XƏBƏRLƏR
Çap et
3811
Bakıda məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksi istifadəyə verilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mətbuat xidmətinin məlumatı
19 Noyabr, 2009
Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksi istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
İnşaatçılar və bu binalarda mənzil alan məcburi köçkünlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.Prezident mənzillərlə tanış oldu.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, inşa olunmuş doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcəkdir.
Kompleksin tikintisinə 2008-ci ildə başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilmişdir. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.
Yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Burada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
-Əziz bacılar və qardaşlar, əziz dostlar! Belə gözəl evlərin istifadəyə verilməsi münasibətilə mən sizi təbrik edirəm! Bu evlər gördüyünüz kimi, ən yüksək standartlara cavab verir və siz bu evlərdə rahat yaşayacaqsınız. 369 ailə bu gözəl evlərə köçürüləcəkdir. Siz uzun illər çox ağır şəraitdə yaşamısınız. İctimai binalarda, yataqxanalarda, yararsız yerlərdə uzun illər ərzində əziyyət çəkmisiniz. Ancaq bu gün sizin həyatınızda yeni mərhələ başlayır, bu gözəl evlərdə siz yaşayacaqsınız.
Ancaq bu da müvəqqəti bir yaşayış yeridir. Azərbaycan torpaqları işğalçılardan azad olunandan sonra sizin doğma torpaqlarınızda biz belə gözəl evlər tikəcəyik, şəhərləri yenidən quracağıq. İşğalçılardan azad olunacaq torpaqlarda bütün infrastruktur yenidən yaradılacaqdır. Ancaq hələ ki, bu gözəl evlərdən istifadə edin.
Bilirsiniz ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Mənə bu yaxınlarda verilən məlumata görə, bu məqsədlər üçün, məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün Azərbaycan dövləti 2 milyard dollar vəsait xərcləmişdir. Bu vəsait hesabına 12 çadır şəhərciyi ləğv edilib, 81 min məcburi köçkün yeni evlərə köçürülüb, 123 məktəb tikilib, yollar, elektrik xətləri çəkilib, xəstəxanalar inşa edilibdir.
2004-cü ildə xüsusi Dövlət Proqramı qəbul edilmişdir. 2007-ci ildə proqrama əlavələr edilmişdir. Biz ən ağır şəraitdə yaşayan soydaşlarımızın problemlərini həll etdik. Azərbaycanda artıq çadır şəhərcikləri yoxdur. Biz indiki mərhələdə artıq ictimai yerlərdə, hərbi hissələrin ərazilərində, məktəblərdə, yataqxanalarda yaşayan soydaşlarımızın həyatını yüngülləşdirəcəyik.
Bu məqsədlə Azərbaycan dövlətinin kifayət qədər imkanları vardır. Bizim iqtisadiyyatımız artır.
Bilirsiniz ki, məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən istifadə olunur. Bütün bu gözəl işlər fondun vəsaiti hesabına görülür. Fond əlbəttə ki, Azərbaycanda neft strategiyasının icrası nəticəsində formalaşıb. Əgər bu olmasaydı, bu gün belə imkanlar da olmazdı.
Bu gün iqtisadiyyat artdıqca bütün sosial məsələlər də öz həllini tapır. Eyni zamanda, ordu quruculuğu işinə böyük dəstək verilir. Ordumuz güclənir. Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq.
Azərbaycanın işi haqq işidir. Biz uzun illərdir ki, erməni işğalçıların etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bu, dözülməz bir vəziyyətdir, ən böyük ədalətsizlikdir, insan hüquqlarının kobudcasına tapdalanmasıdır. Ancaq dünya birliyi buna biganə qalır. Düzdür, beynəlxalq təşkilatlar lazım olan qərarları, qətnamələri qəbul edib. Ancaq onlar icra olunmur. Belə olan halda, o qətnamələrin mənası da itir. Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur, kobudcasına pozulur. Azərbaycanın torpaqlarının uzun illər işğal altında qalması bunun nəticəsidir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək, çünki biz müharibə istəmirik. Ancaq sülh yolu ilə də olmur. Neçə dəfə danışıqlar aparılıb. Hər il 7-8 dəfə. Müəyyən irəliləyiş vardır. Ancaq biz məsələnin köklü şəkildə həllinə nail ola bilmirik. Çünki Ermənistan tərəfi bütün beynəlxalq normalara tamamilə zidd mövqe nümayiş etdirir.
Beynəlxalq birlik də onlara öz təsir imkanlarını göstərmir. Halbuki bəzi başqa hallarda, buna oxşar hallarda, dünyanın digər yerlərində bir ölkə o biri ölkənin torpaqlarını işğal etdiyi zaman məsələyə beynəlxalq qüvvələr müdaxilə edir. Nəticədə həm siyasi müdaxilə, həm hərbi müdaxilə həll olunur. Amma bizdə belə deyildir. Bunun müxtəlif səbəbləri vardır. Bu səbəbləri biz yaxşı bilirik. Əfsuslar olsun ki, erməni lobbisinin fəaliyyəti nəticəsində dünya birliyi erməni işğalına o qədər də ciddi yanaşmır. Ona görə biz bu vəziyyəti çox ciddi təhlil etməliyik və növbəti illər üçün fəaliyyət planımıza müəyyən düzəlişlər etməliyik.
Biz görürük ki, ancaq öz gücümüzə arxalana bilərik, ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalana bilərik. Bu məqsədlə iqtisadiyyatımızı, ordumuzu gücləndiririk. Bu məqsədlə müasir tipli silahlar alınır.
Azərbaycanın uzun illər bundan sonrakı iqtisadi inkişafının təməli qoyulub. Bütün dünyada iqtisadiyyat çökür. Ermənistanda iqtisadiyyat 20 faiz aşağı düşübdür. Bu il Azərbaycanda 8 faiz artım vardır. Yəni, biz bu səyləri davam etdirəcəyik. Həm iqtisadi, həm siyasi, həm diplomatik, həm hərbi səylərimizi davam etdirəcəyik.
Mən şəxsən şübhə etmirəm ki, Azərbaycan torpaqları işğalçılardan azad olunacaqdır. Əsas məsələ hansı yolla, ya sülh yolu ilə, ya hərbi yolla. Mən bu məsələ ilə bağlı öz fikirlərimi sizə bildirmək istəyirəm. Çünki siz bu işğalçılıq siyasətindən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən əziyyət çəkən insanlarsınız, sizin hüquqlarınız tapdalanıb. İndi dünyada insan hüquqları haqqında çoxlu söhbətlər gedir. Amma ən kobudcasına pozulmuş insan hüquqları sizin hüquqlarınızdır. Siz doğma yurdunuzda, doğma diyarınızda yaşaya bilmirsiniz. Nə üçün? Çünki ermənilər torpaqlarımızı zəbt ediblər. Əfsuslar olsun ki, 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər və daxili çəkişmələr ermənilərə belə imkanları yaratdı. Bizim torpaqlarımız xarici dəstək hesabına işğal altındadır.
Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün kim bizim torpaqlarımızı işğal edə bilər? Heç kim! Əgər müharibə başlanan zaman Azərbaycanın rəhbərliyində ulu öndər Heydər Əliyev olsaydı, heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi. Ancaq bu oldu, bu işğal baş verdi. Bunu aradan qaldırmağın ya sülh yolu vardır, ya hərbi yolu. Başqa yol yoxdur. Ancaq biz daha bu prosesi uzada bilmərik.
On beş ildir ki, atəşkəs rejimi bağlanıb. On beş il ərzində, daha doğrusu, ondan da əvvəl, 1992-ci ildə Minsk qrupu yaradılıb. Minsk qrupu fəaliyyət göstərir. Amma bu fəaliyyətin nəticəsi var? Yoxdur. Bu reallıqdır. Bizə deyirlər ki, siz dözün, danışıqlar aparın, ermənilər ilə danışın. Biz danışıqlar aparırıq və müəyyən irəliləyiş vardır. Onu da demək istəyirəm ki, artıq danışıqlar mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur. Halbuki əvvəllər bu barədə heç söhbət də getmirdi. Yəni, bu bizə ümid verir. Bu bizim danışıqlarda iştirakımıza elə bil ki, əlavə stimul verir. Biz hesab edirik ki, hələ ümidlər vardır. Amma bununla bərabər görürük ki, Ermənistan tərəfi vaxtuzatma taktikasını seçib, vaxt uzadır. Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyirlər. Yəni bu nəyi göstərir? Biz indi bilirik bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır. Amma bunu etmək üçün onlarda canlı qüvvə yoxdur. Ermənistanın əhalisi azalıb. Bu gün orada real yaşayan insanların sayı 1 milyon 700 mindir. Getdikcə onlar təmas xəttini qoruya bilməyəcəklər. Çünki Azərbaycanın həm imkanları, gücü, həm də demoqrafik vəziyyət artır. Bizim əhalimizin sayı artıq 9 milyondur, 5-6 ildən sonra 10 milyon olacaqdır. Bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7 dəfə böyükdür. Bir neçə ildən sonra bəlkə 13 dəfə, 15 dəfə böyük olacaqdır. Ermənistan bütün regional layihələrdən təcrid olunub. Demək olar ki, bir istisna ilə bütün qonşularla sərhədləri bağlıdır. Belə vəziyyətdə bu ölkənin yaşaması sual altındadır. O da həqiqətdir ki, öz hesabına yaşaya bilmir. Əgər bəzi ölkələr və bəzi maliyyə qurumları onlara bu il maliyyə yardımı göstərməsəydilər, tamamilə çökəcəkdi.
Ölkə xarici maliyyə dəstəyi hesabına uzun illər yaşaya bilməz, xüsusilə qonşularla ciddi problemi olan ölkə. Ona görə, bax bu amillərə - bizim iqtisadi gücümüzə, siyasi fəallığımıza, diplomatik sahədə, ordu quruculuğunda əldə edilmiş uğurlara və ümumiyyətlə perspektivə baxanda Ermənistan ilə Azərbaycan arasında uçurum getdikcə genişlənəcəkdir. Bütün bu amilləri təhlil edərkən biz hələ ki, yenə də danışıqlar yolunu seçirik.
Biz öz təzyiqimizi davam etdirəcəyik. Həm siyasi, həm iqtisadi, həm bütün başqa formalarda təzyiqimizi davam etdirəcəyik. Elə etməliyik ki, öz istəyimizə nail olaq. Bizim istəyimiz haqqın, ədalətin bərpasıdır. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Halbuki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim torpaqlarımızdır. Ancaq buna baxmayaraq, biz ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edirik. Mən əminəm ki, biz istədiyimizə nail olacağıq. Ancaq mən istəyirəm ki, bu, tez olsun. Bunu etmək üçün çalışıram və çalışacağam.
Sizi bu müvəqqəti yaşayış yerinə köçməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm və sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, biz hamımız bu gözəl bayramları işğaldan azad olunacaq torpaqlarda qeyd edək.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb