XƏBƏRLƏR
Çap et
2553
Məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimi keçirilib Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib
Mətbuat xidmətinin məlumatı
06 Oktyabr, 2017
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verdi.
Bildirildi ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli mərasim iştirakçıları.
Hörmətli soydaşlar, əziz dostlar.
İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Qonşu ölkənin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək qaçqın və köçkün həyatı sürməyə məcburdurlar.
Dövlətimizin başçısı İlham Əliyev həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli görüşlərdə bu məsələni daim gündəmə gətirir. Bildiyiniz kimi, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltmişdir. O, ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyon insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.
Uzun illərdir ki, biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və biz sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar bu günün reallığıdır. Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir?
Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir. Bütün bu illər boyu Azərbaycan dövləti soydaşlarımızın üzləşdiyi problemlərin həlli üçün öz gücü ilə bütün lazımi tədbirləri görüb, lazımi addımları atıb və bunun nəticələri bu gün göz qabağındadır. Ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın və köçkün yeni işlə təmin olunub. Ümumilikdə, dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib.
İndiki mərhələdə digər yerlərdə - yararsız binalarda, yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq bağçalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın vəziyyəti yaxşılaşdırılmalıdır. İlk mərhələdə ən ağır vəziyyətdə yaşayan insanlar yeni mənzillərə köçürülməlidir. Bundan sonra ardıcıl olaraq digər qaçqın və köçkün ailələrinin yaşayış vəziyyəti yaxşılaşdırılmalıdır. Biz bunun üçün çalışırıq və çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu problemi öz gücü ilə həll edəcək.
Bildiyiniz kimi, Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir. Bütün ölkədə geniş şəkildə quruculuq işləri aparılır. Bakının müasirləşməsi, paytaxtımızın gözəlliyi, təmizliyi, abadlığı barədə təkcə Azərbaycanda yox, xaricdə də danışırlar. Təkcə Bakı deyil, hər bir rayonda, hər bir regionda inkişaf gedir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır, qazlaşdırma aparılır, insanları narahat edən məsələlər aradan qaldırılır, yeni imkanlar açılır.
Son illər ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülür. Bu sahədə də böyük irəliləyiş var. Bir neçə gün bundan əvvəl dövlətimizin başçısı Şamaxı rayonunda bir neçə yeni obyektin, yeni yolların açılışlarında iştirak etmişdir, Dəmirçi kəndində yenidən inşa olunmuş turizm infrastrukturu ilə tanış olmuşdur. Həmin kənddə bərpa olunmuş qədim məscidi ziyarət etmişdir və yeni yolun – Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən yeni, daha qısa məsafəli, cəmi 22 kilometr uzunluğunda olan yolun salınması üçün bütün lazımi göstərişləri vermişdir.
Ondan əvvəlki həftədə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə geniş məlumat vermişdir. Mən əminəm ki, bunu siz hamınız yaxşı bilirsiniz. Bizim xalqımız, bizim idmançılarımız digər sahələrdə olduğu kimi, idman sahəsində də böyük qələbələrə imza atıblar. Biz 2015-ci ildə birinci Avropa Oyunlarını böyük uğurla keçirmişik. Bu il İslam Həmrəyliyi Oyunlarını keçirmişik. Bizim idmançılarımız son Olimpiya Oyunlarında 18 medal qazanıblar, Azərbaycanın bayrağını ucaldıblar. Budur bizim nailiyyətlərimiz. Bu sahədəki nailiyyətlərimiz dünyanın bütün idman ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir və ölkəmiz bir nümunə kimi təqdim olunur.
Ondan əvvəl isə Bakıda “Əsrin kontraktı”nın yeni mərhələsinin imzalanması mərasimi keçirilmişdir. Bu kontraktın uzadılması ölkəmizin hərtərəfli inkişafına güclü təkan verəcək. Bu, nə deməkdir? Bu, o deməkdir ki, yeni infrastruktur yaradılacaq, yeni iş yerləri açılacaq, ölkəmizə yeni sərmayələr gələcək, insanları narahat edən problemlər yenə də aradan qaldırılacaq. Bir sözlə, bu gün Azərbaycan inkişaf və tərəqqi yolu ilə irəliləyir. Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik.
Eyni zamanda, mövcud problemləri, həllini tapmayan məsələləri də biz yaxşı bilirik və bunları aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq. Mən əminəm ki, bütün arzularımıza nail olacağıq. Çünki bunun üçün bütün amillər – müstəqil siyasət, xoş niyyət, iqtisadi potensial və ən əsası xalqın inamı və dəstəyi var. Bir daha deyirəm ki, sizin dəstəyinizlə və Allahın köməyi ilə biz bütün arzularımıza nail olacağıq.
Əziz dostlar, bildiyiniz kimi, bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksinin təməli qoyuldu. Bu günlər orada tikinti işləri davam edir. Yaşayış kompleksi bütün lazımi infrastrukturla təmin olunacaq, orada binalarla yanaşı, uşaq bağçası, məktəb tikilir və gələn il 1026 yeni, tam təmirli mənzil qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə veriləcək. Bu ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. Bu gün isə biz Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillərə 210 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı tam təmirli mənzillərə 465 ailə köçürürük. Ümumilikdə bu, 725 ailənin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.
Əziz soydaşlar, əziz qaçqın və məcburi köçkün ailələrinin üzvləri. Siz uzun illər çox çətin vəziyyətdə yaşamısınız, çətinliklərlə üzləşmisiniz. Buna baxmayaraq, siz ölkəmizdə gedən bütün quruculuq proseslərində iştirak etmisiniz, öz töhfənizi vermisiniz. Siz övladlarınızı böyütmüsünüz, tərbiyə etmisiniz. Mən fürsətdən istifadə edərək, sizə bir daha öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. Bu gün sizin həyatınızda yeni mərhələ başlanır. Siz yeni mənzillərə, yeni evlərə köçürsünüz. Arzum odur ki, bu evlərdə sizin həyatınız işıqlı və xoşbəxt olsun. Ən böyük arzum, - əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, - doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək. Çox sağ olun.
X X X
Laçın rayonundan məcburi köçkün Ağa ƏHMƏDOV çıxış edərək dedi:
-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva.
Hörmətli tədbir iştirakçıları.
Biz 25 ildən artıqdır ki, Binəqədi rayonu ərazisindəki “Şəfəq” sanatoriyasında məskunlaşmışıq. Məskunlaşdığımız bina yararsız vəziyyətdə olduğundan burada yaşayan məcburi köçkünlərin həyat şəraiti son dərəcə ağır, dözülməz və çətin olmuşdur. Bu gün yeni mənzillərə köçürük. Sizin köməyiniz nəticəsində bu ağır şəraitdən qurtulduğumuza görə “Şəfəq” sanatoriyasında yaşayan bütün məcburi köçkünlər adından Sizə hədsiz dərəcədə təşəkkürümüzü və böyük hörmətimizi bildiririk.
Bu günlərdə ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə baş vermişdir. Əgər 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdursa, bu ilin sentyabr ayında imzalanan yeni neft müqaviləsi XXI əsrin tarixi hadisəsi kimi cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Ancaq hər iki tarixi hadisənin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Ümummilli liderimiz Heydər Əliyevin davamçıları olan Prezidentimizin və Sizin apardığınız həm daxili, həm xarici uğurlu siyasət xalqımızın gözü qarşısındadır. Qarabağ torpağının, onun mədəniyyətinin, musiqisinin, rəsm əsərlərinin xarici ölkələrdə xüsusi təbliği nəticəsində bu gün dünya ictimaiyyəti Qarabağın, ümumilikdə Qarabağ mədəni irsinin sırf Azərbaycan xalqına məxsus olduğunu bilmişdir. Hər kəsin bildiyi kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan artıq zərər dəymişdir. Bu münaqişə nəticəsində 1 milyondan artıq insanımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin, cənab Prezidentin və Sizin apardığınız uğurlu siyasət nəticəsində bu gün dünya ictimaiyyəti Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri bilir. Bunun məntiqi davamı olaraq ölkəmizə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində 2003-2017-ci illər ərzində 55 fərman və sərəncam imzalanmışdır. Dövlətimiz tərəfindən bu qəbildən olan insanların rifah halının yaxşılaşdırılması üçün 2001-2017-ci illər ərzində 96 qəsəbə salınıb, 152 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 tibb ocağı və digər sosial obyektlər tikilərək istifadəyə verilib. Məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib.
Dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Hətta Avropanın ən inkişaf etmiş ölkələrinə belə pənah aparan qaçqınların orada ən adi ehtiyaclarının ödənməsində bu dövlətlər çətinlik çəkirlər. Ümumilikdə, Azərbaycanda məcburi köçkünlər üçün görülən işlərin dünyada belə analoqu yoxdur. Bütün bu işlər isə cənab Prezidentimizin və Sizin gərgin əməyiniz, zəhmətiniz nəticəsində mümkün olub.
Hörmətli Birinci vitse-prezident, bu il mart ayının 9-da keçirdiyiniz müşavirədə Siz bildirdiniz ki, məcburi köçkünlər üçün çox işlər görülüb. Ancaq hələ də ağır şəraitdə, qəzalı binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və onların yeni mənzillərlə təmin olunması üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Bu müşavirədən bir qədər sonra bu il may ayının 30-da Bakının Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınacaq yeni qəsəbənin təməlqoyma mərasimində iştirak etdiniz. İyun ayının 27-də isə yenə də Masazır qəsəbəsində yeni tikilən mənzillərə məcburi köçkünlərin köçürülmə tədbirində şəxsən iştirak etdiniz. Bu gün bizimlə görüşürsünüz. Sizin qaçqın və məcburi köçkünlərlə bağlı apardığınız siyasət, fikirləriniz həm ictimaiyyətimiz, həm qaçqın və məcburi köçkünlər tərəfindən hörmət və rəğbətlə qarşılanmışdır. Mən bu fürsətdən istifadə edərək bir daha bütün qaçqın və məcburi köçkünlər adından göstərilən böyük diqqət və qayğıya görə Sizə səmimi və ürəkdən gələn minnətdarlığımı bildirirəm.
Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətindən danışan Ağa Əhmədov Fondun xəstəlikdən əziyyət çəkən minlərlə insanın şəfa tapmasına kömək göstərdiyini, ötənilki aprel döyüşləri zamanı əlil olmuş bir qrup əsgər və zabitin sağlam həyat tərzi sürməsi üçün lazım olan bütün tədbirləri gördüyünü bildirdi.
Bunun ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranlarının problemlərinin daim diqqət mərkəzində saxlanıldığını nümayiş etdirdiyini vurğulayan Ağa Əhmədov dedi:
-Biz məcburi köçkünlər çox yaxşı başa düşürük ki, bizə verilən bu gözəl mənzillər, yaradılan bu yaxşı şərait müvəqqəti xarakter daşıyır. Çünki hər bir məcburi köçkün və qaçqın öz ata-baba yurduna, doğma ev-eşiyinə qayıtmaq arzusu ilə yaşayır və inanırıq ki, mütləq qayıdacağıq. Bunu deməyə də əsaslar var. Azərbaycanın güclü liderinin olması, iqtisadiyyatımızın sürətli inkişafı, bölgədə ən güclü ordunun Azərbaycana məxsus olması və ən əsası xalqımızın cənab Prezidentin və Sizin ətrafınızda sıx birləşməsi bütün qaçqın və məcburi köçkünlərin öz doğma torpağına qayıdacaqları günü daha da yaxınlaşdırır.
Mən cənab Prezidenti və Sizi əmin edirəm ki, əgər Ali Baş Komandan döyüş əmri verərsə, biz veteranlar, biz məcburi köçkünlər, əli silah tutan hər kəs işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşməyə hər an hazırıq. Bunu ermənilər də bilir və çox gözəl anlayırlar ki, aprel döyüşləri bir də təkrarlansa Azərbaycan Ordusu İrəvan şəhərinə qədər gedib çıxacaq. Bu yaxın günlərdə cənab Prezidentimizin BMT-nin ali tribunasından dediyi kimi, əgər onlar yenə də təxribata əl atarlarsa, cavab zərbəsi apreldə olduğundan daha sarsıdıcı olacaq. Təbii ki, ermənilər bunun fərqindədirlər. Biz inanırıq ki, sonda yenə peşman olan ermənilər özləri olacaqlar.
Hörmətli Birinci vitse-prezident, mən bir daha ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyiniz bu böyük diqqət və qayğıya görə cənab Prezidentə və Sizə minnətdarlığımı bildirirəm. Azərbaycanın inkişafı yolunda gördüyünüz işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram.
X X X
Sonra Laçın rayonundan məcburi köçkün Kəmalə QULİYEVA çıxış etdi. O da qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Ölkəmizin gündən-günə daha da gözəlləşdiyini və gücləndiyini deyən Kəmalə Quliyeva ordumuzun da qüdrətini vurğuladı, aprel döyüşlərində torpaqlarımızın bir hissəsinin geri qaytarıldığını, bu gün həmin torpaqlarda yeni qəsəbənin salındığını, müasir evlərin inşa edildiyini, insanların öz doğma yurdlarına qayıtdığını qeyd edərək dedi:
-Hörmətli Mehriban xanım, biz Azərbaycan qadınları Sizinlə qürur duyuruq, Sizinlə fəxr edirik. Ulu Öndərimizin dediyi kimi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bizim belə rəhbərlərimiz var.
Mən uşaqlıqda çox acınacaqlı həyat tərzi keçirdim. Torpaqlarımız işğal edildi. Bizim kəndin uşaqlarını avtobusa yığıb kənddən çıxardılar. Mənim anam avtobusdan düşüb qonşu uşaqlara yer verdi. Laçından çıxan sonuncu adamlardan biri də mənim anamdır. Mən kəndimizdən çıxdığımız, ayrıldığımız günü heç vaxt unutmaram. Əmimgil və biz dörd valideyn, on uşaq bir vaqonda yaşadıq. Nənələrimizin toxuduğu Qarabağ xalçalarını yox, qamışı hörüb döşəməyə saldıq. Biz Vətənimizi, yurdumuzu, evimizi, baba-nənələrimizin qəbirlərini itirməklə yanaşı, doğmalarımızı da itirdik. Laçın rayonunun Alxaslı kəndi Qarabağ uğrunda döyüşlərdə 10 şəhid verdi. Beş Qarabağ müharibəsi əlilimiz var. Buna görə mən heç vaxt özümü xoşbəxt hiss etməmişəm. Amma bu gün mən çox xoşbəxtəm. Bu gün biz qəzalı evdən, çətin şəraitdən yeni rahat evlərə köçürülürük. İndi mənim öz mənzilim, uşaqlarımın isə öz otaqları olacaq. Bizlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Bundan da xoşbəxt günüm yalnız o vaxt olacaq ki, cənab Prezidentimiz və Siz çiyin-çiyinə verib, əl-ələ tutub Azərbaycanın üçrəngli bayrağını Xankəndinə, Laçına, Şuşaya, Qarabağa, Cıdır düzünə taxacaqsınız. Azərbaycanın dövlət himni Laçın dağlarında səsləndiriləcək, Laçın dağlarına əks-səda salacaqdır. O vaxt bizim gözlərimizdən sevinc yaşları axacaq. Allah Sizə və ailənizə xoşbəxtlik və cansağlığı nəsib etsin.
X X X
Daha sonra Ağdam rayonundan məcburi köçkün Aysel BƏŞİROVA çıxış etdi. Mehriban Əliyevanın bir çox sahələri əhatə edən fəaliyyətini yüksək dəyərləndirən A.Bəşirova onun hər zaman xalqı narahat edən məsələləri, o cümlədən məcburi köçkünlərin problemlərini diqqətdə saxladığını, bu məsələlərin tezliklə həllinə çalışdığını vurğulayaraq bildirdi:
- Əzizimiz Mehriban xanım, biz bilirik ki, Heydər Əliyev Fonduna rəhbərlik etdiyiniz, Milli Məclisin deputatı olduğunuz vaxtlarda ölkə həyatının elə bir sahəsi olmayıb ki, mövcud problemli məsələlər Sizin diqqətinizdən kənarda qalsın. Neçə-neçə məktəb, uşaq bağçası, səhiyyə ocağı tikilib istifadəyə verilibdir. Aztəminatlı ailələrə, ehtiyacı olan insanlara, uşaqlara, biz məcburi köçkünlərə hər zaman yardım etmisiniz, həmişə bizə diqqət və qayğı göstərmisiniz. Bu xeyirxah missiyanı bu gün də uğurla davam etdirirsiniz. Buna görə də hamı Sizi sevir, Sizin gördüyünüz işləri alqışlayır.
Biz cənab Prezidentlə və Sizinlə fəxr edir, qürur duyuruq. Cənab Prezidentin və Sizin sayənizdə ölkəmizin iqtisadi inkişafı göz qabağındadır. Dünyanın heç bir xarici ölkəsində qaçqınlara və məcburi köçkünlərə bizdəki qədər diqqət və qayğı göstərilmir. Biz bunu gündəlik həyatımızda həmişə hiss edirik. Elə bugünkü tədbir də bunun əyani sübutudur.
Hörmətli Mehriban xanım, qəzalı binada məskunlaşmış məcburi köçkünlər adından bu diqqətə, qayğıya, 24 il ərzində yaşadığımız ağır şəraitdən bizi qurtardığınıza, bizə gözəl şəraitli mənzillər verdiyinizə görə cənab Prezidentə və şəxsən Sizə dərin minnətdarlığımızı bildirirəm.
Hörmətli Mehriban xanım, dünyanı siyasi böhran, xaos bürüdüyü zaman Azərbaycanda sabitlikdir, əmin-amanlıqdır, davamlı inkişafdır. Cənab İlham Əliyevin adı ilə bağlı olan XXI əsrin neft müqaviləsi isə növbəti illərdə ölkəmizdə iqtisadi inkişafın əsasını təşkil edəcəkdir. Bir çox ölkələrin iqtisadi vəziyyəti ildən-ilə pisləşir. Elə götürək Ermənistanı. Səriştəsiz Ermənistan rəhbərliyi ucbatından əhali ölkəni tərk edir, yerdə qalanlar isə acınacaqlı vəziyyətdə yaşayırlar.
Əzizimiz Mehriban xanım, biz Sizin, cənab Prezidentimizin və Ordumuzun gücünə inanırıq. İnanırıq ki, tezliklə öz doğma yurdumuza qayıdacağıq və həmin torpaqlarda üçrəngli bayrağımız yenidən yüksələcəkdir.
Hörmətli Mehriban xanım, biz məcburi köçkünlərə, qadınlara və uşaqlara göstərdiyiniz bu diqqətə, qayğıya görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Gördüyünüz misilsiz işlər üçün Azərbaycan xalqı və biz məcburi köçkünlər Sizə əhsən deyirik, Sizi sevirik. Cənab Prezidentimizlə, Sizinləyik və sizinlə birlikdə irəliləyirik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra Azərbaycanın Birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki, dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində oldu.
Mehriban Əliyeva: Salam. Xoş gördük.
İnnaf Nəcəfova: Xoş gəlmisiniz. Buyurun, Mehriban xanım.
Mehriban Əliyeva: Siz hansı binadan köçmüsünüz?
İnnaf Nəcəfova: Biz “Şəfəq” sanatoriyasından köçmüşük. Biz müvəqqəti olaraq orada məskunlaşmışdıq.
Mehriban Əliyeva: Hansı rayondansınız?
İnnaf Nəcəfova: Laçın rayonundan. Orada çox ailə var. Yetmişə yaxın ailə laçınlıdır. Biz orada məskunlaşmışdıq. Vəziyyət haqqında danışmaq çətindir. Çox çətin idi.
Mehriban Əliyeva: Çox yaxşı bilirəm. Amma indi çox şadam ki, nəhayət belə gözəl şəraitdə ailənizlə, uşaqlarınızla yaşayacaqsınız.
İnnaf Nəcəfova: Çox gözəldir. Sizin sayənizdə. Bu gün mənim həyatımın ən möcüzəli günüdür. Mən demişdim ki, hansı zaman mən mənzillə təmin olunsam həmin günü doğum günüm elan edəcəyəm. Ona görə ki, mənə elə gəlir bu gün ikinci dəfə dünyaya gəlirəm. Sizin sayənizdə Mehriban xanım, hörmətli Prezidentimizin sayəsində.
Mehriban Əliyeva: Çox sağ olun.
İnnaf Nəcəfova: Yəni, mən qaçqın düşəndən sonra beş il Ağcabədi rayonunda işləmişəm. O zaman mən qazmalarda, çadır şəhərciklərində yaşayan insanları görmüşəm. Əziyyət çəkən o qədər insan görmüşəm ki, bu gün mənim üçün doğrudan da möcüzədir. Bütün bunlar Ulu Öndərimizin, müdrik Prezidentimizin, Sizin sayənizdə olub. Ona görə də mən elə bilirəm ki, gözəl bir yuxudayam. Yəni, o müharibənin içindən çıxmış adam yatır, səhəri gözəl bir yuxu ilə açır, elə bir vəziyyətdəyəm. Çox minnətdaram dövlətimə, hökumətimə, hörmətli Prezidentimə.
Hörmətli Prezidentim dünya səviyyəsində tanınır. O gün BMT-nin Baş Assambleyasındakı çıxışına mən çox fəxarətlə, qürur hissi ilə qulaq asdım. Hətta mən ayağa qalxıb Prezidentin çıxışını televizorun qarşısında dinləyirdim. Sizin Leyla xanımla bərabər orada Prezidentin yanında olmağınız özü də böyük fəxarətdir. Sizin dünya səviyyəli görüşlərinizin, yardımlarınızın, məscidlərdə, kitabxanalarda, muzeylərdə, həm dövlətimizin daxilində, həm də xaricdə olan işlərinizin hamısını izləyirəm. Bunlar mənə bir insan kimi, bir vətəndaş kimi zövq verir. Bu, Azərbaycanını sevən, xalqını sevən Prezidentimin və Sizin sayənizdə mümkün olmuşdur.
Mən rayonlara tez-tez gedirəm. Hər dəfə gedəndə rayonlarda, yollarda gözəl yeniliklər görürəm. Bütün bu yeniliklərin, bu layihələrin, gözəlliklərin hamısının müəllifi hörmətli Prezidentim və Sizsiniz. Buna görə də bütün respublikanı gözəlləşdirdiyinizə, həyatımızı gözəlləşdirdiyinizə görə Sizə çox minnətdarıq. Bütün məcburi köçkünlər adından Sizə dönə-dönə təşəkkür edirəm. Cocuq Mərcanlının açılışı olanda mən çox sevinirdim. Möcüzədir, hər şey. Bir neçə ayın içərisində gözəl bir qəsəbə yaratmaq, 50 ev, sonra 100 ev tikmək, bu, asan məsələ deyil. Bu, dövlətin qüdrətindən, Prezidentin gözəl siyasətindən, xalqa yaxın olmaqdan, onun içərisində olmaqdan irəli gəlir.
Siz Şamaxıda olarkən təndir çörəyi yeməyiniz bilirsiniz mənə nə qədər ləzzət elədi.
Mehriban Əliyeva: Mənə də çox ləzzət elədi. Sağ olun.
İnnaf Nəcəfova: Mehriban xanım, inanın o elə gözəl mənzərə idi ki, onu sözlə təsvir etmək çox çətindir. Mən elə bilirəm ki, sözlər mənə azlıq edir, mən sevincimi, minnətdarlığımı elə bilirəm çox az şəkildə ifadə edirəm.
Mehriban Əliyeva: Çox sağ olun. Mən çox minnətdaram. Mən də sizə söyləmək istəyirəm ki, düz deyirsiniz, cənab Prezidentin bütün fəaliyyəti Azərbaycanın inkişafına həsr olunub. Onun üçün bu dünyada Azərbaycanın maraqlarından, Azərbaycan xalqının yaxşı yaşamasından üstün heç bir şey yoxdur. Amma bizim güc mənbəyimiz sizlərsiniz. Siz indi Şamaxıya səfərimizi yada saldınız. Belə səfərlərdə həm insanlarla ünsiyyətdə olursan, həm də o abadlığı, yeni yolları, yeni qəsəbələri, abadlaşmış turizm infrastrukturunu görürsən və başa düşürsən ki, bizim çox gözəl xalqımız var, çox bacarıqlı, istedadlı insanlarımız var. Siz öz taleyinizi danışdınız. Doğrudan da o dəhşətli hadisələrin iştirakçısı, o dəhşətli günlərin şahidi olmağınıza, sonra 20 ildən çox çətin şəraitdə, köçkün vəziyyətində, qəzalı binada yaşamağınıza, öz doğma torpağınıza, öz evinizə gedə bilməməyinizə baxmayaraq, siz ruhdan düşməmisiniz, işləmisiniz, çalışmısınız, ölkənin inkişafına töhfənizi vermisiniz, övladlar, nəvələr, nəticələr böyütmüsünüz. Bu, adamın ürəyində çox böyük hörmət və məhəbbət doğurur. Mən də sizə öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. İnanın ki, bu gün siz nə qədər sevinirsinizsə, mən də o qədər sevinirəm. Çünki görürəm ki, uzun illərdir doğrudan da əzab-əziyyət çəkən insanların yaşayış şəraiti bu gün yaxşılaşır. Yeni mərhələ başlayır. Bunu görəndə daha artıq qüvvə ilə çalışmaq istəyirəm ki, problemlər olmasın, onlar aradan qaldırılsın. Əminəm ki, biz buna nail olacağıq. Çətin vəziyyətdə yaşayan bütün qaçqın və məcburi köçkün ailələri ardıcıl olaraq belə gözəl yeni mənzillərə, yeni evlərə köçürüləcəklər. Əlbəttə ki, ən böyük arzumuz Qarabağ torpağına qayıtmaqdır. Mən bir daha deyirəm, Allahın köməyi, cənab Prezidentin müdrik siyasəti və insanların dəstəyi ilə buna da nail olacağıq.
İnnaf Nəcəfova: İnşallah. Mən arzu edirəm ki, belə bir təntənəni, belə bir gözəl günü hörmətli Prezidentim, dəyərli Baş Komandanım və Sizinlə birlikdə Laçında qeyd edək. Allah Sizlərə uzun ömür versin. Bu yolda çəkdiyiniz əziyyətin bəhrəsi həmişə gözəl olsun, Sizi də, xalqı da sevindirsin. Sizə və ailənizə ən səmimi duyğularımla təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah hörmətli Prezidentimin canını sağ eləsin. Analarımız demişkən, hər yerdə sözü keçərli, ötkəm, qılıncdan iti olsun. Azərbaycan qadınını hər yerdə gözəl təmsil edirsiniz. Mehriban xanım, Siz Azərbaycan qadınını dünya çapında tanıtmısınız. Bu, çox ağır bir yükdür, Siz bu yükü öz zərif çiyinlərinizdə gəzdirirsiniz. Bax buna görə də Sizə ayrıca minnətdarlığım var. Arzu edirəm ki, hörmətli Prezidentim və Birinci vitse-prezident olaraq Siz Azərbaycanın gələcəyi üçün nə qədər çalışırsınızsa Allah bu yolda Sizə çəkdiyiniz yolların genişliyi, işıqlığı qədər ömür, səbr, dəyanət versin. Bir daha hörmətli Prezidentimə, Sizə və ailə üzvlərinizə minnətdarlığımı bildirirəm.
Mehriban Əliyeva: Çox sağ olun. Prezidentin də böyük salamlarını və təbriklərini sizə çatdırıram. Qoy, həyatınız nurla dolsun, xoşbəxt olsun. Çox sağ olun.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb