"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 6634
Sədr müavini: "Qaçqınkom" məcburi köçkünlərə aylıq müavinətin verilməsi qaydasında dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır"
Mətbuat xidmətinin məlumatı 02 Oktyabr, 2019

Məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir. Bu müavinətin tətbiqinə dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığını təmin etmək və çatdırılma mexanizminisadələşdirmək məqsədi ilə başlanılıb. Onu da qeyd edək ki, vahid aylıq müavinət təyin edilərkən məcburi köçkünün sosial müdafiəyə ehtiyacının olub-olmaması əsas götürülür. Nazirlər Kabineti bunun üçün konkret kriterilər müəyyənləşdirib.

 

"Report" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini, vahid aylıq müavinətlərin təyin edilməsi üzrə komitədə fəaliyyət göstərən komissiyanın sədri Fuad Hüseynovla müsahibəni təqdim edir. 

 

- Qaçqınlıq və məcburi köçkünlüklə üzləşən insanların problemlərinin həlli dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Vahid aylıq müavinət bu insanlara konkret maddi dəstək forması kimi özünü doğruldurmu?

 

Ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük problemi təcavüzkar Ermənistanın bu gün də davam edən işğalçılıq siyasəti nəticəsində yaranıb. Ötən illər ərzində bu problemin idarə edilməsi sahəsində müəyyən təcrübə qazanılıb. Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövrün çağırışlarına, ölkəmizin sosial-iqtisadi inkişaf tempinə uyğun olaraq daha da təkmilləşdirilir. Doğma yurdunu itirmiş, qaçqınlığın və məcburi köçkünlüyün mərhumiyyətlərini yaşayan insanlara hörmətli Birinci vitse-prezident xanım Mehriban Əliyeva xüsusilə həssas münasibət göstərir, onların problemlərinin həllində fəal iştirak edir. Son illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, uzun illər ağır vəziyyətdə yaşayan ailələrin yeni mənzillərə köçürülməsi üçün ardıcıl və davamlı tədbirlərin intensiv xarakter almasında Mehriban xanımın böyük xidməti vardır.

 

Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə dövlətin maddi dəstəyinin ən optimal forması kimi vahid aylıq müavinətin tətbiqinin məqsədi cənab Prezidentin müvafiq Fərmanının preambulasında qısa və aydın ifadə edilib: dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi. Bu addım, eyni zamanda, vətəndaşla dövlət arasında münasibətlərin şəffaflaşmasına, dövlət vəsaitindən səmərəli istifadə edilməsinə imkan yaratdı. Kommunal xidmətlərdən sui-istifadə hallarını əhəmiyyətli dərəcədə aradan qaldırdı. Sosial müdafiəyə ehtiyacı olan hər bir məcburi köçkün ailəsinə büdcədən məhz onun üçün ayrılan vəsaitdən qənaətlə istifadə etmək barədə düşünmək və öz güzəranını yaxşılaşdırmaq fürsəti verdi.

 

- Fuad müəllim, vahid aylıq müavinətin verilməsi sosial müdafiə xarakterli tədbirdir. Lakin bu tədbir məcburi köçkün statusu olan vətəndaşların heç də hamısını əhatə etmir. Bu nə ilə bağlıdır? 

 

- Təbii ki, məcburi köçkün statusu olanlar da ölkənin digər vətəndaşları ilə eyni hüquqlara malikdirlər. Yəni dövlətimizin məşğulluq və iqtisadi fəaliyyət üçün yaratdığı bütün imkanlardan yararlana bilirlər. Məcburi köçkün vəziyyətində belə öz sosial vəziyyətini yaxşılaşdırmağa, mülkiyyət və daimi gəlir mənbəyi əldə etməyə nail olan həmvətənlərimiz az deyil. Onlar dövlətin yükünü azaldırlar və beləliklə, fiziki və digər səbəblərdən özünə güzəran qura bilməyənlərə dövlətin dəstəyinin artmasına şərait yaradırlar. Məhz bu amil əsas götürülərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilib. Məcburi köçkün statusu olan vətəndaşlara vahid aylıq müavinət bu Qaydada nəzərdə tutulan şərtlər əsasında təyin olunur.

 

Onu da qeyd edim ki, vahid aylıq müavinəti alan məcburi köçkünlər iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid edilənlərə - fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə hazırda ayda 33 manat vahid aylıq müavinət verilir. Bu kateqoriyaya aid olan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin, onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müvafiq normalar həddində, dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir.

 

İkinci kateqoriyaya aid olanlar - fərdi qaydada sayğaclardan istifadə edən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə hazırda 60 manat vahid aylıq müavinət alırlar.

 

Hazırda 81 min nəfərdən bir qədər çox məcburi köçkün 33 manat, 416 min nəfərədək məcburi köçkün isə 60 manat vahid aylıq müavinət alır.

 

Bu məbləğlər indiki həddə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli sərəncamı əsasında çatdırılıb. Belə ki, dövlətimizin başçısı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə vahid aylıq müavinətin məbləğini həmin sərəncamla bu il aprelin 1-dən 50 faiz artırıb. Ümumiyyətlə, son bir il ərzində vahid aylıq müavinətin məbləği 70 faizə qədər artıb. Bu da, əlbəttə ki, məcburi köçkün soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onların ailə büdcəsinin daha da səmərəli istifadə olunmasına böyük töhfədir.

 

Dövlət Komitəsində vahid aylıq müavinətlərin təyin edilməsi ilə bağlı komissiya hansı məqsədlə yaradılıb?

 

Komissiya “yemək xərci üçün aylıq müavinət”dən “vahid aylıq müavinət”ə keçid dövründə yaradılıb. Məqsəd vahid aylıq müavinətin verilməsinə nəzarətihəyata keçirməkdir. Cənab Prezidentin fərmanında da Nazirlər Kabinetinin müvafiq qərarında da göstərilir ki, bu müavinəti alacaq məcburi köçkünlərin siyahılarını əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən tərtib edilir və təsdiqlənir. Siyahıların hazırlanmasına icra hakimiyyətlərinin məsul şəxsləri bilavasitə məsuliyyət daşıyırlar. Dövlət Komitəsi isə siyahını aldıqdan sonra onu nəzarətdən keçirir ki, verilən müavinət Nazirlər Kabinetinin təsdiqlədiyi Qaydaya uyğun olsun. Vahid aylıq müavinət məcburi köçkünlərdən hansılarına şamil olunduğu və olunmadığı həmin Qaydada dəqiq göstərilib. Məsələn, inzibati vəzifələr tutan, dövlət qulluğunda çalışan məcburi köçkün soydaşlarımız, sahibkarlıqla məşğul olan və adlarına mülk olan məcburi köçkünlər və onların ailə üzvləri, məcburi köçkün olmayan vətəndaşla ailə həyatı qurmuş, uzun müddət Azərbaycandan kənarda olan məcburi köçkünlər, əsgərlikdə və həbsdə olan məcburi köçkünlər və digərlərinə vahid aylıq müavinət şamil olunmur.

 

- Komisiyanın iş prinsipi necədir? Siyahılar yoxlanılan zaman hansı mənbələrdən məlumatlar dəqiqləşdirilib?

 

- Dövlət Komitəsinin elektron məlumat bazası artıq müxtəlif dövlət qurumlarının elektron informasiya bazasına inteqrasiya olunub. Vahid aylıq müavinət alanlar barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron bazalarında, mövcud Qaydanın tələblərinə uyğun olaraq, yoxlanılır. Komisiyanın məqsədi hökumətin müəyyənləşdirdiyi qayda və prinsiplərin pozulması hallarına yol verməməkdir. Hər hansı pozuntu aşkar edildikdə, siyahı dəqiqləşdirilmək üçün onu tərtib edən rayon icra hakimiyyətinə geri qaytarılır. Bir daha vurğulayıram ki, siyahını bilavasitə ərazisi işğal olunmuş rayon icra hakimiyyətlərinin məsul şəxsləri tərtib edirlər.

 

- Vahid aylıq müavinət alanların siyahısı Dövlət Komitəsinə ildə neçə dəfə göndərilir?

 

- Müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısının hazırlanması və təqdim olunması proseduru da Nazirlər Kabinetinin 11 nömrəli qərarında öz əksini tapıb. İlin əvvəlində, ildə bir dəfə olmaqla, ərazisi işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən siyahılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunur. Eyni zamanda, müavinətlə bağlı hər hansı yenilik, artım, azalma, yaxud qanunauyğun formada müavinətin verilməsinin dayandırılması ilə bağlı məlumat varsa, bu barədə icra hakimiyyəti Dövlət Komitəsinə siyahı göndərir. Bu siyahılar qanunauyğun formada yoxlandıqdan sonra təsdiq olunur.

 

- Vahid aylıq müavinət alanların sayında artım və azalma necə baş verir?

 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, artım və azalma ola bilər. Yəni, məcburi köçkün başqa ölkəyə gedə bilər (qərarda nəzərdə tutulmuş müddətdə), yaxud işə düzələ bilər. İcra hakimiyyəti tərəfindən həm artım, həm də azalmalarla bağlı hər ay Dövlət Komitəsinə məlumat təqdim edilir. Komissiya həmin məlumatları yoxlayır və müvafiq dövlət qurumları ilə dəqiqləşdirərək qərar verir.

 

- Siyahıların qəbul edilməsi və üzərində iş aparılması ilə bağlı Dövlət Komitəsinin müvafiq şöbəsi varmı?

 

Dövlət Komitəsində son vaxtlarda struktur dəyişiklikləri baş verib. Əvvəllər “Sosial təminat və regional idarəetmə” şöbəsi var idi, hazırda isə həmin şöbənin səlahiyyətləri “Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsi”nə verilib. Bu şöbənin nəzdində ayrıca sektor var ki, bilavasitə məcburi köçkünlərə verilən vahid aylıq müavinətlə məşğul olur. Təbii qazla təchiz edilməyən və sayğacların quraşdırılması mümükün olmayan müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərlə bağlı məsələlərlə məşğul olan “Təmir, tikinti və kommunal xidmətlər” şöbəsi var. Həmin şöbə, qeyd etdiyimiz yaşayış sahələrində məskunlaşmış məcburi köçkünlərin siyahıları ilə bağlı dürüstləşdirmələr aparır və buna görə məsuliyyət daşıyır. Bu səbəbdən də, vahid aylıq müavinətlərlə bağlı fəaliyyət göstərən komissiyanın tərkibində iki işçi qrupu var. Birinci işçi qrupu kommunal xidmətləri dövlət tərəfindən ödənilən, digəri isə vahid aylıq müavinət alaaraq bütün kommunal ödənişləri özü aparan məcburi köçkünlərlə bağlı iş aparır. Məcburi köçkünlər yeni qəsəbələrə köçürüldükcə kommunal ödənişləri özü aparan və 60 manat məbləğində vahid aylıq müavinət alan məcburi köçkünlərin sayı artır.

 

- Bu prosedur necə həyata keçirilir. Məsələn məcburi köçkün yeni qəsəbəyə köçdü, onun aylıq müavinətindəki dəyişiklik kim tərəfindən aparılır?

 

Dövlət Komitəsində məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülməsi üzrə komissiya fəaliyyət göstərir. Repatriasiya və Mənzil İstismar Departamentlərinin əməkdaşları da həmin komissiyada təmsil olunurlar. Məcburi köçkün yeni qəsəbəyə köçdükdən və adına müvafiq yaşayış sahəsinin orderi yazıldıqdan sonra avtomatik olaraq onun müavinətinin məbləği 60 manata dəyişdirilir və adı digər obyektdən–köçürülmədən əvvəl yaşadığı yerdən çıxarılır.

 

- Bəs bu haldan onun daimi qeydiyyatda olduğu rayonunun icra hakimiyyəti necə xəbər tutur?

 

- Köçürülmə zamanı yerli rayon icra hakimiyyətləri tərəfindən də nümayəndələr cəlb olunur və siyahı müvafiq icra hakimiyyətlərinə göndərilir. Bundan başqa, yeni qəsəbələrə köçürülən məcburi köçkünlərin adları vahid aylıq müavinət alanların siyahısına əlavə olunur və icra hakimiyyətlərinə məlumat göndərilir. Məcburi köçkünlərə isə izah olunur ki, bu gündən etibarən bütün istifadə etdikləri kommunal xidmətlərə görə ödənişlərin aparılmasına özləri məsuliyyət daşıyırlar. Ödənşlər vaxtında aparılmadığı halda kommunal xidmətlər dayandırılır.

 

- Fuad müəllim, komissiyaya hansı məzmunda şikayətlər gəlir?

 

- Mövcud Qaydaya uyğun olaraq, vahid aylıq müavinət ala bilməyən məcburi köçkünlər həm Nazirlər Kabinetinə, həm bizə, həm də icra hakimiyyətlərinə çoxsaylı müraciətlər edirlər. Bu müraciətlərlə əlaqədar Dövlət Komitəsində ciddi araşdırmalar aparılıb və nəticələr təhlil edilib. Məsələn, mülkiyyət sahibi olmasına baxmayaraq, ağır vəziyyətdə, ehtiyac içərisində yaşayan, yaxud xəstəliyi ilə əlaqədar ölkəni tərk edib 182 gündən çox xaricdə yaşamaq məcburiyyətində qalan məcburi köçkünlər var, bir sıra digər müstəsna hallar da mövcuddur. Dövlət Komitəsi belə hallarla əlaqədar olaraq mövcud Qaydaya müəyyən dəyişikliklər edilməsi barədə təkliflər hazırlayır.

 

Yeri gəlmişkən, bəzən hansısa məcburi köçkün biz müraciət edir ki, “qonşum vahid aylıq müavinət alırsa, mən niyə almayım?”. Belə hallarda həmin şəxs qonşusunun vəziyyətinin mövcud Qaydaya uyğun olduğunun rəsmi mənbələrdə və sənədlərdə təsdiqləndiyini izah etmək lazım gəlir. Axı elə məcburi köçkünlər var ki, faktiki özünə məxsus olan mülkiyyəti başqa şəxsin adına rəsmiləşdirib. Belə halları müəyyən etmək və ədalətsizliyi aradan qaldırmaq çətin olur.

 

- Vahid aylıq müavinətin komissiya tərəfindən bərpa olunması halları olurmu?

 

- Hər hansı bir texniki səbəbdən məcburi köçkün vətəndaşın adı siyahıya salınmayıbsa, bu halda sənədlər yoxlanılır, vahid aylıq müavinətin verilməsi əsaslandırılırsa, siyahıya düzəlişlər edilir.

 

- Vahid aylıq müavinətin bərpası ilə bağlı məhkəməyə müraciət olunması halları da varmı?

 

- Əlbəttə. Hətta məhkəmədə prosesini qazanan da olur.

 

- Və nəhayət, bu yaxınlarda bəzi media orqanlarında vahid aylıq müavinətin məbləğinin 90 manata çatdırılacağı və ya vahid aylıq müavinətin əvəzinə məcburi köçkünlərə birdəfəlik maliyyə vəsatinin veriləcəyi barədə məlumatlar yayıldı. Bu nə dərəcədə realdır?

 

- Dövlət Komitəsinin Mətbuat xidməti dərhal həmin məsələ ilə bağlı açıqlama yaydı. Bizdə belə məlumat yoxdur və olmayıb. Məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən sosial müdafiəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Xalqın rifahının durmadan yüksəldilməsini ali məqsəd kimi qarşıya qoyan Azərbaycan dövləti və onun rəhbəri hər zaman öz vətəndaşının yanındadır. Belə bir məqamı xatırlatmq istərdim ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada anoloqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının ifadəsidir.

 

Onu da deyim ki, hər bir məcburi köçkününü ən ümdə istəyi Ermənistanın işğalına tezliklə son qoyulması, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpağına qayıdışın başlanmasıdır. Dövlətimizin gücü və qüdrəti sayəsində buna da nail olacağıq. 

13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb