"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1895
V Bakı Beynəlxalq Humanitar Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub
Mətbuat xidmətinin məlumatı 01 Oktyabr, 2016
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev Forumun əhəmiyyətindən danışaraq deyib: “İlk dəfə olaraq bu mövzu ətrafında müzakirələr aparılacaq. Qaçqınlar və məcburi köçkünlər arasında insan kapitalının qorunması olduqca vacib məsələdir. Hazırda dünyada münaqişələr və böhranlar artmaqdadır. Milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Bunun nəticəsində yoxsulluq artır. Belə şəraitdə ümumi yanaşmaların axtarılması məqsədilə BMT tərəfindən cari ilin mayında İstanbulda Dünya Humanitar Sammiti keçirilib. Həmin tədbirdə qaçqınlar və məcburi köçkünlərin problemləri ətraflı müzakirə edilib”. “Dəyirmi masa”da “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” qısametrajlı filmi nümayiş etdirilib. Daha sonra mövzu ilə bağlı çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi: Çox hörmətli qonaqlar! Hörmətli tədbir iştirakçıları! Xanımlar və cənablar! İlk öncə xarici ölkələrdən gəlmiş qonaqları və sizin hər birinizi Azərbaycan Hökuməti adından səmimi salamlayır və tədbirin işinə uğurlar diləyirəm. Bugünkü dəyirmi masa olduqca mühüm məsələyə həsr olunub. Son illər dünyada müxtəlif səbəblər - münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənir və bunun nəticəsində öz ölkələrini tərk etməyə məcbur olan və ağlasığmaz dəhşətlərə düçar olanların sayı ilbəil artır. Statistik məlumatlara əsasən, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyon nəfərdən artıqdır. Bu da 20 il bundan öncəki vəziyyətlə müqayisədə 3 dəfə çoxdur. Dünyanın müxtəlif regionlarında baş verən fövqəladə hadisələr uzun müddət təcavüzə məruz qalan ölkə olaraq, şübhəsiz, bizi də ciddi narahat edir. Münaqişələr nəticəsində insanların kütləvi yerdəyişməsi dünyanın ayrı-ayrı regionlarında davamlı inkişafa böyük maneə yaradır. Belə bir ağır şəraitdə ən başlıca vəzifələrdən biri insan kapitalını qorumaq üçün qətiyyətli, düşünülmüş addımların atılmasıdır. Hökumətlərin buna hazır olması və belə ağır şəraitdə bu məqsədlə müvafiq addımlar atması vəziyyətdən daha az ziyanla çıxmağa xidmət edə bilər. Hörmətli tədbir iştirakçıları! Nümayiş olunan filmə əlavə olaraq bəzi fikirlərimi diqqətinizə çatdırmaq istərdim. 1990-cı illərin əvvəlində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanda aparılan etnik təmizləmə, Azərbaycanın 20 % ərazisinin işğalı, digər ölkələrdən olan qaçqınların ölkəmizə miqrasiyası nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. Bunlardan 250 min nəfərini Ermənistandan olan qaçqınlar, 700 min nəfərini Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, 50 min nəfərini Orta Asiyadan və 15 min nəfərini isə digər ölkələrdən olan qaçqınlar təşkil edirdi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bu insanların hüquqları kobud şəkildə pozulmuşdur və onların həllini gözləyən bir çox problemləri yaranmışdır. Ən ciddi zərbələrdən biri insan kapitalına olan təhdidlər idi və bu səbəbdən gənc ölkə olan Azərbaycanın bu ağır şəraitdə atdığı addımların əsas istiqamətlərindən biri məhz bu sərvətin qorunması olmuşdur. Ölkəmizin 20 faiz ərazisi hələ də işğal altındadır, yaşayış məskənləri, sosial infrastruktur, tarixi, mədəni abidələr, bir sözlə hər şey dağıdılıb, ölkə iqtisadiyyatına külli miqdarda –təxmini hesablamalara görə, 500 milyard ABŞ dollarından çox ziyan vurulub, insanlar hər şeylərini itiriblər. Əlbəttə, ən böyük itki müharibədə həyatlarını itirmiş 30 min nəfərədək soydaşımızdır. 10 milyon əhaliyə malik, gənc, kiçik bir dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, təbii artım hesabına bir milyon 200 min nəfərdən çox qaçqın, məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Müqayisə üçün deyim ki, 550 milyon əhalisi olan Avropa bir milyon qaçqın və miqrantın əlində girova çevrilib, vəziyyət idarə olunmur. Azərbaycan modelinin əsas cəhətləri nədir? -bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi; - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkün probleminin müntəzəm olaraq diqqət mərkəzində saxlaması, bütün yerli və beynəlxalq tədbirlərdə bu məsələlər haqqında ictimaiyyətin müntəzəm məlumatlandırılması; -problemin vahid mərkəzdən koordinasiya edilməsi; -onların ölkə daxilində idarə olunmasının təmin olunması üçün beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması; -qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət, həyat şəraitinin yaxşılaşdırılması; -onların malik olduqları bilik, bacarıq və təcrübələrindən səmərəli istifadəyə lazımi şəraitin, həmçinin ictimai, siyasi həyatda fəal mövqe tutmasına, iqtisadi inkişafa töhfə verməsinə normal mühitin yaradılması; - qaçqın və məcburi köçkünlərin ölkə daxilində sərbəst miqrasiyasının və inteqrasiyasının təmin edilməsi. Bütün bunlar isə, əlbəttə, öz yurdlarını məcburi tərk etmiş insanların daim qayğı ilə əhatə olunmasına, insan kapitalının qorunub saxlanılmasına xidmət edir. Münaqişə ilə üzləşən ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sahənin vahid mərkəzdən idarə olunması üçün 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir. Həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatların fəaliyyətinin təmin edilməsi üçün Baş nazirin müavininin rəhbərliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunda qaçqınların,məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbə fəaliyyət göstərir. Məcburi köçkünlərin bütün məsələləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, qaçqınların məsələləri isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənir. Əraziləri işğal olunmuş rayonların bütün idarəetmə strukturları, həmçinin təhsil, səhiyyə, mədəniyyət müəssisələri fəaliyyət göstərir. Münaqişədən zərər çəkən insanların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 368 qərar və sərəncam, Milli Məclis tərəfindən isə 34 qanun qəbul edilib. Həmçinin 2 Dövlət Proqramı və ona 2 əlavələr təsdiq edilib. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş hərtərəfli dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq dövlət proqramlarının qəbulu və icrası zamanı insan kapitalının qorunması və inkişaf etdirilməsi məqsədilə münbit şəraitin yaradılmasına nail olunmuşdur. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 95 yaşayış kompleksi salınıb, 50 min ailə 250 min nəfərdən çox qaçqın və məcburi köçkünlər yeni mənzillərlə təmin olunub. Yeni yaşayış məntəqələrində bütün sosial infrastrukturla yanaşı 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib. Qaçqınların və məcburi köçkünlərin ən qısa vaxtda təhsilə çıxışının təmin edilməsi və bu kateqoriyadan olan insanlara xüsusi güzəştlərin edilməsi, o cümlədən dövlət hesabına xaricdə aparıcı universitetlərdə təhsil alma imkanlarının yaradılması onlar arasında savadlılıq səviyyəsinin qorunmasına şərait yaratmış və onların cəmiyyətə tam inteqrasiyasına kömək etmişdir. Bu kateqoriyadan olan gənclərin qəbul imtahanlarında göstərdiyi nəticələr onların keyfiyyətli təhsilə çıxışının təmin olunması və öz imkanlarını realizə edə bilməsinin qiymətləndirilməsi baxımından yaxşı göstəricidir. Yüksək ixtisaslı qaçqınların və məcburi köçkünlərin potensialının dəstəklənməsi və iş yerləri ilə təmin edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü şəkildə istifadə edilməsi nəticəsində ölkəmizin davamlı sosial-iqtisadi inkişafına mühüm töhfə verilmişdir. Milli hökumətlərlə yanaşı beynəlxalq ictimaiyyətin, o cümlədən beynəlxalq humanitar və inkişaf təşkilatlarının ziyan dəymiş ölkələrdə qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və onların keyfiyyətli təhsil alması imkanlarını dəstəkləməsi olduqca mühüm məsələdir. Bununla yanaşı beynəlxalq qurumlar həmin həssas qrupun nümayəndələrini öz proqramları çərçivəsində işə daha geniş cəlb etməlidir. Ölkəmizdə hər il 2 min nəfərədək məcburi köçkün tələbə adını qazanır. Təkcə bu il ən yüksək - 700 bal toplayaraq ali məktəblərə qəbul olunan və Prezident təqaüdünə layiq görülənlər içərisində xeyli məcburi köçkün vardır. Dövlət ali təhsil ocaqlarının ödənişli şöbələrində təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. İdarə və müəssisələrdə iş yerlərinin ixtisarı zamanı məcburi köçkünlərin işdə saxlanılmasına üstünlük verilir. Məcburi köçkünlərə aylıq yemək xərci müavinəti verilir, onlar kommunal xidmət (elektrik enerjisi, su, təbii qaz) xərclərini ödəməkdən azaddırlar. Ölkə başçısının diqqət və qayğısı nəticəsində son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilmiş, 2800 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilmişdir. Məcburi köçkünlərin sıx müvəqqəti məskinlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədi ilə Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. Həmçinin onların məşğulluğunun artırılması üçün 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmişdir. Həmçinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 min nəfərədək məcburi köçkün sahibkara 40,3 milyon manat güzəştli kredit verilmiş, 3606 yeni iş yeri yaradılmışdır. Hər il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1200 ABŞ dolları təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 74 faizdən 12 faizədək azalmışdır. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6,0 milyard ABŞ dollarından şox vəsait sərf olunub. Ondan 2,7 milyard dolları dövlət büdcəsinin, 2,0 milyard dolları Dövlət Neft Fondunun,1,4 milyard dolları isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Xüsusi vurğulanmalıdır ki , qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısı , onların sosial problemlərinin həlli sahəsində görülən işlər, bu problemin idarə olunmasındakı təcrübə, o cümlədən insan kapitalının qorunması istiqamətində Azərbaycanın təcrübəsi model kimi dünyada analoqu olmayan bir təcrübədir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, BMT-nin Qaçqınların İşi üzrə sabiq Ali Komissarı cənab Antonio Quterreş də ölkəmizə səfərləri və İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin və Azərbaycan təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulamışdır. Öz yurdlarını məcburi tərk etmiş insanların sosial problemlərinin həllində Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın, Xocalı soyqırımının dünyada tanıdılmasında Fondun vitse-prezideti Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycan insan hüquqlarının müdafiəsi haqqında bütün konvensiyalara qoşulub, BMT QAK-ın İcraiyyə Komitəsinə üzv seçilib, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda 21 beynəlxalq, 22 yerli humanitar təşkilatın xətti ilə müxtəlif layihələr həyata keçirilir. 1990-cı illərin əvvəllərində beynəlxalq humanitar təşkilatların sayı 90 idi və Azərbaycanın humanitar böhranla üzləşdiyi dövrdə onların fəaliyyətini xüsusi qeyd etmək və göstərdikləri əlahiddə yardımlara görə minnətdarlığımı bildirmək istərdim. Ölkə başçısının göstərişinə əsasən həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılmışdır. Bu, ilk növbədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir. Eyni zamanda, hazırda Azərbaycan özü donor ölkəyə çevrilmişdir. Milli donor qurumu olan Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yarım Agentliyi (AİDA) dünyanın bir sıra ölkələrində inkişafa dəstək və humanitar yardım məqsədli proqramlar həyata keçirərək minlərlə insanın həyatına müsbət dəyişiklik gətirir. Bu gün agentliyin 5-illik yubileyi qeyd edilir. Bununla əlaqədar AİDA-nı təbrik edirəm, gördüyü nəcib fəaliyyətində ona yeni yüksək nailiyyətlər əldə etmək arzu edirəm. Bir məsələni də bildirmək istərdim. Ölkəmizin milli qanunvericiliyi qaçqın və məcburi köçkünlərlə bağlı tərəfdar çıxdığı beynəlxalq razılaşmalara tamamilə uyğunlaşdırılmış və hətta bəzi məqamlarda daha çox üstün hüquqlar müəyyən edir. Dünyada mövcud olan 60 milyondan çox miqrantın 40 milyonunu məcburi köçkünlər təşkil edir. Buna görə də beynəlxalq tədbirlərdə dəfələrlə vurğuladığımız kimi, hesab edirik ki, məcburi köçkünlərlə bağlı ayrıca beynəlxalq Konvensiyanın qəbul edilməsi zəruridir. Hörmətli tədbir iştirakçıları! 25 ildən çox vaxt keçməsinə baxmayaraq, münaqişə həll olunmur, tarixi haqsızlıq davam edir, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və s. nüfuzlu beynəlxalq təşkilatların problemlə bağlı qərar və qətnamələri icrasız qalır, ATƏT-in Minsk Qrupunun fəaliyyəti də heç bir nəticə vermir. Ermənistan atəşkəs rejiminə riayət etmir, mütəmadi olaraq mülki əhaliyə, yaşayış məntəqələrinə atəş açılır. Hətta 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq, milliyyətcə erməni olan mülki əhali kənardan, Suriyadan gətirilərək işğal altında olan bizim ərazilərdə qeyri-qanuni yerləşdirilir. Həmin ərazilərə 2 səfər i zamanı ATƏT-in Faktaraşdırıcı Missiyası bu cür faktlların şahidi olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən narkotik əkilib becərilir, xüsusi laboratoriyalarda emal edilir, erməni hərbçiləri və narkomafiyaları tərəfindən MDB-yə, Avropaya, həmçinin silah qaçaqmalçılığı, terrorçular hazırlanaraq konflikt zonalarına göndərilir. Bu ərazilər həmçinin Əfqan narkotiki üçün yeni tranzit marşrutuna çevrilib. Qeyd edilən barədə lazımi sənədlər ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən BMT-nin Vyana Ofisinə təqdim edilib. Azərbaycanın üzləşdiyi bu problem təkcə regionun deyil, bütün dünyanın problemidir. Buna görə də dünya birliyi bü münaqişənin ədalətli həlli istiqamətində daha qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməli və Ermənistanı sülh sazişi üzərində işə başlamağa vadar etməlidir. Münaqişənin həlli həm regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına, həm də insan kaptalının daha səmərəli istifadə olunmasına əlverişli şərait yaradacaqdır. Qeyd olunanlarla yanaşı münaqişələrin və böhranların qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və məsuliyyətin bölüşdürülməsi gələcəkdə insanların kütləvi surətdə məcburi yerdəyişməsinə səbəb olan halların azalmasına xidmət edəcəkdir. Diqqətinizə görə minnətdaram. Bolqarıstanın vitse-prezidenti Marqarita Popova bildirib ki, insan kapitalının qorunub saxlanması dünya üçün çox vacibdir. Bərabərsizlik, ədalətsizlik, humanitar böhranlar doğrudan da bizim işimizi çətinləşdirir. Bu insanların mühafizəyə ehtiyacları var. Bakıda keçirilən forumlar – humanitar və qlobal Bakı forumları bu baxımdan çox önəmlidir. Biz birgə çalışmalı, bu ədalətsizliklərə, qanunsuzluqlara “yox” deməliyik. BMT-nin baş katibinin müavini xanım Cihan Sultanoğlu Forumun təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, davamlı, dayanıqlı inkişafa nail olmaq üçün belə məsələlərin müzakirəsi, problemlərin həlli böyük əhəmiyyət daşıyır. Hazırda dünyada 21 milyon insan məcburi köçkün, 22 milyon insan qaçqın, 23 milyondan çox insan isə sığınacaq axtaranlardır. Problemin həlli üçün beynəlxalq ictimaiyyət bütün səylərini birləşdirməlidir. BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov bildirib ki, bu problemlərin həllində beynəlxalq təşkilatlar da müəyyən öhdəliklər götürməlidirlər. Bu gün burada səslənən statistik rəqəmlərin arxasında insan həyatı dayanır. Məcburi köçkünlərlə bağlı problemlərin həlli günümüzdə çox önəmlidir. “Biz müəyyən təşəbbüslər göstərməliyik ki, onların problemlərinin həllinə dəstək olaq. Qaçqınlara sahib çıxan dövlətlər gənclərin öz ölkələrinə inteqrasiyasını təmin etməlidirlər. Çünki bu gənclərin içərisində liderlik bacağı olanlar var. Ötən həftə miqrantlar barədə BMT-nin bəyannaməsi qəbul olundu”, - deyə Rəşid Xalikov vurğulayıb. Açılış mərasimindən sonra birinci sessiya öz işinə başlayıb. Humanitar fəlakətlər və ekstremal vəziyyətlər nəticəsində insanların kütləvi yerləşdirilməsinin müasir prosesləri: nəticələr və həlli yolları (dünya təcrübəsi və Azərbaycan modeli) adlı sessiyaya Rəşid Xalikov moderatorluq edib. Sessiyada çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində ölkəmizin təhsil sisteminə vurulan zərər barədə məlumat verib. Bildirib ki, ermənilər işğal etdikləri ərazilərimizdə 700-dək təhsil müəssisəsini dağıdıblar. Buraya məktəbəqədər, ümumtəhsil və peşə təhsili müəssisələri daxildir. Azərbaycanda təhsil sahəsində məcburi köçkünlərə göstərilən qayğıdan bəhs edən Mikayıl Cabbarov deyib ki, dövlətimizin başçısının Sərəncamına əsasən ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlər təhsil haqqından azad edilib. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 100-dən çox məcburi köçkün gəncin dünyanın aparıcı universitetlərində təhsili maliyyələşdirilib. Son 10 ildə ölkəmizdəki məktəblərin təxminən 70 faizi təmir olunub və ya yeniləri tikilib. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, qaçqın və məcburi köçkün problemlərinin həllində ən uğurlu təcrübə kimi Azərbaycan modeli təqdim olunur. Bu modelin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən əsaslı şəkildə inkişaf etdirilib. Ölkə əhalisinin müxtəlif xidmətlərə çıxışı icra orqanları tərəfindən təmin edilib. S.Müslümov daha sonra qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülən irimiqyaslı tədbirlərdən danışıb. Kimya üzrə Nobel mükafatı laureatı, “Technion-İsrail Texnologiya” İnstitutunun professoru Dan Şextman Azərbaycanın humanitar məsələlərə bu cür həssaslıqla yanaşmasını təqdir edərək vurğulayıb ki, bu məsələnin həllində Azərbaycan və İsrail kimi ölkələrin təcrübələrindən yararlanmaq lazımdır. Biz bu insanların inteqrasiyasını həyata keçirmək yollarını tapmağa çalışmalıyıq. Yaşadıqları ölkələrin dilini öyrənmək inteqrasiya üçün başlıca şərtdir. İsrail dövləti bu məqsədlə 6 ay müddətində ödənişsiz dil kursları təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra miqrasiya probleminin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Beynəlxalq miqrasiya siyasətinin formalaşdırılması zamanı ailə perspektivlərinin nəzərə alınması, bu prosesin öyrənilməsi üçün daha uyğun imkanlar yaradıb. Hazırda Azərbaycanda 2 milyon 62 min ailə var və hər il orta hesabla 75 mindən çox ailə qurulur. Azərbaycanın qaçqın və məcburi köçkünlər üçün yaratdığı imkanlar bütün dünya üçün nümunə olduğunu deyən Komitə sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum ölkənin bütün bölgələrində məcburi köçkünlərin müvafiq problemlərinin həlli, həmçinin onların cəmiyyətə inteqrasiyası ilə bağlı ciddi iş aparır. Bununla bağlı kifayət qədər müsbət nəticələr mövcuddur. Mavritaniyanın ombudsmanı Şeyx Əbdül Malik qeyd edib ki, insanların yerdəyişməsinin, miqrant axının qarşısının alınması üçün münaqişələrin yaranma səbəblərinin araşdırılmasına və aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ölkəmizin bu sahədəki təcrübəsini yüksək qiymətləndirərək deyib ki, doğrudan da Azərbaycan inanılmaz dərəcədə böyük işlər görüb. Hazırda bizim üçün uğurlu bir təcrübə mövcuddur və bundan yararlanmaq lazımdır. Sessiyada, həmçinin İƏT-in baş katibinin müavini Heşam Yusif, Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun müavini Haynz Koller, Fələstin nümayəndəsi Mansour Riyad, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Peter Van der və Səudiyyə Ərəbistanının təmsilçisi Əqil əl-Xəmdinin çıxışları dinlənilib. Onlar Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə edərək deyiblər ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həllində siyasi iradə nümayiş etdirir və bu, çox önəmli məsələdir. Çıxış edənlər öz ölkələrində bu problemin həlli ilə bağlı görülən işlər barədə də məlumat verib, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. “Dəyirmi masa”nın “Qaçqın və məcburi köçkünlər arasında insan kapitalının inkişafı iqtisadiyyatın və sosial həyatın bərpasının katalizatoru kimi” adlı ikinci sessiyasında çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qlobal əhəmiyyət kəsb edən bu problemin həlli ilə bağlı müzakirələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, məcburi köçkün və qaçqın problemlərinin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin atdığı addımlar sistemli xarakter daşıyıb. O, ölkəmizin müvafiq təcrübəsindən danışaraq qeyd edib ki, bu məsələdə insan kapitalının inkişafı önə çəkilib. Qaçqın və məcburi köçkünlərin, miqrantların yaşadıqları ölkələrə inteqrasiyası diqqətdə saxlanılmalıdır. Azərbaycan bu istiqamətdə də ciddi işlər görür, beynəlxalq təşkilatla əməkdaşlıq edir. Qaçqın və məcburi köçkünlərin maliyyə resurslarına çıxışı təmin olunub, onlar təhsil proqramlarına cəlb ediliblər. Azərbaycan Milli Elmlər Akademiyasının hüquq və insan hüquqları institutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə deyib ki, müstəqilliyinin ilk illərində bir milyon qaçqın və məcburi köçkün axını Azərbaycan üçün çox ağır iqtisadi böhranlar yarada bilərdi. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi düzgün strategiya nəticəsində bu problem mərhələli şəkildə həllini tapdı. Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Luis Xose Kansela cəmiyyətimizdə baş verən böhranların gələcəkdə insan kapitalı ilə bağlı ciddi problemlər yarada biləcəyini qeyd edərək deyib: “Bu, bizi çox narahat edir. Çünki hazırda beynəlxalq həmrəyliyin olmadığını görürük. Düşünürəm ki, bu məsələlərdə əməkdaşlığımızı və əlaqələndirici işimizi təkmilləşdirməliyik”. Rusiya təmsilçisi Liliya Qumerova, Avropa Parlamentinin üzvü Tomaş Zdexovski, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Baş katibinin ofisinin direktoru Caqanat Çapaqain, Küveyt Milli Assambleyasının üzvü Səud əl Hüraici sessiyadakı çıxışlarında miqrant probleminin yaranma səbəblərinə toxunublar. Qeyd ediblər ki, bu problem yalnız müharibələrə son qoyulması ilə həllini tapa bilər. Beynəlxalq forumlarda, platformalarda bu problemlərin müzakirəsi çox önəmlidir. Əgər konkret addımlar atılmasa, bu, gələcək nəsillər üçün də ciddi problemlər yaradacaq. İkinci sessiyada çıxışlardan sonra Əşrəf Şıxəliyev AIDA-nın 5 illik fəaliyyəti ilə bağlı məlumat verib. Daha sonra Agentliyin fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Fasilədən sonra “dəyirmi masa”da “Davamlı inkişaf və qaçqın və məcburi köçkünlərin təhsil problemləri” adlı üçüncü sessiya keçirilib. Sessiyanın moderatoru, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin eksperti Xanım İbrahimova Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, ölkəmizdə müxtəlif təhsil proqramları həyata keçirilir, təhsil müəssisələri təmir olunur, yeniləri inşa edilir. Bu işə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz mühüm töhfəsini verir. Qaradəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamud forumda iştirakdan məmnunluğunu ifadə edib. Qara dəniz regionunda son illərdə 3,4 milyon insan öz məşğuliyyət yerini dəyişdiyini deyən E.Mamud bunun səbəblərini açıqlayıb. Qeyd edib ki, bu gün təhsil sistemində yeni yanaşmalara ehtiyac var. Buna nail olmaq üçün tələbələr tədris olunan kurslar, fənlər arasında əlaqələri, bağlılığı öyrənməlidirlər. Azərbaycan ombudsmanı Elmira Süleymanova Azərbaycan-Ermənistan münaqişəsi nəticəsində yaranan 1 milyondan artıq qaçqın və məcburi köçkününü hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Ölkəmizdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verən ombudsman deyib: “Azərbaycanda bu problemin mövcudluğuna baxmayaraq, hökumət başqa ölkələrdən gələn miqrantları da qəbul edib və onların bütün hüquqları təmin olunub”. Ukrayna Milli Elmlər Akademiyasının Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nikolay Şulqa ölkəsində ciddi böhran yaşandığını bildirərək deyib ki, bununla belə, təhsilin inkişafına xüsusi diqqət yetirilir. Ancaq bununla belə bəzən insanların öz peşələri məşğul olmaları mümkün olmur. Biz bunun qarşısını necə almaq barədə düşünürük. Digər çıxış edənlər - Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, ABŞ təmsilçisi, Pensilvaniya Dövlət Universitetinin dosenti Yael Varşel, Misirin Əl-Ummal Universitetinin rektoru Abdelrahman Əli Saat, Misir parlamentinin nümayəndəsi Məhəmməd əl Orabi davamlı inkişafı təmin edən əsas vasitənin insan kapitalı olduğuna, problemin həllinə birgə səylər göstərilməsinin vacibliyinə dair fikirlərə şərik çıxıb, Azərbaycanın bu sahədəki ciddi uğurlarını qeyd ediblər. Sonda Forumun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb