığışıblar. Əli Əskər onunla görüşə gəlmiş icma üzvlərinə həm Qərbi Azərbaycandan soydaşlarımızın məcburi deportasiyası ilə bağlı apardığı araşdırmalar, həm də diaspor fəaliyyəti haqqında məlumat verib. İcma üzvləri doğma yerlərlə bağlı xatirələrini bölüşüb, kitabla bağlı fikirlərini, təəssüratlarını səsləndiriblər. Xatırladaq ki, kitab Qaçqınların və Məcburi Köçünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində təbliğat və məlumatlandırma məqsədi ilə hazırlanıb və nəşr olunub.