"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 751
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
Rəsmi xronika 13 Avqust, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.

 

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısı və birinci xanıma türbədə görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.

 

Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək.

 

Məlumat verildi ki, abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.

 

Ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılıb. Eyni zamanda, türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilib.

 

Diqqətə çatdırıldı ki, XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanıb. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılıb.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

 

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

 

Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər. Həmçinin “VİTAMİN BAR”da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü mənalı keçirəcək, meşələrlə əhatələnmiş “PALID CAFE”nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşayacaq və ya “RAST”ın bənzərsiz atmosferində heyrətamiz mənzərələrdən və qeyri-adi mətbəxdən zövq alacaqlar.

 

Qeyd edilib ki, “KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan ideal yerdir. Burada peşəkar animasiya komandası gün ərzində uşaqların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək. “LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq. “ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır. Otelin qonaqları “HAZE Club & Karaoke Lounge”da peşəkar barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dada bilərlər.

 

Diqqətə çatdırılıb ki, “NİYAL SPA” geniş sahədə yerləşən 4 prosedur otağı, masaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.

 

“Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyrati” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur.

 

Bildirilib ki, otelə gələn qonaqlar İsmayıllı rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilərlər. “Basqal Resort & Spa” təbiətin qoynunda istirahət və əyləncə dolu yeni məkandır.

 

***

 

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

 

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, Şeyx Məhəmməd məscidinin içərisində, Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri aşkar edilib, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılıb. Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

 

Qeyd edildi ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.

 

Həmçinin qoruğun ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işlərinin elmi-nəzəri bazasını formalaşdırmaq, gələcəkdə aparılacaq tikinti və bərpa işlərinin mədəni irsin və yerli memarlıq ənənələrinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq normaların müəyyənləşdirildiyi “Basqal Mədəni İrsi: Təmir-bərpa kitabı” elmi-praktiki dərslik ərsəyə gətirilib.

 

Diqqətə çatdırıldı ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

 

Məlumat verildi ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

 

Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş “Pir çinar bulağı” və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.

 

Bundan əlavə, 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb.

 

Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.

 

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.

 

Dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.

 

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

 

Prezident İlham Əliyev: Salam.

 

Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.

 

Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?

 

Usta: Yaxşıdır, çox sağ olun.

 

Prezident İlham Əliyev: Müştəri çoxdur?

 

Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.

 

Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.

 

Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.

 

Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.

 

Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.

 

***

 

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

 

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

 

Prezident İlham Əliyevə əvvəlcə Gənc Sənətkarlar Mərkəzində yaradılan şərait barədə məlumat verildi.

 

Bildirildi ki, Mərkəzin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Mərkəzin binası 36 yerlik akt zalı, məşq səhnəsi, teatr dərnəyi, rəsm, heykəltəraş, foto, dərzi otaqları, moda nümayişi podiumu, inzibati və yardımçı otaqlardan ibarətdir. Bina müasir avadanlıq, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib.

 

Sonra Prezident İlham Əliyev Dövlət Rəmzləri Muzeyi ilə tanış oldu.

 

Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 16 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, həmin dövrdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə, Bayraq meydanlarının açılışı mərasimlərinə dair fotoşəkillər, poçt markaları, orden və medallar nümayiş olunur.

 

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 1,27 hektar sahədə Bayraq Meydanı yaradılıb. Burada hündürlüyü 65 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib.

 

 ***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

 

“Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

 

Qeyd edildi ki, müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, ümumilikdə 34 kilometr uzunluğunda yeni yol çəkilib, mövcud yollar yenidən qurulub. Aqroparkın elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Ərəbmehdibəy kəndi ərazisində 1 elektrik stansiyası, 2 ədəd 630 kilovoltluq, 1 ədəd 100 kilovoltluq, 1 ədəd 35 kilovoltluq, ümumilikdə isə 7 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 45,4 kilometrlik elektrik xətti çəkilib, rabitə, SİP kabelləri yenilənib, işıqlandırma işləri görülüb. Həmçinin Girdimançay üzərində müasir körpü tikilərək istifadəyə verilib, müəssisənin qazla təmin olunması məqsədilə 33 kilometr uzunluğunda qaz xətti çəkilib.

 

Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur.

 

Diqqətə çatdırıldı ki, aqroparkın ərazisindəki torpağın münbitliyinin artırılması məqsədilə orqanik və mineral gübrələrdən istifadə edilir. Torpağın üst qatında lazer səviyyələndirmə texnikası ilə hamarlama işləri aparılıb, drenaj kanalları çəkilərək şoranlıq problemi həll edilib, nəticədə 1600 hektardan artıq torpaq sahəsi əkin üçün yararlı hala gətirilib. Həmin ərazidə yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb. Əkin sahələrinin suvarılması məqsədilə Yuxarı Şirvan kanalının suyunun səmərəli şəkildə istifadəsi təşkil olunub, uzunluğu 22 kilometr olan su xətti çəkilib, 5 nasosxana və 6 artezian quyusu istifadəyə verilib, 800 hektar sahədə yüksək standartlara cavab verən pivot suvarma sistemləri qurulub. Əkinçilikdə növbəlilik sistemi tətbiq edilir. Həmçinin toplanılan silosun saxlanılması məqsədilə ərazidə 16 min tonluq beton silos quyuları və 13 min 500 kubmetr taxılsaxlama anbarları tikilib. Aqroparkda saatda 5 ton yem istehsal edən, avadanlığı Türkiyədən gətirilən zavod istifadəyə verilib.

 

Məlumat verildi ki, müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatı il ərzində 10 min ton toxum təmizləmək gücünə malikdir. Müəssisədə 38 traktor və kombayn, 133 digər kənd təsərrüfat texnikasından ibarət nəqliyyat-texnika parkı yaradılıb. “Ağsu Aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.

 

Qeyd edək ki, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

 

Respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

 

İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir.

 

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulur.

 

Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Bu aqroparklardan biri də Ağsu rayonunun Çiyni kəndində “Ağsu Aqropark” QSC tərəfindən yaradılmış aqroparkdır.

07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub
05 May, 2023 / Rəsmi xronika Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub
04 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
03 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
08 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
06 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib
04 Aprel, 2023 / Rəsmi xronika Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub
04 Aprel, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
28 Mart, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
27 Mart, 2023 / Rəsmi xronika Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib
20 Fevral, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri