"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2128
2007-ci il 4 may tarixdə Bakının Sabunçu rayonunda, Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş yeni qəsəbənin açılışı olmuşdur.
Mətbuat xidmətinin məlumatı 03 May, 2007
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar. Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Prezidentə məlumat verdi ki, yeni qəsəbəyə Əzizbəyov rayonundakı “Zuğulba” sanatoriyasında, yaşayış üçün tam yararsız, heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi köçürülmüşdür. 80 hektar ərazidə salınmış qəsəbənin tikintisinə ötən ilin dekabrında başlanmış və bu il aprelin 10-da istifadəyə verilmişdir. 450 yaşayış evinin ümumi sahəsi 29 min kvadratmetrdir. Evlərin 90-ı birotaqlı (46,7 kvadratmetr), 222-si ikiotaqlı (63,1 kvadratmetr), 134-ü üçotaqlı (77,8 kvadratmetr) və 4-ü dördotaqlı (91 kvadratmetr) mənzillərdən ibarətdir. Burada 360 şagirdlik məktəb binası, musiqi məktəbi, ambulatoriya, poçt şöbəsi, inzibati bina da vardır. 16 kilometr asfalt yol, 21 kilometr su, 19 kilometr elektrik, 27 kilometr qaz, 34 kilometr kanalizasiya və drenaj xətləri çəkilmiş, 400 və 250 kilovatlıq 10 ədəd və 10 meqavat gücündə 1 ədəd yüksəkgərginlikli transformator quraşdırılmış, həcmi 500 kubmetr olan iki su anbarı və bir nasosxana tikilmişdir. Qəsəbədə məskunlaşmış 400 ailə Şuşadan, qalan 50 ailə isə Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarındandır. Prezident İlham Əliyev əvvəlcə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin Malıbəyli kənd uşaq musiqi məktəbi ilə tanış oldu. Prezidentə və xanımına gül dəstələri təqdim olundu. Dövlətimizin başçısı musiqi məktəbində təhsil alan uşaqların çıxışlarını dinlədi. Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın həsrətində olan balaca xanəndələrin ifasında “Qarabağ şikəstəsi” alqışlarla qarşılandı. Məlumat verildi ki, 22 müəllimin çalışdığı musiqi məktəbində tar, kamança, qarmon, nağara, fortepiano və xor şöbələrində 148 uşaq təhsil alır. Onlar respublikamızda keçirilən müxtəlif festival və müsabiqələrdə fəal iştirak edir, Qarabağımızın qədim musiqi ənənələrinə yiyələnirlər. Prezident İlham Əliyev musiqi məktəbində “Şuşa uşaq musiqi məktəbləri bu gün”, “Heydər Əliyev Şuşada. 1982-ci il”, “Şuşa tarixi abidələr şəhəridir” adlı fotoguşələrlə tanış oldu, ulu öndərimizin ötən əsrin 80-ci illərinin əvvəllərində Şuşaya səfəri və orada keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə maraqla baxdı. Dövlətimizin başçısı xor kollektivinin ifasında səslənən mahnılara da qulaq asdı və xanımı ilə birlikdə uşaqlarla xatirə şəkli çəkdirdi. Azərbaycan Prezidenti İlham Əliyev qəsəbə sakini, 3 otaqlı mənzillə təmin edilmiş Xocalı rayonundan məcburi köçkün Tacir Cəfərovun qonağı oldu. Dövlətimizin başçısı və xanımı çay süfrəsi arxasında ev sahibləri ilə söhbət etdilər. Azərbaycan Prezidentinin adından mənzilə soyuducu və televizor hədiyyə edildi. Prezident İlham Əliyev qəsəbədə fəaliyyət göstərən Malıbəyli kənd orta məktəbinə gəldi. Dövlətimizin başçısı burada qəsəbənin baş planı ilə tanış oldu, tikinti və məcburi köçkünlərin qəsəbəyə köçürülməsi prosesini əks etdirən fotoşəkillərə baxdı. Məlumat verildi ki, Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində məktəbin həyətyanı sahəsində yüzlərlə ağac əkilmişdir. Azərbaycan Prezidenti 50-dən çox müəllimin çalışdığı 360 yerlik orta məktəbin idman salonunda gənclərin nümunəvi çıxışlarına baxdı, kompyuter otağını və ingilis dili kabinetini gəzdi, uşaqların bilikləri, kompyuterdən istifadə, xarici dil öyrənmə bacarığı ilə maraqlandı. Məktəblilər ingilis dilində danışmaq bacarıqlarını nümayiş etdirdilər. Sonra yeni qəsəbənin təntənəli açılışı oldu və ölkə Prezidenti İlham Əliyev məcburi köçkünlər qarşısında çıxış etdi. Əziz bacılar və qardaşlar! Mən sizin hamınızı bu gözəl qəsəbənin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Qısa müddət ərzində istifadəyə verilən bu qəsəbə ən yüksək səviyyədə yaradılıbdır. Burada yaxşı yaşamaq, işləmək, oxumaq üçün hər cür şərait var. Gözəl evlər, binalar, məktəb tikilib, yollar salınıb, işıq, qaz, su, kanalizasiya xətləri çəkilibdir. İndi burada rabitə sistemi də quraşdırılacaqdır. Yəni hər bir insanın yaşaması üçün bütün şərait var. Bu, Azərbaycanda son illər ərzində bu sahədə aparılan işlərin növbəti təzahürüdür. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yaradılmış Dövlət Neft Fondunun ilk vəsaiti hesabına qaçqınlar və məcburi köçkünlər üçün qəsəbə tikilmişdir. Bundan əvvəl Azərbaycanda bizim qaçqın-köçkün soydaşlarımız çox ağır, çətin şəraitdə yaşamışlar. Çadır şəhərciklərində ən ağır şərait məhz burada idi. Təsadüfi deyil ki, bizim ilk addımlarımız məhz çadır şəhərciklərində yaşayan insanları müasir qəsəbələrə köçürməkdən ibarət idi. İndi demək olar ki, bu proses son mərhələsindədir. Əminəm ki, bu ilin sonuna qədər sonuncu çadır şəhərciyi ləğv ediləcək və orada yaşayan soydaşlarımız gözəl binalara köçürüləcəklər. Bu, bizim siyasətimizin əsas istiqamətidir. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızı biz müvəqqəti olaraq normal şəraitlə təmin etməliyik. Son illər ərzində bu məqsədlər üçün çox böyük vəsait nəzərdə tutulub, xərclənir və bu gün bu gözəl qəsəbənin istifadəyə verilməsi bunun növbəti sübutudur. Burada 450 ev tikilibdir və insanlar bu evlərdə rahat yaşayacaqlar. Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar, uğurlu neft strategiyamız bizim üçün bütün bu imkanları yaradır. İndi burada çıxış edən dostumuz qeyd etdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev məskunlaşdığınız “Zuğulba” sanatoriyasında sizinlə görüşmüşdür. Mən də o görüşü yaxşı xatırlayıram. Çünki o vaxt mən də orada idim. O görüş faktik olaraq, Azərbaycanda bu sahədə görülən işlərin başlanğıcı idi. O sanatoriya hələ 1980-ci illərin ortalarında, demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Siz oraya gələndə, məskunlaşanda da vəziyyət o qədər də yaxşı deyildi və uzun illər ərzində təmirsiz qalmış binalarda yaşamısınız. Buradakı stendlərdəki şəkillərdə sizin necə ağır şəraitdə yaşadığınız göstərilir. Sizi oradan bu gözəl qəsəbəyə köçürmək, əlbəttə, bizim borcumuz idi. Yenə də demək istəyirəm ki, biz ilk növbədə ən ağır şəraitdə yaşayan, yəni çadır şəhərciklərində yaşayan soydaşlarımızın qayğıları ilə məşğul idik. Ondan sonra uyğunlaşdırılmış binalarda, məktəblərdə, pansionatlarda, təmirsiz qalmış binalarda yaşayan soydaşlarımızı da gözəl şəraitlə təmin edəcəyik. İndi Azərbaycanın imkanları var. Əgər 1994-cü ildə ulu öndər tərəfindən, onun təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu işlərin görülməsində böyük çətinliklər çəkə bilərdik. Bu gün Azərbaycanın iqtisadi potensialı, onun qüdrəti artır. Qarşıya qoyduğumuz bütün vəzifələr öz həllini tapır. İndi Azərbaycan iqtisadi inkişaf baxımından dünya miqyasında ən qabaqcıl pillələrdədir. Biz üçüncü ildir ardıcıl olaraq iqtisadi artım baxımından dünya miqyasında birinci yerdəyik. Bu da öz növbəsində, hər bir insanın həyatında özünü göstərir. Qaçqın-köçkünün həyatında özünü göstərir. Müəllimin, həkimin, büdcə təşkilatlarında, özəl sektorda çalışan insanların həyatında özünü göstərir. İndi Azərbaycanda geniş quruculuq-abadlıq işləri aparılır. Təkcə Bakıda deyil, müxtəlif rayonlarda, demək olar, hər bir bölgədə məktəblər, xəstəxanalar tikilir, yollar salınır, lazım olan bütün infrastruktur, elektrik stansiyaları tikilir, su xətləri çəkilir. Biz insanları narahat edən bütün problemləri aradan qaldırmalıyıq. Bunu etmək üçün bizim düşünülmüş proqramımız var, maddi imkanlarımız, iradəmiz və xalqın dəstəyi var. Hər bir islahatı uğurla aparmaq, başa çatdırmaq üçün lazım olan bütün amillər Azərbaycanda var. İndi Azərbaycan güclü ölkəyə çevrilir. Biz öz siyasətimizi müstəqil şəkildə aparırıq. İqtisadi cəhətdən heç kimdən asılı deyilik. Enerji təhlükəsizliyi baxımından heç kimdən asılı deyilik, əksinə, biz başqa ölkələr və təşkilatlar üçün enerji təhlükəsizliyini təmin edən ölkə kimi çıxış etməyə başlamışıq. Əlbəttə ki, Azərbaycanın artan iqtisadi və siyasi önəmi qarşımızda duran məsələlərin həllində də bizə kömək göstərəcəkdir. Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır. Bizim gələcək planlarımızda iqtisadi, sosial məsələlər, insanların maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün maaşların, pensiyaların artırılması da nəzərdə tutulur. Azərbaycanda insanlar yaxşı yaşamalıdırlar. Üç il ərzində yoxsulluq kəskin şəkildə, iki dəfədən çox azalıbdır, 49 faizdən 20 faizə enibdir. Bu ilin nəticələrinə görə, əminəm ki, 20 faizdən də aşağı düşəcəkdir. Azərbaycanda bir nəfər də yoxsul olmamalıdır. Yəni, bizim xalqımız yaxşı yaşamalıdır. Ona görə iqtisadi, siyasi, sosial, humanitar sahələrdə görülən işlər öz nəticəsini verir və biz proqram üzrə irəliləyirik. O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə, burada hələ ki, hər şey bizdən asılı deyildir. Biz danışıqlar çərçivəsindəyik. Bu danışıqları aparırıq. Sözün düzü, bu danışıqların artıq 10 ildən çox aparılması bizim hamımızı çox narahat edir, incidir, üzür. Biz nə vaxta qədər bu danışıqlara sadiq qalmalıyıq? Biz öz sülhsevər siyasətimizi dəfələrlə sübut etmişik. Buna baxmayaraq, bütün dünya artıq bilir ki, bizə qarşı haqsızlıq, ədalətsizlik edilibdir. Ermənistanın silahlı qüvvələri bizim torpaqlarımızı işğal edibdir, etnik təmizləmə siyasəti aparıbdır, günahsız insanları məhv edibdir, bizim şəhərlərimizi dağıdıbdır, məscidlərimizi yerlə-yeksan edibdir, əcdadlarımızın qəbirlərini dağıdıbdır. Yəni, bütün bu ədalətsizliklər Azərbaycana və azərbaycanlılara qarşı olubdur. Bütün bunlara baxmayaraq, biz çalışırıq və bundan sonra da müəyyən müddət çalışacağıq ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Çünki biz istəmirik yenidən qan tökülsün, istəmirik cavanlarımız şəhid olsun. Ancaq, bununla bərabər, biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı hərb yolu ilə, silahlı yolla azad edək. Bunu etmək üçün biz güclü ordu yaradırıq. Bu gün Azərbaycan hərbi potensialını ildən-ilə artırır və bölgədə ən güclü orduya malikdir. Qısa müddət ərzində hərbi xərclərimiz 1 milyard dollara çatıbdır. Mən iki il bundan əvvəl vəzifə kimi qoymuşdum ki, bizim hərbi xərclərimiz Ermənistanın bütün xərclərinə bərabər olsun və biz buna nail olduq. Ermənistanın bütün büdcəsi 1 milyard dollar olduğu halda, bizim ancaq orduya xərclənən vəsaitimiz 1 milyard dollardır. Bundan sonra biz bunu daha da artıracağıq. Artıq hərbi tarazlıq, Ermənistan ilə Azərbaycan arasında əvvəlki illərdə mövcud olan hərbi tarazlıq kəskin şəkildə bizim xeyrimizə dəyişilibdir. Azərbaycanın artan iqtisadi və siyasi önəmini nəzərə alaraq, biz gələcəyi çox aydın görürük. Görürük ki, bir ildən, iki ildən, üç ildən sonra bizimlə Ermənistan arasında uçurum daha da genişlənəcəkdir. Bu gün də bu belədir. Azərbaycanın iqtisadiyyatı həcm baxımından Ermənistanın iqtisadiyyatından artıq 7 dəfə böyükdür, büdcəmiz də həmçinin. Gələcək illərdə daha da artacaqdır. Bu, əlbəttə, ilk növbədə,Azərbaycanı hərtərəfli inkişaf etdirəcək, yeni müəssisələr, fabriklər, zavodlar yaradılacaq, iqtisadiyyat inkişaf edəcək, insanlar daha yaxşı yaşayacaqlar. Eyni zamanda, biz həmişə hərbi potensialı da diqqət mərkəzində saxlamalıyıq və bunu artırmalıyıq, gücləndirməliyik. Bir sözlə, bu məsələnin həlli üçün müxtəlif istiqamətlərdə apardığımız siyasət, diplomatik səylərimiz, ikitərəfli danışıqlarda fəal mövqeyimiz, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığımızla yanaşı, eyni zamanda, iqtisadi, hərbi üstünlüyümüz və hərbi potensialın ən yüksək səviyyəyə gətirilib çıxarılması bizə imkan verir ki, istənilən anda, heç bir başqa ölkəyə təcavüz etmədən, öz torpağımızda istənilən əməliyyatı keçirə bilək. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və dəstəklənir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Tarixi həqiqət də belədir. Beynəlxalq hüquq normaları da bunu sübut edir. Baxmayaraq, əvvəlki illərdə, danışıqların ilk mərhələsində bəzi beynəlxalq təşkilatlar belə fikirdə idi ki, Dağlıq Qarabağa ya müstəqillik verilməlidir, yaxud da o, Ermənistana birləşməlidir. Ermənistan və erməni lobbisi çirkin fəaliyyəti, təbliğatı nəticəsində tarixi təhrif edərək, bəzi beynəlxalq təşkilatları, bəzi inkişaf etmiş ölkələrin siyasi dairələrini inandırmışdılar ki, guya bu məsələdə onlar haqlıdırlar. Amma Azərbaycanın uğurlu siyasəti, yenə də artan imkanlarımız bu vəziyyəti dəyişdirdi. Biz indi erməni lobbisi ilə mübarizə aparırıq və uğurla mübarizə aparırıq. Bu yaxınlarda biz erməni lobbisinin bütün səylərini puça çıxardıq. Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq olundu. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət bir daha pislənildi. Bir daha göstərildi ki, Ermənistan nəinki Azərbaycanın 7 rayonunu, eyni zamanda, Dağlıq Qarabağı da işğal edibdir. Bu, bizim böyük siyasi qələbəmizdir. Çünki əvvəlki illərdə çox önəmli qurumlar və bu məsələ ilə bilavasitə məşğul olan təşkilatlar bu barədə heç vaxt belə ifadələr işlətməmişdilər. İlk illərdə, ümumiyyətlə, belə bir təsəvvür yarana bilərdi ki, guya hansısa bir müəmmalı erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edibdir. Ondan sonra biz nail olduq, artıq beynəlxalq təşkilatların sənədlərində göstərildi ki, məhz Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir. İndi isə tam həqiqət bərpa olundu və göstərildi ki, Ermənistan, eyni zamanda, Dağlıq Qarabağı işğal edibdir. Yəni bütün bunlar o baxımdan bizə lazımdır ki, bu, mümkün olan razılaşmanın çərçivələrini müəyyən edir. Yəni bu çərçivələrdən kənarda heç bir razılaşma, sülh sazişi mümkün deyil və olmayacaqdır. Azərbaycanın birmənalı siyasəti bundan ibarətdir. Mən dəfələrlə bəyan etmişəm ki, bu məsələ ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Erməni xalqı öz müqəddəratını təyin edibdir. Onların öz dövlətləri, Ermənistan dövləti var. Əgər onlar öz müqəddəratını bir daha təyin etmək istəyirlərsə, Qarabağda yaşayanlar köçsünlər Ermənistana, orada öz müqəddəratlarını təyin etsinlər. Biz bu prinsiplərə sadiqik. Mən çox şadam ki, danışıqlar prosesində və beynəlxalq təşkilatların yanaşmasında bu istiqamət üstünlük təşkil edir. Mən bir də demək istəyirəm ki, bəlkə də bu gün, yaxud da gələn il məsələnin həlli üçün bunların praktik əhəmiyyəti yoxdur. Amma gələcəkdə danışıqlar prosesində, yaxud da danışıqlar prosesi dayandığı halda, bunlar, əlbəttə, bizə siyasi dəstək verən, siyasi güc verən və haqlı olduğumuzu bir daha sübut edən çox vacib diplomatik uğurlardır. O ki qaldı məsələnin həllinə, deyə bilərəm ki, danışıqlar konfidensial xarakter daşıyırdı, biz də Minsk qrupunun təklifinə razılıq verərək, o konfidensiallığı, yəni məxfiliyi saxlayırdıq. Çünki ümumi yanaşma belə idi. Buna baxmayaraq, son aylar ərzində müxtəlif istiqamətlərdə danışıqların gedişatı haqqında həqiqətə uyğun olmayan versiyalar, təkliflər irəli sürülür ki, tərəflər sanki hansısa prinsiplər əsasında razılığı əldə ediblər. Bunlar tamamilə yalan və uydurma məlumatlardır. Bunun da mənbəyi bəllidir. Ermənistanın daxili vəziyyəti gərginləşdikcə, iqtidar nümayəndələri öz xalqını sakitləşdirmək üçün, yaxud da orada qarşıdan gələn parlament seçkilərində öz istəyinə nail olmaq üçün həqiqətə uyğun olmayan belə versiyaları irəli sürürlər. Danışıqlarda müzakirə olunan məsələləri təhrif edirlər və bunları öz xeyrinə göstərmək istəyirlər. Mən bunu bir dəfə demişəm, əgər belə idisə, onda nə üçün Ermənistanda parlament seçkiləri ərəfəsində Ermənistan danışıqların dayandırılması ilə çıxış edir? Nə üçün? Əgər bu danışıqlar onların xeyrinədirsə, əksinə, iqtidar nümayəndələri öz daxili vəziyyətini yaxşılaşdırmaq üçün danışıqların daha da sürətləndirilməsində maraqlı olmalı idilər. Yəni onların tərəfindən verilən bu təklif artıq özlüyündə göstərir ki, danışıqlar Azərbaycanın mövqeləri çərçivəsində aparılır. Bizim mövqeyimiz də belədir. Mən bunu prinsip etibarilə dəfələrlə bəyan etmişəm. Ancaq nəzərə alsaq ki, həm məsələ ilə məşğul olan Minsk qrupunun nümayəndələri, həm də Ermənistanın nümayəndələri müxtəlif versiyalar irəli sürürlər, mən Azərbaycanın mövqeyini və danışıqların hansı prinsiplər əsasında getdiyini sizə bir daha bildirmək istəyirəm. Hesab edirəm ki, məhz burada, bu qəsəbənin açılışında bu açıqlamanın verilməsi məqsədəuyğundur. Bizim tələbimiz ondan ibarətdir ki, işğal olunmuş bütün torpaqlar heç bir şərt qoyulmadan azad olunmalıdır. Düzdür, əvvəlki mərhələlərdə təkliflər ondan ibarət idi ki, 5 rayon azad olunsun, Kəlbəcər və Laçın rayonları qalsın, gələcək danışıqların mövzusuna çevrilsin. Biz buna heç vaxt razılıq verməmişik. Çünki biz heç vaxt imkan verə bilmərik ki, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması hansısa şərtlərlə uyğunlaşdırılsın. Ona görə danışıqların indiki mərhələsində ümumi razılaşma var ki, 7 rayon işğalçı qüvvələrdən təmizlənir, Azərbaycana qaytarılır. Əlbəttə, biz başa düşürük ki, bunu mərhələli yolla edə bilərik, amma bu mərhələ çox uzana bilməz. Biz tələb edirik ki, sülh müqaviləsi imzalanandan sonra 7 rayon bir neçə il ərzində bütünlüklə qaytarılmalıdır. Ondan sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu da bizim prinsipial şərtimizdir. Bu barədə bizim mövqeyimiz kifayət qədər dəyər qazanıbdır. Həm bu məsələ ilə məşğul olan vasitəçilər, həm də Ermənistan tərəfi danışıqlar prosesində bunu artıq qəbul edir. İndi onlar öz ölkəsində öz xalqına nə deyirlər, hansı yalanları söyləyirlər, bu, məni maraqlandırmır. Mən sizə danışıqların prinsipial məqamlarını açıqlayıram. Məhz ona görə ki, bu konfidensiallığı qarşı tərəf pozubdur. Bizim xalqdan gizli heç bir əməlimiz də olmayıb, planımız da yoxdur. Mən nəyi demişəmsə, onun üstündə durmuşam və duracağam. Bir sözlə, həm 7 rayon qeyd-şərtsiz qaytarılmalıdır, eyni zamanda, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın gələcək statusu müəyyən oluna bilər. Necə? Bizim razılığımız olmadan Dağlıq Qarabağa heç vaxt heç bir status verilməyəcəkdir. Yəqin bilirsiniz ki, bu yaxınlarda Dağlıq Qarabağda qanunsuz, qondarma referendum keçirilmişdir. Heç bir ölkə o referendumu tanımayıbdır. Amerika, Rusiya, Fransa, yəni Minsk qrupunun həmsədrləri tanımayıblar, pisləyiblər. Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər beynəlxalq təşkilatlar, Türkiyə, GUAM dövlətləri - Gürcüstan, Moldova, Ukrayna, bütün bu ölkələr və təşkilatlar birmənalı şəkildə referendumu pisləyiblər, nəticələrini tanımayıblar. Yəni, bizim razılığımız olmadan orada heç vaxt nə bir referendum, nə də səsvermə keçiriləsidir. Azərbaycan Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə heç vaxt barışmayacaqdır. Biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Dağlıq Qarabağa status verilə bilər, amma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bunu beynəlxalq praktika da göstərir. Başqa ölkələrdə, o cümlədən Avropa ölkələrində də muxtariyyətlər var. Azlıq olmaq o demək deyil ki, sən yaşadığın ölkədə, xüsusilə nəzərə alsaq ki, sən bu ölkəyə qonaq gəlmisən, - müstəqillik tələb edəsən. Bilirsiniz ki, ermənilər Azərbaycana XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən köçürülmüşlər, yəni qonaq gələn qonaq kimi yaşamalıdır. Biz konstruktivlik nümayiş etdiririk, normal mövqe nümayiş etdiririk. Biz deyirik ki, yaxşı, Dağlıq Qarabağın statusu olsun. Nəzərə alsaq ki, sovet vaxtında Dağlıq Qarabağ muxtar vilayət idi, yəni, statusu olmuşdur, ondan da üstün status ola bilər. Biz demişik ki, dünyada onları qane edən hansı muxtariyyət statusu varsa, biz ona razıyıq. Ancaq Azərbaycanın tərkibində. Bu, başlıca şərtdir. Biz bu mövqedən bir addım da geriyə çəkilməyəcəyik. Çox müsbət haldır ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu da bizim bu mövqeyimizə şərikdir. Sülhməramlı qüvvələr gətirilə bilər. Özü də bu, bizim istəyimiz olmayıbdır. Biz buna ehtiyac duymuruq. Ancaq görürük ki, Ermənistan tərəfi bizdən bərk qorxur və istəyir öz təhlükəsizliyini təmin etsin. Biz prinsip etibarilə etiraz etmirik ki, sülhməramlı qüvvələr orada müvəqqəti olaraq yerləşdirilsin. Dünya praktikasında bu var. Bilirsiniz ki, başqa münaqişəli zonalara sülhməramlı qüvvələr həmişə gəlirlər və orada xidmət edirlər. Eyni zamanda, Dağlıq Qarabağ Ermənistanla quru yolla əlaqə saxlamaq üçün Laçın dəhlizindən də istifadə edə bilər. Yəni, əsas danışılan, müzakirə olunan prinsiplər budur. Azərbaycanın mövqeyi necə vardısa, mən sizə deyirəm. Kim nə deyəcəksə, öz siyasi məqsədlərini güdən, yaxud Ermənistan nümayəndəsi, yaxud da başqa nümayəndə nə deyərsə, ona inanmayın. Mənə inanın. Mən heç vaxt öz sözümdən geri dönməmişəm. Nəyi demişəm, onu da etmişəm. İstər siyasətdə, istər iqtisadiyyatda, istərsə də bizim planlarımızda. Üç il bundan əvvəl bəyan etmişdim ki, Azərbaycanda 600 min iş yerinin yaradılması mənim məqsədimdir. Yəqin ki, artıq biz buna bu il nail olacağıq. Demişdim ki, bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Qalmayacaq, bunu bu il həll edirik. Demişdim ki, yoxsullar olmayacaq, yoxsulluğun səviyyəsi aşağı düşübdür. Demişdim ki, Bakı-Tbilisi-Ceyhanı biz tikəcəyik, tikdik. Demişdim ki, Bakı-Tbilisi-Ərzurumu tikəcəyik, tikdik. Demişdim ki, Bakı-Tbilisi-Qars dəmir yolunu biz tikməliyik, bunun tikintisinə bir neçə aydan sonra başlayacağıq və beləliklə, Ermənistanı dəmir yolu vasitəsilə də bütün layihələrdən tamamilə kənarda qoyacağıq. Ermənistan bundan sonra heç vaxt bizimlə rəqabət apara bilməyəcəkdir. Əgər onlar öz gələcəyini düşünürlərsə, əgər təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, əgər öz sərhədlərində qüdrətli və hər an öz torpaqlarını silah yolu ilə azad etməyə hazır olan Azərbaycanı görmək istəmirlərsə, əgər bizimlə dostluq şəraitində yaşamaq istəyirlərsə, öz seçimini etsinlər, bizim torpaqlardan çıxsınlar və imkan versinlər ki, bizim millətimiz, camaatımız rahat, sülh yolu ilə öz torpaqlarına qayıtsın. Əziz bacılar və qardaşlar! Mən bir daha vurğulamaq istəyirəm ki, bu sözləri başqa yerdə də deyə bilərdim. Çünki bu danışıqlar haqqında söz-söhbət, şayiələr gedir. Yenə də deyirəm, əfsuslar olsun, Azərbaycanda bəzi cılız siyasi qüvvələr Ermənistanla birləşərək, Azərbaycanın mövqeyini zəiflətmək istəyirlər, yaxud da bizim haqqımızda həqiqətə uyğun olmayan yalan, böhtan məlumatlar yaymaq istəyirlər. Mən bunu başqa yerdə də deyə bilərdim. Mən bunu məhz burada, şuşalıların qarşısında deyirəm, qaçqın-köçkün bacı-qardaşlarımızın qarşısında deyirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan dövləti heç vaxt milli maraqlara uyğun olmayan addımları atmaz. Biz öz doğma torpağımızı müdafiə edəcəyik və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sizi bir daha salamlayıram. Bu gözəl qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Amma müvəqqəti olaraq. Siz öz doğma torpaqlarınıza mütləq qayıdacaqsınız! Sağ olun.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb