"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2737
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir
Mətbuat xidmətinin məlumatı 12 Noyabr, 2010
Preziden İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə barədə məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırığı əsasında məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu qəsəbə lazımi infrastrukturla təmin olunmuşdur. Ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi vardır. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilmişdir. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılmışdır. Burada müasir standartlara cavab verən yol infrastrukturu yaradılmışdır. Sahəsi 1,7 hektar olan park qəsəbə sakinlərinin əsl istirahət mərkəzinə çevriləcəkdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qarabağ müharibəsi veteranı Oruc Cabbarovun dördotaqlı evində yaradılmış şəraitlə tanış oldular. O.Cabbarov məcburi köçkün ailələri üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı. Qarabağ müharibəsi veteranı Oruc Cabbarov ailəsi ilə birlikdə yeni evinin qarşısında dövlətimizin başçısını və xanımını qarşıladı. Oruc CABBAROV: Cənab Prezident, xoş gəlmisiniz. Cənab Prezident, Sizi bizə hədiyyə etdiyiniz evə çay süfrəsinə dəvət edirik. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi köçkün Oruc Cabbarovun evində qonaq oldular. Prezident İlham ƏLİYEV: Neçə kvadratmetrdir? Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV: Deməli, dörd otaq, ümumi sahəsi 85 kvadratmetrdir. Prezident İlham ƏLİYEV: Yaxşıdır, bütün şərait vardır. Oruc CABBAROV: Bəli, bəli. Prezident İlham ƏLİYEV: Gözəl evdir, daş evdir. Oruc CABBAROV: Allah razı olsun. Prezident İlham ƏLİYEV: Bundan əvvəl hansı şəraitdə, harada yaşayırdınız? Oruc CABBAROV: Cənab Prezident, 18 ildir çox çətin şəraitdə fin qəsəbəsində yaşayırdıq. Bu gün çox sevinirik. Allah Sizdən razı olsun ki, bizə belə şərait yaratmısınız. Özümüz də evə girəndə gözlərimizə inanmadıq. Çox sevindik, ailəmizin adından təşəkkür edirik. Prezident İlham ƏLİYEV: Sağ olun. Mən çox şadam ki, bu evlər çox keyfiyyətli tikilir. Böyük proqramdır, bu, ancaq Ağdam rayonunda tikilən 17-ci qəsəbədir. Başqa rayonlarda da bu işlər gedir. Elə etməliyik ki, işğaldan əziyyət çəkən soydaşlarımız müvəqqəti də olsa yaxşı şəraitlə təmin edilsinlər. Siz özünüz hansı kənddənsiniz? Oruc CABBAROV: Ağdamın Əhmədavar kəndindən. Özümüz 1988-ci ildən 1996-cı ilədək döyüş bölgələrində olmuşuq. Yaxşı şücaətlərimiz olub, qəhrəmanlıq da göstərmişik. Ələlxüsus fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı ilə əlaqədar. Oralar bizə yaxın olub, aramız 8-10 kilometr idi. O vaxt biz orada yüzə yaxın insanı xilas etmişik. Bu barədə dərsliklərdə göstərilir. Əli HƏSƏNOV: Maraqlı tarixçəsi vardır, görürəm, özü çətinlik çəkir. Fevralın 26-da Xocalı qırğını zamanı camaatı oradan çıxarmaq lazım idi. Bunların könüllü batalyonu gedib ora, o cümlədən bu, özü də. İndi, kitablara da düşüb. Bu, həmin adamdı, qucağında uşaq Xocalıda. Həmin şəxsdir, tarix dərsliyinə də salınıb. Oruc CABBAROV: İngilis dili kitablarında da verilir bu şəkillər, qucağımızda uşaq. Əli HƏSƏNOV: İndi görürəm, çəkinirlər, dünən qızları analarına deyiblər ki, doğrudan da bu evi bizə veriblər? Sonra almazlar ki?! Mehriban ƏLİYEVA: Bizi qarşılayan sizin qızlarınız idi? İki qızınız var? QADIN: Bəli, iki qız, bir oğul. Prezident İlham ƏLİYEV: Minlərlə belə evlər tikilib, son illər ərzində, minlərlə. Əvvəlki dövrdə camaatımız çadır şəhərciklərində, yeraltı qazmalarda yaşayırdı. İndi qəsəbələr, yollar, məktəblər tikmişik. Böyük vəsait tələb olunur bu məqsədlər üçün, amma etməliyik. Halbuki, hamımız bilirik ki, bu, necə deyərlər, müvəqqəti ünvandır. Sizin kəndiniz işğal altındadır. İşğal altından çıxandan, biz o bölgələri azad edəndən sonra orada da evlər tikəcəyik. Bütün kəndləri bərpa edəcəyik. Bilirsiniz ki, ermənilər Ağdam şəhərini darmadağın ediblər. Orada bir dənə də salamat bina qalmayıb! Bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Ancaq biz oraya qayıdandan sonra bərpa edəcəyik, daha da gözəl vəziyyətə gətirəcəyik. Oruc CABBAROV: Allah o günü bizə qismət eləsin. Cənab Prezident, Siz Qarabağın alınması, xalqımızın ağ günə çıxması üçün çox əziyyət çəkirsiniz, gecə-gündüz çalışırsınız. Biz bunu televizor ekranından müntəzəm izləyirik. Allah bu işdə Sizə yar olsun, əziyyətiniz yerdə qalmasın! Prezident İlham ƏLİYEV: Birinci mərhələdə əlbəttə ki, biz insanları çadır şəhərciklərindən köçürməli idik. O dözülməz vəziyyətdə yaşamaq mümkün deyildi. Onu etdik. İndi fin qəsəbələrini yığışdırırıq, orada yaşayanlar üçün belə qəsəbələr salınır. Yəni, Sizdən sonra bu bölgələr genişlənəcək, bizdə əhali artır. Bizdə demoqrafik vəziyyət Ermənistandan fərqli olaraq müsbət istiqamətdə inkişaf edir. Yəni, bu evlərdə sizdən sonra vətəndaşlarımız yaşayacaqlar. Burada bütün infrastruktur yaradılıb -məktəb, tibb məntəqəsi, icma mərkəzi, evlər. Təkcə bu qəsəbədə 700-ə qədər ev tikilib. Əli HƏSƏNOV: Bəli, 52 min nəfəri çadır şəhərciklərindən çıxarmısınız, 52 mini çadırlarda yaşamışdır. Axırıncı çadır şəhərciyini 2007-ci ildə ləğv etdiniz. 25 min də bunlar kimi fin qəsəbələrində yaşayırdılar. Prezident İlham ƏLİYEV: Ağdam rayonunun ərazisində nə qədər əhali vardır? Ağdam rayon İcra hakimiyyətinin başçısı Nizami SADIQOV: 90 minə qədər əhali vardır. Hörmətli cənab Prezident, Sizin tapşırığınızla buraya qaz çəkilişindən sonra təkcə son bir ildə 20-25 minə qədər əhali qayıdıb. Ötən qışda artıq biz burada qazdan əməlli-başlı istifadə etdik. Prezident İlham ƏLİYEV: Mən Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, bu bölgələrə, Ağdam-Füzuli bölgəsinə xüsusi diqqət göstərilməlidir, qazlaşdırma burada tezliklə getməlidir. Əli HƏSƏNOV: Gedir. Sizin ən axırıncı gəldiyiniz qəsəbəyə də artıq qaz çəkilib. O qəsəbələr ki, açılışını etmişik, onların hamısında qaz vardır. Prezident İlham ƏLİYEV: Bəs, başqa kəndlərdə? Nizami SADIQOV: Demək olar ki, 90 faizi qazlaşdırılıb. Artıq evlərdə işləyirlər. Hesab edirəm ki, bu qışda hamısı qaz ilə təmin olunacaqdır. Prezident İlham ƏLİYEV: Yəni, vəzifə elə qoyulub ki, qısa müddət ərzində - bu il, maksimum gələn ilin ortalarına qədər Ağdam rayonunun bütün kəndləri qazla təmin olunacaqdır. Nizami SADIQOV: Rövnəq müəllim özü gəlmişdir. Dedi ki, cənab Prezidentin tapşırığını tezliklə başa çatdırın. Prezident İlham ƏLİYEV: Bəli, göndərmişdim. Əlbəttə, burada qazlaşdırma, idman kompleksi, xəstəxana, fermer təsərrüfatları, bu qəsəbələr, əlbəttə, indi yaşamaq üçün şərait yaradırıq. İndi Ağdam əhalisinin əksər hissəsi artıq bu rayonda məskunlaşıbdır. Əli HƏSƏNOV: 160 minin 90 mini buradadır. 90 minin 60 mini məcburi köçkündür. Burada işğal olunmayan kəndlər də vardır. Oruc CABBAROV: Bəli, cənab Prezident, Sizin sayənizdə bizim güclü ordumuz vardır. Biz inanırıq ki, cənab Ali Baş Komandan nə vaxt əmr verərsə, güclü ordumuz torpaqlarımızı azad edəcəkdir. Ordumuz buna qadirdir. Biz veteranlar da, Ağdam camaatı da, bütün Azərbaycan xalqı Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə hazırıq. Prezident İlham ƏLİYEV: Bəli, Azərbaycan xalqında vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Mən çox şadam ki, gənclərimiz də bu ruhda tərbiyə alırlar. Biz də çalışırıq ki, gənclərimiz vətənpərvər olsunlar, öz torpağına, xalqına, mədəniyyətimizə, keçmişimizə, mədəni irsimizə bağlı olsunlar. O ki, qaldı veteranlara, bilirəm ki, siz hər an döyüş bölgəsinə getməyə hazırsınız. Amma əminəm ki, buna ehtiyac olmayacaqdır. Ordumuzun bütün imkanları var ki, qısa müddət ərzində ərazi bütövlüyümüzü bərpa edək. Ondan sonra biz Ağdam şəhərini yenidən quracağıq. Sonra Prezident İlham Əliyev 440 yerlik məktəb binasının açılışında iştirak etdi. Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə Qarabağ cinsindən olan kəhər at hədiyyə edildi. Dövlətimizin başçısı və xanımı burada ağdamlı muğam ustaları ilə görüşdülər, gənc ifaçıları dinlədilər və onların çıxışını alqışladılar. Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü, onları təbrik etdi. Qəsəbədəki 18 nömrəli orta məktəbin müəllimi Qədulla Səfərov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi. Sonra Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa olunmuşdur. Birinci mərtəbədə Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi vardır. Məktəbin birinci mərtəbəsində sinif otaqları ilə yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinələri yerləşir. Kitabxanada isə klassik və müasir Azərbaycan, habelə dünya ədəbiyyatı nümunələri toplanmışdır. Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada akt zalı, fizika və biologiya kabinələri təşkil olunmuşdur. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır. Tarix, Azərbaycan dili və gənclərin çağırışqabağı hazırlığı, kompyuter otaqları, fənn kabinələri və laboratoriya ən müasir tədris avadanlığı ilə təchiz edilmişdir. İdman zalında isə basketbol, güləş və voleybol məşğələləri keçiriləcəkdir. Prezident İlham Əliyev burada gənc idmançıların nümunəvi çıxışlarını izlədi. Dövlətimizin başçısına məlumat verildi ki, qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq bağçasında geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi vardır. Qəsəbənin mərkəzində ayrıca inzibati bina da vardır və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi inşa edilmişdir. Prezident İlham ƏLİYEV qəsəbədə yeni mənzil almış məcburi köçkünləri təbrik edərək dedi: -Əziz dostlar, əziz bacılar və qardaşlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu yeni, gözəl qəsəbənin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl qəsəbədə müvəqqəti olaraq əziz soydaşlarımız yaşayacaqlar. Burada bütün şərait yaradılıb, 700-ə qədər yeni, gözəl ev tikilib. Bu gözəl məktəb, tibb məntəqəsi, icma mərkəzi, bir sözlə, yaşamaq üçün burada bütün şərait yaradılıb. Bu, birinci belə qəsəbə deyildir, artıq 17-ci qəsəbədir. Mən çox şadam ki, Ağdam əhalisinin əksəriyyəti artıq Ağdam rayonunun ərazisində məskunlaşıbdır və yaşayır. Əminəm ki, burada növbəti illərdə yaradılacaq şəraitin hesabına daha da böyük sayda ağdamlılar doğma rayonuna gələcəklər. İndi rayonda abadlıq-quruculuq işləri aparılır. Böyük qazlaşdırma proqramı icra edilir, infrastruktur yaradılır. Bu gün Ağdam rayon xəstəxanasında oldum. Əvvəlki səfərlərdə Olimpiya Kompleksinin, stadionun açılışını qeyd etmişdik. Yəni, biz çalışırıq ki, Ağdam rayonunun bu ərazisində ən müasir şərait yaradılsın. Məcburi köçkünlərin və qaçqınların yaşayış problemlərinin həlli üçün Azərbaycan dövləti çox işlər görür, böyük vəsait ayrılıbdır. Bütün bu işləri Azərbaycan Dövlət Neft Fondunun hesabına görə bilmişik. Təkcə Ağdamda deyil, bütün başqa bölgələrdə müasir qəsəbələr salınır, hündürmərtəbəli evlər tikilir. Dünən Yevlax rayonunda beşmərtəbəli 10 evin açılışında iştirak etmişəm. Yəni, iki gündə 1300 ailə müasir evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan əvvəlki dövrdə də bu işləri görmüşük. Görülən bu işlərin hesabına 90 minə qədər məcburi köçkün yeni evlə təmin olunubdur. Artıq üç ildir ki, Azərbaycanda çadır şəhərcikləri yoxdur. Biz onları aradan qaldırdıq. Onların əvəzinə belə gözəl, yaraşıqlı evlər tikdik. Bizim proqramımızda növbəti illərdə daha da böyük işlərin görülməsi nəzərdə tutulur. Hələ ki, fin evlərdə, məktəblərdə, hərbi hissələrin ərazilərində, yataqxanalarda məskunlaşan vətəndaşlarımızı da belə gözəl şəraitlə təmin edəcəyik. Ancaq mən həmişə vurğulayıram, bu gün də demək istəyirəm ki, bu, müvəqqəti yaşayış məskənidir. Ağdam şəhəri, başqa kəndlər, bu gün işğal altında qalan kəndlər azad olunandan sonra biz orada da böyük işlər görəcəyik. Ağdam şəhərini yenidən quracağıq.Orada daha da gözəl, yaraşıqlı binalar tikəcəyik. Burada - Ağdam, Füzuli rayonlarında, Horadiz şəhərində, - hansı ki, vaxtilə ermənilər tərəfindən işğal edilmişdir və Azərbaycan Ordusu tərəfindən 1994-cü ildə azad olunmuşdur, - görülən bərpa-yenidənqurma işləri açıq-aydın göstərir ki, biz istənilən məsələnin həlli üçün bütün gücümüzü səfərbər edəcəyik. Necə ki, biz Horadizi bərpa etdik və orada gözəl şərait yaratdıq, eləcə də bu gün hələ də işğal altında qalan bütün başqa ərazilərdə yenidənqurma, bərpa işlərini aparacağıq. O cümlədən Ağdam şəhərini yenidən quracağıq. Çünki hələ 2005-ci ildə bizim təşəbbüsümüzlə ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş bölgələrə ezam olunarkən orada gördüklərini sonra öz hesabatında əks etdirdi və o fotoşəkillər, videomateriallar göstərir ki, ermənilər Ağdamı nə günə salıblar. Bu yaxınlarda yenə də bizim təşəbbüsümüzlə ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş bölgələrdə, o cümlədən Ağdam şəhərində olmuş, ermənilərin vəhşiliklərini bir daha öz gözləri ilə görmüşdür. Ağdamda bir dənə də salamat bina qalmamışdır. Bütün binalar dağıdılıb, sökülüb. Binalardan bütün əşyalar erməni talançıları, erməni oğruları tərəfindən aparılıb, talan edilibdir. Ona görə biz o bölgələrə, Ağdama qayıdandan sonra yenidən o gözəl tarixi şəhərimizi bərpa edəcəyik. Bizim buna gücümüz, iradəmiz çatacaqdır. Mən ümid edirəm ki, biz Ağdamı və bu gün işğal altında qalan başqa şəhərlərimizi qısa müddət ərzində tam bərpa edəcəyik. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır.Azərbaycan müstəqilliyə qovuşanda, Birləşmiş Millətlər Təşkilatına üzv olanda ölkəmizin ərazi bütövlüyü hələ o vaxt tanınmışdır. Bu gün dünyada elə ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Bu, çox vacib məsələdir. Bəzən bizə belə gələ bilər ki, beynəlxalq hüquq normaları tərəfimizdə olduğu halda, məsələ həllini tapmır. Bu, həqiqətdir. Bu, bizi çox üzür və incidir. Ancaq beynəlxalq hüquq hər bir məsələnin ədalətli və qanun çərçivəsində həll olunması üçün başlıca şərtdir. Dünya birliyi beynəlxalq hüququn əsasında yaşayır. Ona görə beynəxalq təşkilatların qərarları, qətnamələri, mövqeyimizi gücləndirən bu qərarlar bu gün reallığa çevrilməsə də, öz əhəmiyyətini itirmir. Biz çalışırıq ki, Qarabağ məsələsinə beynəlxalq diqqət daha da güclənsin. Yəni, bu məsələ dünya gündəliyindən düşməsin, yaddaşdan silinməsin, beynəlxalq təşkilatlar daim bu məsələni öz gündəliyində saxlasınlar. Diplomatik və siyasi səylərimiz buna yönəldilib və buna nail ola bilmişik. Bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini öz qərarları, qətnamələri ilə təsdiqləyirlər. Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT, Avropa Parlamenti – yəni bunlar dünyanın aparıcı təşkilatlarıdır və Azərbaycanın mövqeyi bu təşkilatların qətnamələrində əks olunur və beynəlxalq hüquqa istinad edilir. Biz bu səylərimizi davam etdirəcəyik ki, siyasi-hüquqi və diplomatik əsaslar daha da möhkəm olsun. Bununla bərabər, biz Azərbaycanda aparılan uğurlu siyasəti davam etdirəcəyik, iqtisadi gücümüzü artıracağıq. İqtisadi güc olmasa, bu qəsəbələrin tikilməsi mümkün olmazdı. Biz müharibədən sonra ilkin mərhələdə bəzi işləri xarici yardımın hesabına görə bilmişik. Ancaq sonra o yardım dayandı. Beynəlxalq təşkilatların, donor təşkilatlarının da fəaliyyətində müəyyən çərçivələr vardır. Onlar tərəfindən uzunmüddətli yardım göstərmək mümkün deyildir. Əgər bizdə güclü iqtisadi potensial yaradılmasaydı, qısa müddət ərzində bu işləri görə bilməzdik. Nəinki bu işləri görməklə, həm də Azərbaycanı gücləndirməklə artıq həm danışıqlar prosesində, həm bölgədə gedən proseslərdə vəziyyəti köklü şəkildə öz xeyrimizə dəyişdirə bilmişik. Bu gün Azərbaycan böyük hörmətə malik olan, öz siyasətini özü müəyyən edən, iqtisadi, siyasi cəhətdən tam müstəqil ölkədir.Heç kimdən asılı deyildir. Belə olan halda biz daha da çevik və sərbəst siyasət aparmağa qadirik. Bu reallıqları biz yaratmışıq. Bu gün özünü guya qalib kimi təqdim etməyə çalışan Ermənistan Azərbaycandan bütün parametrlər üzrə 5-10 dəfə geridə qalıbdır. Nədir bu dırnaqarası qələbənin mənası?! Əgər erməni xalqı səfalət içində yaşayır, orada heç bir iqtisadi perspektivlər yoxdur. Xarici ianələr, xarici dəstək, kreditlər,- onlar yalvara-yalvara gətirirlər ölkələrinə, - olmasaydı, bu gün ümumiyyətlə Ermənistan çox acınacaqlı vəziyyətə düşə bilərdi. Ancaq Azərbaycan öz hesabına yaşayır. Ermənistandan fərqli olaraq, bizdə əhali, iqtisadiyyat, hərbi güc artır. Bu gün Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat üstündür. Bunu biz bilirik. Ermənilər nə qədər deyirlər desinlər, onun mənası yoxdur. Əgər 1992-1993-cü illərdə xarici dəstək olmasaydı, onlar torpaqlarımızı işğal edə bilərdimi? Əlbəttə ki, yox. Biz bu tarixi yaxşı bilirik. Siz – işğaldan əziyyət çəkən insanlar yaxşı bilirsiniz ki, torpaqlarımız necə işğal olunubdur. Bir tərəfdən Azərbaycanın yarıtmaz rəhbərliyi, hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, digər tərəfdən ermənilərə xaricdən verilən maddi və hərbi dəstək nəticəsində torpaqlarımız işğal altına düşübdür. Bugünkü Azərbaycanın torpağını kimsə işğal edə bilərmi? Heç vaxt! Əgər o vaxt Azərbaycanın başında ulu öndər Heydər Əliyev olsaydı, Azərbaycan torpaqları heç vaxt işğal altına düşə bilməzdi. O tarixi vaxt itirilmişdir. Azərbaycanda hərc-mərclik, xaos, anarxiya, böhran, xaricdən olan müdaxilələr, yerli icra orqanlarının iflic vəziyyətə düşməsi, siyasi hakimiyyətin xəyanəti, qorxaqlığı – yəni, bütün bunlar bu vəziyyətə gətirib çıxarmışdır. Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün Azərbaycan bölgədə istənilən məsələni həll edə bilər. Bizim razılığımız olmadan bölgədə heç bir ciddi məsələ öz həllini tapa bilməz. O ki qaldı hərbi potensiala, mən bunu heç vaxt danmamışam. Bu gün də açıq demək istəyirəm ki, biz ordu quruculuğu işlərimizi davam etdirəcəyik. Biz artıq peşəkar, mübariz ordu yaratmışıq, böyük sayda silah-sursat almışıq. İstənilən anda ordumuz öz sözünü deyəcəkdir. Biz istəmirik ki, müharibə olsun. Heç kim istəmir ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt barışmayacağıq. Ermənistan bilir və bilməlidir ki, səbrimizin də hüdudları vardır. Səbrimiz tükənməz deyildir. Ancaq Ermənistanın hərəkətləri onu göstərir ki, bu ölkə sülh istəmir. Sülh istəyən ölkə bəyan etməz ki, onlar Ağdamın adını dəyişdirirlər. Birincisi, bu, tamamilə mənasızdır. Ağdamın adını heç kim dəyişdirə bilməz. Bugünkü Ermənistan şəhərlərinin hamısı vaxtilə Azərbaycan adlarını daşıyıblar. Sonra onların adları dəyişdirildi, erməniləşdirildi. İrəvandan tutmuş Göyçə gölünə qədər, Zəngəzur, Cəlaloğlu - bütün bu şəhərlərin adları Azərbaycan xalqı ilə bağlıdır. Ermənilər bizim ərazimizə köçürülmüşlər, bunu biz yaxşı bilirik. Ondan sonra o bölgələr erməniləşdirildi və bu gün Ağdamın adını dəyişdirmək istəyirlər. Bir daha demək istəyirəm ki, sülh istəyən tərəf belə çirkin işlərlə heç vaxt məşğul olmaz. Bir də ki, bu, tamamilə mənasız işlərdir. Vaxtilə onlar Laçın, Kəlbəcər rayonlarının adlarını dəyişdirməyə cəhd etmişdilər. Kim onu qəbul etdi? Özlərindən başqa heç kim. Özləri də heç vaxt nə Laçını, nə Kəlbəcəri o qondarma adlarla çağırmırlar. Bizim danışıqlar prosesində o qondarma adlar yoxdur. Müzakirə olunan sənədlərdə, ermənilərin müzakirə etdiyi sənədlərdə Kəlbəcər, Laçın rayonları öz adları ilə göstərilir. Sadəcə olaraq bu çirkin əməllər ermənilərin xislətini bir daha göstərir. Onu göstərir ki, onlar burada, Cənubi Qafqazda öz qonşuları ilə normal münasibətlərdə yaşamaq istəmirlər. Onlar işğalçı siyasətini davam etdirmək, indiki vəziyyəti saxlamaq istəyirlər. Ancaq onlar özlərinə sual verməlidirlər ki, buna onların gücü çatacaqmı? Çatmayacaq! Azərbaycan artıq 1990-cı illərin əvvəlindəki Azərbaycan deyildir, nə əhali, nə güc və nə də iradə baxımından. Mən heç şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, vətəndaşlarımızı doğma dədə-baba torpaqlarına qaytaracağıq. O torpaqlarda yeni həyat başlanacaq, şəhərlər bərpa olunacaqdır. O bölgələr, bu gün işğal altında qalan torpaqlar, bax, ölkəmizin başqa bölgələri kimi çiçəklənəcəkdir. Mən buna əminəm, buna şübhə etmirəm və hamımız işimizlə o günü yaxınlaşdırmalıyıq. Ancaq biz hələ ki, köçkün həyatını yaşayan insanların vəziyyətini yaxşılaşdırırıq, yaxşılaşdıracağıq. Bu qəsəbə bu siyasətin nəticəsidir, onun əlamətidir. Bir daha sizi ürəkdən salamlayıram. Doğma Qarabağ torpağında olmağımdan çox məmnunam, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qəsəbə sakinlərini bir daha təbrik etdilər, onlarla xatirə şəkli çəkdirdilər.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb