XƏBƏRLƏR
Çap et
2408
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yevlaxda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir
Mətbuat xidmətinin məlumatı
11 Noyabr, 2010
2010-cu il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış kompleksin tikintisinə 2010-cu ilin aprelində başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 612 mənzil vardır. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcəkdir. Mənzillərdə yüksək şərait yaradılmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir. Məhəllədə dörd subartezian quyusu qazılmış, iki su anbarı tikilmiş, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınmışdır.
Prezident İlham Əliyev və xanımı Kəlbəcər rayon mədəniyyət evi özfəaliyyət kollektivlərinin çıxışını izlədilər, onlarla xatirə şəkli çəkdirdilər.
Dövlətimizin başçısı qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü, onları təbrik etdi. Məhəllədəki 30 nömrəli tam orta məktəbin müəllimi Sülhanə Cəlilova məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi. Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 30 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər.
Dövlətimizin başçısı məktəbin açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa edilmişdir. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarını, məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər, həmçinin Kəlbəcər rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən faktların və fotoların, Milli qəhrəmanlar haqqında məlumatların toplandığı lövhə yaradılmışdır. Məktəbdə 35 sinif otağından əlavə, fizika-astronomiya laboratoriyası, metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya, ibtidai hərbi hazırlıq, informatika, riyaziyyat, xarici dillər, dərzilik və rəsm kabinələri yaradılmışdır. Təhsil ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün 146 yerlik akt zalı da vardır.
Şagirdlərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün məktəbdə hər cür şərait yaradılmışdır. Məktəbin ərazisində futbol, voleybol və basketbol meydançaları da tikilmişdir.
Prezident İlham Əliyev idman zalında məktəblilərin nümunəvi çıxışlarını izlədi.
Məktəblilər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yevlax şəhərində 615 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılış mərasimindəki nitqi
Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayev ailəsi ilə birlikdə dövlətimizin başçısını və xanımını qarşıladı.
Qəzənfər MUSAYEV: Məcburi köçkünlər üçün saldığınız bu yeni şəhərciyə xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi təbrik edirəm.
Qəzənfər MUSAYEV: Sizi mənə bəxşiş etdiyiniz mənzilə qonaq dəvət edirəm. Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Belə gözəl, yaraşıqlı, müasir evlər tikilib.
Qəzənfər MUSAYEV: Biz məcburi köçkünlər üçün şəhər salmısınız. Eyni zamanda, bu şəhər Yevlaxa yaraşır, Yevlax da bu şəhərə.
Prezident İlham ƏLİYEV: Bütün ölkəmiz abadlaşır, gözəlləşir, o cümlədən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün də bütün işlər görülür. Məcburi köçkünlər üçün bax, belə çoxmərtəbəli evlər rayonlarda ilk dəfədir ki, tikilir.
Qəzənfər MUSAYEV: Azərbaycanın ucqar rayonlarında yaraşıqlı məktəb binaları tikdirmisiniz. Haraya gediriksə Sizin adınız çəkilir ki, bu məktəbi Mehriban xanım tikdirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qəzənfər Musayevin yeni mənzilində qonaq oldular.
Qəzənfər MUSAYEV: Bu şəkil 1998-ci ildə çəkilib. Siz də rəhmətlik ulu öndər Heydər Əliyevlə birlikdə o tədbirdə olmusunuz. Mən onda çıxış elədim. Siz həmin bu döş nişanını mənə verdiniz. Sonra ulu öndər baxdı və soruşdu ki, o nə şəkillərdi maşınların üstündə, xeyir işdi? Dedim, hörmətli Heydər Əliyev, bu gün oğlumun xeyir işidir. Çıxarıb bir gül verdi. Bu gül həmin güldür. Mən bu gülü yadigar saxlayıram. Sizin atanızın, ulu öndərin öz əli ilə verdiyi həmin güldür. O gülü bu gün də biz ürəyimizin başında saxlayırıq. Qismətə bax, o vaxtı dəmir evdə olurduq, imkan yox idi. Rəhmətlik çalışırdı ki, qaçqınları bir təhər yerləşdirsin. İndi isə Siz mənə bu gözəllikdə evi bəxş etdiniz. Allah həmişə üstünüzdə yar olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bu, göstərir ki, Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti davam etdirilir. Azərbaycan onun qoyduğu yolla gedir. Bütün sahələrdə, o cümlədən məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onun tərəfindən müəyyənləşdirilmiş siyasət bu gün də davam etdirilir. Dövlət Neft Fondunun birinci ödəmələri məhz bu məqsədlər üçün sərf olunmuşdur. O vaxt maddi imkanlarımız o qədər geniş deyildi. Nəyə imkanımız çatırdı, onu da edirdik. Ancaq bu gün Azərbaycan uğurla qabağa gedir, inkişaf edir, imkanımız vardır. Belə gözəl evləri biz yaradırıq. On minlərlə vətəndaşımızı biz yeni evlərlə, mənzillərlə təmin etdik. Ümumiyyətlə, biz 90 minə yaxın köçkünü belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Hər yerdə fərdi evlər, mənzillər tikilir, quruculuq-abadlıq işləri aparılır. Ancaq bu, necə deyərlər, müvəqqəti bir ünvandır. Torpaqlarımız işğaldan azad olunandan sonra həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik.
Qəzənfər MUSAYEV: İnşallah. Hörmətli Prezidentimiz, mən 1969-cu ildə sovet sədri işləyirdim. Həmin il ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Yadımdadır, o vaxtdan Azərbaycanın inkişafı başladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan keçmiş ittifaq respublikaları arasında keçici qırmızı bayrağı on bir il dalbadal əldən vermədi. Bu, heç vaxt yadımdan çıxmaz.
Amma bir dərd ürəyimə xal salıb. Ulu öndərimiz o ağır günlərdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə çalışırdı. O, dünyanın diqqətini Azərbaycanda neft məsələsinə cəlb elədi. Yadımdadır, ulu öndərin nefti əlinə, üzünə çəkdiyi məqam. Bu, xoş gələcəyə işarə idi. İndi bu binaların hamısı neftdən gələn pullarla tikilir. Bu binaların hamısı ulu öndərimizin gərgin zəhmətinin bəhrəsidir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, bütün bu işlər onun hesabınadır. Bu, iqtisadi inkişafa təkan verdi.
Qəzənfər MUSAYEV: Mən bir də ona görə özümü xoşbəxt hesab edirəm ki, 1965-ci ildə rəhmətlik Həsən Əliyev Qulu Xəlilov ilə qonağım olmuşdu. Kəlbəcərdən zəng vurdular ki, Qəzənfər, Həsən Əliyev gəlir, onu meşədə Nazran bulağının üstünə gətirəcəyik. Amma katiblə gəlmir, tək gələcək, meşələrin gözəlliyini tək seyr etmək onun xoşuna gəlir. Bizim zona da cənnətin bir guşəsi idi. Gəldi, axşama qədər qonağım oldu.
Mən xoşbəxt adamam. Xoşbəxtəm ki, məni 1973-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müşavirəyə dəvət etdilər. Müşavirəyə sovet sədrlərini çağırmışdılar. Məsələ belə idi ki, mərkəz sovet sədrlərinin funksiyasını vermişdi kolxoz sədrlərinə. Ulu öndər çıxış etdi, dedi ki, siz hökumətsiniz. Gedin hökumətliyinizi edin, amma təsərrüfata da kömək edin, təsərrüfat irəli getsin. O kişinin sözləri indi də qulağımdadır. Allah ona qəni-qəni rəhmət eləsin, Sizə cansağlığı versin.
Mehriban xanım, Siz də Azərbaycan xalqı, Azərbaycanın balaları üçün çox işlər görmüsünüz. Allah balalarınızı gözünüzə çıraq etsin. Allah Sizi qorusun.
Bir məsələni də deyəcəyəm. Sizin bu işinizdən də qürur duyduq. O görüşü deyirəm - Rusiya Prezidenti idi, Siz idiniz, adını çəkmirəm, bir də o namərd idi. Orada Siz məsləhətləşdiniz, razılığa gəldiniz, şəhid balalarımızın cəsədini qaytardınız. Siz onların vida mərasimində nitq söylədiniz. Siz şəhidlərə böyük qiymət verdiniz, Allah Sizin qiymətinizi versin. O bir Allah Sizin köməyiniz olsun. Xahiş edirəm, bir stəkan çay için. Mənim ürəyimdə çox söz vardır. Mənim bircə arzum var, Allah eləsin, Kəlbəcər alınsın, mən gedim Kəlbəcərə, bu evdə nə vermisiniz, açarı ilə birlikdə bu rayonda kasıb adama təhvil verim.
Prezident İlham ƏLİYEV: O gün də gələcək. Biz torpaqlarımızı alacağıq. Bizim indi bütün imkanlarımız vardır. Siz hərbçilərimizin dəfn mərasimini qeyd etdiniz, çox qürurlu bir gün idi, kədərli bir gün idi. Ermənilər 5 ay idi ki, qəhrəman övladımızın meyitini qaytarmaq istəmirdilər. Mən orada dedim, bir də demək istəyirəm, heç bir dində, heç bir ölkədə, millətdə belə qəddarlıq, belə vəhşilik olmamışdır. Yəni, bu, vəhşiliyin son həddidir. Ancaq mən inanırdım ki, biz onları qaytaracağıq və qaytardıq, qəhrəman kimi torpağa tapşırdıq. Onları böyük ehtiramla son mənzilə yola saldıq. Onlar kimi minlərlə, on minlərlə gənclərimiz var ki, bu gün hər an ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdırlar.
Bu gün biz çalışırıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq bu, hələ ki, mümkün deyildir. Bunun bir səbəbi vardır - Ermənistanın hərəkətləri. Yəni, Ermənistan torpaqlarımızı zəbt edib, orada etnik təmizləmə siyasəti aparıb, sonra o yerlərin, rayon mərkəzlərinin, kəndlərin adlarını dəyişdirib. Ancaq bunun heç bir mənası yoxdur, ad dəyişməklə heç nə dəyişmir.
Dünyada heç kim o torpaqlarımızı, Kəlbəcəri, Ağdamı onların qoyduqları qondarma adlar ilə çağırmır. Ancaq buna baxmayaraq, biz gərək daha da güclü olaq. Biz güclənirik və gün gələcək torpaqlarımızı azad edəcəyik, Kəlbəcəri də, Laçını da, Şuşanı da. Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, bizim torpağımızdır və bir qarış torpağımızı düşmənə verməyəcəyik.
Hələ ki, biz belə işlərlə istəyirik sizin yaşayış vəziyyətinizi yaxşılaşdıraq, az da olsa sizə təsəlli verək, həyatınızı yüngülləşdirək. Ancaq bir də demək istəyirəm ki, bu, müvəqqəti məskunlaşma yeridir. Torpaqlar azad olunandan sonra Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda bundan da gözəl evlər tikəcəyik.
Qəzənfər MUSAYEV: Allah qoysa. Mənim bir arzum da odur ki, Allah eləsin cavanlarımız daha şəhid olmasınlar. Sizin siyasətiniz, dövlətimizin varlanması, ordumuzun qüvvələnməsi gözümüzün qabağındadır. Bu saat bizdə hər cür imkan vardır.
Əgər onlar yola gəlməsələr, mən də hazıram. Mənim, üzr istəyirəm, 25 nəvəm, 9 nəticəm vardır, onların 17-si oğlandır. Çoxu əsgərliyini çəkib, əsgərlikdə olanları da vardır. Arzu edirəm ki, əlimdə silah onlarla bərabər döyüşə gedim, torpaqlarımızı azad edim.
Prezident İlham ƏLİYEV: Buna ehtiyac olmayacaq. Bizim qüdrətli, peşəkar, mübariz ordumuz, Silahlı Qüvvələrimiz vardır. Onlar istənilən vəzifəni icra etməyə hazırdırlar. Bu qədər ki, biz ordu quruculuğuna diqqət göstəririk, son illər ərzində o qədər ki, hərbi gücümüzü artırmışıq, istənilən anda və qısa müddət ərzində ərazi bütövlüyümüzü bərpa edə bilərik. Əminəm ki, düşmən də, bu məsələ ilə məşğul olan tərəflər də bunu bilirlər. Yəni, indiki zəmanədə heç nəyi gizlətmək mümkün deyildir. Yəni, necə gizlətmək mümkündür ki, biz o qədər silah-sursat, texnika alırıq, hazırlıq işləri aparırıq, təlimlər keçiririk. Nə üçün? Ona görə ki, biz torpağımızı qaytarmalıyıq. Biz müharibə şəraitində yaşayırıq. Bu qədər vəsait gedir bu məqsədlər üçün. İndi o vəsait başqa məqsədlərə də yönəldilə bilərdi. Biz bunu da edirik.
Mən istəmirəm ki, yenidən qan tökülsün, yenidən qurban verək, yenidən şəhidlər olsun. İstəyirəm, bunu danışıqlar yolu ilə, siyasi yolla, iqtisadi addımlarla həll edək. Bizim əlaqələndirilmiş şəkildə aparılan bütün siyasətimiz bu məqsədi güdür. Biz Ermənistanı bütün kommunikasiya imkanlarından təcrid etmişik. Artıq Ermənistan bir coğrafi və iqtisadi dalandır. Digər tərəfdən, indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən gələn yardımlar, ianələr hesabına yaşayırlar. Nə qədər onlar bu cür yaşayacaqlar? Onlara o pulu əlbəttə ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb edirlər ki, bunu belə et, onu elə et. Azərbaycandan kim nəyi tələb edə bilər?! Azərbaycan müstəqil dövlətdir, ölkəmiz öz xalqının iradəsi ilə idarə olunur.
Bu atəşkəs dövründə görün, biz hansı səviyyəyə gəlib çatmışıq, onlar hansı səviyyəyə düşüblər. Sadəcə olaraq, 16 il ərzində bax, belə böyük bir fərq yaranıb. Düzdür, 16 ildir ki, vətəndaşlarımız əziyyət çəkir, öz torpaqlarına qayıda bilmirlər. Ancaq biz onları ora qaytaracağıq. Yəni, biz daha da güclü olmalıyıq və əgər danışıqlar səmərə verməsə, istənilən anda lazımi addımları atacağıq.
Qəzənfər MUSAYEV: Biz də buna hazırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bir daha sizi ürəkdən təbrik edirəm.
Prezident İlham Əliyev və xanımı Kəlbəcər rayon mədəniyyət evi özfəaliyyət kollektivlərinin və muğam müsabiqəsinin qalibi Babək Niftəliyevin çıxışını izlədilər, onlarla xatirə şəkli çəkdirdilər.
Dövlətimizin başçısı qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü.
Prezident İlham ƏLİYEV məcburi köçkünləri təbrik edərək dedi:
-Mən sizi ürəkdən salamlayıram. Bu gözəl, yeni şəhərciyin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl binalardır, yaraşıqlı mənzillərdir. İlk dəfə olaraq bölgələrdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar tikilibdir. Bir deyil, iki deyil, beşmərtəbəli 10 bina tikilibdir. Burada 612 ailə yaşayacaqdır. Mən indi vəziyyətlə tanış oldum. Gördüm ki, çox gözəl, yaraşıqlı mənzillərdir. Bütün şərait yaradılıb, gözəl məktəb, tibb məntəqəsi, uşaq bağçası – yəni, burada yaşamaq üçün hər bir şərait, bütün imkanlar vardır. Bütün kommunikasiyalar - işıq, su, qaz xətləri çəkilib. Əminəm ki, siz burada rahat yaşayacaqsınız.
Bilirsiniz ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı - məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlərin davam etdirilməsi üçün bütün addımları atır. Xüsusi proqramlar qəbul edilmişdir. Proqramlar icra edilir, bu məqsədlər üçün çoxlu vəsait sərf olunmuşdur. On minlərlə məcburi köçkün artıq yeni mənzillərə, evlərə köçürüldü. Bütün çadır şəhərcikləri ləğv edildi. Artıq üç ildir ki, Azərbaycanda “çadır şəhərciyi” anlayışı yoxdur. Biz bu vəzifəni qısa müddət ərzində icra etdik. İndi belə gözəl, yaraşıqlı evləri tikirik ki, soydaşlarımız müvəqqəti olaraq yaxşı şəraitdə yaşasınlar.
Bütün bu işləri görmək üçün əlbəttə ki, maliyyə imkanları və düşünülmüş siyasət lazımdır. Maliyyə imkanlarımız vardır. Bütün bu evlər və ölkəmizin müxtəlif bölgələrində məcburi köçkünlər üçün tikilmiş qəsəbələr Dövlət Neft Fondunun vəsaiti hesabına yaradılır. Bu, əslində dövlət vəsaitidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində Neft Fondu yaradılıb və artıq orada böyük vəsait yığılıbdır. İlk ödənişlər məhz bu məqsədlərə sərf olunmuşdur. Bu gün də hər il kifayət qədər vəsait nəzərdə tutulur. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu işləri görə bilməzdik. Təkcə maliyyə imkanlarının mövcudluğu hələ məsələnin lazımi səviyyədə həll olunması demək deyildir. Siyasi iradə və düşünülmüş siyasət lazımdır. Bax, bu gözəl şəhərcik görülmüş işlərin bariz nümunəsidir. Biz çalışırıq və çalışacağıq ki, sizi müvəqqəti olaraq yaxşı şəraitlə təmin edək. Dövlət Proqramının icrası nəticəsində gələcəkdə əlavə tədbirlər görüləcək, fin qəsəbələri ləğv ediləcək, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımız da yeni evlərə köçürüləcəklər. Biz bunu edəcəyik və siyasətimizi bunda görürük.
Ancaq qeyd etdiyim kimi, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, yeni kəndlər, qəsəbələr salınacaqdır. Çünki bildiyiniz kimi, erməni qəsbkarları işğal edilmiş torpaqlarda demək olar ki, bütün binaları dağıdıblar, bütün infrastruktur dağıdılıb.
Bunu işğal edilmiş bölgələrə bu yaxınlarda bizim təşəbbüsümüzlə ezam olunan ATƏT-in qiymətləndirmə missiyası da öz gözü ilə görüb və biz hazırda onlardan ədalətli, reallığı əks etdirən hesabat gözləyirik. Yəni, orada ermənilər hər şeyi dağıdıblar, böyük qəddarlıq göstəriblər. Biz torpaqlarımızı qaytarandan sonra orada böyük işlər görəcəyik. Artıq ilkin hesablamalar da aparılmışdır. Biz bilirik hansı ardıcıllıqla nəyi edəcəyik. Əminəm ki, qısa müddət ərzində bundan da gözəl, yaraşıqlı binaları, evləri, məktəbləri, bütün infrastrukturu yaradacağıq.
Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın. Uzun illərdir ki, soydaşlarımız qaçqın-köçkün şəraitində yaşayırlar. Beynəlxalq normaları pozan Ermənistan əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət göstərmir, Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymur. Digər beynəlxalq təşkilatların da hamısının qərarları bizim mövqeyimizi dəstəkləyir və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir. Belə olan halda qarşımızda duran seçim o qədər də böyük deyildir. Ya siyasi və diplomatik səylərimizi davam etdirmək və iqtisadi üstünlüyümüzü hərbi üstünlüyə çevirərək torpaqlarımızı azad etmək, – bizim əsas vəzifəmiz ondan ibarətdir, - ya da ki, danışıqlar naminə sadəcə olaraq, danışıqlar aparmaq. Azərbaycan dövləti ona heç vaxt getməyəcəkdir. Mən bir daha demək istəyirəm ki, biz danışıqları ancaq məqsədə çatmaq üçün aparırıq. Məqsədimiz də beynəlxalq hüququ, ərazi bütövlüyümüzü bərpa etməkdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Budur bizim məqsədimiz. Biz bu məqsədə çatmaq üçün müxtəlif imkanlardan istifadə edirik və etməliyik. Bu, bizim suveren hüququmuzdur. Biz istəyirik ki, məsələni danışıq yolu ilə, sülh yolu ilə həll edək. Ancaq görünür ki, Ermənistan tərəfi sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur və buna görə danışıqlar prosesində yeni mərhələ başlanır. Biz Ermənistandan təklif olunmuş məsələlərə cavab gözləyirik. Əgər cavab müsbət olmasa, onda öz siyasətimizə əlbəttə ki, dəyişiklik edəcəyik.
Bununla bərabər, bu da sirr deyil ki, biz ordu quruculuğunu uğurla inkişaf etdiririk. Bizim hərbi gücümüz artır, müdafiə qabiliyyətimiz möhkəmdir. Vətənpərvərlik ruhu, peşəkarlıq yüksək səviyyədədir. Mən şübhə etmirəm ki, Silahlı Qüvvələrimiz qarşıda duran vəzifəni ləyaqətlə və qısa müddət ərzində icra edə bilər. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu həqiqət tələb edir, bunu tarix tələb edir və bu gün bölgədə yaranmış qüvvələr nisbəti buna dəlalət edir.
Ermənistan heç vaxt Azərbaycan ilə rəqabət aparmaq gücündə olmayacaqdır. Bu gün də bu mümkün deyildir və illər keçdikcə aramızda olan uçurum daha da dərinləşəcəkdir. Bizim üçün bir dövlət kimi əsas vəzifə ancaq və ancaq öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Qarşımızda bundan vacib vəzifə yoxdur. Biz bütün səylərimizi bu vəzifəyə nail olmaq üçün səfərbər etmişik. Bu, bizim ümummilli işimizdir. Bütün Azərbaycan xalqı bu məqsədə çatmaq üçün səylərini birləşdiribdir və əlbəttə, getdikcə gücümüz daha da təsirli, atdığımız addımlar daha da ciddi olacaqdır. Ona görə, əgər ermənilər bir balaca qabağa baxsalar, görərlər ki, bu işğalçı siyasətin gələcəyi yoxdur. Sadəcə olaraq bu, zamanın hökmü və Azərbaycanın, ordumuzun artan gücü ilə həll olunacaqdır. Mən buna şübhə etmirəm və əminəm ki, biz doğma torpaqlarımızı qaytaracağıq. Bu gün qaçqın-köçkün həyatı yaşayan soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar.
Hələlik isə əlimizdən gələni edirik ki, sizin həyatınızı bir az yüngülləşdirək. Belə gözəl, yaraşıqlı evlər tikilib. Mən ümid edirəm ki, siz burada rahat yaşayacaqsınız. Ancaq bilirəm ki, doğma torpağınızı heç vaxt unutmayacaqsınız və unutmursunuz, siz də, gənc nəsil də. Bu gün gənc nəsil böyüyür, onlar o torpaqları görməyiblər. Amma buna baxmayaraq, onlar o torpaqlara qayıtmaq arzusu ilə yaşayırlar. Heç vaxt Azərbaycan xalqı doğma torpaqlarını unutmayacaq, heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Bunu həm qarşı tərəf, həm də məsələ ilə məşğul olan vasitəçilər bilirlər.
Mən sizi bir daha ürəkdən salamlayıram, təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb