XƏBƏRLƏR
Çap et
1932
Məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi olub
Mətbuat xidmətinin məlumatı
28 İyun, 2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib
Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Xanım Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli mərasim iştirakçıları, əziz dostlar.
İlk növbədə, sizin hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına əmin-amanlıq, yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.
Ramazan ayı dünya müsəlmanlarını sülh və birlik yoluna, xeyirxah əməllərə, saf niyyətlərə, mərhəmətə və mənəvi kamilliyə dəvət edir. Ramazan ayı bizim hər birimizi ehtiyacı olan, çətinliklərlə üzləşən insanlara yardım etməyə dəvət edir. Bugünkü görüşümüz bu baxımdan rəmzi məna daşıyır. Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi bu gün yeni mənzillərlə təmin olunur, onların yaşayış şəraiti yaxşılaşır. Sizin həyatınızda yeni dövr başlayır. Sizin həyat tərziniz yaxşılaşacaq. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm, yeni mənzillərinizdə sizə xoşbəxt ömür arzulayıram.
Ermənistanın artıq 20 ildən çoxdur ki, davam edən işğalçı siyasəti nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Bu insanların problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. İyirmi ildən çoxdur ki, bu sahədə ardıcıl olaraq bütün lazımi tədbirlər həyata keçirilir, addımlar atılır. Bildiyiniz kimi, - baxmayaraq ki, müstəqilliyimizin ilk illərində dövlətimiz böyük çətinliklərlə üzləşmişdir, - Azərbaycan Hökuməti ölkəmizdə mövcud olan bütün çadır şəhərciklərini qısa bir zamanda ləğv etdirmişdir. Azərbaycanda məcburi köçkün ailələri üçün 100-dək müasir yaşayış kompleksi inşa olunmuşdur. Bu qəsəbələrdə bütün lazımi infrastruktur yaradılmışdır. Qəsəbələr məktəb və bağçalarla təmin olunmuşdur. Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilmişdir. Bu gün də soydaşlarımızın işlə təmin olunması sahəsində dövlət proqramları həyata keçirilir. Bir daha qeyd etmək istəyirəm ki, bu, Azərbaycan dövləti üçün ən ağır, ən vacib problemdir. Azərbaycan dövləti bu problemin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq. Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur - tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Əminəm ki, işlər qısa bir zamanda başa çatdırılacaq və bu gün çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.
Azərbaycan dövləti tərəfindən bu tədbirlərin icrası üçün, ümumilikdə, 6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur.
Bir daha qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan qüdrətli, güclü dövlətdir və qarşıda duran məsələlərin həlli üçün bütün lazımi addımlar atılır, bütün lazımi tədbirlər həyata keçirilir. Çox xoşdur ki, dövlətlə yanaşı, biznes strukturları da, iş adamları da bütün cəmiyyətimiz üçün vacib olan bu problemə biganə qalmayıb və onlar da bu ağır problemin həllinə öz töhfələrini verməkdədirlər.
Bu gün Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülür. Məhz iş adamlarının yardımı ilə bu gün 214 ailənin yaşayış şəraiti yaxşılaşacaq. Fürsətdən istifadə edərək, həmin şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, çox təqdirəlayiq bir haldır. Ümidvaram ki, digər iş adamları, ölkəmizdə fəaliyyət göstərən digər biznes strukturları da gələcəkdə bu təşəbbüsə qoşulacaqlar. Bu, bizim cəmiyyətimizin birliyinin göstəricisidir, eyni zamanda, Azərbaycanın ən gözəl ənənələrindən biri olan xeyriyyəçilik ənənəsinin davamıdır.
Mən hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən biznes strukturları, iş adamları, özəl sektor sosial məsuliyyət haqqında ciddi düşünməli və cəmiyyətimizi narahat edən problemlərin həllində fəal iştirak etməlidirlər. Xüsusilə də onlar bizim hər birimiz üçün ən ağır problem olan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq işində iştirak etməlidirlər.
Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də sizlərə - böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir. Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki, işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz bərpa edilsin, yeni qəsəbələr salınsın və insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq.
Mən bir daha sizin hər birinizi ürəkdən təbrik edirəm, sizə cansağlığı və yeni uğurlar arzulayıram. Çox sağ olun.
x x x
Füzuli rayonundan məcburi köçkün Rafiz KƏRİMOV çıxış edərək dedi:
-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, hörmətli mərasim iştirakçıları. İcazə verin, hamınızı Ramazan bayramı münasibətilə təbrik edim, sizə cansağlığı, xoşbəxtlik arzulayım.
Hörmətli Mehriban xanım, icazə verin bu fürsətdən istifadə edib Birinci vitse-prezident təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim və Azərbaycan Prezidenti İlham Əliyevə bu təyinatına görə təşəkkürümü və minnətdarlığımı çatdırım.
Hörmətli Mehriban xanım, Sizin həm ölkə daxilindəki, həm də xaricdəki əməli fəaliyyətiniz Azərbaycan xalqının gözü qabağındadır. Müstəsna hal olaraq qeyd edim ki, xarici ölkələrdə Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təqdim edilməsində şəxsən Sizin Azərbaycan vətəndaşı kimi böyük xidmətləriniz olmuşdur və bunun sayəsində Azərbaycan bu gün sülhsevər bir ölkə kimi, idman, mədəniyyət mərkəzi kimi tanınır.
Mehriban xanım, biz 20 ildən çoxdur Xəzər rayonunun ərazisində məskunlaşmışıq. Çətinliklərlə də rastlaşmışıq, problemlərimiz də olub. Lakin Sizin deputat olarkən də gördüyünüz işlər məhz bizim gözümüzün qabağında olub. İstər səhiyyə, istər elm sahəsində, istər ərazidə olan yeni quruculuq işlərində, - mən hamısını bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm, - məktəbindən, bağçasından, yolundan tutmuş hamısında Sizin əməyiniz var və fəaliyyətiniz olub. Buna görə də bir daha Sizə minnətdarlığımızı bildiririk.
Qarabağ müharibəsi veteranı Rafiz Kərimov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatında, Füzuli rayonunun 20 kəndinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad olunmasında şəxsən iştirak etməsindən fəxr hissi keçirdiyini bildirdi. Bu siyasətin bu gün də davam etdirildiyini deyən Rafiz Kərimov bu bayram günlərində ikiqat sevinc yaşadıqlarına görə bir daha məcburi köçkünlər adından Mehriban Əliyevaya minnətdarlıq etdi. “Bizim arzumuz vətənə, yurdumuza qayıtmaqdır”, - deyən Rafiz Kərimov Prezident İlham Əliyevin rəhbərliyi altında Cocuq Mərcanlı ətrafında, Lələtəpədə və digər ərazilərdə olan qələbələrin tezliklə təkrarlanacağına ümid etdiyini, bu gün Lələtəpədə ucalan üçrəngli bayrağımızın tezliklə Qarabağın bütün şəhərlərində, o cümlədən doğulduğu Fizuli rayonunda dalğalanacağına əminliyini ifadə etdi.
x x x
Şuşadan olan məcburi köçkün Vüsalə FƏTƏLİYEVA paytaxtın Xəzər və Xətai rayonlarında qəzalı binalarda yaşayan insanların mənzil şəraitini yaxşılaşdırdığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edərək dedi:
-Hörmətli birinci xanım, Siz bu missiyanı Heydər Əliyev Fondunun, Mədəniyyət Fondunun rəhbəri olandan və Qarabağ həqiqətlərini dünyaya çatdırandan başlamısınız. Siz bir rəhbər kimi Qarabağın mədəniyyətini, musiqisini, idmanını, xalçalarını, rəsm əsərlərini, Qarabağa aid olan hər şeyi öz dili ilə dünyaya çatdırdınız ki, bütün dünya Qarabağın keçmişini tanısın, onun sahib olduğu torpaqların yiyəsi olduğunu bir daha bilsin. Bu, böyük, çətin məsələ idi. Bu missiyanı davam etdirərək Siz bütün Azərbaycanda, o cümlədən məcburi köçkünlərin həyatında çox vacib olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini reallaşdırdınız ki, bu, insanların bilikli və savadlı olmaları, dünya həqiqətlərini həm dərk etmələri, həm yaymaları üçün önəmli şərt idi.
Sizin Birinci vitse-prezident kimi ilk müşavirənizdə dediyiniz bir fikri xatırlatmaq istəyirəm. Siz dediniz ki, insanların rifah halını yaxşılaşdırmaq çox vacib şərtdir. İnsanların rifah halının yaxşılaşması üçün onların mənzillə təmin olunması vacib şərtdir. Ancaq bu, onların torpaqlarına qayıtmaları üçün əsas vasitə deyil. Hər kəs öz doğma yurduna qayıdacaq və bunlar müvəqqəti ünvanlar olacaq. Siz yekun nitqinizdə söylədiniz ki, insanların həyatı üçün iki amil vacib şərtdir. Birincisi mənzil, ikincisi isə iş. Bu böyük bir reallıq idi və bu reallığı hamıya qismət etdiyiniz üçün Sizə dərin təşəkkür edirik.
Vüsalə Fətəliyeva qeyd etdi ki, Mehriban Əliyeva hər zaman Qarabağ mövzusuna böyük önəm verib, bu mövzunun ölkəmizdə keçirilən bütün tədbirlərdə, həmçinin Qarabağ atlarının timsalında İslam Həmrəyliyi Oyunlarında qabardılmasına diqqətlə yanaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən bərpa olunan Cocuq Mərcanlıda tikilən Şuşa Məscidinin bənzərinin bütün qaçqın və məcburi köçkünlərdə öz doğma yurdlarına qayıdacaqlarına inam yaratdığını deyən Vüsalə Fətəliyeva çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının uğurlarından danışdı.
x x x
Sonra Laçın rayonundan məcburi köçkün Zabilə CƏFƏROVA çıxış edərək dedi:
-Hörmətli Mehriban xanım, Azərbaycanın Birinci vitse-prezidenti kimi qaçqın və məcburi köçkünlərə göstərdiyiniz xüsusi qayğıya görə onların adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin bizə göstərdiyiniz qayğının nəticəsidir ki, bu yaxınlarda - 2017-ci il mayın 30-da Qaradağ rayonu ərazisində köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün 1026 nəfərlik ailənin yaşayış kompleksinin təməli qoyulub. Bu gün də bu tədbirin təşkili biz məcburi köçkünlərin hədsiz sevincinə səbəb oldu. Bizi o ağır, şəraitsiz vəziyyətdən bu yeni rahat mənzillərə köçürməklə hər birimizin ailəsinə sevinc bəxş etdiniz. Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün tikilən evlər, salınan qəsəbələr yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımdır. Biz bilirik ki, bu ünvanlarda müvəqqəti məskunlaşırıq. Əminik ki, cənab Prezidentin və Sizin yürütdüyünüz siyasət nəticəsində biz tezliklə Qarabağa, öz doğma yurdlarımıza qayıdacağıq. Dünyanın heç bir yerində qaçqın və köçkünlərə bizdəki qədər qayğı göstərilmir. Biz qaçqın və məcburi köçkünlər hər zaman Sizin və Prezidentimizin diqqət və qayğısını görürük.
Zabilə Cəfərova Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən çoxşaxəli fəaliyyətdən danışdı, onun Azərbaycan mədəniyyətinin inkişafı və digər sahələrdə gördüyü işlərin ölkəmizin tanıdılmasına xidmət etdiyini vurğulayaraq dedi:
- Biz Azərbaycan xanımları Sizinlə fəxr edirik və Sizi özümüzə nümunə götürürük. Siz savadınızla, zövqünüzlə, davranışınızla, sadəliyinizlə və təşkilatçılıq qabiliyyətinizlə nümunəsiniz. Bir daha məcburi köçkünlər adından Sizə təşəkkür edir və bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm.
x x x
Laçın rayonundan məcburi köçkün Əmirxan ZEYNALOV da çıxışında Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işlərin ölkəmizə uğurlar gətirdiyini bildirdi. Mehriban xanımın mədəniyyətin, sosial sahənin inkişafı ilə bağlı gördüyü işlərin, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər tikdirməsinin böyük mənəvi əhəmiyyətinin olduğunu deyən Əmirxan Zeynalov onun deputat olduğu dövrdə Xəzər rayonunda gördüyü böyükmiqyaslı quruculuq işlərindən danışdı. O, Mehriban Əliyevanın xalqa bağlılığının təsadüfi olmadığını, bunun xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətindən qaynaqlandığını vurğuladı.
Əmirxan Zeynalov son illərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Azərbaycanın dünyada tanındığını, ölkəmizdə əsrlərdir mövcud olan xeyriyyəçilik ənənələrinin bu gün də yaşadıldığını bildirdi, işğal olunmuş torpaqlarımıza qayıdacağımıza əminliyini ifadə edərək dedi:
-Aprel döyüşlərində şəhid verdik. Heç vaxt torpağı şəhidsiz azad etmək mümkün deyil. Bu, müharibənin qanunudur. Döyüşün qızğın vaxtında Siz Prezidentimiz İlham Əliyevlə birlikdə döyüş bölgəsinə getdiniz, Ordumuza ilham, güc, qürur verdiniz. Onlar daha da qüdrətləndilər, ermənilərə ağır zərbə endirdilər. Nəhayət, ən kövrəldici bir hadisəni də deməliyəm. Siz qəhrəman şəhidlərimizin ailələri ilə görüşdünüz. O görüş heç vaxt insan xəyalından silinməz. Dövlət o şəhid ailələrinə hər cür diqqət və qayğı göstərdi, onları hər cür şəraitlə təmin etdi. Amma bunlar Sizin göz yaşlarınız qədər onlara təmkin, qüvvət vermədi. Siz onların yaralarına su səpdiniz. O göz yaşlarınız məni də kövrəltdi. Əhsən Sizə. Siz doğrudan da xalqın qədrini bilən, dərdinə şərik olan, anaları, bacıları, kimsəsizləri qiymətləndirən qeyrətli, vüqarlı, təşkilatçı, iradəli, tədbirli bir xanımsınız. Arzum odur ki, Prezident İlham Əliyevlə çiyin-çiyinə yeni-yeni uğurlara, yeni-yeni qələbələrə doğru gedəsiniz. Qarabağın azad olunmasını və Sizin orada Prezident İlham Əliyevlə, bizlərlə birlikdə qələbə bayrağını ucaltmağınızı diləyirəm.
x x x
Onun fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:
-Əziz bacılarım, əziz qardaşlarım.
Mənim barəmdə və fəaliyyətim haqqında dediyiniz bu xoş sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, istər Heydər Əliyev Fondunda, istər Azərbaycan Mədəniyyət Fondunda mənim fəaliyyətimdə, istər bugünkü çox məsuliyyətli vəzifəmdə məhz sizlər mənim güc mənbəyimsiniz. Çünki mən atdığım hər addımda, hər bir insanla, çox sevdiyim Azərbaycan xalqı ilə ünsiyyətdə olanda doğrudan da sizin sevginizi, dəstəyinizi, inamınızı hiss edirəm. Mənim üçün bu, çox vacibdir.
Azərbaycanın müstəqilliyi bərpa olunandan bəri tarix baxımından çox da uzun bir müddət keçməyib. Amma Azərbaycan bütün sahələrdə - iqtisadiyyatda, siyasətdə, sosial, idman, mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərlə bu gün dünya xəritəsində öz layiqli sözünü deyir. Əminəm ki, bütün bu uğurların təməlində Azərbaycan xalqı durur.
Siz bu gün xatırlatdınız ki, son illər ölkəmizdə çox böyük beynəlxalq tədbirlər keçirilib. Təbii ki, ölkəmizə dünyadan gələn qonaqların, turistlərin sayı artır. Biz bu insanlarla görüşürük, ünsiyyətdə oluruq. Əlbəttə, onların hamısı Bakının gözəlliyindən, ölkəmizin inkişafından, Azərbaycanın mətbəxindən danışırlar. Amma xüsusi vurğulayırlar ki, burada çox gözəl, ürəyiaçıq, istiqanlı, qonaqpərvər insanlar yaşayırlar. Düzdür, gözəllik, abadlıq çox vacibdir. Amma əgər gözəl bir yerə gəlirsən və insanların simasında, necə deyərlər, nifrət, hirs görürsənsə, heç vaxt insan orada özünü rahat hiss etmir. Bütün qonaqlar məhz bunu deyirlər ki, siz xoşbəxtsiniz, sizin insanlarınız nə qədər gözəl və mərhəmətlidirlər. Mən buna çox inanıram və bununla fəxr edirəm. Fəxr edirəm ki, bizim xalqımız doğrudan da belə böyük ürəyə malikdir. Mən inanıram ki, qarşımızda duran məsələlərin, problemlərin, - onlar var və çoxdur, biz çox çətin bir dünyada yaşayırıq, - həlli üçün insanın xoş niyyəti, mərhəməti, insanlığı çox vacibdir və bunlar bizim xalqda var. Ona görə də biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq, siz hamınız öz doğma yurdlarınıza qayıdacaqsınız və biz bunu orada bir yerdə qeyd edəcəyik.
Mən bir daha sizə öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. Çox sağ olun.
x x x
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün yeni mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz olunub. Ümumilikdə sözügedən 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2017-ci il martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilmişdi. Müşavirədə bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirilmişdi. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verilmişdi. Bu gün isə Ramazan bayramı günlərində 214 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.
x x x
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalıdan şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində oldu, onları yeni mənzilə köçməsi münasibətilə təbrik edərək dedi:
-Sizi təbrik edirəm. Çox sevinirəm ki, siz indi belə bir şəraitdə yaşayırsınız.
Ulduzə XOCAYEVA: Çox sağ olun. Sizin bizə etdiyiniz bu köməyə görə mən bilmirəm necə minnətdarlıq edim. Siz çox gözəl işlər görürsünüz. Mən əvvəlki yaşayış yeri ilə indiki mənzili müqayisə edə bilmərəm.
Mehriban ƏLİYEVA: Bizim indi məqsədimiz ən çətin vəziyyətdə yaşayan dörd min ailənin iki il ərzində köçürülməsidir. Mən əminəm ki, biz birlikdə bu məqsədə nail olacağıq. Artıq dövlət tərəfindən də binalar tikilir. Tikilmiş binalarda mənzillər ayrılır, təmir olunur. Çox yaxşıdır ki, biznes strukturları da bu işə qoşulub. Onlar da yardım edirlər.
Ulduzə XOCAYEVA: Biz Sizin yaxşı işləriniz barədə xəbərləri televizorda görür, sevinirik. Bu gün bizə bu cür şəraiti yaratdığınıza görə ürəyim sözlə doludur, hansını deyim ki, qəlbim rahatlaşsın.
Mehriban ƏLİYEVA: Mənim üçün əsas odur ki, sizin artıq yaxşı şəraitiniz var, normal şəraitdə yaşayırsınız, o əzablardan canınız qurtarıb.
Ulduzə XOCAYEVA: Sizin sayənizdə mən də, övladlarım da bu gündən sonra belə bir şəraiti olan mənzildə yaşayacağıq. Ona görə də bilmirəm Sizə necə dua edim ki, ürəyim rahatlaşsın. Çox gözəl şəraitimiz, rahat yollarımız var. Hamısı göz qabağındadır. Mehriban xanım, çox sağ olun, təşəkkür edirik, Allah Sizə cansağlığı versin. Prezidentimizin də, Sizin də bizə - məcburi köçkünlərə, şəhid ailələrinə çox böyük hörmətiniz var.
Mehriban ƏLİYEVA: Çox sağ olun. Prezidentin də böyük salamları var. Tapşırdı ki, mən salamlarını, hörmətini sizə çatdırım. Mən sizi əmin edirəm ki, Prezidentin bütün fəaliyyəti yalnız və yalnız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına, ölkəmizin güclənməsinə, insanların daha yaxşı şəraitdə yaşamasına yönəlib. Əlbəttə ki, əhalimizin qaçqınlar və məcburi köçkünlər təbəqəsi ən böyük diqqətə layiqdir. Həm Azərbaycan Prezidenti, həm də dövlət qurumları onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əllərindən gələni edir və edəcəklər. Mən çox şadam ki, cəmiyyətimizdə birlik var. Azərbaycan xalqı elə xalqdır ki, hər zaman qonşusuna, yaxınına, dostuna, heç tanımadığı insana da yardım etməyə hazırdır. Bu, xalqımızın çox gözəl adətidir, xasiyyətidir. Bu birliyimiz, bu gözəl xüsusiyyətlərimiz olduğuna görə biz qarşımızda duran bütün məqsədlərə nail olacağıq. Biz bir olmalıyıq və hər kəs öz vəzifəsinə çox böyük məsuliyyətlə yanaşmalıdır. Ali məqsəd ancaq və ancaq Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. Bugünkü nailiyyətlər, Azərbaycanın bugünkü qüdrəti, gücü, inkişafı məhz buna görədir. Sizin neçə övladınız var?
Ulduzə XOCAYEVA: Altı uşağım, 27 nəvə-nəticəm var.
Mehriban ƏLİYEVA: Maşallah, Allah saxlasın.
Ulduzə XOCAYEVA: Şadam ki, övladlarımızı, özümüzü yada salırsınız, qayğımızı çəkirsiniz. Çox razıyam, Allah Sizə həmişə kömək olsun. Əvvəllər Azərbaycanı o qədər də tanımırdılar. Ulu Öndərimizin, Prezidentimizin və Sizin sayənizdə indi hamı Azərbaycanı tanıyır. Çox sağ olun, dərin minnətdarlığımızı bildirirəm. Sizə cansağlığı, bütün işlərinizdə yüksək nailiyyətlər arzulayıram.
Mehriban ƏLİYEVA: Çox sağ olun. Bilirsiniz ki, mən son illər Qarabağ şəhidlərinin anaları ilə, bacıları ilə, məcburi köçkün ailələri ilə tez-tez ünsiyyətdə oluram, onların qarşısında baş əyirəm. Onlar çox böyük hörmətə layiqdirlər. Çünki siz çox çətin vəziyyətdən, çox çətin anlardan keçmisiniz, yaşamısınız, əzizlərinizi itirmisiniz, şəhid vermisiniz və sonra da çox çətin həyat sürmüsünüz. Ona görə də sizdə olan bu dözümlülük, güc, qüvvət, Vətənə bağlılıq, geniş ürək - bunlar hamısı böyük hörmətə və ehtirama layiqdir.
Ulduzə XOCAYEVA: Sizin belə işlərinizi görəndə fəxr edirik, inanırıq ki, inşallah, tezliklə doğma torpaqlarımıza, yurd-yuvamıza qayıdacağıq.
Mehriban ƏLİYEVA: İnşallah. Mən də, Azərbaycan Prezidenti də sizə cansağlığı arzulayırıq. Biz qarşımızda duran bütün məqsədlərə birlikdə nail olacağıq. Çox sağ olun. Sizə xoşbəxtik, uğurlar, uzun ömür arzu edirəm.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb