"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1891
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak etmişdir
Mətbuat xidmətinin məlumatı 25 Yanvar, 2012
Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 21-də Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Qeyd edildi ki, buradakı mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilmişdir. Bildirildi ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli beşmərtəbəli 12 binadan ibarət bir məhəllə salınmışdır. Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində oldu. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı məcburi köşkün ailəsi ilə söhbət etdi. Prezident İlham ƏLİYEV: Necəsiniz, nə var nə yox? Qədim Sadıqov: Çox sağ olun. Prezident İlham ƏLİYEV: Razısınız? Qədim Sadıqovun həyat yoldaşı: Çox razıyıq. Sağ olun, minnətdarıq. Prezident İlham ƏLİYEV: Siz Naftalanda yaşayırdınız? Qədim Sadıqov: Bəli, “Goran” sanatoriyasında. Qədim Sadıqovun həyat yoldaşı: Çox pis vəziyyətdə yaşamışıq. Prezident İlham ƏLİYEV: Şəkilləri gördüm. Qədim Sadıqovun həyat yoldaşı: Bizi bu cür gözəl evlə təmin etdiyinizə görə Sizə minnətdarıq. Prezident İlham ƏLİYEV: Naftalanda neçə il yaşamısınız? Qədim Sadıqov: 20 ildir Naftalan şəhərində yaşayırdıq. Çox pis vəziyyətdə yaşayırdıq. Prezident İlham ƏLİYEV: O vaxt orada bütün sanatoriyalar pis vəziyyətdə idi. Şərait çox pis idi. İndi gözəl mənziliniz vardır. Bütün şərait yaradılmışdır. Burada rahat yaşamaq olar. Qədim Sadıqov: Çox sağ olun, Sizin sayənizdə. Əli HƏSƏNOV: Bu ailə çox böyük faciələr yaşayıb. Xanımın atası, anası Xocalıdan çıxanda həlak olublar. Bir nəsildən 28 nəfər şəhid olub. Ümumiyyətlə orada elə bir ailə yoxdur ki, itkisi olmasın. Prezident İlham ƏLİYEV: Burada gözəl şərait yaradılıb. Qədim Sadıqov: Hörmətli cənab Prezident! Bizə yaratdığınız bu gözəl şəraitə görə Sizə ailəmiz adından minnətdarlığımızı bildiririk. Çox sağ olun. Prezident İlham ƏLİYEV: Sağ olun. Burada rahat yaşayın. Burada yaşamaq üçün hər cür şərait, uşaqlar üçün musiqi məktəbi vardır. Ancaq torpaqlarımız işğaldan azad olandan sonra əvvəlki yerdə daha da gözəl evlər tikəcəyik. Əlbəttə, bir halda ki, burada belə gözəl evlər tikirik, Xocalını, Şuşanı mütləq yenidən quracağıq. Sonra Azərbaycan Respublikasının Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinlədi, onlarla xatirə şəkli çəkdirdi. Daha sonra dövlətimizin başçısı yeni məhəllənin sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: - Sizi təbrik edirəm. Burada doğrudan da gözəl şəhərcik yaradılmışdır. Düz bir il bundan əvvəl burada birinci evlər istifadəyə verilmişdir. O vaxt da gəlmişdim, bu layihələrlə də tanış olmuşdum. O vaxt tikinti gedirdi və mənə məruzə edildi ki, burada gözəl beşmərtəbəli evlərdən ibarət bir şəhərcik tikiləcəkdir. Bu gün evlər hazırdır və siz artıq bu evlərə köçməyə başlayırsınız. Şərait də yaxşıdır, yəni, artıq bu bir standartdır. Bu standart həmişə gözlənilir - yaraşıqlı, işıqlı, gözəl evlər. Sizin əvvəlki yaşayış yeriniz o qədər də uyğun deyildi. Orada göstərilən fotoşəkillərdən görünür. Naftalan şəhərində, köhnə sanatoriyalarda məskunlaşmışdınız. Orada vəziyyət çox ağır idi. Burada isə vəziyyət müqayisəedilməz dərəcədə fərqlidir. Bütün şərait var, gözəl, yaraşıqlı musiqi məktəbi, orta məktəb, uşaq bağçası. Burada bütün infrastruktur yaradılıbdır. Yəni, yaşamaq üçün bütün şərait vardır. Goranboy rayonunda artıq belə layihələrin sayı artmaqdadır. Mən yaxşı xatırlayıram, 2002-ci ildə ulu öndər Aşağı Ağcakənd kəndində yeni salınmış qəsəbənin açılışında iştirak etmişdir. Mən də iştirak edirdim, Əli müəllim də. Yadımdadır, biz dayanmışdıq, ulu öndər ürək sözlərini deyirdi. Bu, birinci belə addım idi. Birinci və çox önəmli! Çünki Aşağı Ağcakənd yaşayış məntəqəsi qədim Azərbaycan torpağıdır, həmişə də Azərbaycan torpağı olmuşdur. Tarixən də Azərbaycan torpağıdır və orada Ermənistandan köçən qaçqınları və Xocalı köçkünlərini yerləşdirmək doğrudan da böyük bir hadisə idi. O vaxtdan bu günə qədər biz bu sahədə ulu öndərin yolu ilə gedirik. Onun tövsiyələrini yerinə yetiririk, onun vəsiyyətinə sadiqik. Artıq beşinci ildir ki, bir dənə də olsun çadır şəhərciyi yoxdur. Biz 2007-ci ildə sonuncunu ləğv etdik. Gözəl binalar tikilir, qəsəbələr salınır, 70-dən yuxarı qəsəbə salınmışdır. On minlərlə köçkün gözəl şəraitlə təmin edilmişdir. O cümlədən, yenə də deyirəm, Goranboy rayonunda belə tədbirlərin sayı çoxdur. Keçən il, düz bir il bundan əvvəl, fevral ayında burada idim. 2009-cu ildə Veyisli kəndində buna oxşar tədbirdə iştirak etmişəm. Bu gün də sizinlə birlikdəyəm. Bir ay bundan əvvəl - dekabr ayında biz Ağcabədi rayonunda gözəl şəhərciyin açılışında iştirak etmişik. Yəni, bu proses sürətlə gedir. Bu proses çox geniş vüsət alır. Bir neçə gün bundan əvvəl Nazirlər Kabinetinin toplantısında mən qarşıya vəzifə qoydum ki, bu gün bu məqsədlər üçün nəzərdə tutduğumuz məbləğin üstünə əlavə vəsait ayırmalıyıq, 110 milyon manat nəzərdə tutulmuşdur. Mən Nazirlər Kabinetinə tapşırıq verdim ki, bu məbləği 2-3 dəfə artıraq və artıq məsələ müzakirə edildi. Bu il tikintilərə 300 milyon manat sərf ediləcəkdir. Yəni, bu vəsaitlə 14 minə qədər köçkün gözəl evlərə, qəsəbələrə köçürüləcəkdir. Bu, doğrudan da böyük təşəbbüslərdir. Düzdür, böyük vəsait tələb edir. Ancaq indi Azərbaycan güclü dövlətdir. Biz güclü iqtisadiyyat yaratmışıq. Maliyyə vəziyyətimiz də yaxşılaşır. Ölkə qarşısında duran ən vacib məsələ hansıdır?! Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, ən vacib məsələ köçkünləri normal evlərlə, mənzillərlə təmin etməkdir. Hər bir sahə prioritetdir. Əgər iqtisadiyyat inkişaf etməsə, maddi imkanlarımız da olmayacaq. Ancaq, maddi imkanları hansı istiqamətə yönəltmək əlbəttə ki, dövlətin siyasətindən asılıdır. Bizim siyasətimiz isə çox açıqdır, aydındır, birmənalıdır. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı bizim bütün işlərimizin təkanverici amilidir. Hər şey insanlar üçündür. Hər şey ən ağır vəziyyətdə yaşayanlar üçündür. Bizdə ən ağır vəziyyətdə köçkünlər yaşayır. Nazirlər Kabinetinin toplantısında çıxışında Əli müəllim qeyd etdi ki, köçkünlərin arasında yoxsulluq 74 faizdən 18 faizə düşmüşdür. Çox yaxşı göstəricidir, ancaq yenə də çoxdur. Çünki ölkə üzrə bu göstərici 8 faizdən aşağıdır. Biz həm evlərin tikintisi, həm köçkünlərin məşğulluğunun artırılması istiqamətində daha da böyük addımlar atmalıyıq, atacağıq və əminəm ki, yoxsulluq daha da aşağı düşəcəkdir. Əlbəttə, siz yaxşı bilirsiniz ki, köçkünlər bütün kommunal ödənişlərdən azaddırlar. Bu, bizim dövlət siyasətimizdir. Bu siyasət davam etdirilməlidir. Torpaqlarımız işğalçılardan azad olandan sonra gözəl evləri həmin torpaqlarda tikəcəyik. Ondan sonra orada iş yerləri də, infrastruktur da yaradılacaqdır. Əlbəttə ki, o vaxt bu güzəştlərə ehtiyac qalmayacaqdır. Amma nə qədər ki, siz müvəqqəti yaşayış yerlərində yaşayırsınız, bu güzəştlər olmalıdır. Mən bu gün buraya gəlməmişdən əvvəl təmas xəttində olmuşam, əsgərlərlə, zabitlərlə görüşmüşəm. Təmas xətti düz Dağlıq Qarabağın, keçmiş muxtar vilayətin hüdudlarında yerləşir. Çox şadam ki, hərbçilərdə ruh yüksəkliyi yaxşı səviyyədədir, döyüş qabiliyyəti, yeni texnika, silahlar, sursatlar, təminat yüksək səviyyədədir. Qarşı tərəfə baxarkən bir daha əmin oldum, bir daha fikirləşdim ki, biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür ola da bilməz. Bu inam getdikcə artır. Mən buna ürəkdən inanıram və istəyirəm ki, hər bir vətəndaş buna inansın. Biz qayıdacağıq və qayıtmaq üçün nə lazımdır onu edirik. Həm danışıqlar aparırıq, həm iqtisadiyyatımızı gücləndiririk, siyasi təşəbbüslərlə çıxış edirik, hərbi gücümüzü artırırıq. Bütün bu amillər Azərbaycanın üstünlüyünü göstərir. Vaxt gələcək bu üstünlük reallığa çevriləcək, həyatda öz əksini tapacaqdır. Çünki Dağlıq Qarabağ daxil olmaqla hazırda işğalda olan bütün ərazilər dədə-baba torpaqlarımızdır. Bizim vətəndaşlar bu torpaqlara qayıtmalıdırlar, qayıdacaqlar. Əsrlər boyu o torpaqlarda biz yaşamışıq, biz də yaşayacağıq. Sadəcə olaraq mən istəyirəm ki, bunu tezliklə edək. Biz bütün səyləri buna yönəldirik. Əfsuslar olsun ki, bu, hələ mümkün deyildir. Ancaq məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Ancaq hələ ki, bu mümkün deyildir. Sizin üçün belə gözəl evlər tikilir. Bir daha demək istəyirəm ki, - mən demək olar hər dəfə köçkünlərlə görüşəndə bunu qeyd edirəm, - bu, müvəqqəti yaşayış yeridir. Yaxşı yerdir, ancaq müvəqqətidir. Bundan da gözəl evlər tikiləcəkdir. O cümlədən Xocalıda, Kəlbəcərdə, Laçında və bütün başqa torpaqlarda. Biz 2012-ci ili bu gözəl tədbirlə başlayırıq. Bu gün, eyni zamanda, Gəncədə ölkəmizin inkişafı üçün çox vacib olan böyük alüminium zavodunun və digər obyektlərin açılışını qeyd etdik. Mən çox şadam ki, biz 2012-ci ili məhz bu gözəl tədbirlərdən başlayırıq. Nəzərə alsaq ki, bu il bu məqsədlər üçün, yəni, köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün rekord məbləğ ayrılacaq, belə görüşlər, belə tədbirlər çox olacaqdır. Sonda xatirə şəkli çəkdirildi.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib