XƏBƏRLƏR
Çap et
1926
Andorra parlamentində Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdi
Mətbuat xidmətinin məlumatı
14 Dekabr, 2012
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 13-14-də Andorra Knyazlığında səfərdə olmuşdur.
Azərbaycan-Andorra parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə baş tutan səfər çərçivəsində Baş nazirin müavini Əli Həsənov dekabrın 14-də Andorra Knyazlığının parlamentinin (Baş Şura) sədri Visens Mateu Zamora ilə görüşmüşdür.
Əli Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını Andorra parlamentinin sədrinə çatdırmışdır. Azərbaycan ilə Andorra arasında bir sıra oxşarlıqların olduğuna toxunan Baş nazirin müavini ölkəmiz barədə məlumat vermiş, Azərbaycanın çoxsaylı xalqların dinc və mehriban yaşadığı, dini tolerantlığın hökm sürdüyü ölkə olduğunu qeyd etmişdir. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov müxtəlif ölkələrin parlamentlərinin bu münaqişə ilə bağlı qəbul edə biləcəkləri sənədlərin gələcəkdə problemin tez bir zamanda həlli üçün faydalı ola biləcəyini diqqətə çatdırmışdır.
Andorra parlamentinin sədri Visens Mateu Zamora da öz ölkəsi barədə məlumat vermiş, qədim ənənələrə malik Andorranın 13-cü əsrdən bəri sülh şəraitində yaşadığını, 1993-cü ildə yeni Konstitusiyanın qəbul olunması ilə ölkənin həm də gənc bir dövlət sayıla biləcəyini qeyd etmişdir. Qonaqpərvər və sülhsevər andorralıların daim haqq-ədalət tərəfdarı olduğunu bildirən parlament sədri, dünyada münaqişələrin sona çatmasını arzu etdiklərini və bunun üçün səy göstərdiklərini söyləmişdir.
Sonda Əli Həsənov Andorra parlamentinin xatirə kitabına ürək sözlərini yazmışdır.
Həmin gün Andorra Knyazlığının Baş Şurasının binasında “Azərbaycan bu gün Avropada. Azərbaycan və Andorra arasında etimadın qurulması” adlı dinləmələr keçirilmişdir.
Dinləmələrdə Andorra parlamentinin sədri Visens Mateu Zamora, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov, Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri Altay Əfəndiyev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun başçılığı ilə bu heyətin üzvləri, deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev və Ceyhun Osmanlı, Andorra parlamentinin üzvləri, hökumət nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin və işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.
Tədbiri Andorra parlamentinin sədri Visens Mateu Zamora açıq elan edərək, ölkəsini sülhsevər və qonaqpərvər bir məkan kimi xarakterizə etmiş, bu cəhətlərinə görə Azərbaycan ilə Andorra arasında oxşarlıqlar olduğunu qeyd etmişdir. XIII əsrdən bəri Andorra torpağında heç bir hərbi münaqişənin baş vermədiyini diqqətə çatdıran parlament sədri belə bir qədim sülhpərvər ənənəyə malik ölkənin dünyanın müxtəlif nöqtələrində münaqişələrin nizamlanması, onlardan çıxış yolunun tapılmasında maraqlı olduğunu bildirmişdir.
Sonra Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov çıxış etmişdir. Avropanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən paytaxt şəhərində belə bir mötəbər tədbirdə iştirak etməkdən məmnun olduğunu qeyd edən E.Süleymanov Azərbaycan haqqında ümumi məlumat vermiş, ölkəni müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığı tolerant bir dövlət kimi səciyyələndirmişdir. Qeyd edilmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, ərazilərin işğalı və bir milyon qaçqın-köçkün problemi ilə üz-üzə qalmışdır. Xüsusilə vurğulanmışdır ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana silahlı təcavüzüdür. Ermənistan Azərbaycana qarşı müharibə aparmışdır və Azərbaycanın əraziləri işğal edilmişdir. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Münaqişə nəticəsində Azərbaycana 431,5 milyard ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar kimi tanımalarına və müvafiq qərarlar qəbul etmələrinə baxmayaraq, Ermənistan öz işğalçı niyyətindən əl çəkmir və ona beynəlxalq təzyiq göstərilmir.
Qeyd edilmişdir ki, Andorranın xarici işlər naziri 2013-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəkdir. Ümidvarıq ki, həmin sədrlik dövründə Andorra Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına riayət edilməklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması istiqamətində fəal mövqedən çıxış edəcəkdir. Eyni zamanda, Andorra Baş Şurası bu problemlə bağlı müvafiq qətnamə qəbul edərək, təcavüzkar tərəfdən beynəlxalq təşkilatların sənədlərinin yerinə yetirilməsini tələb edə bilər.
Sonra “Euronews” telekanalı tərəfindən 2011-ci ildə hazırlanmış “Məcburi köçürülmüş azərbaycanlılar, münaqişənin qurbanları… Dağlıq Qarabağ” reportajı nümayiş olunmuşdur.
Reportajın nümayişindən sonra Baş nazirin müavini Əli Həsənov məruzə ilə çıxış etmişdir.
Hörmətli cənab sədr! Hörmətli deputatlar! Xanımlar və cənablar!
İcazə verin, bu tədbirin təşkilinə görə Azərbaycan hökuməti adından Andorra Parlamentinə səmimi təşəkkürümü bildirim.
Mənə yaradılmış şəraitdən istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında bəzi məlumatları Sizin diqqətinizə çatdırmaq istərdim.
Son iki yüz il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmiş və bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişmişdir.
Ermənilər öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirmişlər.
1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır.
1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlmişdir. Azərbaycan torpaqlarında, yəni vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində 9,7 min kv. km-lik kiçik bir Ermənistan Respublikası yaradılmış, sonralar onun ərazisi Azərbaycan Respublikasının ərazisi hesabına tədricən böyüdülərək 29,8 min kv. km-ə çatdırılmışdır.
Bu məkrli siyasət bölgənin Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra da davam etdirilmişdir. Belə ki, müxtəlif illərdə sovet hakimiyyəti orqanlarının qərarları ilə Azərbaycan SSR-nin əraziləri hesabına Ermənistan ərazisi genişləndirilmiş, tarixən orada yaşayan azərbaycanlı əhali müxtəlif bəhanələrlə kütləvi şəkildə itkilər verərək qovulmuşlar.
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər öz çirkin niyyətlərindən əl çəkmir, Azərbaycana qarşı torpaq iddialarını davam etdirirdilər.
1923-cü ildə isə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bu zaman, Muxtar Vilayətin inzibati sərhədləri elə tərtib edilmişdir ki, burada ermənilərin say etibarilə əksəriyyət təşkil etməsi təmin edilsin. Sovet hakimiyyəti Azərbaycan ərazisində azsaylı ermənilərə muxtariyyət verilməsində “həssaslıq” göstərmiş, ancaq, Ermənistan SSR ərazisində öz tarixi torpaqlarında kompakt şəkildə məskunlaşmış yüz minlərlə azərbaycanlı üçün eyni addımı atmamışdır.
Bundan sonra azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanılmış, nəticədə XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən köcürülmış, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınmışlar.
Həmin dövrdə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri tədricən Ermənistanın tərkibinə qatılırdı. Kəndlərin yerli azərbaycanlı əhalisi isə müxtəlif üsullarla öz dədə-baba yurdlarını tərk etməyə məcbur edilirdi.
Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı əsasında 150 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarından didərgin salındı.
Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir.
1985-ci ildə Mixail Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər "Böyuk Ermənistan" yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi.
1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdılar.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatları vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı Azərbaycan, Ermənistan, eləcə də SSRİ-nin Xalq Deputatları Sovetinə müraciət etdilər. Azərbaycan SSR-in, eləcə də SSRİ-nin o vaxt qüvvədə olan Konstitusiyasına zidd olan bu müraciət SSRİ Ali Soveti tərəfindən rədd edilsə də, erməni millətçiləri bölgəni Azərbaycandan qoparmaq niyyətlərindən əl çəkməyərək, Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, etnik təmizləmə, terror aktları təşkil etməklə onları öz yaşayış yerlərindən qovmağa və bununla da Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi üçün zəmin hazırlamağa başladılar.
1991-ci ildə SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləşmələrinin Dağlıq Qarabağ ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi.
1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, ona bitişik olan 7 inzibati rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi, eləcə də Ermənistanla sərhəd boyu yerləşən bir çox yaşayış məntəqələrimiz işğala məruz qaldı ki, bunun da nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, yüzlərlə əhalimiz erməni işğalçılıarı tərəfindən öldürüldü və girov görtürüldü. İşğal altında olan ərazilər kimsənin yaşaya bilməyəcəkləri xarabalıqlara çevrildi, bütün infrastruktur darmadağın edildi, qəbristanlıqlar, məscidlər yerlə-yeksan olundu, toponimlər dəyişdirildi.
Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serc Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndində yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım cinayətini həyata keçirdilər. Nəticədə 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyonadək Azərbaycan vətəndaşı öz daimi yaşayış yerindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurmuşdur.
Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran münaqişənin kökündə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları dayanır. Bu da uzun illər davam edən tarixi bir prosesin müasir mərhələsidir. Belə ki, erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyası bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur.
Münaqişə böyük humanitar fəlakətə səbəb olmuşdur. Öz doğma yurdlarından didərgin düşmüş insanlar ağır və dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır.
Bildirmək istəyirəm ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.
Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il "Qaçqınların statusu haqqında" Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmışdır.
Ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası zaman-zaman bu sahəyə ayrılan vəsaitin həcmini artırmağa imkan yaratdı. Dövlət Neft Fondunun ilkin vəsaiti də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Ölkədə mövcud olmuş 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv edildi, həmçinin ötən dövrdə 9 fin tipli qəsəbədə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürüldülər.
Ümumiyyətlə, ötən dövrdə 26 min ailə 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrstruktura malik 76 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3 mlrd. ABŞ dolları həcmində vəsait xərclənmişdir. O cümlədən, 3,0 mlrd. ABŞ dolları dövlət büdcəsindən, 1,375 mlrd. ABŞ dolları Dövlət Neft Fondundan və 930 mln. ABŞ dolları beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən.
2011-ci ildə bir nəfər məcburi köçkünə düşən vəsaitin həcmi 2003-cü ilə nisbətən 6 dəfə çox olmaqla, təxminən 894 ABŞ dolları təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Hazırda ölkəmizdə bu sahədə 49 beynəlxalq və 43 yerli humanitar təşkilatın xətti ilə müxtəlif layihələr həyata keçirilir.
Qeyd etmək istərdim ki, humanitar təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılmışdır. Bu, ilk növbədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir.
Ölkəmizdə 2 dəfə səfərdə olmuş BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımların oxşar problemlərlə qarşılaşan ölkələr üçün müsbət bir nümunə olduğunu qeyd edərək demişdir: "Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlər çox vacibdir. Dünyada elə ölkələr var ki, qaçqın və məcburi köçkünlərə yardım etmir və onların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirməklə siyasi məqsədlərə nail olmağa çalışırlar. Bundan fərqli olaraq, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nümunəvi tədbirlər həyata keçirir".
Azərbaycan Hökuməti bu gün məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatı üçün tədbirlər görür.
Bu irəliləyişlərin əldə edilməsi Azərbaycan Hökumətinə heç də asan başa gəlməmiş və problem tam həll olunmamışdır. 400 min məcburi köçkün hələ də yaşayış üçün əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. 1 milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir.
Lakin, bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təminatı baxımından da kifayət deyildir. Beynəlxalq hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə ləyaqətlə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulmuşdur.
Bu il biz müstəqilliyimizin 21-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə ciddi irəliləyiş əldə edib. Ölkəmizin sosial-iqtisadi qüdrəti nəzərəçapacaq dərəcədə yüksəlib, dünya dövlətləri içərisində nüfuzu xeyli artıb, beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli şəkildə möhkəmlənib, dünya ölkələrinə inteqrasiya sürətlənib, Azərbaycan ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib, beynəlxalq qurumlarla səmərəli və şəffaf əməkdaşlıq təmin edilib.
"Qlobal Rəqabətlilik Hesabatı"na əsasən 2011-ci ildə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuş, 142 ölkə arasında 55-ci yerə qalxmışdır. Hesabata görə ölkəmiz "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə dünyada 14-cü, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 16-cı olmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 2010-cu ildəki 9,1 faizdən 2011-ci ilin yekunlarına əsasən 7,6 faizə enmişdir.
Cari ilin 9 ayı ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft sektorunda 10,3 faiz, kənd təsərrüfatına isə 6,3 faiz artmış, ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, "Qlobal rəqabət Qabiliyyəti İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən 9 pillə irəliləyərək 46-cı yerdədir. İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri 13,6 faiz artmışdır.
Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir.
Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunda ÜDM-in xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır.
Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatının zirvə görüşünün Yekun Sənədində təşkilata üzv olan 120 ölkənin münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə dair bəndin daxil edilməsi, "Avroviziya" musiqi yarışında birincilik qazanması, 2012-ci ilin aprelində Azərbaycanın daha bir nüfuzlu beynəlxalq təşkilata-BMT QAK-ın İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilməsi dediklərimə əyani sübutdur.
Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycanın yalnız bir problemi var. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Bu münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb edilmişdir.
ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur.Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttlərində atəşkəs müntəzəm olaraq pozulur, təmas xəttlərinə bitişik ərazilərdə məskunlaşan əhalinin təsərrüfat fəaliyyətinə ciddi maneələr yaranır. Bundan da ən çox ziyan çəkən tərəf məhz Azərbaycandır.
İşğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların demoqrafik, sosial, inzibati strukturu dəyişdirilib. ATƏT-in iki missiyası -faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfərləri zamanı hər şeyin dağıdıldığını və beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq, həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. Bu ərazilərdə ermənilər tərəfindən bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir.
İşğal edilmiş ərazilərdə yerləşən dövlət və xüsusi mülkiyyətə məxsus obyektlər, təbii sərvətlər qanunsuz olaraq istismar edilir. Bu xüsusda, Ermənistan işğal edilmiş ərazilərdə yerləşən Xocalı hava limanını qanunsuz şəkildə bərpa etdirərək buraya mülki uçuşların təşkilinə cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq huququn norma və prinsiplərini, xüsusilə də mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə zidd olmaqla bərabər, regionda olduqca həssas olan vəziyyəti daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi daşıyır.
Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə Əfqan narkotiklərin MDB və Avropa ölkələrinə əlverişli tranzit marşrutuna çevrilir. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə monitorinqin aparılması barədə müraciət etmişik.
Hesab edirik ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə, beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.
Buna görə, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq.
Buna baxmayaraq, Ermənistan tərəfi hər vasitə ilə bölgənin azərbaycanlı əhalisinin öz doğma yaşayış yerlərinə qayıtmasına mane olur və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına dair Azərbaycanın dəfələrlə irəli sürdüyü təkliflərin həyata keçirilməsinə imkan vermir. Bu məqsədlə, beynəlxalq hüququn norma və prinsiplərinə, münaqişə üzrə qəbul edilmiş qərarlara zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla, bundan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Ermənistan status-kvonu saxlamağa çalışır. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər.
Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər.
20 il ərzində davam edən danışıqların nəticə verməməsinə baxmayaraq, biz ümid edirik ki, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi nəticəsində yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcək, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti bərqərar olacaqdır.
Çünki Azərbaycan tolerant ölkədir, əsrlər boyu hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar burada bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.
Sonda bizim üçün olduqca əhəmiyyətli olan bu tədbiri yüksək dəyərləndirir və dəvətə görə Andorra Parlamentinə və sizin hər birinizə bir daha səmimi təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çıxışında Azərbaycanın iqtisadi inkişafı barədə məlumat vermişdir. O, ölkədə neft sənayesinin tarixindən, iqtisadi yüksəliş göstəricilərini əks etdirən rəqəmlərdən, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı və həyata keçirilən dövlət proqramlarından danışaraq, əldə olunan uğurları konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə toxunaraq qeyd etmişdir ki, hazırda Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal altındadır, minlərlə abidə, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min fərdi ev və mənzil dağıdılmışdır. 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına zidd olaraq, həmin ərazilərdəki yeraltı sərvətlər talan edilir, təbiətə ciddi zərər vurulur, maddi-mədəni abidələr dağıdılır.
S.Həsənova çıxışının sonunda Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə geniş iqtisadi münasibətlər qurduğunu qeyd etmiş, ölkəmizdə bir sıra Andorra şirkətlərinin fəaliyyət göstərdiyini bildirmiş və digər şirkətləri böyük potensiala malik respublikamızın iqtisadi məkanında reallaşdırılan yeni layihələrdə iştiraka dəvət etmişdir.
Məruzələrdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri sualları cavablandırmışlar.
Baş nazirin müavini Əli Həsənov səfərin yekunları ilə bağlı fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşərək bildirmişdir ki, Andorra parlamentində keçirilmiş dinləmələr çox faydalı hesab olunmalıdır. Belə ki, bu səpkili tədbirlər artıq Belçika, Finlandiya, İspaniyada baş tutmuşdur. İndi isə Andorrada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirildi. Sadalanan ölkələrlə müqayisədə Andorra həm coğrafi quruluşu, həm dövlət strukturu, həm də insanlarına görə dünyanın ən nadir dövlətlərindən biridir. Ərazicə kiçik dövlət olmasına baxmayaraq, Andorra tam müstəqil siyasət yürüdən ölkədir və müzakirələrdə bu, özünü aydın şəkildə büruzə verdi. Bu isə münaqişə ilə bağlı Andorra parlamentinin gələcəkdə müstəqil mövqe nümayiş etdirəcəyinə, haqq-ədalətin tərəfini tutacağına əsas yaradır. Çünki Azərbaycan heç bir ölkədən nəyisə xahiş etmir, bizim yeganə istəyimiz haqq-ədalətin bərpa edilməsi, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasının təmin olunmasıdır.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb