XƏBƏRLƏR
Çap et
1327
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmişdir
Mətbuat xidmətinin məlumatı
10 Sentyabr, 2012
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısı Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində oldu. Bu ailədən olan iki uşaq dövlətimizin başçısına Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şerini söylədilər.
Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, ailə üzvlərinin sayı altı nəfərdən ibarət olan Vaqif Hüseynovun evi dördotaqlıdır. Burada ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.
Sonra Prezident İlham Əliyev qəsəbədə tikilən 360 şagird yerlik Ağdam 29 nömrəli məcburi köçkün tam orta məktəbinə gəldi.Burada qəsəbə sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev bədii özfəaliyyət dərnəkləri üzvlərinin çıxışını dinlədi.
Sonra dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Bu gözəl məktəbin və qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. 423 evdən ibarət gözəl qəsəbə demək olar ki, bir neçə ay ərzində tikilmişdir. İndi burada yaşayan vətəndaşlarımız əvvəllər fin tipli evlərdə yaşamışlar, böyük əziyyət çəkmişlər. Onların vəziyyətini, yaşayış şəraitini yaxşılaşdırmaq üçün biz gözəl qəsəbə saldıq. Bu, doğrudan da böyük işdir, böyük tarixi hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə ehtiyacı olan vətəndaşlara böyük qayğı ilə yanaşır.
Bildiyiniz kimi, bu il Azərbaycan Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır. Əvvəlki illərə nisbətən bu, daha da böyük məbləğdir. Gələn il çox güman, biz bu məbləği daha da artıracağıq ki, məcburi köçkünlərin problemlərini tezliklə həll edək.
Bu qəsəbə vaxtilə qəbul edilmiş “Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması” Dövlət Proqramı əsasında tikilmişdir. Bu Proqramın icrası bizə imkan verdi ki, birinci mərhələdə bütövlükdə bütün çadır şəhərciklərini ləğv edək və onların yerində yeni qəsəbələr salaq. İndiki mərhələdə fin tipli evlərdə, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımızı da biz gözəl şəraitlə təmin edirik. Bu qəsəbənin tikilməsi bu il görülən işlərin sadəcə olaraq bir hissəsidir. Bu il bir neçə qəsəbə tikilib, tikilməkdədir. İlin sonuna qədər hələ bir neçə yerdə yeni qəsəbələr vətəndaşların sərəncamına veriləcəkdir. Gözəl məktəb, gözəl evlər, rahat şərait, infrastruktur, bütün kommunal məsələlər öz həllini tapıbdır. İşıq, su, qaz xətləri çəkilmişdir, yollar salınmışdır. Bir sözlə, bu qəsəbədə rahat yaşamaq mümkün olacaqdır. Azərbaycan dövləti öz sosial siyasətini bir daha bu qəsəbənin yaradılmasında göstərir.
Neft Fondunun fəaliyyətinə gəldikdə, demək olar ki, bütün məcburi köçkünlər üçün nəzərdə tutulmuş, tikilmiş və tikiləcək qəsəbələr Neft Fondunun hesabına inşa olunacaqdır. Bu ənənəni ulu öndər Heydər Əliyev qoymuşdur. Məhz onun göstərişi və Fərmanı ilə Neft Fondundan birinci ödəmələr məcburi köçkünlərin problemlərinin həlli üçün yönəldilmişdi.
Biz də hər bir sahədə olduğu kimi, bu sahədə də ulu öndərin siyasətinə sadiqik. Bu siyasət davam etdirilir və Neft Fondu hazırda bu istiqamətdə çox böyük işlər görür. Bu qəsəbə və digər qəsəbələr, Neft Fondunun xətti ilə tikilmiş binalar bir daha, onu göstərir ki, neft Azərbaycan xalqına məxsusdur, bizim milli sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə edərək həm ölkə iqtisadiyyatını gücləndiririk, infrastruktur layihələrini icra edirik, eyni zamanda, məcburi köçkünlərin problemlərini də həll edirik.
Mən əminəm ki, gələcək illərdə də yeni qəsəbələr tikiləcəkdir. Hazırda 120 min məcburi köçkün belə gözəl, buna bənzər evlərlə təmin edilibdir. Ancaq hələ o qədər də yararlı olmayan şəraitdə yaşayan köçkünlərimizin sayı kifayət qədər çoxdur.
Biz onların problemlərinin həlli üçün çalışırıq, çalışacağıq və bayaq qeyd etdiyim kimi, yataqxanalardan, məktəblərdən, uşaq bağçalarından, hərbi hissələrin ərazilərindən məcburi köçkünlər yeni, gözəl evlərə, binalara köçürüləcəkdir.
Biz bu sosial yükü azaldırıq. Eyni zamanda, köçkünlərin məşğulluğu ilə bağlı olan problemləri həll edirik. Ancaq əsas problem torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Bunun səbəbini siz yaxşı bilirsiniz. Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altındadır. Ermənilərin dünyadakı havadarlarının onlara verdikləri dəstəyin nəticəsində bu məsələ hələ ki, öz həllini tapa bilmir. Baxmayaraq ki, məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi baza vardır. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul etmişlər. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar vermişlər ki, indiki vəziyyət dözülməzdir və vəziyyət dəyişdirilməlidir, status-kvo dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır və beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi də məhz bundan ibarətdir.
Biz bundan sonra da ölkəmizi, beynəlxalq mövqelərimizi gücləndirəcəyik. Məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər çoxdur və bu əsaslar Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar qərarlar qəbul ediblər ki, bu qərarlar məsələnin həlli üçün yeganə yoldur.
Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr tərəfindən tanınır və bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Məsələnin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaqdır, Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa, Xankəndiyə, Şuşaya bizim soydaşlarımız qayıdacaqlar.
Mən buna əminəm, buna inanıram və mənim inamımı gücləndirən kifayət qədər çox amillər vardır: Beynəlxalq hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və siyasi müstəvidə Azərbaycanın artan çəkisi. Təkcə bir ilin tarixçəsinə nəzər salmaqla biz Azərbaycanın uğurlarını görə bilərik. Biz dünyanın ən mötəbər beynəlxalq təşkilatının - BMT Təhlükəsizlik Şurasınız üzvüyük. Bir neçə ay bundan əvvəl bu təşkilata sədrlik etmişik. Bu təşkilata 155 ölkənin dəstəyi ilə daxil olmuşuq.
Bu yaxınlarda 120 ölkə - Qoşulmama Hərəkatının üzvləri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni dəstəkləmişlər. 120 ölkə dünya birliyinin əksəriyyətidir. Biz bir çox hallarda beynəlxalq aləm anlayışını eşidirik və bəzi təşkilatlar, bəzi qurumlar beynəlxalq aləm dedikdə özlərini nəzərdə tuturlar.
Beynəlxalq aləm 20, yaxud da ki, 30 ölkəni birləşdirən məsələ deyildir. Beynəlxalq aləm BMT-dir və BMT-də 155 ölkə bizi dəstəklədi. Beynəlxalq aləm Qoşulmama Hərəkatıdır. Orada 120 ölkə fəaliyyət göstərir. Onlar da bizi dəstəklədi. Yəni, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir və əlbəttə ki, bu, bizə əlavə imkanlar verir, inamımızı artırır.
Ancaq bununla bərabər və xüsusi olaraq 20 ildir Minsk qrupu yaradılıb ki, bu məsələni həll etsin və məsələni həll edə bilmir, Ermənistana lazımi təzyiqi göstərə bilmir. Biz görürük ki, bu məsələ Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır. Ona görə biz daha da güclü olmalıyıq. Biz ordumuzu daha da gücləndirməliyik və gücləndiririk.
Hazırda Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında qüdrətli orduların sırasındadır. Biz iqtisadi potensialımızı gücləndirməklə ölkəmizi irəliyə aparırıq. Bu, bizə imkan verir ki, bütün məsələlərlə bağlı müstəqil siyasət aparaq. Biz xarici və daxili siyasətlə bağlı milli maraqlara söykənən qərarları qəbul edirik. Güclü Azərbaycan güclü regional amildir. Həm sabitləşdirici amildir, eyni zamanda, Azərbaycan ilə artıq regional məsələlərdə hesablaşmamaq mümkün deyildir.
Azərbaycan ilə hesablaşmamaq cəhdləri heç bir nəticə verməmişdir və yaxın tarix bunu göstərir. Ona görə, nə qədər güclü olsaq Azərbaycan öz ərazi bütövlüyünü bir o qədər tez bərpa edəcəkdir.
Məsələnin həlli ilə bağlı bizim birmənalı mövqeyimiz vardır. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana və təhlükə mənbəyi aradan götürülə bilər. Hələ ki, torpaqlarımız işğal altındadır, bizim bir nömrəli hədəfimiz Ermənistandır.
Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Bu siyasət öz səmərəsini verir və Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır. Bu, birmənalıdır. Ermənistandan onların rəsmi statistikasının göstəricilərinə görə, ilin birinci yarısında 80 min adam köçmüşdür. İlin sonuna qədər bu, yəqin ki, ikiqat rəqəmə çatacaqdır. Azərbaycan əhalisi artır və 5-10 ildən sonra ümumiyyətlə, bu faizlər nisbəti birə on olacaqdır, bəlkə də ondan da az. Yəni, bu amillər onları düşündürməlidir. Onların ağır iqtisadi vəziyyəti, demoqrafik vəziyyət, bütün beynəlxalq məsələlərdən təcrid edilməsi onları narahat etməlidir.
Azərbaycan isə irəliyə gedir. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, biz böyük uğurlara imza atırıq və bu uğurları artırırıq. Bir neçə gün bundan əvvəl mötəbər beynəlxalq iqtisadi qurum - Davos İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 46-cı yerə layiq görübdür, MDB məkanında birinci yerdə. Yəni, bizim işimiz haqq işidir. Biz ədalətin bərpasını istəyirik və buna nail olacağıq.
Bizim üçün, həm xarici siyasətimiz üçün, həm ümumiyyətlə, bizim gündəliyimizdə duran bir nömrəli məsələ torpaqlarımızın işğalçılardan azad edilməsidir. Gecə-gündüz çalışırıq və bu fəaliyyəti davam etdirəcəyik.
Siz, əziz soydaşlarımız, əziz dostlar, uzun illərdir ki, Şəki rayonunun ərazisində yaşayırsınız. Şəkililər sizə qucaq açıblar.
Siz burada özünüzü evdəki kimi hiss edirsiniz. Ancaq, əlbəttə bilirəm ki, siz Qarabağ torpağına qayıdacağınız günləri gözləyirsiniz. Bu günlər də gələcəkdir. Amma Şəki şəhərində də sizin üçün bütün şərait yaradılıb. Şəkililər çox qonaqpərvər, mehriban insanlardır. Siz də bunu yaxşı hiss edirsiniz, görürsünüz.
Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük tədbirlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam, keçən il, bu il, ondan əvvəlki dövrdə. Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Heydər Əliyev Mərkəzinin təməl daşını qoyduq.
Şəkidə mədəniyyət, səhiyyə, təhsil sahəsində böyük işlər görülür, infrastruktur layihələri icra edilir. Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Şəkinin tarixi abidələri, mədəniyyət ocaqları lazımi səviyyədə qorunur, bərpa edilir. Çünki bu, bizim hamımızın milli sərvətimizdir.
Rayonun və şəhərin kommunal infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Şəkinin Azərbaycan dövlətinin tərkibində xüsusi yeri vardır. Yenə də deyirəm, mədəniyyət, incəsənət, elm ocağıdır. Gözəl təbiəti, gözəl insanları var və çox şadam ki, Şəkidə işlər yüksək sürətlə və keyfiyyətlə görülür. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər məni çox sevindirir.
Şəkinin inkişafına dair mənim tərəfimdən bir neçə Sərəncam imzalanmışdır. Xüsusi əhəmiyyətə malik olan böyük Sərəncamda həm Şəkinin tarixi, həm də gələcək inkişaf haqqında məsələlər əksini tapıbdır. Bu yaxınlarda kənd yollarının tikintisinə dair əlavə Sərəncam imzalanmışdır. Böyük vəsait ayrılır, gələcəkdə də ayrılacaqdır ki, Şəki və bütün başqa şəhərlərimiz, kəndlərimiz abadlaşsın, gözəlləşsin. Bütövlükdə Azərbaycanın şimal-qərb zonası Azərbaycanın turizm mərkəzinə çevrilibdir. Mən çox istəyirəm ki, bu, nəinki Azərbaycanın, beynəlxalq turizm mərkəzinə çevrilsin. Bunu etmək üçün də konkret fikirlərimiz, planlarımız vardır.
Mən sizi bir daha ürəkdən salamlayıram, sizə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, burada sizin həyatınız rahat keçsin, yaxşı keçsin, uşaqlar yaxşı oxusunlar və gözəl gənc nəsil yetişsin.
Məktəbin müəlliməsi Aysel Mustafayeva, Şəki şəhər 20 nömrəli məktəbin direktoru Mais Səlimov, Milli Məclisin deputatı Yaqub Mahmudov məcburi köçkün ailələrinə və Şəkinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür etdilər.
Daha sonra dövlətimizin başçısı 29 nömrəli tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim-tədris avadanlığı ilə diqqəti cəlb edən bu məktəbdə müəllim və şagird kollektivi üçün hər cür şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan zəngin təbii sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsini prioritet istiqamət seçmişdir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil müəssisələrində kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadir xüsusiyyəti ilə seçilir.
Diqqətə çatdırıldı ki, qəsəbədə 50 yerlik uşaq bağçası da inşa olunmuşdur. Bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, ambulatoriya və poçt binaları da inşa edilmişdir. Bu qəsəbə Şəki rayonunun Kiş bələdiyyəsinin ərazisində Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Yeni qəsəbəyə Şəki rayonundakı fin tipli qəsəbədə məskunlaşan 372 ailə və ya 1551 nəfər, o cümlədən məktəb binasında yerləşən 51 ailə və ya 209 nəfər, ümumilikdə 423 ailə və ya 1760 nəfər köçürüləcəkdir. Məcburi köçkün ailələrindən 149-u Ağdamdan, 168-i Laçından, 53-ü Kəlbəcərdən, 44-ü Şuşadan, 9-u isə Xocalıdandır. Qəsəbənin ərazisi 84 hektardır və buradakı evlərdən 17-si birotaqlı, 211-i ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Qəsəbənin elektrik, su və qaz təchizatı şəbəkələri Şəki rayonunun kommunikasiya sisteminə qoşulmuşdur.
Azərbaycan Prezidenti məktəbin idman zalında şagirdlərin nümunəvi çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.
Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən stendlər yaradılmışdır.
Dövlətimizin başçısı məktəbin eyvanından ətrafı seyr etdi.Prezident İlham Əliyev qəsəbədə yaradılmış şəraiti yüksək qiymətləndirdi.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb