Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar.
***
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.
Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
***
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev əsgərləri salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
***
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
Görüşdə çıxış edən Prezident Emoməli Rəhmon dedi:
- Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram.
Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm.
x x x
Prezident İlham Əliyev dedi: Sağ olun, Emoməli Şərifoviç. Əvvələn, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.
Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident Emoməli Rəhmon: Çox sağ olun.
***
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub.
Dövlətimizin başçısını salamlayan Prezident Emoməli Rəhmon dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli azərbaycanlı dostlar.
Sizi Tacikistanda böyük məmnuniyyətlə salamlayıram. Hörmətli İlham Heydər oğlu, Sizin dövlət səfərinizə ürəkdən şadıq. Bu səfəri Tacikistan-Azərbaycan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət hesab edirik.
Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar münasibətlərimizin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Bir daha xoş gəlmisiniz. Sözü Sizə verirəm, hörmətli İlham Heydər oğlu. Buyurun.
X X X
Prezident İlham Əliyev dedi:
- Hörmətli Emoməli Şərifoviç, dəvətə və qonaqpərvərliyə görə sağ olun. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Sizinlə çox fəal, səmimi siyasi dialoqumuzu davam etdirməyə çox şadam.
Siz qeyd etdiyiniz kimi, ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.
Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.
Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim. Mən Tacikistanda dəfələrlə olmuşam. Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub. Bu münasibətlə Sizi təbrik etmək istərdim.
Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm və gələcəkdə fəal işləmək əzmindəyik. Sağ olun.
***
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzaladılar.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının daxili işlər naziri Ramazon Rahimzoda imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”u Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda imzaladılar.
“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzaladılar.
“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kurbon Hakimzoda imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzaladılar.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli və Tacikistan Respublikasının mədəniyyət naziri Zulfiya Davlatzoda imzaladılar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitənin sədri Kamoliddin Muminzod imzaladılar.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzaladılar.
“Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzaladılar.
“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzaladılar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda imzaladılar.
***
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Tacikistan Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Tacikistan Respublikasına dövlət səfəri münasibətilə bir daha səmimi-qəlbdən salamlamaq istərdim.
Əvvəlcə qeyd etmək istərdim ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik.
Mən qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətimizi həmişə səmimiyyətlə xatırlayıram. Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı.
Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib. Danışıqların gedişində biz ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, bizim üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi apardıq. Bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib.
Biz çoxşaxəli əlaqələrimizin kompleksinin tərkib hissələri kimi parlamentlərarası əməkdaşlığın fasiləsiz xarakterini qeyd etdik. İki ölkənin parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində bu əməkdaşlıq yeni məzmun kəsb edib.
Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik.
Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq.
Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğunu qeyd etdik.
Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğumuzu təsdiq etdik.
Biz Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcək, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağıq.
Danışıqlarda münasibətlərimizin humanitar istiqaməti mühüm yer tutdu. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməyə qarşılıqlı hazır olduğumuzu təsdiq etdik.
Regional və beynəlxalq xarakterli aktual məsələlərin bütün məcmusuna dair fikir mübadiləsi apardıq. Beynəlxalq və regional təşkilatlar məkanında bundan sonra da qarşılıqlı fəaliyyətin vacib olmasını qeyd etdik.
Çoxtərəfli məkanlarda, ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik.
Biz suya və iqlimə dair Tacikistanın irəli sürdüyü qlobal təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan tərəfə minnətdarlığımızı bildirdik.
Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Biz beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduğumuzu bildirdik. Beynəlxalq mövzuları və bizim regionlarda vəziyyəti ətraflı müzakirə etdik.
Bugünkü danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza imkan verir.
İndi sözü böyük məmnuniyyətlə əziz qonağımız, hörmətli İlham Heydər oğlu Əliyevə verirəm. Buyurun.
X X X
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli Emoməli Şərifoviç.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, qardaş Tacikistana dövlət səfərinə dəvətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Mən Tacikistana ilk dəfə gəlmirəm. Bu, mənim üçüncü rəsmi səfərimdir. Mən Tacikistana beynəlxalq tədbirlərdə iştirak etmək üçün də gəlmişəm.
Emoməli Şərifoviç, ilk növbədə, Sizi və bütün qardaş Tacikistan xalqını Tacikistanın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Onu da qeyd etmək istərdim ki, paytaxtınız, ilbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim. Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət dəyişikliklər baş verib. Həm gördüklərim, həm də Tacikistan Prezidentinin gələcək planları barədə mənə dedikləri ona dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün daha rahat olacaq.
Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarilə onlar bu münasibətlərin əsasını qoyublar.
Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Bu barədə burada - Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək.
Emoməli Şərifoviç danışıqların bütün mövzularını işıqlandırdı. Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik. Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.
Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək.
Məhz mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub.
Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik.
Onu da demək istərdim, biz məmnuniyyətlə qeyd etdik ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər.
Mən əziz dostum, qardaşım Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.
Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Sağ olun.
Prezident Emoməli Rəhmon: Sağ olun, İlham Heydər oğlu. Məni Azərbaycan Respublikasına səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. İlk münasib imkan yaranan kimi Sizin lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm.
***
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən rəsmi ziyafət verilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.
Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola saldı.