XƏBƏRLƏR
Çap et
1402
BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş qaçqın və məcburi köçkünlərə qayğıya görə Azərbaycanı nümunəvi dövlət kimi səciyyələndirmişdir
Mətbuat xidmətinin məlumatı
03 Oktyabr, 2012
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı yürütdüyü siyasət, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumlarla aparılan səmərəli əməkdaşlıq konkret olaraq öz nəticəsini verməkdədir və Azərbaycan bu il daha bir nüfuzlu beynəlxalq təşkilata – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv qəbul olunmuşdur.
Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası öz işinə başlamışdır və Azərbaycan ilk dəfə olaraq bu mötəbər tədbirdə tamhüquqlu üzv kimi təmsil olunmuşdur. Bir həftə davam edəcək iclasda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.
Sessiyanın ilk günü bir sıra ölkələrin (Kanada, Türkiyə, Əlcəzair, Cibuti, Moldova, Kosta-Rika, Efiopiya, Tanzaniya və s.) təmsilçiləri öz çıxışlarında Azərbaycanı BMT QAK-ın İcraiyyə Komitəsinin üzvləri sırasında görməkdən məmnun olduqlarını bildirmiş və bu münasibətlə Azərbaycan nümayəndə heyətini təbrik etmişlər. Çıxışlara yekun vuran və öz münasibətini bildirən ali komissar Antonio Quterreş isə qeyd etmişdir ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü iş çox vacibdir. Dünyada elə ölkələr var ki, qaçqın və məcburi köçkünlərə yardım etmir və onların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirməklə siyasi məqsədlərə nail olmağa çalışırlar. Bundan fərqli olaraq, Azərbaycan hökuməti məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nümunəvi tədbirlər həyata keçirir. BMT QAK bunu alqışlayır və münaqişə həll olunduqdan sonra könüllü qayıdışın mümkün olduğunu ifadə edir.
Oktyabrın 2-də Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilə görüşmüşdür.
Ali komissar 2006-cı il 15-18 avqust və 2011-ci il 18-19 may tarixlərində Azərbaycanda səfərdə olduğunu, Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, yüksək qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.
A.Quterreş çadır düşərgələrində və digər müvəqqəti sıx məskunlaşma yerlərində məcburi köçkünlərlə keçirdiyi görüşlər zamanı onların üzləşdikləri çoxsaylı problemlərlə yaxından tanış olduğunu və öz yurdlarından didərgin düşmüş bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin əldə etdiyi təqdirəlayiq nailiyyətlərin əyani şəkildə şahidi olduğunu bildirmişdir.
Sonra A.Quterreş səfər təəssüratları ilə bağlı Baş nazirin müavini Əli Həsənova ünvanladığı məktuba istinad edərək, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımların oxşar problemlərlə qarşılaşan ölkələr üçün müsbət bir nümunə olduğunu bir daha vurğulamış, BMT QAK-ın məcburi köçkünlərin gələcəkdə öz torpaqlarına köçürülməsi prosesinin planlaşdırılmasında Azərbaycan hökumətinə kömək etmək arzusunu bəyan etmişdir.
Sonda ali komissar BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik etmiş, bu üzvlüyün Azərbaycana öz təcrübəsi ilə qlobal qaçqın ehtiyacları barədə məlumatlılığın artırılması istiqamətində konstruktiv töhfələr verməyə, dünyada olan qaçqın və məcburi köçkün problemlərinin aradan qaldırılması barədə qərarların qəbul edilməsində daha fəal iştirak etməsinə şərait yaradacağını vurğulamış və Komitənin 63-cü sessiyasında yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğu üçün Azərbaycan hökumətinə səmimi təşəkkürünü bildirmişdir.
Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ali komissara çatdırmaqdan şərəf duyduğunu bildirmiş, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən BMT QAK-la ölkəmiz arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.
BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını vurğulayan Əli Həsənov sabiq ali komissarlar xanım Sadako Oqata və cənab Ruud Lubbersin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, İtaliyanın ENİ şirkəti tərəfindən qrant şəklində ayrılmış 2,2 milyon ABŞ dolları məbləğində vəsait hesabına BMT QAK-ın köməyi ilə məcburi köçkünlər üçün Göygöl və Beyləqan rayonlarında ilk sığınacaqların, sosial obyektlərin inşa edildiyini və Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında 13 kilometr uzunluğunda su xəttinin çəkildiyini bildirmiş və ölkəmizin iqtisadi cəhətdən zəif olduğu dövrdə həyata keçirilən bu vacib humanitar aksiyaların heç vaxt yaddan çıxmayacağını diqqətə çatdırmışdır.
Baş nazirin müavini BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi münasibətilə Azərbaycan hökumətinə göndərdiyi təbrik məktubuna və həmin məktubda İcraiyyə Komitəsinin növbəti plenar iclasında Azərbaycanı yeni üzv kimi salamlamağı böyük səbirsizliklə gözlədiyini qeyd etdiyinə görə ali komissara səmimi minnətdarlığını bildirmişdir.
Əli Həsənov Azərbaycanın BMT-nin daha bir mötəbər qurumuna üzv seçilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri tərəfindən öz doğma yurdlarından zorla qovulmuş insanların sosial problemlərinin həlli yollarının tapılmasında nümayiş etdirdiyi qətiyyətin, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarla, o cümlədən BMT QAK-la mövcud olan sıx əməkdaşlığın, Azərbaycanın 1993-cü ildən qoşulduğu Qaçqınların statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu üzrə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsinin yüksək və ədalətli qiymətləndirilməsinin parlaq nəticəsi kimi dəyərləndirmişdir.
Baş nazirin müavini 2013-cü ildə BMT QAK-la birlikdə Bakıda qaçqınlar, məcburi köçkünlər, “qaçqın” statusu almaq niyyətində olan şəxslər və miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif etmişdir.
Görüşün sonunda Quterreşə ingilis dilində xüsusi hazırlanmış “Vətən həsrəti... sönməyən ümidlər” sənədli filmi, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və məşğulluqlarının artırılması ilə bağlı həyata keçirilmiş tədbirlərə həsr olunmuş məlumat kitabçaları təqdim olunmuşdur.
Görüşdə Azərbaycan Respublikasının Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Ayaz Orucov iştirak etmişlər.
Qeyd edək ki, sessiya çərçivəsində aparılacaq müzakirələr oktyabrın 3-də sədr tərəfindən ümumiləşdirildikdən sonra Daimi Komitənin işi üzrə hesabat dinləniləcəkdir. Bu zaman Daimi Komitənin beynəlxalq himayə, proqramlar büdcəsi, idarəçilik, maliyyə nəzarəti və inzibati sahələrdəki işi ardıcıl olaraq nəzərdən keçiriləcəkdir.
Daimi Komitənin beynəlxalq himayə sahəsində işi üzrə hesabatın dinlənilməsi zamanı görülən işlərə ali komissarın “Beynəlxalq himayə üzrə qeydləri”nə, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasının 60, Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının isə 50 illiyinə həsr olunmuş nazirlər səviyyəsində Hökumətlərarası tədbiri üzrə hesabatına, üçüncü ölkələrdə yerləşdirmə ilə bağlı əldə olunmuş nailiyyətlər barədə hesabata, Daimi Komitənin işi üzrə ümumi hesabata, Daimi Komitənin 53-cü və 54-cü iclaslarının hesabatlarına uyğunluğu baxımından qiymət veriləcəkdir.
Daimi Komitənin proqramlar büdcəsi, idarəçilik, maliyyə nəzarəti və inzibati sahələrdəki işi üzrə hesabat dinlənərkən isə İcraiyyə Komitəsi Daimi Komitənin işi üzrə ümumi hesabatı, Daimi Komitənin 53-cü, 54-cü və 55-ci iclaslarının hesabatlarını, 2011-ci il üçün maliyyə hesabatını, əsas risk sahələrini və Auditorlar Palatasının hesabatına cavab olaraq görülmüş tədbirləri, BMT QAK-ın Daxili Auditini nəzərdən keçirəcəkdir.
Daimi Komitənin işi üzrə hesabatların nəzərdən keçirilməsi cümə axşamı - oktyabrın 4-də davam etdiriləcəkdir. Nahar fasiləsinədək, eyni zamanda, proqram, inzibati nəzarət və qiymətləndirmə ilə bağlı hesabatlar da nəzərdən keçiriləcəkdir. Bu zaman Baş Müfəttiş Ofisinin fəaliyyəti üzrə hesabata və Taktika İnkişafı və Qiymətləndirmə üzrə hesabata baxılacaqdır.
Oktyabrın 4-də - günün ikinci yarısında İcraiyyə Komitəsi 2012-2013-cü illər üçün dəyişikliklər edilmiş büdcəni nəzərdən keçirib qəbul edəcəkdir. Bundan əlavə, “Qeyri-hökumət təşkilatları ilə illik müzakirələr” adlı sənədə də baxılacaqdır. Bu zaman xüsusi məruzəçi tərəfindən çıxış edilməsi nəzərdə tutulmuşdur. Tədbirin ilkin proqramına əsasən günün sonunadək Daimi Komitənin 2013-cü ilə gözlənilən iclaslarının vaxtının, iştirakçıların tərkibinin, müzakirə olunacaq məsələlərin, eləcə də İcraiyyə Komitəsinin 64-cü sessiyasının ilkin gündəliyi layihəsinin razılaşdırılması da planlaşdırılır.
Hər il olduğu kimi, bu dəfə də İcraiyyə Komitəsinin iclası günlərində Nansen Qaçqın Mükafatının təqdim olunma mərasimi keçirilmişdir. Oktyabrın 1-də keçirilmiş mərasimdə 2012-ci ildə Sülh və İnkişaf naminə Qalkaya Təhsil Mərkəzinin direktoru Hava Aden Mohammed (Puntlənd, Şimal-Şərqi Somali) uzun illər Somalidə olan qaçqınlar üçün gördüyü humanitar xidmətlərə görə bu mükafata layiq görülmüşdür.
Tədbirin sonuncu günü - oktyabrın 5-də İcraiyyə Komitəsi üzərinə düşən bəzi inzibati vəzifələrin həyata keçirilməsini təmin etmək üçün məmurların seçimini edəcəkdir. Seçilmiş məmurlar 63-cü sessiyadan 64-cü sessiyanın sonunadək səlahiyyətli olacaqlar.
Tədbir rəsmi olaraq İcraiyyə Komitəsinin 63-cü sessiyasının hesabatının qəbul edilməsi ilə başa çatacaqdır.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb