XƏBƏRLƏR
Çap et
2545
Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir
Mətbuat xidmətinin məlumatı
11 Noyabr, 2012
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə Helsinkiyə, Finlandiya parlamentinə (Eduskunta) gəlmişdir.
Noyabrın 7-də Finlandiya parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə əlaqədar “Dağlıq Qarabağ – işğal edilmiş və unudulmuş ərazilər” mövzusunda dinləmələr olmuşdur.
Dinləmələrdə Finlandiya parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Elxan Süleymanovun başçılığı ilə bu qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və Ceyhun Osmanlı iştirak etmişlər.
Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero Lehti tədbiri açaraq qeyd etmişdir ki, Azərbaycan ilə Finlandiya arasında əməkdaşlıq yüksək səviyyədədir. Finlandiya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımış və artıq 1992-ci ildə diplomatik münasibətlər yaradılmışdır. Lakin iqtisadi əlaqələr arzu edilən səviyyədə deyildir, bu münasibətlərin genişləndirilməsi üçün çox böyük potensial vardır.
Eero Lehti demişdir ki, bu gün Finlandiya parlamentində müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi Finlandiya KİV-lərində yetərincə işıqlandırılmır. 20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur. Bu problem beynəlxalq məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır.
Eero Lehti qeyd etmişdir ki, bugünkü dinləmənin məqsədi regionda kəskin münaqişələrdən biri sayılan Dağlıq Qarabağ problemini bir daha müzakirə etməkdir. Finlandiya da öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov çıxış edərək, Azərbaycan üçün çox əhəmiyyətli olan bu seminarın keçirilməsinə görə Finlandiya parlamentinin üzvlərinə təşəkkür etmişdir. Finlandiya Avropa İttifaqının fəal üzvlərindən biridir və demokratik, hüquqi dövlət quruculuğu sahəsində təcrübəyə malikdir. Azərbaycan üçün demokratiyanın genişləndirilməsində və ölkədə müvafiq təsisatların yaradılmasında Finlandiyanın təcrübəsindən istifadə etmək vacibdir.
Natiq Azərbaycan dövlətinin tarixi haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və dinlərin dinc yanaşı mövcud olduğu, mədəniyyətlərin qaynayıb-qarışdığı, qarşılıqlı nifrətə yer olmayan bir ölkə kimi formalaşmış və inkişaf etmişdir.
Elxan Süleymanov Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açaraq vurğulamışdır ki, bu problemin beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr bu günə qədər yerinə yetirilməmişdir. Həmin sənədlərdə qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisi nəzarət edilməyən zonalara çevrilmişdir. Bu ərazilərin azərbaycanlı əhalisinin hüquqları kütləvi şəkildə pozulmuşdur, işğalçı qüvvələr etnik təmizləmə siyasəti aparmış, bunun nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. E.Süleymanov demişdir ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun həllində ciddi mövqe tuta bilər. Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə, beynəlxalq təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər.
AŞPA-nın fəxri üzvü Jaako Laakso çıxışında qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək səhvdir, çünki regionda hər gün toqquşmalar baş verir, qadınlar və uşaqlar snayper güllələrindən həlak olurlar. Son vaxtlar müharibə təhlükəsi artmışdır. Finlandiya hökuməti öz növbəsində beynəlxalq hüquq çərçivəsində regionda sülhə nail olmağa kömək edə bilər. Jaako Laakso vurğulamışdır ki, beynəlxalq birlik ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin dinc yolla tənzimlənməsinə dair danışıqları dəstəkləyir. Təəssüflə qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişə zonasında vəziyyəti dəyişməmişdir. Jaako Laakso humanitar faciə barədə söhbət açaraq, öz torpaqlarına qayıtmağa imkanı olmayan bir milyondan çox qaçqın və məcburi köçkün probleminə diqqəti cəlb etmişdir. O qeyd etmişdir ki, Finlandiya dövləti bu münaqişənin yaxın gələcəkdə həllinə və regionda sülhün və tərəqqinin bərqərar olmasına kömək etməlidir.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bildirmişdir:
Hörmətli cənab sədr! Hörmətli deputatlar! Xanımlar və cənablar!
İcazə verin, bizim ölkə üçün mühüm əhəmiyyət kəsb edən məsələyə həsr olunmuş bu tədbirin təşkilinə görə Azərbaycan Hökuməti adından Finlandiya Parlamentinə, Parlamentin spikeri cənab Eero Heinaluomaya və Finlandiya-Azərbaycan dostluq qrupunun rəhbəri cənab Eero Lehtiyə səmimi təşəkkürümü bildirim.
Mənə yaradılmış şəraitdən istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında bəzi məlumatları Sizin diqqətinizə çatdırmaq istərdim. Son iki yüz il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmiş və bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişmişdir. Ermənilər öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirmişlər.
1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır.
1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlmişdir. Azərbaycan torpaqlarında, yəni vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində 9,7 min kv. km-lik kiçik bir Ermənistan Respublikası yaradılmış, sonralar onun ərazisi Azərbaycan Respublikasının ərazisi hesabına tədricən böyüdülərək 29,8 min kv. km-ə çatdırılmışdır. Bu məkrli siyasət bölgənin Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra da davam etdirilmişdir. Belə ki, müxtəlif illərdə sovet hakimiyyəti orqanlarının qərarları ilə Azərbaycan SSR-nin əraziləri hesabına Ermənistan ərazisi genişləndirilmiş, tarixən orada yaşayan azərbaycanlı əhali müxtəlif bəhanələrlə kütləvi şəkildə itkilər verərək qovulmuşlar. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər öz çirkin niyyətlərindən əl çəkmir, Azərbaycana qarşı torpaq iddialarını davam etdirirdilər. 1923-cü ildə isə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bu zaman, Muxtar Vilayətin inzibati sərhədləri elə tərtib edilmişdir ki, burada ermənilərin say etibarilə əksəriyyət təşkil etməsi təmin edilsin. Sovet hakimiyyəti Azərbaycan ərazisində azsaylı ermənilərə muxtariyyət verilməsində “həssaslıq” göstərmiş, ancaq, Ermənistan SSR ərazisində öz tarixi torpaqlarında kompakt şəkildə məskunlaşmış yüz minlərlə azərbaycanlı üçün eyni addımı atmamışdır. Bundan sonra azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanılmış, nəticədə XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən köcürülmış, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınmışlar. Həmin dövrdə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri tədricən Ermənistanın tərkibinə qatılırdı. Kəndlərin yerli azərbaycanlı əhalisi isə müxtəlif üsullarla öz dədə-baba yurdlarını tərk etməyə məcbur edilirdi.Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı əsasında 150 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarından didərgin salındı. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. 1985-ci ildə Mixail Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər "Böyuk Ermənistan" yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi. 1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdılar. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatları vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı Azərbaycan, Ermənistan, eləcə də SSRİ-nin Xalq Deputatları Sovetinə müraciət etdilər. Azərbaycan SSR-in, eləcə də SSRİ-nin o vaxt qüvvədə olan Konstitusiyasına zidd olan bu müraciət SSRİ Ali Soveti tərəfindən rədd edilsə də, erməni millətçiləri bölgəni Azərbaycandan qoparmaq niyyətlərindən əl çəkməyərək, Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, etnik təmizləmə, terror aktları təşkil etməklə onları öz yaşayış yerlərindən qovmağa və bununla da Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi üçün zəmin hazırlamağa başladılar.
1991-ci ildə SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləşmələrinin Dağlıq Qarabağ ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi. 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, ona bitişik olan 7 inzibati rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi, eləcə də Ermənistanla sərhəd boyu yerləşən bir çox yaşayış məntəqələrimiz işğala məruz qaldı ki, bunun da nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, yüzlərlə əhalimiz erməni işğalçılıarı tərəfindən öldürüldü və girov görtürüldü. İşğal altında olan ərazilər kimsənin yaşaya bilməyəcəkləri xarabalıqlara çevrildi, bütün infrastruktur darmadağın edildi, qəbristanlıqlar, məscidlər yerlə-yeksan olundu, toponimlər dəyişdirildi.
Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serc Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndində yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım cinayətini həyata keçirdilər. Nəticədə 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyonadək Azərbaycan vətəndaşı öz daimi yaşayış yerindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurmuşdur. Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran münaqişənin kökündə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları dayanır. Bu da uzun illər davam edən tarixi bir prosesin müasir mərhələsidir. Belə ki, erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyası bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Münaqişə böyük humanitar fəlakətə səbəb olmuşdur. Öz doğma yurdlarından didərgin düşmüş insanlar ağır və dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır. Bildirmək istəyirəm ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.
Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il "Qaçqınların statusu haqqında" Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmışdır. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası zaman-zaman bu sahəyə ayrılan vəsaitin həcmini artırmağa imkan yaratdı. Dövlət Neft Fondunun ilkin vəsaiti də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Ölkədə mövcud olmuş 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv edildi, həmçinin ötən dövrdə 9 fin tipli qəsəbədə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürüldülər.
Ümumiyyətlə, ötən dövrdə 26 min ailə 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrstruktura malik 76 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3 mlrd. ABŞ dolları həcmində vəsait xərclənmişdir. O cümlədən, 3,0 mlrd. ABŞ dolları dövlət büdcəsindən, 1,375 mlrd. ABŞ dolları Dövlət Neft Fondundan və 930 mln. ABŞ dolları beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən.
2011-ci ildə bir nəfər məcburi köçkünə düşən vəsaitin həcmi 2003-cü ilə nisbətən 6 dəfə çox olmaqla, təxminən 894 ABŞ dolları təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Ölkəmizdə 2 dəfə səfərdə olmuş BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımların oxşar problemlərlə qarşılaşan ölkələr üçün müsbət bir nümunə olduğunu qeyd edərək demişdir: "Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlər çox vacibdir. Dünyada elə ölkələr var ki, qaçqın və məcburi köçkünlərə yardım etmir və onların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirməklə siyasi məqsədlərə nail olmağa çalışırlar. Bundan fərqli olaraq, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nümunəvi tədbirlər həyata keçirir". .
Azərbaycan Hökuməti bu gün məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatı üçün tədbirlər görür. Bu irəliləyişlərin əldə edilməsi Azərbaycan Hökumətinə heç də asan başa gəlməmiş və problem tam həll olunmamışdır. 400 min məcburi köçkün hələ də yaşayış üçün əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. 1 milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir.
Lakin, bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təminatı baxımından da kifayət deyildir. Beynəlxalq hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə ləyaqətlə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulmuşdur. Bu il biz müstəqilliyimizin 21-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə ciddi irəliləyiş əldə edib. Ölkəmizin sosial-iqtisadi qüdrəti nəzərəçapacaq dərəcədə yüksəlib, dünya dövlətləri içərisində nüfuzu xeyli artıb, beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli şəkildə möhkəmlənib, dünya ölkələrinə inteqrasiya sürətlənib, Azərbaycan ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib, beynəlxalq qurumlarla səmərəli və şəffaf əməkdaşlıq təmin edilib.
"Qlobal Rəqabətlilik Hesabatı"na əsasən 2011-ci ildə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuş, 142 ölkə arasında 55-ci yerə qalxmışdır. Hesabata görə ölkəmiz "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə dünyada 14-cü, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 16-cı olmuşdur.Həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 2010-cu ildəki 9,1 faizdən 2011-ci ilin yekunlarına əsasən 7,6 faizə enmişdir.Cari ilin 9 ayı ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft sektorunda 10,3 faiz, kənd təsərrüfatına isə 6,3 faiz artmış, ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, "Qlobal rəqabət Qabiliyyəti İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən 9 pillə irəliləyərək 46-cı yerdədir. İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri 13,6 faiz artmışdır.
Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir.Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunda ÜDM-in xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır.
Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatının zirvə görüşünün Yekun Sənədində təşkilata üzv olan 120 ölkənin münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə dair bəndin daxil edilməsi, "Avroviziya" musiqi yarışında birincilik qazanması, 2012-ci ilin aprelində Azərbaycanın daha bir nüfuzlu beynəlxalq təşkilata-BMT QAK-ın İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilməsi dediklərimə əyani sübutdur.
Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycanın yalnız bir problemi var. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Bu münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb edilmişdir. ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur.Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttlərində atəşkəs müntəzəm olaraq pozulur, təmas xəttlərinə bitişik ərazilərdə məskunlaşan əhalinin təsərrüfat fəaliyyətinə ciddi maneələr yaranır. Bundan da ən çox ziyan çəkən tərəf məhz Azərbaycandır. İşğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların demoqrafik, sosial, inzibati strukturu dəyişdirilib. ATƏT-in iki missiyası -faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfərləri zamanı hər şeyin dağıdıldığını və beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq, həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. Bu ərazilərdə ermənilər tərəfindən bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir. İşğal edilmiş ərazilərdə yerləşən dövlət və xüsusi mülkiyyətə məxsus obyektlər, təbii sərvətlər qanunsuz olaraq istismar edilir. Bu xüsusda, Ermənistan işğal edilmiş ərazilərdə yerləşən Xocalı hava limanını qanunsuz şəkildə bərpa etdirərək buraya mülki uçuşların təşkilinə cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq huququn norma və prinsiplərini, xüsusilə də mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə zidd olmaqla bərabər, regionda olduqca həssas olan vəziyyəti daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi daşıyır.Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə Əfqan narkotiklərin MDB və Avropa ölkələrinə əlverişli tranzit marşrutuna çevrilir. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə monitorinqin aparılması barədə müraciət etmişik. Hesab edirik ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə, beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.
Buna görə, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq.
Buna baxmayaraq, Ermənistan tərəfi hər vasitə ilə bölgənin azərbaycanlı əhalisinin öz doğma yaşayış yerlərinə qayıtmasına mane olur və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına dair Azərbaycanın dəfələrlə irəli sürdüyü təkliflərin həyata keçirilməsinə imkan vermir. Bu məqsədlə, beynəlxalq hüququn norma və prinsiplərinə, münaqişə üzrə qəbul edilmiş qərarlara zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla, bundan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Ermənistan status-kvonu saxlamağa çalışır. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər.
20 il ərzində davam edən danışıqların nəticə verməməsinə baxmayaraq, biz ümid edirik ki, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi nəticəsində yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcək, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti bərqərar olacaqdır.
Çünki Azərbaycan tolerant ölkədir, əsrlər boyu hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar burada bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.
Sonda bizim üçün olduqca əhəmiyyətli olan bu tədbiri yüksək dəyərləndirir və dəvətə görə Finlandiya Parlamentinə və sizin hər birinizə bir daha səmimi təşəkkürümü bildirirəm.
Dinləmələrdə Avropa İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi nümayəndəsi, səfir Heyikki Talvitie də çıxış etmişdir. O, diqqətə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar heç bir nəticə verməmişdir. Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir.
Sonra müzakirələr başlanmışdır. Debatlarda çıxış edən Azərbaycan parlamentinin üzvləri diqqətə çatdırmışlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə qazandığından çox itirmişdir. Azərbaycan Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid etmişdir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova “Azərbaycanın iqtisadi perspektivləri” mövzusunda məruzəsində ölkəmizin dinamik inkişafı haqqında söhbət açmışdır. S.Həsənova Azərbaycan iqtisadiyyatının üç dəfə, dövlət büdcəsinin 13 dəfə artmasını vurğulayaraq diqqətə çatdırmışdır ki, bunlar dünyada analoqu olmayan göstəricilərdir.
Nazir müavini Azərbaycanın Finlandiya ilə iqtisadi əlaqələrindən söhbət açaraq qeyd etmişdir ki, iki ölkə arasında əmtəə dövriyyəsinin 60 faiz artmasına baxmayaraq, bu həcmi daha da yüksəltmək üçün yaxşı potensial vardır.
S.Həsənova onu da diqqətə çatdırmışdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 150 min ev, 7 mindən artıq ictimai bina, 1500-dən çox məktəb, uşaq evləri, 700-dən çox tibb məntəqəsi, 500 tarixi abidə, 6 min istehsalat obyekti məhv edilmişdir.
Helsinki Universiteti yanında Aleksandr İnstitutunun tədqiqatçısı Mikko Palokorpi demişdir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, uzun sürən münaqişədir. Onu aradan qaldırmaq cəhdləri dondurulmuşdur. Mikko Palokorpi qeyd etmişdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Əhalinin inkişafında fərq müşahidə edilir, Azərbaycanda əhalinin artımı daha yüksəkdir. Ermənistanda isə əhali ölkəni kütləvi surətdə tərk edir. Bu isə Ermənistanda iqtisadiyyatın sürətli tənəzzülünə səbəb olacaqdır. Beləliklə, Ermənistan beynəlxalq aləmdə unudulacaqdır.
M.Palokorpi diqqətə çatdırmışdır ki, bu ilin yazında Bakıda keçirilmiş seminarda Aland adaları probleminin həllinin fin modelindən söhbət getmişdir. Bu problemin həllinə 20 il vaxt gərək olmuşdur və yeni nəsil başa düşmüşdür ki, yeganə çıxış yolu muxtariyyətdir.
Finlandiya parlamentinin üzvü Elizabet Naukler “Aland adaları – muxtariyyətin Finlandiya modeli” mövzusunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Aland adaları probleminin həlli Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi variantı ola bilərdi. Finlandiyanın bu təcrübəsindən çox ölkənin istifadə etdiyini vurğulayan E.Naukler ümidvar olduğunu bildirmişdir ki, Qarabağ münaqişəsi hərbi əməliyyatlarsız, danışıqlar yolu ilə həll ediləcəkdir.
Çıxışlardan sonra Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov Finlandiya parlamenti üzvlərinin və ekspertlərin toxunduqları bəzi məsələlərə aydınlıq gətirmişdir.
Əli Həsənov natiqlərə minnətdarlığını bildirərək demişdir ki, bu gün Azərbaycanda 30 min erməni yaşayır, beləliklə, Dağlıq Qarabağ münaqişəsi zamanı ikitərəfli deyil, birtərəfli etnik təmizləmə siyasəti yeridilmişdir. Əli Həsənov, həmçinin diqqətə çatdırmışdır ki, Ermənistanda 2,7 milyon nəfər adam yaşamır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son 15 ildə Ermənistanı 1,5 milyon adam tərk etmişdir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatı təsdiq edir ki, 9 ay ərzində ölkəni 90 min erməni tərk etmişdir. Öz ölkəsini sevən ermənilər başa düşməlidirlər ki, Sarkisyan və Koçaryan hökumətinin məsuliyyətsiz və səriştəsiz siyasəti ölkəni ağır vəziyyətə gətirib çıxarmışdır.
Əli Həsənov Aland adaları modelindən bəhs edərkən demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə bildirmişdir ki, Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə statusu verilir, lakin Ermənistan münaqişənin nizama salınmasının bu variantını da qəbul etmək istəmir. Nə üçün qəbul etmir? Çünki Koçaryan və Sarkisyan özlərini erməni xalqının qəhrəmanları kimi qələmə verərək məhz bu münaqişə, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlıların tökülmüş qanı sayəsində hakimiyyətə gəlmişlər. Bu rejim dəyişilməsə onlar heç bir variantı qəbul etməyəcəklər.
Yüz min suriyalı qaçqının yerləşdirilməsi məsələsinə gəldikdə isə Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsini Sarkisyan rejimi təşkil etmişdir.
Əli Həsənov demişdir ki, Azərbaycan neftinin Ermənistan ərazisindən nəqli üzrə tranzit marşrut yəqin ki, yetərincə rəqabətqabiliyyətli və sərfəli olardı. Lakin Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan beynəlxalq və regional layihələrdən təcrid olunmuşdur ki, bu da ölkə iqtisadiyyatının tamamilə dağılmasına gətirib çıxarır.
Dağlıq Qarabağın ayrılması məsələsinə gəldikdə isə Azərbaycan Prezidenti və xalqı bildirmişlər ki, bu barədə heç bir güzəşt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan başqa dövlətlərin ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və öz dövlətinə də belə münasibət tələb edir.
Parlamentin foyesində Xocalı soyqırımı haqqında kitabların və digər materialların sərgisi təşkil edilmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb