Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayılın Şükürbəyli və Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə - 77 nəfər, Xocalının Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.









