"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 692
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirilib
Rəsmi xronika 20 Fevral, 2023

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

 

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

 

Moderator Kristof Heusgen: Hamınızı salamlayıram. Burada olmağınızdan məmnunuq. Bizimlə burada Azərbaycan Prezidenti, Ermənistanın və Gürcüstanın baş nazirləridir. Əslində, mən bunu bilmirdim, lakin Azərbaycan Prezidenti elə indicə mənə dedi ki, bu, tarixi görüşdür. Tarixdə ilk dəfədir ki, üç ölkənin rəhbərləri görüşür və biz bunu tarix kitabları ilə yoxlamalıyıq. Bilirəm ki, xarici işlər nazirləri görüşüblər. ATƏT-in Baş katibi Helqa Şmid bunu bilir. Əgər o bilirsə, deməli, belədir ki, var. Bir sözlə, burada bizimlə olduğunuza görə çox sağ olun. Hamımıza məlumdur ki, bu konfrans Rusiyanın Ukraynaya müdaxiləsindən bir il sonra baş tutur və ötən il olduğu kimi, həmin mövzu bu konfransda da əsas olaraq qalacaq. Sizin ölkələriniz birbaşa iştirak etmir, lakin Rusiyanın qonşularıdır. Mənim birinci sualım: Rusiyanın Ukraynaya qarşı müdaxiləsi, müharibəsi sizin ölkənizə necə təsir göstərdi. Əgər olarsa, Sizdən soruşum Prezident Əliyev.

 

Azərbaycan Prezidenti İlham Əliyev: Demək istərdim ki, bizə birbaşa təsiri olmayıb, lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ola bilsin, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın. Beləliklə, biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Eyni zamanda, xüsusən də daşımalar layihələrinə gəldikdə, bəzi üstünlüklər də var. Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Lakin bildiyiniz kimi, bizim öz müharibəmiz olub. 44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Mənim cavabım belədir.

 

Kristof Heusgen: Çox sağ olun. Buna cavab vermək üçün Ermənistanın baş nazirinə söz verməzdən əvvəl, mən Gürcüstana müraciət etmək istərdim. Gürcüstanın da Abxaziya və Cənubi Osetiya kimi zəbt olunmuş əraziləri var. Sizin ölkənizə hazırda Rusiya tərəfindən təsir necədir? Cenevrə danışıqları nə yerdədir? Bu istiqamətdə bir şey baş verirmi? Bu hadisələr sizə necə təsir göstərdi?

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili: Çox sağ olun. Əvvəlcə, bu panel müzakirəsini təşkil etdiyinizə görə təşəkkür edirəm. Hesab edirəm, bu, çox yaxşı təşəbbüsdür və sizin də qeyd etdiyiniz kimi tarixi görüşdür. Həqiqətən bütün Cənubi Qafqaz bir araya toplaşıb. Hesab edirəm ki, bu, artıq böyük və uğurlu görüş hesab oluna bilər və bu müzakirəni təşkil etdiyinizə görə təşəkkür edirəm.

 

Ukraynadakı müharibəyə gəldikdə, əlbəttə ki, bu, hamımız üçün böyük sınaqdır. Düşünürəm ki, İkinci Dünya müharibəsindən sonra Avropa və ümumiyyətlə, dünya bu cür böyük sınaqla üzbəüz qalmamışdır. Bildiyiniz kimi, 2008-ci ildə bizim Rusiya ilə müharibəmiz olub. Həmin vaxtdan etibarən Rusiya tarixi ərazilərimizi – Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlayır. Rusiya ərazilərimizdə iki hərbi baza yaradıb. Həmin vaxtdan etibarən biz çoxsaylı problemlərlə, çətinliklərlə üzləşmişik. Lakin 2012-ci ildə biz hakimiyyətə gəldikdən sonra gərginliyin aradan qaldırılması üçün böyük səylər göstərmişik. Bununla yanaşı, əlbəttə ki, biz Avropaya inteqrasiya yolunda çox fəal olmuşuq. Gürcüstan Assosiasiya Sazişinə imza atıb. Bu, Avropa İttifaqı ilə əhatəli azad ticarət razılaşmasıdır. Biz vizasız rejimdən istifadə edirik. Ötən il isə Avropa İttifaqı Şurası bizə Avropa perspektivinin verilməsi ilə əlaqədar tarixi qərar qəbul etmişdir. Beləliklə, Ukraynadakı müharibənin Gürcüstana necə təsir göstərməsi ilə əlaqədar sizin sualınıza cavab olaraq deməliyəm ki, hazırda hamımız görürük ki, Rusiya diqqətini Ukraynaya yönəldib. Dağıdıcı müharibə gedir və deməliyəm ki, biz bu müharibəni dayandırmaq üçün əlimizdən gələni etməliyik. Sülhün alternativi yoxdur. Deməliyəm ki, Gürcüstan öz suverenliyinin və ərazi bütövlüyünün bərpasına gəldikdə, sülh yolu məsələlərinin çözülməsi siyasətini həyata keçirib. Biz çox aydın şəkildə bəyan etmişik ki, Gürcüstan öz ərazi bütövlüyünün bərpası üçün dinc plana malikdir. Vasitəçilik prosesində fəal iştirak edən ATƏT-ə, Avropa İttifaqına, ABŞ-yə və digər iştirakçılara təşəkkürümü bildirmək istəyirəm.

 

Siz Cenevrədəki beynəlxalq müzakirələri qeyd etdiniz. Bu, hazırda bizim ruslarla malik olduğumuz yeganə platformadır. Bu səbəbdən, mən bir daha təkrar etməliyəm ki, bu müharibə dayandırılmalıdır. Biz müharibəni və onun ölkəmizə təsirini 2008-ci ildə görmüşük. Çox insan tələf oldu və biz ərazilərimiz üzərində nəzarəti tam itirdik. Qeyd etdim ki, Rusiyanın bizim ərazilərdə hərbi bazaları var. Bu davam edir, dayanmır. Həmçinin bildirmək istəyirəm ki, 2008-ci ildəki müharibədən sonra Rusiyaya hər hansı sanksiyanın tətbiq edildiyini görmədik. Əksinə, gördük ki, işlər həmişə olduğu kimi davam etdi. Beləliklə, demək olar ki, çox pis siqnal verildi.

 

Yekunda düşünürəm ki, hazırda beynəlxalq ictimaiyyət irəliyə doğru necə getməyimizlə bağlı qərar qəbul etməlidir. Çünki əgər bu müharibə davam edərsə, daha çox dağıntılar olacaq, daha çox mülki şəxslər məhv olacaq. Buna görə mən bir daha təkrar etmək istəyirəm ki, bizim məramımız, məqsədimiz bu müharibəni dayandırmaq olmalıdır.

 

Kristof Heusgen: Bəli, hesab edirəm ki, Siz tamamilə haqlısınız, insan tələfatlarına son qoyulmalıdır. Lakin icazə verin, qısaca olaraq, Sizin ölkənizə qayıdaq. Siz 2008-ci ili xatırladınız. Həmin vaxt mən Kanslerin müşaviri işləyirdim və çox çətin vəziyyət yaranmışdı. Təfərrüatlara varmaq istəməzdim, 2008-ci ilə qayıdaraq Sizdən soruşmaq istərdim. Həmin vaxt biz Prezident Saakaşvili ilə işləyirdik. Biz çox çətin vəziyyətdə olan Prezident Saakaşvilinin narahatlıq doğuran fotolarını görmüşük. İnsanlar, o cümlədən jurnalistlər onun həyatından narahatdırlar. O, çətin vəziyyətdədir. Məndə belə təəssürat var ki, bölgədə ağır vəziyyət yarandıqda ölkəniz milli birliyə müraciət etdi. Kənardan baxan insan üçün ölkənizdə hazırda həmin birliyin olması şübhəli görünür. Deyim ki, Prezident Saakaşvili buraya - Münxen Təhlükəsizlik Konfransına gəlirdi, burada tez-tez qonaq olurdu. Narahatlıq doğuran həmin fotoları görəndə onun buraxılması mümkündürmü? O, Gürcüstandan kənarda, yəni, başqa ölkədəki xəstəxanada müalicə ala bilərmi?

 

Baş nazir İrakli Qaribaşvili: Birincisi, suala görə çox sağ olun. Hazırda özəl xəstəxanada olan Prezident Saakaşvilinin səhhəti haqqında danışmaq və ya fərziyyə irəli sürmək istəmirəm. İstəyirəm ki, insanlar bilsinlər. O, iki il əvvəl, daha dəqiq desək, il yarımdan çox müddət əvvəl, yəni, oktyabrın 1-də Gürcüstana qayıtdı. Onun qayıdışının məqsədi Gürcüstanda növbəti inqilab etmək, kütləvi qırğın törətmək və qan tökmək idi. O, uğur qazana bilmədi və həbsxanaya düşdü. O, özəl xəstəxanaya yerləşdirilməsi ilə bağlı müraciət etdi. Mən auditoriyanı bunun təfərrüatları ilə yormaq istəməzdim. Lakin bir halda ki, siz ictimaiyyət qarşısında soruşdunuz, mən cavab verməliyəm. Beləliklə, o, artıq səkkiz aydan çoxdur ki, özəl xəstəxanadadır. Gürcüstan hökuməti ona digər məhbusların almadığı maksimal dəstək və rahatlıq verib, eləcə də şərait yaradıb. Siz burada fotoları qeyd etdiniz. Demək istəyirəm ki, cənab Saakaşvili bacarıqlı aktyordur. Gürcüstan hökuməti maksimal dəstək vermək üçün hər şeyi edib. Təkrar edirəm, biz hətta onun ailəsinə təklif etdik ki, ona tibbi yardım göstərmək üçün istənilən ölkənin istənilən həkimini Gürcüstana çağıra bilər. Cavabım belədir. Mən, həmçinin bildirmək istəyirəm, siz yəqin ki, cənab Saakaşvili və onun ailəsi üçün işləyən lobbi şirkətinin yaydığı çox sayda yalan məlumatları, dezinformasiyanı oxumusunuz. Məsələn, sizə bir faktı bildirmək istəyirəm. Ötən ay məlum olmuşdur ki, bütün dünyada hərtərəfli media kampaniyası üçün onun ailəsi rəsmən bir milyon dollar ödəyib. Beləliklə, feysbukda və ya digər sosial şəbəkələrdə eşitdiyiniz, yaxud gördüyünüz videolar, əslində, reallığı əks etdirmir. Bir sözlə, heç kəs qanundan üstün ola bilməz. Biz Gürcüstanda güclü demokratiya qururuq. Biz demokratik təsisatları qururuq və gücləndiririk. Bu demokratiyada, həmçinin belədir ki, heç kəs qanundan üstün olmalı deyil. Məlumdur ki, Saakaşvili keçmiş bankir Qirqvlianinin qətli, parlamentin keçmiş üzvünün ölümə qədər döyülməsi kimi ağır cinayətlər törədib.

 

Bir çox digər işlər də var. Məsələn, özəl televiziya kanalı olan “İmedi”nin ələ keçirilməsi. Əlavə olaraq, o, başqa bir cinayət törətmişdir, qanunsuz olaraq dövlət sərhədini keçmişdir. Yeri gəlmişkən, bu məlumatı da deyim ki, o, Ukraynadan, Odessadan inqilab həyata keçirmək məqsədilə Gürcüstana qayıtmaq üçün bərə ilə səyahət edib, konteyner yük maşınında, dondurucuda iki gün keçirmişdir. Hadisə belə olub. Bu paneldə bu şəxs haqqında danışıb sizi bütün təfərrüatlarla yormaq istəməzdim. Amma cənab Heusgen, siz bu sualı məndən soruşduğunuza görə onu cavablandırmaq istədim.

 

Kristof Heusgen: Mən bu məsələni dərinləşdirmək istəmirəm, sadəcə, humanitar məqsədlər üçün müraciət etmək istəyirdim. Baş nazir Paşinyan, Prezident Əliyevə ünvanlanmış suala qayıtmaq istəyirəm. Rusiya-Ukrayna müharibəsinin sizin ölkənizə təsiri necədir?

 

Ermənistanın baş naziri Nikol Paşinyan: Təşəkkür edirəm. Mən də, həmçinin belə bir formatda görüşün təşkilinə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Mən razıyam, ola bilsin ki, bu, həqiqətən də tarixi görüşdür. Lakin indi yazılan tarixin məzmununu müəyyən etmək olduqca vacibdir. Çünki bizdə fərqli nəticələr ola bilər. Hesab edirəm ki, biz nəticələrə hədəflənməliyik və bizim yanaşmamız məhz belədir.

 

Sizin sualınıza gədikdə, bilirsiniz qlobal qeyri-sabitlik bizim regionda vəziyyəti daha da yaxşı edə bilməz. Çünki bilirsiniz, anlaşılandır ki, uzun müddət ərzində beynəlxalq ictimaiyyətin bütün diqqəti Ukraynada baş verən münaqişəyə cəmlənib. Bu münaqişə bizim region üçün yeni risklər yaradır. Beynəlxalq birliyin diqqətinin bizim region üzərində də saxlanılması çox vacibdir, çünki fikrimcə, burada idarə olunmalı çoxlu risklər var. Bütün bu vəziyyətlə bağlı bizim yanaşmamız nədən ibarətdir? Biz demokratik islahatlar gündəliyimizə sadiq qalmışıq. Çünki biz demokratik islahatların, demokratik təsisatların inkişafının, qanunun aliliyinin, insan haqlarının, müstəqil məhkəmə sisteminin və sair məsələlərin regionumuzda ümumi vəziyyəti daha da yaxşılaşdıracağına inanırıq. Hesab edirəm ki, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirsək, bu, bütün region üçün faydalı olar.

 

Kristof Heusgen: Çox sağ olun. İndi isə ATƏT-in Baş katibi Helqa Şmidə sualımı ünvanlamaq istəyirəm. Sizin doğma şəhərinizdə, Münxendə olmaq olduqca heyrətamizdir. ATƏT hər üç təşkilatın üzv olduğu bir qurumdur. Yeri gəlmişkən, Rusiya hələ də bu təşkilatın üzvüdür. ATƏT hazırkı mərhələdə ölkələrə öz aralarında əməkdaşlıq aparmaq, vəziyyəti sabitləşdirmək, təşkilatın yaşadığı çətin vaxtlarda sərəncamında olan alətlərdən istifadə etmək və gərginliyi azaltmaq və əməkdaşlığı təşviq etmək üçün nə kimi köməklik göstərə bilər?

 

ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid: Təşəkkür edirəm. Mən də bu gün bu görüşə qatılmaqdan məmnunluq hissi keçirirəm. Kristof, sizin sualınıza qayıtmazdan öncə icazə verin deyim ki, biz həm də Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələnin fəsadlarını müşahidə edirik. Çıxışımın əvvəlində hər üç tərəfə təşəkkürümü bildirmək istəyirəm. Çünki hər üçünüz həyatları xilas edən, çox çevik dəstək göstərmisiniz. Xüsusilə baş nazir Paşinyana təşəkkürümü ifadə etmək istəyirəm. Bilirəm ki, bir neçə gün bundan əvvəl sizin xarici işlər naziriniz Türkiyədə olmuş və türkiyəli həmkarı ilə görüşmüşdür. Bu faciənin fonunda biz bir-birimizlə işləmək üçün yollar tapa bilərik. Hesab edirəm ki, bu, olduqca vacibdir. Lakin Ukraynaya qarşı müharibə məsələsinə gəldikdə, cənab Prezident, Sizin dediyiniz kimi, birbaşa heç bir təsir olmaya bilər, lakin biz əminliklə deyə bilərik ki, daha geniş regionda qeyri-təhlükəsizlik çox ciddi hiss olunur. Hesab edirəm ki, irəli getmək üçün yeganə yol prosesləri saxlamaqdır, Sizinlə razıyam. Lakin dialoqlar, regional əməkdaşlıq da aparılmalıdır. Mən sizin qaldırdığınız suala gəlirəm, ATƏT-in regional əməkdaşlığı, ticarət əlaqələrini və bağlılığı təşviq etmək üçün mandatı var. Hesab edirəm ki, bu, çox vacibdir. Dayanıqlı sülhü, barışığı yaratmaq çox çətindir. Sərhədlər, itkin düşmüş şəxslər, həbs olunmuş insanlar, həmçinin minalarla bağlı həll edilməli olan açıq məsələlər var. Buna görə əlimizdə olan bütün vasitələrdən istifadə etmək çox vacibdir. Həm də etimadın qurulması tədbirləri, regionda minaların təmizlənməsi ilə bağlı humanitar səylər nəzərdə tutula bilər. Biz artıq gənclərlə sıx işləyirik. Gənclər gələcəyin liderlərini bir araya gətirmək üçün gələcəyin maraqlı tərəfləridir. Hər üç ölkəyə gəldikdə, bütün bu proseslərə qadınların cəlb edilməli olduğunu desəm, sizi təəccübləndirmərəm. Regional əməkdaşlıq vacibdir. Həmçinin mən Brüsselin təşəbbüsü ilə keçirilən dialoqu dəstəkləyirəm. Hesab edirəm ki, bu təşəbbüs çox konkret nəticələrə və artıq razılaşdırılmış yol xəritələrinin icrasına gətirib çıxara bilər. Yekunda hər şey insanların üzərində, gələcəkdə daha yaxşı həyata layiq olan münaqişədən əziyyət çəkmiş insanların üzərində dayanır.

 

Kristof Heusgen: Təşəkkür edirəm. Xanım Helqa, siz baş nazir Paşinyanın Türkiyədə baş vermiş bu dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün kömək göstərdiyini qeyd etdiniz. Baş vermiş bu dəhşətli zəlzələ fonunda siz Türkiyə və Ermənistan arasında bizim bir çox onilliklər ərzində gözlədiyimiz münasibətlərin yaxşılaşdırılması üçün perspektivləri görürsünüzmü? Müəyyən mərhələdə biz blokadanın aradan qaldırılmasına yaxın idik. Bununla bağlı sizin mövqeyiniz necədir? Baş vermiş dəhşətli təbii fəlakətdən, humanitar fəlakətdən sonra bu münasibətlərdə nəsə yaxşı bir şey üzə çıxa bilərmi?

 

Baş nazir Nikol Paşinyan: Təşəkkür edirəm. Bilirsiniz Türkiyəyə humanitar yardımın və xilasedicilərin göndərilməsinin qərarı arxasında bizim yalnız humanitar xarakterli motivasiyamız durur. Çünki qonşuluğumuzda yaşayan milyonlarla insan bu hadisədən əziyyət çəkirdi. Bu proses çərçivəsində biz Türkiyə hökumətindən kifayət qədər müsbət reaksiyanı müşahidə edirik və bu addımın siyasi nəticələri də olsa, daha yaxşı olar. Lakin bizim ilkin motivasiyamız sırf humanitar xarakterli idi və bəyan etdiyimiz kimi biz bacardığımız qədər humanitar dəstək göstərməyə hazırıq.

 

Siyasi dialoqa gəldikdə, səmimi desəm, zəlzələdən əvvəl bizim aramızda xüsusi elçilər vasitəsilə siyasi dialoq olmuşdur. İnanıram ki, reallıqda bu dialoq olduqca vacib idi. Mən bu qərarların qəbul olunduğu ab-havanın yaradılmasını nəzərdə tuturam. Hesab edirəm ki, bu humanitar dialoq, kommunikasiya vasitəsilə konkret siyasi qərarların qəbul olunması üçün imkanlar daha yüksək ola bilər. Xüsusilə, sizin qeyd etdiyiniz kimi nazirimiz Türkiyəyə səfər etmişdir və orada bəzi siyasi xarakterli təşkilati məsələlər qeyd olunmuşdur. Biz bu məsələdə irəliləməyə hazırıq, çünki biz həqiqətən də inanırıq ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərimizin açılması təkcə regionda vəziyyət nöqteyi-nəzərindən yox, eyni zamanda, beynəlxalq arenada vəziyyət nöqteyi-nəzərindən də çox müsbət olacaqdır.

 

Kristof Heusgen: Gəlin ümid edək ki, belə də olacaq. İlkin olaraq Türkiyənin xarici işlər naziri Çavuşoğlu buraya gəlmək istəyirdi, lakin ölkədəki vəziyyətə görə o, vətənində qalmaq məcburiyyətində qaldı. Gəlin ümid edək ki, bu vəziyyət nəyəsə gətirib çıxaracaq, çünki bu sərhəd çox uzun müddət idi ki, bağlı idi. Burada münasibətlərin yaxşılaşdırılması baş verməlidir. İcazə verin, indi əsas məsələyə diqqətimi yönəldim. Bu məsələyə Prezident Əliyev, əlbəttə ki, lap əvvəldə toxundu. Baş vermiş müharibəyə. Artıq iki ildir ki, müharibə bitib. Biz hələ də çox kritik olan vəziyyəti müşahidə edirik. Biz buraya hər hansı danışıqları aparmaq üçün yığışmamışıq. Lakin bu məsələyə xaricdən beynəlxalq birlik olaraq nəzər saldıqda, humanitar vəziyyət bizi narahat edir. Həmişə və Türkiyədə olduğu kimi biz humanitar addımlara nəzər salırıq. Biz Laçın dəhlizini görürük və o, xaricdən sanki blokadaya salınmış kimi görünür. Bizi o məsələ maraqlandırır və bəlkə də baş nazir Paşinyan etimadın qurulması tədbirlərinin görülməsi haqqında bizi məlumatlandıra bilər, vəziyyət müəyyən mənada yaxşılaşsın. Sözsüz, biz hamımız istərdik ki, - mən sonra Prezident Əliyevə də dönəcəyəm, - kiçik addımlarla deskalasiyaya nail olaraq, bu münaqişənin həllinə yaxınlaşaq.

 

Baş nazir Nikol Paşinyan: Təşəkkür edirəm. Siz haqlısınız. Laçın dəhlizi artıq yetmiş gündür ki, bağlıdır. İndi əfsuslar olsun ki, Dağlıq Qarabağda humanitar böhran baş verir. Həmçinin enerji böhranı da baş verir, çünki Dağlıq Qarabağa elektrik enerjisinin təchizatı kəsilmişdir. Qaz təchizatı da kəsilmişdir. Biz hesablamalar aparmışıq və son 70 gün ərzində qaz təchizatı ən azından on dəfə kəsilmişdir. Bu problem həll olunmalıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyannamədə Laçın dəhlizi ilə əlaqədar çox dəqiq müddəalar var. Həmin Bəyannaməyə əsasən, Laçın dəhlizinin işlək vəziyyətdə saxlanılması Azərbaycan və Rusiya sülhməramlılarının öhdəliyidir. Lakin əfsuslar olsun ki, indi bizdə vəziyyət tamamilə fərqlidir. Mən beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə yönəldilməlidir deyərkən, Laçın dəhlizini də nəzərdə tuturdum. Çünki biz qorxuruq ki, vəziyyətin bu cür davam etməsi Dağlıq Qarabağdakı ermənilər üçün qarşısıalınmaz humanitar fəsadlara gətirib çıxara bilər.

 

Kristof Heusgen: Prezident Əliyev, dediyim kimi, biz burada razılaşmanın mahiyyəti barədə və yekun qənaətə gəlməklə bağlı danışıqlar apara bilmərik. Düşünürəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Sizinlə bunun üzərində işləyir. Biz buna qarışmaq istəmirik. Sualım sadəcə belədir. Siz dediniz ki, vəziyyəti sabitləşdirmək üçün biz fürsətdən istifadə etməliyik. Siz humanitar jest edə bilərsinizmi ki, bu blokadaya son qoyulsun və baş nazirin indi dediyi kimi, Dağlıq Qarabağdakı insanlar çox ağır şəraitdə yaşayırlar. Siz xoş niyyət, etimadın gücləndirilməsi addımı kimi, nə isə edə bilərsinizmi ki, hələ də öz həllini tapmamış daha mühüm məsələlərlə bağlı danışıqlarda uğur əldə olunsun.

 

Prezident İlham Əliyev: Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir. Həmçinin hazırkı vəziyyəti düzgün dəyərləndirmək üçün biz bir qədər tarixə nəzər salmalıyıq. Demək olar ki, 30 il ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub. Baş nazir Qaribaşvili xatırlatdı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiya tətbiq olunmadı. Amma mən də deyə bilərəm ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar. Onlar - ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar. Bir məsələni də unutmaq olmaz ki, baş nazirin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Ona görə də biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, biz gələcəyə və bu günə baxsaq, sessiyadan əvvəl müzakirə etdiyimiz kimi, bu gün tarixi gündür. Çünki ilk dəfədir ki, müstəqil dövlətlərin 3 lideri bir araya gəlib, - sovet dövründə belə hallar olub, - biz bu fürsəti əldən verməməliyik.

 

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin.

 

Kristof Heusgen: Qeyd etdiyim kimi, biz danışıqları burada əvəz edə bilmərik, baş nazir Paşinyana Prezident Əliyevdən eşitdiklərinə reaksiya vermək imkanı yaratmaq istərdim. Sonra mən, əlbəttə ki, auditoriyaya, panel müzakirənin iştirakçılarına sual vermək üçün imkan yaradacağam. Baş nazir, buyurun.

 

Baş nazir Nikol Paşinyan: Təşəkkür edirəm. Dağlıq Qarabağa gəlincə, Prezident üçtərəfli Bəyanatı xatırlatdı. Həmin üçtərəfli Bəyanatda müddəa var, orada “Dağlıq Qarabağ” yazılıb və bu sənədin altında Azərbaycan Prezidentinin imzası var. Laçın dəhlizi var ki, sərbəst şəkildə işlək olmalıdır, yeri gəlmişkən, həmin üçtərəfli Bəyanata və Azərbaycan Prezidentinin imzasına əsasən, Azərbaycanın nəzarətində deyil. Bilirsiniz ki, bu yaxınlarda Dağlıq Qarabağdan olan erməni uşaqlar avtobusla Laçın dəhlizi vasitəsilə səyahət etməyə çalışanda, onların qarşısı kəsilib, maskalı azərbaycanlı şəxslər avtobusa daxil olublar. Uşaqlar qışqırıblar. Bu, Dağlıq Qarabağ ermənilərinin Laçın dəhlizindən sərbəst şəkildə keçməsi üçün sonuncu cəhdi olub.

 

Prezident Əliyev dağıdılmış məscidləri qeyd etdi. Mən demək istərdim ki, 2017-ci ildə Azərbaycanda yeni yollar tikmək üçün bir neçə məscid dağıdılıb. Prezident Əliyev qeyd etdi ki, bilmirəm bir neçə min məscid dağıdılıb. Yeri gəlmişkən, sovet dövründə Azərbaycanda təxminən 1560 məscid dağıdılmışdı. Bu, Sovet İttifaqı üçün adi hal idi. Sovet dövründə Ermənistanda kilsələr, məscidlər dağıdılmışdı. Bilirsiniz, Dağlıq Qarabağ erməniləri sovet dövrünün borcunu ödəməməlidirlər. Bilirsiniz, bu, çox mühümdür, bu, çox təhlükəli söhbətdir.

 

Bəzən elə bir təəssürat yaranır ki, Azərbaycan tərəfi bütün vəziyyətə dini don geyindirmək istəyir. Bu, çox təhlükəlidir. Münaqişənin heç bir dini konteksti yoxdur. Buna sübut olaraq deyə bilərəm ki, bizim ölkədə müsəlman icması yaşayır, məscid fəaliyyət göstərir. Budur reallıq. Azərbaycan tərəfindən səslənən ifadələr nə deməkdir? “Kapitulyasiya” və s. kimi az qala təhqiramiz sözlər nəyə lazımdır? Kənardan elə təəssürat yaranır ki, Azərbaycan özünü qisas siyasətini rəhbər tutmuş bir ölkə kimi göstərmək istəyir. Ola bilər ki, elə budur Azərbaycanın yürütdüyü siyasət. Amma deyildi ki, bizim çox mürəkkəb tariximiz var. Lakin biz onu hansı məqsədlər üçün istifadə etmək istəyirik? Qeyri-tolerantlığı, nifrəti, regionumuzda təcavüzkar ritorikanı püskürtmək üçün, yoxsa tam fərqli olaraq bu platformanı vəziyyəti yaxşılaşdırmaq məqsədilə istifadə etmək üçün? Biz hesab edirik ki, bu platforma konstruktiv məqsədlər üçün istifadə olunmalıdır. Əlbəttə, burada oturub uzun-uzadı düşmənçilik barədə danışa, misallar çəkə bilərik. Bəs o zaman bizim liderliyimizin mənası nədir? Düşmənçiliyi dərinləşdirmək, yoxsa öz imkanlarımızı, nüfuzumuzu, mandatımızı istifadə etmək? Fəxr edirəm ki, mən və rəhbərlik etdiyim hökumət dağıdıcı, viran qoyan müharibədən sonra belə öz ölkəmizdə dünya miqyasında tanınan sərbəst, demokratik, şəffaf və rəqabətə əsaslanan seçkilər keçirə bildik. Dediyim kimi, bizim nöqteyi-nəzərdən məsələnin həlli demokratiyadan, şəffaflıqdan, dialoqdan, bölgəmizdəki bütün dövlətlərə qarşılıqlı hörmətdən keçir. Biz bu istiqamətdə işləməyə hazırıq. Təşəkkür edirəm.

 

Kristof Heusgen: Çox sağ olun. Mövzuya bundan daha dərin enmək imkanımız olmayacaqdır. Gümanımız o idi ki, bəlkə bu, tərəflər arasında bir-birinə etibar səviyyəsini artıra bilər. Laçın dəhlizi uşaqlar, səyahət etmək istəyən insanlar tərəfindən humanitar yardımlar üçün istifadə olunsa, insanlar enerjidən istifadə etmələrinə baxmayaraq fərqli siyasi baxışlardan əziyyət çəkməz. Yəni, biz bu kürsüdən öz çağırışımızı yalnız bu şəkildə səsləndirə bilərik.

 

Bizim bir neçə dəqiqəmiz qalır. Suallarınızı verə bilərsiniz. Əvvəlcədən xahiş edirəm ki, suallarınızı mümkün qədər qısa şəkildə ifadə edəsiniz. Buyurun.

 

Suallar: Çox sağ olun. Verəcəyim sual ümumi mövzuya aiddir. Bu isə baş nazirlər və Prezident üçün cavablandırmağa daha münasib olar. Sualım Rusiya ilə bağlıdır. Ukraynadakı müharibə çoxlarımız üçün gözlənilən idi. Sizin Rusiya ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Çünki hazırda qeyd olunur ki, Rusiyanın özü təhlükəsizlik baxımından sabit ölkədən qeyri-sabit ölkəyə çevrilməyə başlayır. Bu hadisələr bir çox ölkələrə təsir göstərir.

 

Ermənistanın baş nazirinə sualım belədir: Siz bir neçə dəfə qeyd etmisiniz ki, KTMT artıq səmərəli bir təşkilat deyil və ola bilər ki, Ermənistan təşkilatdan çıxsın. Bu istiqamətdə Ermənistanın perspektivləri barədə daha ətraflı məlumat verə bilərsinizmi?

 

Sonrakı sualım Gürcüstanın Baş nazirinə aiddir. Sizcə, Rusiya Ukraynadakı uğursuzluqlar fonunda potensial strateji addımlar olaraq yaxınlığındakı asan hədəf sayılan Gürcüstan və Moldova kimi daha zəif hesab etdiyi ölkələr üçün hər hansı bir təhlükə yarada bilərmi?

 

Azərbaycan Prezidentinə sual vermək istərdim: Sülh danışıqlarında vasitəçi kimi ABŞ-nin çıxış etdiyini söyləmişdiniz. Görünən odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu itirmişdir. Bunu şərh edə bilərsinizmi?

 

Kristof Heusgen: Bunlar yaxşı suallardır. Lakin siz suallarınızı hər üç iştirakçıya ünvanladınız. Qeyri-bərabər vəziyyət alınır başqaları qarşısında. Amma bizim təşkilatdan olduğunuz üçün icazə verməkdən başqa seçimim qalmır. Baş nazir, buyurun.

 

Baş nazir Nikol Paşinyan: Biz açıq və şəffaf şəkildə ifadə etmişik ki, KTMT ilə bağlı bəzi narahatlıqlarımız var. Biz bu məsələləri tərəfdaşlarımız qarşısında qaldırmışıq, mövqeyimizi ictimai səviyyədə ifadə etmişik. Bu məsələ üzərində işləyirik. Narahatlıqlarımız olduğu kimi qalmaqdadır. Amma bütün sual və məsələlərin həlli ilə bağlı işlər aparılır.

 

Baş nazir İrakli Qaribaşvili: Sualınız üçün təşəkkür edirəm. Siz Rusiyadan gələn təhlükələr barədə soruşdunuz. Avropalı və amerikalı dostlarımız, beynəlxalq tərəfdaşlarımızla söhbətlər zamanı hər kəs eyni mövqedə olduğunu bildirir. Bu mövqe ondan ibarətdir ki, hazırkı vəziyyətdə Ukraynada nəyin baş verə biləcəyi barədə konkret bir şey demək mümkün deyil. Əlbəttə, bu müharibənin nəticələri Gürcüstan, Moldova kimi ölkələrə təsir edəcək. Amma gəlin açıq danışaq. Avropanın, hətta dünyanın təhlükəsizlik sistemi baxımından Rusiyanın etmək istədiyi beynəlxalq nizam-intizamı, qaydalara əsaslanan nizam-intizamı dəyişməkdir. Bu baxımdan düşünürəm ki, mütəxəssislərin də bizə bildirdiyinə görə, 2-3 aydan sonra vəziyyət daha aydın olacaq.

 

Bildiyiniz kimi, Gürcüstan ərazisinin 20 faizi Rusiya tərəfindən işğal olunmuşdur. Biz müharibənin acısını 2008-ci ildə çəkmişik. 1990-cı illərin əvvəllərində bizim ölkədə, belə demək mümkünsə, dolayı müharibə baş vermişdir. Bu müharibə zamanı Rusiya Abxaziya və Osetiyadakı separatçıları dəstəkləmişdir. Demək istəyirəm ki, bizim bu məsələ ilə bağlı yaxşı təcrübəmiz var. Hazırda nəyin baş verəcəyini demək çox çətindir. Hesab edirəm ki, Ukraynadakı müharibədən sonra bizim, bölgənin, Avropanın və dünyanın harada olacağını zaman göstərəcək. Amma giriş çıxışımda dediyim sözləri bir daha təkrar etmək istəyirəm: sülh danışıqlarının alternativi yoxdur! Çünki nüvə silahının istifadəsi ilə bağlı söz-söhbətlər yenə gündəmdədir. Bu, təkcə Ukrayna, Avropa üçün yox, bütün planet üçün dəhşətdir. Bu səbəbdən biz ABŞ, Çin, Rusiya, Aİ kimi böyük oyunçuların bir araya gəlib bu planetin gələcəyi haqqında müzakirələrə başlayacağını gözləməliyik. Bir daha təkrar edirəm ki, müharibə çıxış yolu deyil. Gürcüstan kiçik bir ölkədir. Əhalimiz cəmi 4 milyon nəfərdir, öz problemlərimiz var. Lakin hakimiyyətdə olduğumuz son on dinc il ərzində biz ölkədə sülh və sabitliyi bərqərar edə bilmişik. İnsanlara lazım olan da budur. Bizə sülh, sabitlik və firavanlıq lazımdır. Firavanlıq və sabitliyə isə müharibə yolu ilə nail olmaq mümkün deyil. Təşəkkür edirəm.

 

Prezident İlham Əliyev: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Düzdür, keçmiş Minsk qrupundan müəyyən şeylər qalıb. Bu qrup artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz. Bu, sizin sualınıza olan cavabımdır.

 

Bundan əlavə, demək istərdim ki, hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır. O ki qaldı, sülh danışıqlarına biz bu mövqeyi başa düşə bilərik, lakin bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi. Bizim torpaqların azadlığı uğrunda apardığımız müharibənin nəticəsi əsas amilin həvəs olduğunu göstərdi. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar.

 

Kristof Heusgen: Forumda iştirakınıza görə hamınıza təşəkkür edirəm. Biz onsuz da bu günə qədər həll olunmamış məsələlərin burada həll ediləcəyini gözləmirdik. Sizin hər birinizə üzümü tutub xahiş etmək istəyirəm ki, azərbaycanlı və ya erməni olmasından asılı olmayaraq, məsələlərə, sülh danışıqlarına bir də humanitar yardım prizmasından yanaşasınız. Ümid edirəm ki, Avropa İttifaqının rəhbərliyi ilə keçirilən danışıqlar uğurlu olacaq. Təklif edirəm ki, bir il sonra biz bir daha burada görüşək və nailiyyətlərimizi müzakirə edək. İştirakınıza görə bir daha təşəkkür edirəm. Xanım Helqa, sizə də təşəkkür edirəm ki, tərəflər arasında etimadın yaradılması istiqamətində ATƏT çərçivəsində tədbirlərinizi davam etdirirsiniz. Təşəkkür edirəm.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub