Dünya Bankı (WB)
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) və Dünya Bankı tərəfindən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılmış Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun başlıca vəzifəsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə infrasturkturun, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək, onlar üçün iş yerləri açmaq, kiçik biznesin inkişafına yardım etməkdən ibarətdir.
Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyətləri orqanları, beynəlxalq və milli qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə qurur, məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdığı ərazilərdə sosial sorğular keçirir, təhlillər və tədqiqatlar aparır, təkliflər verir, proqnozlar hazırlayır, müxtəlif istiqamətlər üzrə icma mikrolayihələrinin hazırlanmasına kömək edir, həmin layihələrin qiymətləndirilməsini aparır və məqsədəuyğun hesab olunanların layihə-tender sənədlərinin hazırlanmasını və həyata keçiriliməsini təmin edir.
MKSİF-in ali idarəetmə orqanı olan Müşahidə Şurasının tərkibinə Azərbaycan Hökumətinin, beynəlxalq, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər donor təşkilatların nümayəndələri də daxil edilmişdir.
2001-2005-ci illər ərzində “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” üzrə Dünya Bankı tərəfindən birinci tranşla Azərbaycan Hökumətinə ayrılmış 10 milyon ABŞ dolları həcmində (Azərbaycan Hökumətinin payı 0,7 milyon ABŞ dolları) güzəştli kredit vəsaitindən 7 milyon ABŞ dolları məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə infrastrukturun bərpasına, 2,1 milyon ABŞ dolları isə yeni iş yerlərinin yaradılması üçün mikrokreditlərin ayrılmasına yönəldilmişdir.
Layihə uğurla başa çatdırılmış, 30 şəhər və rayonda 170 min nəfərədək məcburi köçkünün faydalandığı 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, 1670 hüquqi və 10687 fiziki şəxsə kredit verilmişdir.
Layihənin davam etdirilməsi məqsədi ilə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında 2005-ci ildə bağlanılmış, ümumi dəyəri 12,6 milyon ABŞ dolları olan (11,5 milyon ABŞ dolları Bankın güzəştli kredit vəsaiti, 1,1 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payı) yeni Kredit Sazişinə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 110 min nəfərin (80 %-i məcburi köçkündür) faydalandığı 168 mikrolayihə həyata keçirilmişdir.
2008-ci il mayın 15-də “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə”ni həyata keçirmək məqsədi ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan Hökuməti arasında 2009-2011-ci illəri əhatə edən yeni Layihə Sazişi imzalanmışdır. Ümumi dəyəri 24,19 milyon ABŞ dolları təşkil edən həmin Layihədə 15,0 milyon ABŞ dolları Dünya Bankının kredit vəsaiti, 8,69 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payı olmuşdur.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında 2011-ci il 10 noyabr tarixində dəyəri 78 milyon ABŞ dolları olan (həmin vəsaitin 50 milyon ABŞ dolları Dünya Bankının ayırdığı kredit, 28 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payıdır) "Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi"nə dair yeni Kredit Sazişi imzalanmışdır.
Ümumiyyətlə, Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 325 min nəfərin faydalandığı və dəyəri 32 milyon manat təşkil edən 550 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83%-i məcburi köçkündür.Həmin layihə üzrə həmçinin 10 ildə 10,8 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 50 min nəfər məcburi köçkün faydalanmışdır.
Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə Dünya Bankı və Azərbaycan Hökuməti arasında imzalanmış " Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf fondunun xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti hesabına 101 icma mikrolayihəsi icra olunmuş, 242 nəfər gənc məcburi köçkün müxtəlif peşə təlimini bitirmiş, 14 idman kompleksi, 22 kompyuter, 16 gənclər-əyləncə və 13 məişət-tədris, 1 elektron kitabxana yaradılmışdır.
2019-cu ildə noyabrında Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramı üzrə ölkədə 2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub. Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük “Biznesin idarə olunması” təlimlərinə cəlb edilib. Layihə çərçivəsində məcburi köçkün gənclər 40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və s. peşələr üzrə təlimlərdə iştirak ediblər. Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarən alət və avadanlıqların verilməsinə başlanılıb. Gəncədə və Mingəçevirdə keçirilən tədbirdə bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.
2022-ci ildə Dünya Bankı “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir. Layihənin məqsədi bərpa və sülh quruculuğu sahəsində hökumətin potensialını təkmilləşdirmək üçün məcburi köçkünlərin mövcud sosial-iqtisadi vəziyyətinə dair bilgilərin genişləndirilməsi və onların ehtiyaclarını ödəmək üçün effektiv yanaşmaların müəyyənləşdirilməsidir. Layihə çərçivəsində respublikamızın 22 şəhər və rayonda məcburi köçkünlərin vəziyyəti haqqında məlumatlar toplanılır və təhlillər aparılır. Layihə çərçivəsində Dünya Bankının sifarişi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Sigma ŞQ” şirkətinin ekspertləri tərəfindən məcburi köçkünlərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, eləcə də məşğulluq və özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil edilir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı (WB) arasında keçirilən görüşlər:
2011-ci ilin noyabrın 10-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankı tərəfdən isə bu qurumun ölkə üzrə rəhbərinin nümayəndəsi Səidə Bağırlı imzalayıb;
2012-ci ilin iyunun 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alam və bu vəzifəyə təyin olunmuş Henri Kerali ilə görüşüb;.
2012-ci ilin avqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali ilə görüşüb;
2014-cü ilin oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşşenkonu qəbul edib;
2015-ci ilin iyunun 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi xanım Michelle Rebosionu qəbul edib;
2015-ci ilin oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının sosial inkişaf üzrə sektor müdiri Nina Bhattın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib;
2015-ci ilin dekabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri Larisa Leşşenko və Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi Michelle Rebosionu qəbul edib;
2016-cı ilin noyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel ilə görüşüb;
2016-cı ilin noyabrın 15-də Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə səfər etdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüblər;
2017-ci ilin aprelin 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;
2017-ci ilin mayın 4-də Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobelin rəhbərliyi ilə nümayəndə heyəti “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə səfər etdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüblər;
2018-ci ilin yanvarın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;
2018-ci ilin aprelin 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.
2022-ci il iyunun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə Qlobal Sosial Dayanıqlılıq və İnkluzivlik Fəaliyyətinin təcrübə meneceri Varalakşimi Vemuru, sosial inkişaf üzrə baş mütəxəssislər Erik Conson, Sofiya Georgiyeva, DB-nin Azərbaycan üzrə regional direktoru Sara Maykl, poqram üzrə assistent Səbinə Məcidova ilə görüşüb.