XƏBƏRLƏR
Çap et
3786
Füzuli rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq
Mətbuat xidmətinin məlumatı
13 Noyabr, 2016
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.
Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.
İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.
Qəsəbədə 120 yerlik uşaq bağçası da tikilib. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.
Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.
Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.
Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var.
Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyev burada Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Dövlət Sərhəd Xidməti Akademiyasının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Füzulidən olan kursantları və orta məktəb şagirdləri ilə görüşdü.
Kursant İsgəndərov dövlətimizin başçısına raport verdi:
-Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hərbi məktəblərinin kursantları Sizinlə görüşə hazırdır.
Dövlətimizin başçısı kursantları salamladı.
Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Lütfizadə dedi:
-Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Azərbaycan Respublikası vətəndaşlarının ən böyük arzusu işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Bu, mənim də ən böyük arzumdur. Məhz ona görə də məktəbli vaxtlarımdan hərbçi olmaq qərarına gəlmişəm. Sərhədçi peşəsinə olan rəğbətim və marağım məni Dövlət Sərhəd Xidmətinin Akademiyasına gətirdi. Akademiyada yaratdığınız ideal şəraitə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə söz veririk ki, etimadınızı öz şərəfli xidmətimizlə doğruldacaq, Azərbaycan Respublikasının Prezidentinə, dövlətinə və xalqına daim sədaqətlə xidmət edəcəyik.
Prezident İlham Əliyev: Sağ ol. Əyləş.
Horadiz şəhərindən olan məktəbli dedi:
-Cənab Ali Baş Komandan, mən Füzuli rayonunun Horadiz şəhərindəki Mais Səfərov adına bir nömrəli tam orta məktəbin şagirdiyəm. Valideynlərimin anadan olduğu Füzuli şəhəri hazırda düşmən tapdağı altındadır. Mən belə bir qərara gəlmişəm ki, hərbçi olum, torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak edim.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı İsgəndərov dedi:
-Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi mən də istəyirəm ki, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edək. Məhz buna görə hərbçi peşəsini seçmişəm. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıram. Təyyarəçi olmaq istəyimin səbəbi odur ki, məhz bir təyyarəçinin gördüyü iş bir hərbi hissənin gördüyü işə bərabərdir. Məhz buna görə də düşmənə kiçik zərbə deyil, böyük zərbə endirmək istəyirəm.
Prezident İlham Əliyev kursantlarla görüşdə çıxış edərək dedi:
-Ölkəmizin hərbi potensialı gündən-günə güclənir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir.
Döyüş qabiliyyətimiz, peşəkarlıq artır, kadr potensialı da güclüdür və Sizin kimi gənclər gələcəkdə Ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır.
Siz hərbçi peşəsini seçmisiniz. Bu, çox şərəfli peşədir. Bu peşə ölkəmizə, dövlətimizə lazımdır. Bax, bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar tikilir, qəsəbələr salınır, inkişaf gedir. Bu, ölkəmizin gücünü göstərir ki, biz işğaldan azad edilmiş torpaqlarda belə yüksək səviyyəli şərait yarada bilmişik.
Bu il Azərbaycan Ordusu növbəti tarixi qələbə qazanmışdır. Füzuli rayonunda Lələtəpə zirvəsinin işğalçılardan təmizləmə əməliyyatı bizim şanlı tariximizdir. Biz Ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən, torpaq uğrunda qan töküblər. Biz işğala son qoymalıyıq və qoyacağıq.
Ordumuzun gücü ilk növbədə, ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Bizim Ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz Ordumuzla, hərbçilərimizlə fəxr edirik. Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən, düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti - bunlar bizim Ordumuzun böyük üstünlüyüdür. Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri Ordumuzun gücünü bir daha göstərib.
Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox şadam ki, uşaqlar, gənclər orduda xidmət etmək üçün böyük maraq göstərirlər. Siz hərbçi peşəsini seçərək ölkəmizin hərbi potensialını gücləndirəcəksiniz. Sizə uğurlar arzulayıram. Həmişə Vətənə bağlı olun. Sağ olun.
X X X
Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Dövlətimizin başçısı burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən videoçarxa baxdı.
Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.
Məlumat verildi ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.
Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Sizi ürəkdən salamlayıram. Füzuli rayonunda yenidən olmağımdan çox məmnunam. Bu gün 400 köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışını qeyd edirik. Gözəl qəsəbədir, bütün şərait yaradılıb. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, gözəl fərdi evlər tikilib, təbii ki, infrastruktur layihələri icra edilib, içməli su, qaz, elektrik xətləri çəkilib, yollar salınıb.
İnşaatçılar da yaxşı işləyiblər. Mən onları da salamlayıram, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. İnşaatçılar son illər ərzində məcburi köçkünlər üçün 95 qəsəbə salıblar. Bu qəsəbələr yüksək səviyyədə qurulub, bütün şərait yaradılıb. Artıq bu, Azərbaycan standartıdır. Burada yaradılmış məktəbin, uşaq bağçasının binaları, fərdi evlər zövq oxşayır. Ona görə mən inşaatçıları da salamlayıram, köçkünlərə də öz hörmətimi bildirmək istəyirəm.
Bildiyiniz kimi, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görür. 2004-cü ildə müvafiq proqram qəbul edilmişdir. 2007-ci ildə bu proqrama əlavələr edilmişdir. Bu proqramın icrası uğurla davam edir. Qeyd etdiyim kimi, 95 qəsəbə salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Bu illər ərzində ancaq tikinti işlərinin aparılması üçün 2 milyard manatdan çox vəsait ayrılmışdır. Bütövlükdə isə məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Köçkünlər arasında yoxsulluq hələ 13 il bundan əvvəl 75 faiz səviyyəsində idi. Bu gün köçkünlər arasında yoxsulluq 12 faizə düşübdür, ancaq ölkə üzrə orta göstərici 5 faizdir. Hələ ki, görüləsi işlər çoxdur. Təbii ki, köçkünlər üçün, ilk növbədə, yaşayış yerləri inşa edilməli idi və edilir. Eyni zamanda, onların məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır.
Bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Gələn il yeni qəsəbələr salınacaqdır. Dövlət Neft Fondundan maliyyələşən bu qəsəbələrin inşası əlbəttə ki, köçkünlərin vəziyyətini bir qədər yüngülləşdirir. Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə, sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq.
Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq. Bu gün isə fin tipli sonuncu qəsəbə ləğv olunur. Fin tipli 16 qəsəbə var idi, indi onların biri də qalmayıb. Fin tipli sonuncu qəsəbənin yerində Füzuli köçkünləri üçün yeni müasir qəsəbə salınacaq. Beləliklə, Füzuli rayonunun köçkün problemi demək olar ki, öz həllini tapacaq.
Bu gün Füzuli rayonu ərazisində 71 min insan yaşayır. Rayon əhalisinin ümumi sayı isə 128 mindir. Yeni salınmış 16 qəsəbədə vətəndaşlar məskunlaşıblar. Eyni zamanda, 1994-cü ildə işğaldan azad edilmiş ərazilərdə yeni qəsəbələr salınıb, o cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtilə qəsəbə idi, biz ona şəhər statusu verdik. İşğaldan 1994-cü ildə azad edilmiş torpaqlarda bax belə gözəl şərait yaradılıbdır. Bu, bizim gücümüzü göstərir. Ermənistana bəlkə də ən böyük zərbə elə budur. İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır - səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir.
Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox sosial obyektlər inşa edilmişdir – Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır. İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik Stansiyası açılmışdır ki, bu, nəinki Füzuli rayonuna, ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95 faizə yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol layihəsi icra edilmişdir. Kəndlərin demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur bizim dövlətimizin gücü və bizim siyasətimiz.
Bu gün mənə məruzə edildi ki, Füzuli rayonunda 120 min ton taxıl yığılıbdır. Ancaq sovet vaxtında cəmi 40 min ton taxıl yığılırdı. Hələ rayonun yarısı işğal altındadır. Düzdür, o illərdə 120 min ton üzüm yığılırdı. İndi üzüm istehsalı yoxdur. O vaxt 200 tondan çox barama yetişdirilirdi. Biz baramaçılığı indi bərpa edirik. Biz o səviyyəyə yəqin ki, bir neçə ildən sonra çatmalıyıq. Yəni Füzuli rayonunun potensialı çox böyükdür. İnsanlar da zəhmətkeşdir, vətənpərvərdir. Ona görə rayonun gələcək inkişafı ilə bağlı atılacaq addımlar Füzulini daha da gücləndirəcək. İndi kənd təsərrüfatının digər sahəsi – pambıqçılıq sürətlə inkişaf edir. Keçən il heç pambıq istehsalı yox idi.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev: Keçən il olmayıb, bu il 300 tondan artıqdır, hələ yığacağıq da.
Prezident İlham Əliyev: 300 tondan artıq, gələn il yəqin ki, bir neçə min ton olacaq.
Alı Alıyev: Bəli, cənab Prezident, gələn il üçün 2 min hektardan çox sahədə pambıq əkiləcək. Müqavilələr də bağlanılıb.
Prezident İlham Əliyev: Müqavilələr bağlanılıb, o cümlədən, bax, aprel ayında işğaldan azad edilmiş torpaqlarda da əkin işləri aparılır. Bunu da biz artıq təmin edirik. Gələcəkdə baramaçılığın da çox böyük potensialı var. Baramaçılıq elə bir sahədir ki, 30-40 gün ərzində insanlara yaxşı pul qazanmaq imkanı verir. Özü də dövlət subsidiyalar verir, tinglərlə təmin edir. Yəni dövlət bütün işləri görür ki, insanlar yaxşı pul qazansınlar, dolanışıqları yaxşı olsun. Ona görə biz bu il 70 ton barama tədarük etmişik, keçən il 200 kiloqram idi. Gələn il bir neçə yüz ton barama istehsal olunacaq və gələcəkdə minlərlə ton barama tədarük ediləcəkdir. Bu da bilavasitə insanların güzəranına müsbət təsir göstərəcək. Füzuli rayonunda həm yeni sahələrdə, həm həyətyanı əkin sahələrində baramaçılıq sürətlə inkişaf edəcək. Bu məqsədlə “Şəki İpək” kombinatının fəaliyyəti bərpa edildi. Kombinatın yenidən qurulması ilə bağlı planlar var. Bu kombinat Azərbaycanda tədarük edilən bütün baramanın emalı ilə məşğul olacaq.
Mən altıncı dəfədir ki, Füzuli rayonuna Prezident kimi səfər edirəm. Hər dəfə burada olarkən bu inkişafı, yenilikləri görəndə ürəyim sevinir. Bu gün “Azərxalça” qurumunun xalça kombinatında olmuşam. Bu da yenilikdir. “Azərxalça” yeni yaradılmış təşkilatdır. Bu təşkilatın qarşısında vəzifə qoyulubdur ki, Azərbaycanın müxtəlif yerlərində müasir xalçaçılıq sənayesi bərpa edilsin. İndi artıq 10 rayonda bu işlər görülür. Onlardan biri də Horadiz şəhəridir. Bu kombinatda 160 insan çalışır, onların hamısı qadınlardır, yaxşı maaş alırlar və xalçaçılıq sənətini də yaşadırlar. Gələcəkdə bu, ölkəmizdə böyük valyuta ehtiyatının yaradılmasına imkan verəcək. İcra hakimiyyətinin başçısı məruzə etdi ki, indi Füzulidə digər sahələrdə də işlər görülür. Aqroparkın yaradılması layihəsi var, icra edilir, istixanalar salınır, südçülük təsərrüfatı yaradılır.
Alı Alıyev: Bəli, aqroparkın layihəsi var, işlər gedir. Tikinti işlərinin 40 faizi həyata keçirilib. Sizin xeyir-duanızla dörd iri taxılçılıq təsərrüfatı yaratmışıq. Camaat bilir ki, həmin torpaqlar qeyri-müəyyən adamların əlində idi. Bu gün ermənilər də görürlər ki, biz orada əkirik, biçirik, becəririk. Bu da bizə 10-12 min ton məhsul verəcək.
Prezident İlham Əliyev: Bəli, mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək. Biz yalnız birinci mərhələdə qanunsuz zəbt edilmiş 200 min hektar torpağı insanlara qaytarmışıq. Çünki bu gün kənd təsərrüfatında gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa etmişik. Hava şəraitinin pisləşməsinə baxmayaraq, - oktyabr ayında aramsız yağışlar yağırdı, qoymurdu ki, məhsul yığılsın, - bu il 60 min ton, yəni, keçən illə müqayisədə iki dəfə çox pambıq tədarük edilib. Amma hələ ki, yığım gedir və biz istədiyimiz rəqəmə çatacağıq. Gələn il isə 250 min ton, bəlkə də 300 min ton pambıq yığılacaq. Biz pambıqçılığın şöhrətini qaytaracağıq. O cümlədən Füzuli rayonunda pambıqçılığın inkişafı üçün çox gözəl imkanlar var. Yəni, bu, insanlar üçün məşğulluq deməkdir. Bu, hər bir rayonun inkişafı deməkdir. Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var.
Bu gün mən hərbçilərlə görüşdüm. Lələtəpə ərazisində onlarla bir yerdə oldum, onları təltif etdim. Onlara dedim və bir daha sizə, bütün Azərbaycan xalqına demək istəyirəm ki, Lələtəpə əməliyyatı bizim şanlı tariximizdir. Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir. Bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişlər. Biz şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralılar olubdur. Mən hərbçilərə də dedim, sizə də demək istəyirəm ki, Hərbi Hospitalda onlara baş çəkərkən hamısı, - bəziləri ağır vəziyyətdə idi, - deyirdilər: biz sağalan kimi döyüş bölgəsinə qayıdacağıq və Vətən uğrunda ölməyə də hazırıq. Bax, bizdə belə övladlar yetişibdir.
Müstəqillik dövründə Azərbaycan gəncləri böyük zirvələrə çatıbdır. Onlarda vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, döyüşkənlik ən yüksək səviyyədədir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan təmizlənib, azad edilib. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir. Bu gün ordu quruculuğu prosesi uğurla davam edir.
Aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı. Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir. O məsələyə bir daha qayıtmaq istəyirəm, onlar əllərində, nəzarətlərində olan müxtəlif kütləvi informasiya vasitələri ilə rəy formalaşdırmağa, mif, əfsanə yaratmağa çalışırdılar ki, guya onların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal edib. Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq.
Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır. Bizim həm sosial, həm iqtisadi, hərbi quruculuq, enerji təhlükəsizliyi sahələrində, ictimai proseslərin inkişafı ilə, multikulturalizmlə, dinlərarası dialoqla bağlı təcrübəmiz öyrənilir. Bütün bu məsələlərdə Azərbaycan nümunə kimi göstərilir və biz bu yolla gedirik.
Bir daha qeyd etmək istəyirəm ki, gələcəkdə ordumuza nə qədər silah-sursat lazımdırsa, Azərbaycanda o qədər də istehsal olunacaq və idxal ediləcəkdir. Bizim torpaqlarımız işğal altındadır. Aprel döyüşləri onu göstərdi ki, bu işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Burada da üzbəüz mövqelərimiz arasında bir neçə yüz metr məsafə var, ondan da az. May ayında Tərtər rayonunda olarkən mənim durduğum yerdən erməni hərbi mövqelərinə əlli, altmış metr məsafə var idi. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq.
Siz - burada yaşayan insanlar böyük hörmətə layiqsiniz. Siz döyüş bölgəsində, düşmənlə üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız, uşaqlar böyüdürsünüz. Mən sizə minnətdaram. Sizi salamlayıram, sizə yeni uğurlar arzulayıram.
X X X
Məcburi köçkünlər adından çıxış edən Elnarə Məmmədova dedi:
-Hörmətli cənab Prezident, bizim Füzuli torpağına xoş gəlmisiniz. Sizin başqa rayonlara, o cümlədən Füzuliyə səfərləriniz nəticəsində bütün rayonlar abadlaşır, gözəlləşir. Haraya gedirsiniz, oraya uğur gətirirsiniz. İyirmi ildən artıqdır ki, biz fin tipli qəsəbədə çox ağır şəraitdə yaşamışıq, vaqonlarda dərs keçmişik. Ancaq nailiyyətlərimiz çox olub. Bu, fin tipli 16-cı qəsəbədir ki, ləğv etmisiniz. Rayonumuzda məcburi köçkünlər üçün 16 qəsəbə salınmışdır. Bütün bunlar çox qısa bir müddətdə uğurla icra olunmuşdur. Yaradılan bu şəraitə görə bütün məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Cənab Prezident, ölkəmizin əhalisinin sayının az və ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Onların problemləri ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində olduğu kimi Sizin rəhbərliyinizlə də çox uğurla həll olunur. Ancaq 550 milyonluq Avropa 1 milyon miqrantın əlində əsir-yesir qalıb. Siz qısa bir müddətdə Azərbaycanı çox yüksək səviyyədə inkişaf etdirmisiniz və abadlaşdırmısınız.
Cənab Prezident, inanırıq ki, biz məcburi köçkünlər Sizin siyasətiniz nəticəsində tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq. Sizi əmin edirik ki, bizim üçün tikdirdiyiniz, övladlarımıza hədiyyə etdiyiniz bu gözəl məktəb binasında xalqımıza, Vətənimizə vətənpərvər övladlar yetişdirəcəyik. Çox sağ olun. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Füzuli ictimaiyyətinin nümayəndələri adından rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev çıxış edərək dedi:
-Cənab Prezident, xoş gəlmisiniz. Sizi Füzulidə salamlamaq bizim üçün həmişə fəxrdir, iftixardır.
Cənab Prezident, mən Sizin gəlişinizi ikiqat bayram hesab edirəm. Prezidentimiz Füzulidədir. Allah Sizi qorusun. Həm də bu gün Ulu Öndərin əli ilə yazılmış, ümumxalq səsverməsi ilə təsdiq edilmiş Azərbaycan Konstitusiyası Günüdür. Bu münasibətlə Sizi təbrik edirəm.
Cənab Prezident, füzulililər çox yaxşı yaşayırlar. Hər şeyimiz - evimiz, güzəranımız, çörəyimiz, işimiz var. Bunların hamısını bizim üçün Siz yaratmısınız. Biz bütün xidmətlərdən pulsuz istifadə edirik. Hələ üstəlik çörəkpulu da verirsiniz. Çox sağ olun.
Füzuli camaatı qədirbiləndir, Sizi çox sevirik. Cənab Prezident, Füzuli camaatı tarixən işləyən olub, rahat camaat olub. Bizim Füzuli keçmiş dövrdə 27 nəfər Sosialist Əməyi Qəhrəmanı yetişdirib. Azərbaycanda 274 Sosialist Əməyi Qəhrəmanı olub. Onların 27-si Füzulidəndir. Bu gün də o cür zəhmətkeşlərimiz var. Siz sahibkarlarımız, torpaqda işləyən hər bir adam, fermerlər üçün çox gözəl şərait yaratmısınız. Torpaq, toxum, subsidiya, kredit, texnika, gübrə, yanacaq verirsiniz, təkcə qalır işləmək. Buna görə Sizə çox təşəkkür edirik.
Füzuli Azərbaycanda beş rayondan biridir ki, 100 min tondan çox taxıl istehsal edir. Siz indicə dediniz, bu il 121 min tondur. Biz son altı ildə 650 min tona yaxın taxıl vermişik. Heç SSRİ dövründə 1930-cu ildən 1990-cı ilə qədər Füzuli 650 min ton taxıl istehsal etməyib.
Cənab Prezident, başqa sahələrimizdə də uğurlarımız çoxdur. Sizin bir gözəl tapşırığınız var ki, biz qeyri-neft sektorunu gücləndirək və idxaldan asılılığımızı azaldaq. Füzulililər bunu yaxşı bilirlər. Sizin tapşırığınızla pambıqçılığı, üzümçülüyü, baramaçılığı da inkişaf etdiririk. Heyvandarlıq məhsulları istehsalında da yaxşı nəticələrimiz var.
Cənab Prezident, Sizin tapşırığınızla Horadiz–Bakı qatarı işləyir. Füzulidən Bakıya hər gün avtobuslar, taksilər gedir. Hər gün camaat özünün istifadə etdiyindən əlavə Bakıya yüzlərlə balon qatıq, süd, pendir, yağ, toyuq, yumurta, ət daşıyır. Həm qohumlarına pay verir, həm də satıb ehtiyaclarını ödəyirlər. Bu gün Füzulidə avtomaşını olmayan ailə çox azdır. Həm öz şəxsi maşını var, bəzilərinin 2, 3 maşını var. Çox sağ olun, cənab Prezident, bunlar çox yaxşı hallardır.
Cənab Prezident, Siz Sərəncamınızla Horadizə şəhər statusu vermisiniz. Horadiz, sözün həqiqi mənasında, cənnətə çevrilib. Siz keçən səfərinizdə bir söz demişdiniz: “Horadiz gülüstana çevrilib”. Bu gün biz həmin sözləri Horadizin görməli yerlərinə şüar kimi yazmışıq.
Bu gün Horadizdə Ulu Öndərin adını daşıyan çox yerlər var – prospekt, park, mərkəz, abidə. Hər gün orta məktəblərin tarix dərsləri Heydər Əliyev Mərkəzində keçirilir. Kəndlərdən uşaqları avtobusla oraya gətirirlər ki, Ulu Öndərin həyat yolunu və fəaliyyətini əyani şəkildə öyrənsinlər. Yəni, biz Azərbaycanın tarixini, keçdiyi yolu camaatımıza, uşaqlarımıza əyani şəkildə çatdırırıq. Ulu Öndərin abidəsinin önünə əsgərlərimiz gəlirlər, Vətənə sədaqət andı içirlər.
Cənab Prezident, son illər, xüsusilə aprel hadisələrindən sonra Azərbaycan Ordusunun gücü dünyada məşhurdur. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Ordumuz müasir texnika ilə təchiz olunub. Əsgərlərimiz üçün çox gözəl şərait yaradılıb. Yeməkləri, yataqları bizimkindən də yaxşıdır. Hətta yaşı çatmayan gənclər də komissarlığa gedib xidmətə yollanmaq istəyirlər. Bu, əsl vətənpərvərlikdir.
Cənab Prezident, bu ilin aprel ayında Fransanın Altkirç şəhərinin meri, Senatın üzvü Horadizə gəlmişdi. Horadizlə qardaşlaşma müqaviləsi imzalandı. Həmin senator Horadizlə tanışlıqdan sonra ictimaiyyətin nümayəndələri ilə görüşdü. Dedi ki, bizim Altkirç şəhəri 75 il bundan qabaq İkinci Dünya müharibəsi zamanı dağılıb, şəhərimizin bərpasını hələ tam qurtarmamışıq. Biz ona işğala məruz qalmış Horadizin şəkillərini göstərdik. Senator çox qısa müddətdə bu qədər gözəl, böyük bərpa işlərinin görülməsinə heyran qaldı. Yəni, cənab Prezident, sağ olun ki, bizdə işlər çox yüksək səviyyədə qurulub. Bu işlərin hamısı Sizin tapşırığınızla görülüb. Siz gözəl bir kəlam söyləmisiniz: “Hər bir məmur vətəndaşın xidmətində durmalıdır”. Bu, bir meyardır.
Prezident İlham Əliyev: Düzdür.
Məcnun Namazəliyev: Bəli, vətəndaş incidilə bilməz. Vətəndaşın evinə gedib soruşurlar ki, nə var, nə yox. Sonra kəndlərdə qəbullar təşkil edilir. Hamı Sizin tapşırığınızı canla-başla yerinə yetirir. Siz aprel hadisələrindən danışdınız, cənab Prezident. O müharibə cəmi 3-4 gün çəkdi. Adətən görmüşük ki, düşmən güllə atanda camaat qaçıb gizlənir. Amma bizim camaatımız hamılıqla işləyirdi. Həmin günlərdə biz hamımız Horadizdə, kəndlərdə idik. Heç kimin əli işdən soyumamışdı. Əksinə, hamı Ordumuzun uğurlarından ruhlanmışdı, bir–birini təbrik edirdi. Sanki müharibə getmirdi. Bir tərəfdə güllə, top mərmisinin səsi, tankların gurultusu eşidilirdi, bir tərəfdə isə camaat çox rahat işləyirdi. Çünki Ordumuz irəli gedirdi. Cənab Prezident, Siz əmr etsəniz Ordumuz Qarabağı bir neçə günə işğaldan azad edə bilər. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Məcnun Namazəliyev: Cənab Prezident, Ulu Öndərimizin çox qiymətli kəlamları var. Onlardan biri də “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamıdır. Bu kəlam ötən əsrin axırlarında gənclərin qurultaylarının birində deyilib. Bu gün Azərbaycan xalqı, o cümlədən bütün füzulililər də bilirlər ki, bizim günəşimiz başımızın üstündədir, o, cənab İlham Əliyevdir. Siz torpağımıza istilik, hərarət verirsiniz, səmamızı işıqlandırırsınız, havamızı isidirsiniz. Cənab Prezident, işıq istilik, həyat deməkdir. Siz bizə həyat verirsiniz, Allah Sizi qorusun. Biz çörəyimizi, güzəranımızı Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə tapmışıq. Biz həyatın, güzəranın, pulun nə demək olduğunu o kişinin dövründə görmüşük. İndi isə biz Sizin sayənizdə yaxşı yaşayırıq. Cənab İlham Əliyev bizim əbədi Prezidentimizdir. Biz cənab İlham Əliyevdən başqa Prezident tanımırıq. Cənab Prezident, Allah Sizi qorusun, Siz də bizi qoruyun.
Prezident İlham Əliyev: Çox sağ olun, xoş sözlərə görə sizə minnətdaram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb