"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1566
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
Rəsmi xronika 27 Oktyabr, 2021

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

 

***

 

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

 

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

 

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

 

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

 

AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

 

O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

 

Daha sonra dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.

 

Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

 

Daha sonra dövlət başçıları söhbət etdilər.

 

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.

 

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.

 

Prezident İlham Əliyev: Bəli, çox sağ olun, təşəkkür edirəm.

 

***

Oktyabrın 26-da Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi.

 

Saleh Məmmədov dedi: Möhtərəm cənab Prezident, hərəkət etdiyiniz bu yol Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Bu yol altı-dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri işləyir. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel tikilir və 7 yol ötürücüsü tikiləcək. Tunellərin ümumi uzunluğu 6500 metrdir. Hazırda Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər artıq tikilmişdir. Biri 431 metr, digəri isə 530 metr uzunluğundadır.

 

Prezident İlham Əliyev: Kəlbəcərdə tunellər inşa edilir, 12 kilometr.

 

Saleh Məmmədov: Bəli, Azərbaycanda ən böyük tuneli “Çingiz İnşaat” inşa edir, Toğanalı-Kəlbəcər yolundakı Murovdağ tuneli. Bu, Azərbaycanda ən böyük tuneldir, 11 min 600 metrdir. Artıq o tunelin 350 metri qazılmışdır. Şəkilləri var, mən Sizə göstərəcəyəm.

 

Prezident İlham Əliyev: Bir də Laçın-Kəlbəcər tuneli.

 

Saleh Məmmədov: Bəli, Qorçu aeroportunun 3,5 kilometrlik Laçın-Kəlbəcər tuneli də var.

 

Prezident İlham Əliyev: Tunellərin toplam uzunluğu nə qədərdir?

 

Saleh Məmmədov: Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Hazırda Türkiyə şirkətlərində 6587 işçi çalışır. Onların 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri isə Azərbaycan vətəndaşıdır. Ümumilikdə Qarabağ zonasında işləyən şirkətlərdə toplam 13 min 280 nəfər çalışır.

 

Bu gün təməli qoyulacaq yol isə Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

 

Prezident Rəcəb Tayyib Ərdoğan: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz.

 

Saleh Məmmədov: Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun.

 

Bu yolun üzərində də 3 tunelimiz var. Uzunluğu toplam 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metr iş görülüb. Bu hissədə bütün yolu “Kalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. Hava limanına gedən yolun 20 kilometrlik hissəsini “Kalyon” şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək. Bu qovşaq təməli qoyulan yolun sıfırıncı kilometrində olacaq.

 

Bu, bizim dayandığımız 6-4 cərgəli Əhmədbəyli-Füzuli ana yoludur. Bu isə, həmin bu qovşaqdan çıxıntılarla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol olacaq, İnşallah. Bu da Əhmədbəyli-Füzuli-Şuşa yolunda gedən tikinti işlərinin şəkilləridir, “Çingiz İnşaat”ın işlədiyi tunellərdir. Burada işlər həm partlatma üsulu ilə gedir, həm də sıxma üsulu ilə.

 

Hazırda qısa tunellərdə işlərin 45-50 faizi yerinə yetirilib. Bunlar da tikinti vaxtı görülən işlərdir. Biz möhtərəm cənab Prezidentin göstərişi ilə orada tikintiyə qışda başlamışdıq. Bunlar həmin dövrdə çəkilən şəkillərdir. Ümumiyyətlə, Qarabağ zonasında heç vaxt 4-6 cərgəli avtomobil yolu olmamışdır. İlk dəfədir Qarabağda belə yollar tikilir. Bu isə Zəngəzur dəhlizi üzrə “Kalyon” şirkətinin çəkdiyi yollardır. Burada da həyat olmayıb. Bu yolun mövcud Horadiz yoluna ən uzaq məsafəsi 1,6 kilometr, ən yaxın məsafəsi 200 metrdir. Böyük işlər görülüb, “Kalyon” şirkəti tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Allahın köməyi ilə gələcəkdə, yəqin ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz.

 

X X X

 

Sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

 

Dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkdilər.

 

Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxdılar.

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim etdi.

 

Tədbirin aparıcısı Günel Mönsümova dedi: Bəli, zəngilanlılar bu ili 27 il idi gözləyirdi. 27 il biz bunun xəyalları ilə yaşadıq. Bu xəyallarla yaşayan keçmiş məcburi köçkünlərdən biri də mən idim. 27 il idi mən Zəngilanın işğaldan azad olunma xəbərini bir jurnalist olaraq səsləndirmək xəyalı ilə yaşadım və xəyallar gerçək oldu. Bəli, bu gün tarixi gündür. Bu gün Zəngilanın torpaqlarına can verilən gündür. Bu gün o torpaqları cənnət məkana çevirdiyimiz gündür. İndi Zəngilan yenidən qurulur və əvvəlkindən də gözəl əzəmətə qovuşur.

 

Cənab prezidentlər və əziz qonaqlar. Bildiyimiz kimi, bu torpaqlar 27 il ərzində erməni vandalları tərəfindən tar-mar olundu, daş üstündə daş qalmadı. Evlərimiz talan olundu. O evlərdən biri də mənim evim idi. 27 ildən sonra öz torpağıma qayıdarkən evimin bir daşını belə tapa bilmədim. Nəinki evlərimiz, meşələrimiz, ağaclarımız tar-mar olundu. 27 ildən sonra biz qardaş Türkiyə ilə əl-ələ verib bu torpaqları yenidən ayağa qaldırırıq. Bu torpaqlara yenidən can verməyə gəlmişik, viran qalmış torpaqlarımızı cənnətə çevirməyə gəlmişik.

 

İndi icazə verin, “Dost Aqropark” ilə tanış olaq.

 

X X X

 

Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

 

Dövlət başçıları “Dost Aqropark”ın təməlini qoydular.

 

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

 

Daha sonra aqroparkda əkinə start verildi.

 

Prezidentlər “Dost Aqropark”ın fəaliyyətinə xeyir-dua verdilər.

 

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

 

***

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

 

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

 

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

 

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olundu.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə söhbət etdi.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

 

***

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.

 

Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

 

***

 

Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

 

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

***

 

Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

 

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin bəyanatı

 

-Hörmətli cənab Prezident, Əziz qardaşım.

 

Hörmətli qonaqlar, xanımlar və cənablar.

 

İlk növbədə, Əziz qardaşım, Sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük önəmi var. Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir ki, səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.

 

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur.

 

Eyni zamanda, bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

 

Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.

 

Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik.

 

İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz.

 

Mən bilirəm ki, Sizin çox gərgin iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

 

Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda Əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

 

Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə Əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

 

Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

 

Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq.

 

Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq.

 

Əziz qardaşım, Sizə bir daha “Azərbaycana xoş gəlmisiniz!” deyirəm, bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Sizə və qardaş Türkiyə xalqına daim tərəqqi, firavanlıq, xoşbəxtlik diləyirəm. Sağ olun.

 

x x x

 

Sonra Türkiyə dövlətinin başçısı bəyanatla çıxış etdi.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

 

- Hörmətli Prezident, Əziz qardaşım.

 

Hörmətli nazirlər.

 

Hörmətli mətbuat nümayəndələri.

 

Əvvəlcə sizləri ən səmimi hisslərimlə salamlayıram.

 

İşğaldan azad edilən bu gözəl bölgəyə - Füzuliyə səfərimdən dörd ay yarımdan sonra bu dəfə Zəngilanda olmaqdan böyük məmnunluq duyuram.

 

Əziz qardaşım Prezident Əliyevə lütfkar dəvətə görə öz adımdan, heyətim və millətim adından bir daha təşəkkür edirəm.

 

Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir.

 

Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, İnşallah, Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir.

 

Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduğumuz, - bir az əvvəl cənab Prezidentin də dediyi kimi, - istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik.

 

Hörmətli mətbuat nümayəndələri, bu gün İlham qardaşımla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələrimizi və regional prosesləri ətraflı müzakirə etdik. İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.

 

Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.

 

Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram.

 

Səfərim çərçivəsində mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Prezident, qardaşım Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərimi bildirirəm.

 

Fürsətdən istifadə edərək öz adımdan və heyətim adından xüsusilə Qardaşım Əliyev və bütün nazirlərə də təşəkkürlərimizi bildiririk. Təşəkkür edirəm. Sağ olun, var olun.

 

***

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola saldı.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub