"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2423
Tuneldə qətliam - Kəlbəcər
Mətbuat xidmətinin məlumatı 07 May, 2021
II HİSSƏ
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyənləşdirilərək milli və beynəlxalq məhkəmədə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti davam etdirir. Araşdırılması vacib olan belə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də baş verib*. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları güllə-barana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam ra­yo­nu ərazisində öldürülən Avo ləqəbli Monte Mel­konyan başçılıq edib. “Youtube”da bəzi erməni kanallarında bu faktı təsdiq edən videolara rast gəlmək olar.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda ən uzun məsafəsi olan sözügedən tunel Tərtər – Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən və işıq-landırılmayan tunelin uzunluğu 2 kilometrə yaxındır.

 

Ramil Eldar oğlu Hüseynov hadisənin şahidlərindəndir. O, 1979-cu il dekabrın 25-də Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub.  Erməni faşistlərinin “Tunel” ərazisində törətdiyi qətliam haqqında danışanda indi də həyəcanını gizlədə bilməyən Ramil deyir:

 

- Dağlar qoynunda yerləşən kəndimiz 79 evdən ibarət idi. Mənim də o kəndlə bağlı unudulmaz xatirələrim var. Ailədə dörd qardaş idik. Təəssüf ki, mənim yeniyetməlik dövrüm müharibə illərinə təsadüf etdi.

 

1993-cü ilin mart ayının əvvəllərindən Kəlbəcərdə vəziyyət pisləşmişdi. Ermənistanın silahlı dəstələti Ağdərə, Laçın və Göyçə istiqamətindən rayo­nun özünü və ətraf kəndləri intensiv şəkildə atəşə tuturdular. Elektrik ener­jisinin verilməsi xeyli müddətdi kəsildiyindən ətraf aləmdən təcrid olunmuşduq, baş verənlərdən xəbərsizdik. Ümidimiz yalnız batareya ilə işləyən radiolara qalmışdı, bunlar da hər evdə yox idi. Kəndin ağsaqqalları, nüfuzlu şəxsləri bir evə yığışıb, xəbər verilişləri başlayanda radionu qoşur, veriliş qurtaran kimi radionu söndürüb, batareyanı da çıxarırdılar. Təəssüf ki, o vaxt verilən məlumatların çoxu düz olmurdu. ... Martın 30-da günorta Ağdərə istiqmətindəki atışmanın səsi artıq kəndimizdə eşidilirdi. Axşama yaxın isə kənddən bir qədər yuxarıya iki top mərmisi düşdü. Kəndimizin böyükləri yaşlıları, qadınları, uşaqları təcili təhlükəsiz yerə çıxarmağı qərara alıdlar. O gecə səhərə qədər, demək olar ki, kənddə heç kim yatmadı. Gecə saat 2-3 olardı, atam evə gəldi və bildirdi ki, kənddən təcili çıxarılacaq 25 nəfərin siyahısı tutulub. Mənim də adım siyahıya daxil edilmişdi. Atamın tapşırığı ilə anam isti paltarlarımı yığdı, yola götürmək üçün yemək hazırladı. Səhər saat 6 radələrində bizi yola salmaq üçün hamı məktəbin həyətinə toplaşdı. Yola həmkəndlimiz Qoşqarın QAZ-53 markalı yük maşını ilə çıxacaqdıq. Siyahıda adı olanlar öz ailə üzvləri, qohumları, kənd adamları ilə sağollaşır və maşına minirdilər. Bəzən maşındakılar təzədən yerə düşür, bir daha kiminləsə qucaqlaşıb ayrılırdılar. Çox kədərli mənzərə idi: hamı kövrəlmişdi. Sanki camaatın ürəyinə dammışdı ki, bir neçə saatdan sonra bu insanlardan bəziləri qətlə yetiriləcək, bəziləri də əsir düşüb, uzun müddət erməni faşistlərinin iş­gəncələrinə nəruz qalacaqlar.

 

Məni atam, anam və həmin vaxt kənddə olan qardaşım Ceyhun yola salırdılar. Onlardan gec ayrıldığım üçün maşının banında əyləşməyimə yer qalmamışdı. Yol üçün götürülmüş ləvazimatlardan ibarək yükün üstündə oturub, ayaqları kabinanın üstünə uzatmalı oldum. Bir yanımda kəndimizin ağsaqqallarından Məhəmməd dayı, digər yanımda qonşumuz Əsgərxan dayı oturmuşdular. Hadisə zamanı hər ikisi girov götürüldü, indi həyatda yoxdurlar, ruhları şad olsun... Biri sağ qolumdan, biri sol qolumdan tutmuşdu ki, maşın hərəkətdə olanda yıxılmayım.

 

Saat təxminən 7-yə işləyəndə, maşın kənddən çıxdı. Yeddi kilometrlik məsafəni qət edib, Comərd kəndinə çatdıq. Burada yol tunelə girir. Onu da deyim ki, dinc vaxtlarda tunelin hər iki başında dayanan gözətçilər eni cəmi bir maşınlıq olan yolda gediş-gəlişi tənzimləyirdilər.

 

Həmin gün – martın 31-də səhər tezdən ermənilərin Ağdərə istiqamətindən gəlib artıq tunel ərazisinə çatıblarmış... ­Rayon mərkəzinə və Ağdərəyə tərəf çıxışdan, təxminən, 150 metr sonra yol sola burularaq “Tunel dairəsi” deyilən yerə çatır. Ermənilər də pusqunu burda qurmuşdular və bizim də maşını görən kimi atəş açmağa başladılar. Maşını yolun ortasında saxlayıb, yerə düşən Qoşqarı dərhal vurdular. Onda anladıq ki, qarşımızdakılar ermənilərdir. Özünü maşından yerə atan ikinci adam Əsgərxan dayı oldu. Onu da ayağından vurdular. Mən də aşağı tullandım və o dəqiqədə maşının körpü hissəsi ilə arxa təkəri arasında dar bir yerə girib orada gizləndim. Bir saata yaxın davam edən gülləbaran nəticəsində bizim maşında yaralanmayan adam qalmamışdı: kimisinə bir, kimisinə dörd-beş güllə dəymişdi. Ən ağır yara alan Cəmilə adlı qadının yanında kiçiyi 9, böyüyü 14 yaşında dörd uşağı vardı...

 

Maşının yük yerindən kürəyimə qan damcılayırdı. Yolda insan qanı, sanki sel kimi axırdı... Ah-nalə ərşə dirənmişdi. Yaralılar “su” deyib qışqırırdılar...

 

Bu vaxt tuneldən üstü adamla dolu daha bir yük maşını çıxdı. Onun sürücüsü vəziyyəti başa düşüb, qəfildən sürəti artırdı. Yəqin ki, məqsədi ermənilərin əlindən qurtulub, “Tunel körpüsü” adlanan yerə çıxmaq idi. Oraya çata bilsəydi, bəlkə də adamları qətliamdan xilas edə bilərdi. Lakin bizim yanımızdan keçəndə gördüm ki, ermənilərin atdığı güllələrdən təkərləri deşilmiş maşın diskin üstündə gedir. Bu vəziyyət də 10-15 metrdən sonra dayandı. Onun arxasınca gələn, içərisində qadın və uşaqların da olduğu UAZ markalı minik maşın da irəliyə gedə bilmədi.  İndi hər üç maşın atəş altındaydı, güllə yağış kimi yağırdı... Bizdən qabağa keçmiş yük maşınını ermənilər qumbaratanla vurub partlatdılar. Maşın yanmağa başladı.    

 

Saat 12-yə yaxın atəş kəsildi və ermənilər pusqudan çıxdılar. 20 nəfərə qədərdilər. Əvvəlcə, qapıları açılmış, içərisindəki adamların meyiti aşağı sallanan UAZ-a tərəf gəldilər. Sonralar bildim ki, həmin maşındakılar Laçın rayo­nunun Şam kəndindən olan Yusif Əliyev və ailə üzvləri imiş... Ermənilər onların hamısının öldüyünü görüb, bizdən qabağa keçib yanan yük maşınına yaxınlaşdılar. Sonradan öyrəndiyimə görə, həmin maşında 52 nəfər varmış və əksəriyyəti Laçın rayonu işğal olunanda gəlib, Kəlbəcərin Çobangərəh­məz kəndinə sığınıblarmış... Yolda maşına iki hərbçi də minibmiş... Məhz onlara görə ermənilər maşını qumbaratanla vurmuşdular. Yanğından xilas ola bilməyən, yaralanmış insanlar alovların içərisində dəhşətlə bağırırdılar.

 

Ermənilər bizim maşında da hərbçilərin olduğunu güman edib, qumbaratanla atəş açmağa hazırlaşanda mən gizləndiyim yerdən çıxdım. Elə bu anda qohumum Ofeliyanın səsini eşitdim: “Ramil, hardasan mənə kömək elə düşüm”. O, qolundan yaralanmışdı. Kömək etdim, maşından düşdü. Mənim də üst-başım qana bulaşdı. Həmin vaxt yerdə yaralı vəziyyətdə uzanmış Əsgərxan dayı ermənilərin niyyətini başa düşüb, əlindəki papağı yelləyərək qışqırdı ki, bizim maşında hərbçi və silah-sursat yoxdur.

 

Bundan sorna 7-8 erməni bizim maşına yaxınlaşaraq silahlarını üstümüzə tuşlayıb, bir daha yanımızda hərbçilər olub-olmadığını soruşdular. Dedik ki, hamı yerli kənd camaatıdır. Həmin anda mən arxa təkərin yanında durmuşdum. Erməninin biri mən tərəfə gələndə azca kənara çəkildim. Ayağını təkərin üstünə qoyub, maşının banına baxdı və gördü ki, orada yaralılar və bizim əş­yalarımız var.

 

Yerə düşdü və böyrümdən keçib, silahlarını bizə tuşlamış quldur yoldaşlarına tərəf getdi. Onlar bizimlə Azərbaycan dilində, öz aralarında ermənicə danışırdılar. Aralarındakı iki nəfərin dəstə başçıları olduğu hiss edilirdi. Birinə Karo, digərinə Avo deyə müraciət edirdilər. Əmrləri onlar verirdilər. Bizi təhqir edir, yaralılara işgəncə verir, yaralarının üstünə botinkalı ayaqlarını basır, təpikləyirdilər.

 

Qorxudan donub qalmışdım, kənddə qalan valideynlərimin, qardaşımın, qohum-əqrabanın da, indi də olmasa, sabah gəlib buradan keçəcəklərini düşündükcə hövllənirdim.

 

Saat 15.00 radələrində Ağdərə istiqamətindən zirehli texnikanın müşayiəti ilə çoxlu sayda erməni əsgəri gəldi. Onlar yaxınlaşıb əvvəlcə UAZ-a və artıq yanıb külə dönmüş yük maşınına baxdılar. Onu da qeyd edim ki, qumbaratanla vurulan yük maşınından partlayış dal­ğası yeniyetmə bir qızla bir oğlanı aşağıdan axan Tutqu çayına atmışdı. Sonradan öyrəndim ki, onlar Yeganə və Müşfiq adlı bacı-qardaşdırlar. Həmin uşaqların ağlaşması hələ də gözümün qabağından getmir...

 

Ermənilər özlərinin yük maşınlarını bizim maşının yanına sürüb saxladılar və sağ qalanları, yaralıları oraya yığmağa başladılar. Vəhşicəsinə davranırdılar. Yaralıların başından-ayağından yapışıb, maşının yük yerinə atırdılar. Bunu görəndə əsir düşməmək üçün özümü çaya atmaq barədə düşündüm. Fikirləşdim ki, sağ qalsam, gedib kəndə xəbər verərəm... Xilas olmaq üçün camaat bir yol tapar.

 

Yaralı, sağ qalan hamını maşının yük yerində bir-birinin üstünə qalaqladılar. Həmin o bacı-qardaşı da gətirib atdılar ora...  

 

Yerdə iki həmkəndlimin meyiti qalmışdı. Ermənilər onlara tərəf gələndə mən yavaş-yavaş maşının arxa hissəsinə keçib, ordan özümü çaya atdım. Təxminəm 25-30 metr yüksəklikdə qaya idi. Ermənilər bunu görüb, arxamca qışqırmağa və güllə atmağa başladılar. Tutqu çayı məni, hardasa, 50 metrə yaxın apardı. Sudan çıxa bilmirdim, çayda bir ağaca ilişib qaldım. Ağacın qol-budağı çayın içindən sahilə qədər uzanırdı. Çaydan çıxandan sonra hiss etdim ki, ayağımda dəhşətli ağrı var. Elə bildim, güllə dəyib, sonra gördüm ki, diz qapağım möhkəm əzilib. Beş-on dəqiqə özümə gələndən sonra çayyuxarı qayıtmağa başladım. Özümü atdığım yerə çatanda orada arxamca tökülən daş-kəsəkdən qalan qum dənəcələri hələ də üzüaşağı yuvarlanırdı... Ermənilərın yuxarıda danışıqlarını eşidirdim.  Orada gizlənib, xeyli gözlədim. Ermənilərin məni görə bilməyəcəklərinə əmin olduqdan sonra tunelə girdim, geriyə - kəndimizə sarı qaçmağa başladım. Çayın qırağı ilə gedirdim. Birdən Comərd kəndi tərəfdən bir neçə maşının gəldiyini gördüm. Onlara əl edib, qışqırdım ki, dayanın, getməyin, tunelin çıxışını ermənilər tutublar. Həmin maşınlardan biri ilə Comərdə çatdım. Camaata şahidi olduğum hadisəni danışdım və orada qalmayıb, payi-piyada öz kəndimizə yollandım. Yeddi kilmetr yolu dayanmadan gedib, axşamtərəfi kəndə çatdım. Kəndin girəcəyindəki ilk ev maşınımızın sürücü Qoşqargilinki idi. Onun anası Əfruz xala məni görüb: “Ramil, səni səhər-səhər yola salmışdıq, niyə qayıtdın?” – deyə qışqırdı. Dedim, “ermənilər bizi tutdular, təkcə mən qaça bildim”. Əfruz xalanın qızı, oğlu o maşında idilər. Qadının qışqırtısına hər tərəfdən adamlar axışıb bizə tərəf gəlirdilər.  Hamı “Ramil, Ramil” deyib kəndin ayağına qaçırdı. Atam elə bilib ki, maşın qəzaya düşüb, mən ölmüşəm... Nə isə... Hamı başıma yığışdı. Əhvalatı danışdım. Kənddə bir müsibət qopdu ki!.. Elə oradan da heç kim evinə qayıtmadı, kəndi tərk etməyə başladıq. Mart ayının 31 idi, düz 4 gün ərzində dağlarla ailə üzvlərimiz və həmkəndlilərimizlə Göygöl rayo­nunun Toğanalı kəndinə gəlib çıxa bildik.

 

...Tuneldə baş verənlər bir qətliam, soyqırımıdır. Şahidi olduğum bu erməni vəhşiliyini unutmaq mümkün deyil: insanları diri-diri odun-alovun içərisinə atırdılar, uşaqlara, qadınlara, yaşlılara olmazın işgəncələr verdilər. Hadisə baş verən yerdə  82 nəfər azərbaycanlı olub. Onların 50-sindən çoxu diri-diri yandırılıb. 31 nəfər əsir götürülüb, 3-4 il ermənilər tətəfindən dözülməz işgəncələrə, zülmə məruz qalıb. Əsirlikdən qayıdanların, demək olar ki, hamısı sağlamlığını itirib, bəziləri erkən vəfat edib. Bu qətliam, soyqırımı barədə də mütləq cinayət işi qaldırılmalı, erməni faşiziminin insanlığa zidd, qəddar əməlləri dünya ictimaiyyətinə çatdırılmalıdır.

 

İndi möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-diplomatik hünəri, ordumuzun rəşadəti sayəsində Kəlbəcər də işğaldan azad edilib. Bu günlərdə həmin yerlərə yolu düşənlər tunelin yaxınlığında ermənilərin 28 il əvvəlki vəhşiliyinin izlərinin – o vaxt məhv edilən avtomaşınların qalıqlarının qaldığını görüblər. Qətliamın qurbanı olan insanların bəziləri hələ də itkin düşmüş sayılır.

 

Əminəm ki, qalib xalqımız, qüdrətli dövlətimiz və onun müdrik, qətiyyətli rəhbəri tuneldəki qətiliamın da tezliklə hüquqi qiymət almasına və bunu törədən erməni quldurların cəzalandırılmasına nail olacaqdır. Və bir də çox istərdim ki, tuneldəki qətliamın qurbanlarının xatirəsini əbədiləşdirmək üçün həmin yerdə abidə ucaldılsın, gələcək nəsillər erməni faşizminin cinayətlərini heç vaxt unutmasın.

 

Orxan ASLAN
"Vətən səsi", 7 May 2021, N17

 

P.S.  Tunel ərazisində ermənilərin törətdiyi qətliamı ilə bağlı araşdırmalarımız davam etdiriləcək.

 

*QEYD: QƏZETİMİZİN 30 aprel 2021-ci il tarixli nömrəsində dərc etdiyimiz məqalədə qətliamın, hadisə şahidlərindən biri  - Yeganə Əliyevanın məlumatı əsasında, 1993-cü il martın 30-da baş verdiyi bildirilib. Lakin digər şahidlərlə apardığımız dəqiqləşdirməyə görə, ermənilər bu hərbi cinayəti martın 31-də törədiblər.

19 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Şuşa şəhərində fləşmob keçirib
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Füzulinin yeni növrağı