"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 50
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna səfər edib
Rəsmi xronika 18 Mart, 2025

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.

Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.

 

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Salaməleyküm. Xoş gördük, bayramınız mübarək olsun!

Sakinlər: Salam, xoş gəlmisiniz, Sizin də bayramınız mübarək olsun, Ramazan bayramınız da mübarək.

Prezident İlham Əliyev: Necəsiniz?

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident, Sizinlə həmsöhbət olmaq bizim üçün şərəfdir. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Nə vaxt gəlmisiniz?

Kişi sakin: Biz mart ayının əvvəlindən - 3-dən buradayıq.

Prezident İlham Əliyev: Artıq yerləşmisiniz.

Kişi sakin: Bəli, yerləşmişik, çox gözəldir. İnanın ki, bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq. İndi hər şey gerçəkliyə çevrilib.

Qadın sakin: Allah Sizdən razı olsun ki, bu günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun. Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq.

Kişi sakin: Ədalət də bərpa olundu. Hamısı Sizin sayənizdə.

Qadın sakin: Allah Sizi qorusun, ailənizi qorusun. Sizin və güclü siyasətinizin sayəsində biz bu gün firavan yaşayırıq.

Digər kişi sakin: 33 ildən sonra bizi doğma Vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda, elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi, bu bölgələr bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim əzəli və əbədi düşmənlərimiz bu bölgəni böyük güclər hesabına işğal etmişdir. Amma Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz.

Prezident İlham Əliyev: Sağ olun, biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır. Həm də İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim tərəfimizdədir. Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Bu gün Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur.

Sakinlər: Sizin də bayramlarınızı təbrik edirik. Siz Ali Baş Komandan kimi Qələbəni təmin etdiniz.

Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.

Kişi sakin: Bu kənddən çıxanda o Murov yolunda nə zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə buraya qayıtdı.

Prezident İlham Əliyev: O vaxt işğal dövründə camaat buradan Murov yolu ilə çıxmışdı?

Kişi sakin: Bəli, qoca qadın evdə yanıb, çarpayıda sümükləri qalmışdı. O, mənim nənəm idi. O cür əziyyətlər yaşamışıq.

Prezident İlham Əliyev: O tərəf, yəni artıq buradan keçmək mümkün deyildi, bağlanmışdı? Suqovuşan tərəf də bağlanmışdı?

Kişi sakin: Bütün buralar bağlı idi, yalnız Murov dağından Kəlbəcər tərəfdən nə zülmlərlə.

Prezident İlham Əliyev: Uzaq yoldu, neçə kilometr olar? 40-50 kilometr olar?

Kişi sakin: 58 kilometr hələ Kəlbəcərlə sərhədə qədərdir.

Digər kişi sakin: Şükür bu günə, Sizin, Ordumuzun sayəsində qayıtmışıq.

Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Cənab Prezident, ümumiyyətlə, burada 606 ev var. İlkin olaraq 92 evi təmir etmişik, 50 ailə artıq köçüb. Yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da iki mərhələdə 192 ev. Amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.

Prezident İlham Əliyev: Bütün, hamısını. Bəli, hamısını. Siz təklif verin, onların hamısını bərpa edək. Çünki mənə verilən məlumata görə, artıq burada həm Həsənrizdə, həm də Kəlbəcər rayonunda yaşamış insanlar yerləşir.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Artıq buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.

Prezident İlham Əliyev: Bura çox gözəl, səfalı yerlərdir.

Kişi sakin: Şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.

Prezident İlham Əliyev: Bəli, Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarı da var, orada balıq tutmaq olar. İş yerləri ilə bağlı nə işlər görülür?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Böyük kənd olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər olub. Bundan başqa, yaxın yerlərdə, icazə versəydiniz, fermalar var, o fermaları icarə verərdik.

Prezident İlham Əliyev: Əlbəttə. Bir də ki, əkin sahələri verilməlidir, əkin-biçinlə məşğul olsunlar. Heyvandarlıq üçün bura ən yaxşı yerdir.

Kişi sakin: Bu sakinlər hamısı heyvandarlıqla məşğul olublar. Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram, görməmişik, eşitməmişik.

Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar.

Kişi sakin: Ümumiyyətlə, bizə gülünc gəlir.

Prezident İlham Əliyev: Özlərini müxalifətçi adlandıran bəziləri dövlətə qarşı, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə ermənilərlə birləşib. Bu, dövlətə qarşı düşmənçilikdir və əslində, xəyanətdir.

Kişi sakin: Bəli, bəli, xəyanətdir.

Prezident İlham Əliyev: Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyinin xətti ilə kredit xətləri açılmalıdır ki, kim mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq istəyir, burada su problemi olmamalıdır.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Düzdür cənab Prezident, bunlarla məşğul oluruq, su problemi də yoxdur.

Prezident İlham Əliyev: Bulaqlar var?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Gözəl suyu var.

Prezident İlham Əliyev: İşıq var, qaz var, su da var, internet, istilik.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Hər həyətdə su var. Su, işıq, qaz, 500 nəfərlik məktəb, internet. Təmir olunan evlərin hamısında istilik.

Prezident İlham Əliyev: Məktəb də budur, onu da təmir etmişik.

Kişi sakin: Bəli, xəstəxanamız da var.

Prezident İlham Əliyev: Əlavə nə lazımdır?

Kişi sakin: Sizin sağlığınız.

Qadın sakin: Sizinlə qürur duyuruq hər zaman. İnsan həm sevinir, həm qürurlanır.

Prezident İlham Əliyev: Harada yaşamısınız? Laçınlısan?

Qadın sakin: Bəli, atam da birinci qrup Qarabağ qazisidir. Bir qazi övladı olaraq Sizə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm ki, hər zaman şəhid ailələrinə və qazilərimizə dəyər vermisiniz.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.

Sakinlər: Bayramınız mübarək olsun, Allah Sizi qorusun cənab Prezident!

Prezident İlham Əliyev: Burada birlikdə şəkil çəkdirək.

Mehriban xanım Əliyeva: Tonqal da görünəcək.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar.

X X X

Prezident İlham Əliyev: Rahat yaşayın, xoşbəxt yaşayın. Siz 30 il əzab-əziyyət içində idiniz. Həm mənəvi əzab, həm də ki, qaçqın-köçkün kimi. O söz də artıq yavaş-yavaş lüğətimizdən çıxır.

Sakin: Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi ki, Azərbaycan cəmiyyəti lazım gələrsə, istənilən çətinliyə tab gətirməyi bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz Qələbə əldə etdikdə bir daha əmin olduq ki, Ulu Öndər nə qədər gözəl, qiymətli fikirlər söyləmişdir, ruhu şad olsun.

Prezident İlham Əliyev: Bəli, elədir. O vaxt Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilərdi. Əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. Həm torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bütün bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır. Biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, “dəmir yumruğ”u yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha təbrik edirəm sizi. Bir daha bayramınız mübarək.

Sakinlər: Çox sağ olun. Uğurlar, Sizin də bayramınız mübarək.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım Həsənriz kəndindəki Bayraq meydanında oldular. Burada üçrəngli Bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.

 

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

Dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.

Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Salam.

Sakinlər: Salam, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər: Xoş gördük, xoş gəlmisiniz. Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun. Sağ olun.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm. Siz də xoş gəlmisiniz.

Sakinlər: Xoş gününüzə gələk, Mehriban xanım.

Prezident İlham Əliyev: İlk növbədə, sizi bayram münasibətilə təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Bu gün İlaxır çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibətilə sizi təbrik edirəm.

Sakinlər: Biz də Sizi təbrik edirik.

Prezident İlham Əliyev: Xatırlayıram ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.

Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün qəhrəmanlarımıza cansağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq.

Əlbəttə ki, bu, uzun bir proses idi. İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi.

Sakinlər: Çox sağ olun. Bizi arzumuza çatdırdınız, Siz də arzunuza çatasınız. Allah balalarınızı saxlasın.

Prezident İlham Əliyev: Sağ olun. İndi də açarları təqdim edək.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

X X X

Sakin: Allah Sizi arzunuza çatdırsın.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Qadın sakin: Çox sevinirik, 6 yaşımda buradan çıxmışam. Doğma yerimizdə Sizi salamlamaq çox sevincli haldır. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Prezident İlham Əliyev: Amin. Siz işğal dövründə harada yaşamısınız?

Qadın sakin: Şıxarx qəsəbəsində.

Prezident İlham Əliyev: O illəri xatırlayırsınız uşaq ikən?

Qadın sakin: Bu günümüzə şükür.

Kişi sakin: Mən də burada doğulmuşam, məktəbə getmişəm, 1973-cü ildə. Özüm də Birinci Qarabağ müharibəsi veteranıyam, döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Məktəb də təmir olundu, tam.

Kişi sakin: Bəli, olundu. Çox yüksək səviyyədə təmir olunub.

Prezident İlham Əliyev: İndi burada iş yerləri də yaradılacaq. Bura turizm zonasına çevrilməlidir, İnşallah. Bura gözəl, səfalı yerlərdir, Suqovuşan su anbarı da möcüzəvi bir əsərdir.

Kişi sakin: Ulu Öndərimizin əsəridir.

Prezident İlham Əliyev: Bəli. O vaxt həm Suqovuşan, həm Sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyev olmuşdur ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll edilsin. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdi. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik, suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda, qışda açırdı və hər tərəfi su basırdı.

Kişi sakin: Bəli, yayda da vermirdilər.

Prezident İlham Əliyev: Yayda da vermirdilər. Yəni, bu düşmənçiliyin dərəcəsinə baxın, biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər.

Sakinlər: Hamısı Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ədalət budur, ədalətin təntənəsi budur və mən bunu dəfələrlə demişdim, işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla, bəlkə də yüzlərlə görüşlərim olub. Həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə. Biz heç vaxt ümidimizi itirməmişdik, ancaq ildən-ilə görürdüm məndə də, bütün insanlarda da, necə deyərlər, ədalətə inam azalırdı. Çünki ədalət, necə deyərlər, mövqeyimizi gücləndirməli idi. Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin, mən yenə də deyirəm, son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Baxın, bu gün müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və həm də, necə deyərlər, real nəticə ilə nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır” deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!”.

Sakinlər: Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Öz xoşu ilə yox, “dəmir yumruğ”un hesabına.

Sakinlər: Allah Sizi qorusun. Allah balalarınızı saxlasın.

Qadın sakin: Sizi və ailənizi milli bayramımız münasibətilə təbrik edirəm, uzun ömür, cansağlığı, uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Gəlin, şəkil çəkdirin Mehriban xanımla. Əvvəlcə burada, evlərin fonunda hamımız şəkil çəkdirək.

Şəkil çəkdirilir.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirik sizi.

Sakinlər: Sağ-salamat, Allah nəvələrinizi qorusun. Sağ olun.

Kişi sakin: Bizi buradan 1991-ci ildə çıxartdılar. Ən axırıncı köçənlərdən olmuşuq.

Prezident İlham Əliyev: Sovet vaxtı hələ. Bəs kim çıxartdı?

Kişi sakin: Ermənilər çıxartdı.

Prezident İlham Əliyev: Bəs sovet ordusu yox idi?

Kişi sakin: Yox, sovet ordusu bizə tərəf durmadı.

Digər kişi sakin: Moskvadan generallar gəlib təbliğat aparırdılar.

Prezident İlham Əliyev: Təbliğat aparırdılar ki, siz çıxasınız buradan.

Kişi sakin: Biz çıxaq, ermənilər möhkəm dursunlar burada. Bizə nə qədər dedilər, atam çıxmırdı, axırda da dedi ki, yox, mümkün deyil. Ona görə köçdük Tərtərə. 30 il də Tərtərdə xalqımıza qoşulub müdafiəyə qalxdıq. Müharibədə olmuşam, yaralanmışam, veteranam. Mən də borcumu yerinə yetirmişəm, gücüm çatan qədər. Amma bizim gücümüz o vaxt çatmazdı. İndi şükür Allaha.

Prezident İlham Əliyev: Bəli, o vaxt gücümüz yox idi, silahımız yox idi. Normal, necə deyərlər, vətənpərvər rəhbərlik yox idi.

Kişi sakin: Yox idi, heç arxamızda duran da yox idi.

Prezident İlham Əliyev: Heç, xalqı başlı-başına buraxmışdılar, hakimiyyət uğrunda, kreslo uğrunda mübarizə gedirdi. Torpaqlar da əldən gedirdi. Şuşanın da düşmənə təhvil verilməsi elə hakimiyyət uğrunda mübarizənin nəticəsi idi. Ondan sonra hakimiyyətə gəldilər. Ondan sonra qalan torpaqları da satdılar. Kəlbəcəri də, o biriləri də.

Kişi sakin: Ordumuz döyüşürdü o vaxt, amma gücümüz çatmadı. Ona görə ki, rəhbərlik olmadı, güc çatmadı. Allahın bu gününə çox şükür, Siz 2020-ci il sentyabrın 27-də əmr verdiniz, müzəffər Ordumuz birinci Suqovuşanı, sonra da bütün Qarabağı azad etdi.

Prezident İlham Əliyev: Bəli. Suqovuşan oktyabrın 3-də azad edilmişdir.

Kişi sakin: Özü də relyefi çox sərtdir buranın.

Prezident İlham Əliyev: Hətta o vaxt, İkinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər anbara o tərəfdən baxsanız, sol tərəfdə onların postları var idi. Biz sonra onları oradan məcburən çıxartdıq, çünki oradan çıxmaq istəmirdilər. Çünki oranı götürmək çox çətin idi və çox itkilər hesabına ola bilərdi. Bəlkə də ən ağır istiqamətlərdən biri də Talış-Suqovuşan istiqaməti idi. Burada həm minalar çox idi, həm bunların güclü istehkamları, həm də ki, bu dağlar öz-özlüyündə bir istehkamdır.

Kişi sakin: Bəli, istehkam, çox çətin bir mövqedə idik. Sizin sayənizdə, Sizin “dəmir yumruğ”unuzun sayəsində ermənilər öz paylarını aldılar.

Kişi sakin: Allah canınızı sağ eləsin, bütün planlarınızı həyata keçirəsiniz.

Digər kişi sakin: Mən də Suqovuşan sakini kimi xatirə olaraq bir şeir yazmışam.

Prezident İlham Əliyev: Bəli, de.

Kişi sakin:

Ali Baş Komandan əmr verdi, hücuma keç, Azərbaycan əsgəri,

Müzəffər Ordu pozdu düşmən oyunun bir göz qırpımında,

Kəsdi onun yolun, qurbanın olum, Azərbaycan əsgəri!

44 gündə Zəfər çaldın əbədi, Zəfər bayramını da etdin əbədi,

“Dəmir yumruq”la vurdun mənfur düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Ayaq səslərinlə qorxutdun düşməni, qorxuya düşüb tərk eylədi Vətəni,

“İtiqovan”la qovdun yağı düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Çox şəhidlər verdin Suqovuşanda, Füzulidə, Talışda, Şuşada, dastanlar da yazdın Hadrutda,

Zəfər bayrağını ucaltdın Şuşada, qurbanın olum, Azərbaycan əsgəri!

Bunu özüm yazmışam, qəlbdən gələn şeirdir.

Prezident İlham Əliyev: Sağ olun. Suqovuşanın tarixi adını da dərhal qaytardıq və o vaxt, azad olunandan sonra tarixi adını bərpa etdik. O keçmiş adlardan da əsər-əlamət qalmayıb.

Kişi sakin: Burada bir dənə də körpü olmayıb. Bir dənə Qarı körpüsü var, oradan çox təhlükəli keçərdik. Ulu Öndərimiz gəldi, o körpüləri də tikdirdi, suvarma kanallarını çəkdirdi, burada araba yolu olub, asfalt yol olmayıb, onu da çəkdirib. Burada Dəstəgül kəndi var, bir də Təpəkənd var. O kəndlərə heç yol olmamışdı, onu da çəkdirdi, körpüləri də saldırdı. Yəni, Suqovuşan ümumilikdə Heydər Əliyevin bir əsəridir.

Prezident İlham Əliyev: Bəli, elədir. Ədalət indi Zəfər çaldı.

Kişi sakin: 300 ildən bəri heç kim torpaq almayıb. Bir Sizdən başqa. Ona görə Sizi səmimi-qəlbdən təbrik edirik. Suqovuşan əhalisi adından deyirəm, biz Sizi general yox, marşal görmək istəyirik. Sizi bir daha təbrik edirəm, cənab Prezident!

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, bir daha təbrik edirəm, salamat qalın, xoşbəxt yaşayın burada. Sağ olun.

Sakinlər: Sağ olun, çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Salamat qalın.

Qadın sakinlər: Sərkərdəmiz güclüdür, biz həmişə güclü olacağıq. Allah qorusun Sizi, üstümüzdən əskik olmayasınız, səmimi insanlarsınız. Xalq Sizi sevir, həqiqətən də elədir.

Prezident İlham Əliyev: Sağ olun. Rahat yaşayın.

Qadın sakin: Cənab Prezident, Suqovuşana tez-tez gələsiniz, inşallah.

Mehriban xanım Əliyeva: İnşallah.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

 

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.

Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib.

Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

 

19 Fevral, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
19 Fevral, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalıya səfər edib
18 Fevral, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib