Dünya Bankı (WB)
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) və Dünya Bankı tərəfindən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılmış Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun başlıca vəzifəsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə infrasturkturun, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək, onlar üçün iş yerləri açmaq, kiçik biznesin inkişafına yardım etməkdən ibarətdir.
Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyətləri orqanları, beynəlxalq və milli qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə qurur, məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdığı ərazilərdə sosial sorğular keçirir, təhlillər və tədqiqatlar aparır, təkliflər verir, proqnozlar hazırlayır, müxtəlif istiqamətlər üzrə icma mikrolayihələrinin hazırlanmasına kömək edir, həmin layihələrin qiymətləndirilməsini aparır və məqsədəuyğun hesab olunanların layihə-tender sənədlərinin hazırlanmasını və həyata keçiriliməsini təmin edir.
MKSİF-in ali idarəetmə orqanı olan Müşahidə Şurasının tərkibinə Azərbaycan Hökumətinin, beynəlxalq, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər donor təşkilatların nümayəndələri də daxil edilmişdir.
2001-2005-ci illər ərzində “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” üzrə Dünya Bankı tərəfindən birinci tranşla Azərbaycan Hökumətinə ayrılmış 10 milyon ABŞ dolları həcmində (Azərbaycan Hökumətinin payı 0,7 milyon ABŞ dolları) güzəştli kredit vəsaitindən 7 milyon ABŞ dolları məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə infrastrukturun bərpasına, 2,1 milyon ABŞ dolları isə yeni iş yerlərinin yaradılması üçün mikrokreditlərin ayrılmasına yönəldilmişdir.
Layihə uğurla başa çatdırılmış, 30 şəhər və rayonda 170 min nəfərədək məcburi köçkünün faydalandığı 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, 1670 hüquqi və 10687 fiziki şəxsə kredit verilmişdir.
Layihənin davam etdirilməsi məqsədi ilə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında 2005-ci ildə bağlanılmış, ümumi dəyəri 12,6 milyon ABŞ dolları olan (11,5 milyon ABŞ dolları Bankın güzəştli kredit vəsaiti, 1,1 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payı) yeni Kredit Sazişinə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 110 min nəfərin (80 %-i məcburi köçkündür) faydalandığı 168 mikrolayihə həyata keçirilmişdir.
2008-ci il mayın 15-də “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə”ni həyata keçirmək məqsədi ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan Hökuməti arasında 2009-2011-ci illəri əhatə edən yeni Layihə Sazişi imzalanmışdır. Ümumi dəyəri 24,19 milyon ABŞ dolları təşkil edən həmin Layihədə 15,0 milyon ABŞ dolları Dünya Bankının kredit vəsaiti, 8,69 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payı olmuşdur.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında 2011-ci il 10 noyabr tarixində dəyəri 78 milyon ABŞ dolları olan (həmin vəsaitin 50 milyon ABŞ dolları Dünya Bankının ayırdığı kredit, 28 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payıdır) "Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi"nə dair yeni Kredit Sazişi imzalanmışdır.
Ümumiyyətlə, Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 325 min nəfərin faydalandığı və dəyəri 32 milyon manat təşkil edən 550 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83%-i məcburi köçkündür.Həmin layihə üzrə həmçinin 10 ildə 10,8 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 50 min nəfər məcburi köçkün faydalanmışdır.
Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə Dünya Bankı və Azərbaycan Hökuməti arasında imzalanmış " Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf fondunun xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti hesabına 101 icma mikrolayihəsi icra olunmuş, 242 nəfər gənc məcburi köçkün müxtəlif peşə təlimini bitirmiş, 14 idman kompleksi, 22 kompyuter, 16 gənclər-əyləncə və 13 məişət-tədris, 1 elektron kitabxana yaradılmışdır.
Click on the link:
Stakeholder Engagement Plan for the Improved Livelihoods for IDPs in Azerbaijan Project (ILIDP)
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı (WB) arasında keçirilən görüşlər:
2011-ci ilin noyabrın 10-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankı tərəfdən isə bu qurumun ölkə üzrə rəhbərinin nümayəndəsi Səidə Bağırlı imzalayıb;
2012-ci ilin iyunun 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alam və bu vəzifəyə təyin olunmuş Henri Kerali ilə görüşüb;.
2012-ci ilin avqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali ilə görüşüb;
2014-cü ilin oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşşenkonu qəbul edib;
2015-ci ilin iyunun 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi xanım Michelle Rebosionu qəbul edib;
2015-ci ilin oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının sosial inkişaf üzrə sektor müdiri Nina Bhattın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib;
2015-ci ilin dekabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri Larisa Leşşenko və Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi Michelle Rebosionu qəbul edib;
2016-cı ilin noyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel ilə görüşüb;
2016-cı ilin noyabrın 15-də Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə səfər etdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüblər;
2017-ci ilin aprelin 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;
2017-ci ilin mayın 4-də Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobelin rəhbərliyi ilə nümayəndə heyəti “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə səfər etdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüblər;
2018-ci ilin yanvarın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;
2018-ci ilin aprelin 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.