XƏBƏRLƏR
Çap et
1238
Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı keçirilib
Mətbuat xidmətinin məlumatı
01 Aprel, 2015
Martın 31-də Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı keçirilib.
Konfransda Asiya, Afrika, Yaxın Şərq və Avropadan 78 dövlətin nümayəndələri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının təmsilçiləri də iştirak ediblər.
İclası açan Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah konfransın işinə uğurlar arzulayaraq müasir dövrdə baş verən silahlı münaqişələr zamanı əziyyət çəkən insanlara yardım etməyin zəruriliyindən danışdı və bildirdi ki, Küveyt Dövləti tərəfindən suriyalı qaçqınlara 500 milyon dollar məbləğində yardım ayrılacaq.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun çıxış edərək Suriyada davam edən silahlı toqquşmalar nəticəsində humanitar fəlakətin yarandığını və bu münaqişənin tezliklə sona çatması üçün səylərin artırılmasının vacibliyini vurğuladı.
BMT-nin baş katibi bildirdi ki, daxili münaqişə irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunur ki, bu da yerli əhalinin qaçqın düşməsi ilə nəticələnir. Minlərlə insan - uşaqlar və qocalar evsiz, qidasız qalıb. Onlara yardım üçün konfransda iştirak edən donor ölkələr öz səxavətlərini göstərməlidirlər.
Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, baş katibin humanitar yardımlar üzrə köməkçisi Valeri Amos, İordaniyanın və Livanın Baş nazirləri çıxış etdilər.
Suriyada davam edən münaqişə haqqında film nümayiş olundu.
Konfransda iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov tədbirə dəvətə və təşkilatçılığa görə Küveyt Dövlətinə və BMT-nin baş katibinə təşəkkür edərək dedi ki, Suriya münaqişəsi hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub. Münaqişə milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələnib və onların insan haqları pozulmaqda davam edir. Eyni zamanda, Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələr də münaqişənin nəticələrindən əziyyət çəkir.
Əli Həsənov bildirdi ki, oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir. 20 ildən artıqdır ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və hazırda ölkəmizdə 1 milyondan çox insan qaçqın və ya məcburi köçkün kimi yaşamaqdadır. Hazırkı konfrans bizim üçün çox ağrılı bir günə təsadüf edir. 1918-ci il martın sonunda ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən qırğınlar törədildiyi üçün 1998-ci il ildən etibarən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu gün bizi narahat edən məsələlərdən biri də budur ki, Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir. Hesab edirik ki, konfrans zamanı toplanılan yardımlar yuxarıda qeyd edilən qeyri-qanuni məskunlaşma üçün deyil, məhz Suriya qaçqınlarının mühüm humanitar ehtiyaclarının ödənilməsi və həyat şəraitinin bərpası məqsədilə istifadə edilməlidir.
Azərbaycana gəlincə deyə bilərəm ki, dövlətimiz Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi islahatlar nəticəsində artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış edir. Dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində, həmçinin Heydər Əliyev Fondu Pakistan, Gürcüstan, Hollandiya, Misir, Rumıniya, Rusiya, Fransa, İtaliya, Vatikan, Bosniya və Herseqovina və başqa ölkələrdə humanitar və inkişaf məqsədli layihələri həyata keçirməkdə davam edir.
Baş nazirin müavini Əli Həsənov qeyd etdi ki, bu nəcib missiyanın davamı kimi, Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyən, sülhsevər ölkə olan Azərbaycanda suriyalı qaçqınların humanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə göstəriləcək maddi yardımın miqdarı dəqiqləşdirilir. Ümid edirik ki, Suriyada baş verən münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq və uzun müddət əziyyət çəkən Suriya xalqı beynəlxalq ictimaiyyətin səyləri ilə yenidən normal həyat şəraitlərinin bərpasına nail olacaq.
Konfransda ABŞ-ın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Danimarkanın, İsveçin, Türkiyənin, Almaniyanın və digər dövlətlərin təmsilçiləri çıxış edərək Suriyaya öz yardımlarını təklif etdilər.
BMT-nin baş katibi yekun nitqində konfransın nəticəsi olaraq 3,8 milyard dollar məbləğində vəsaitin toplandığını bildirdi. Bunun da ötən illə müqayisədə 1,4 milyard dollar çox olduğunu diqqətə çatdırdı. Donor ölkələr tərəfindən təqdim edilən vəsaitin Suriya qaçqınlarının həyat şəraitinin yaxşılaşması istiqamətinə yönəldiləcəyini bildirdi və minnətdarlıq etdi.
Küveytin Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Xalid Əl-Əhməd Əl-Sabah toplanılan humanitar yardımların minlərlə insanın həyatını xilas edəcəyini vurğulayaraq bu məqsədlər üçün vəsait ayıran dövlətlərə təşəkkürünü bildirdi.
Bununla Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı işini yekunlaşdırdı.
X X X
Martın 31-də Küveyt Əmirliyinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirin müavini Əli Həsənov Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabah ilə görüşdü.
Görüşə görə Baş nazirə təşəkkür edən Əli Həsənov Azərbaycan Respublikasının Prezidentinin salamlarını Küveytin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha çatdırmağı xahiş etdi.
Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirdi ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki, bir nəticə vermir.
Görüşdə xüsusi olaraq diqqətə çatdırıldı ki, Azərbaycan Suriyadan olan erməni əsilli qaçqınların Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsindən narahatdır.
Azərbaycan ilə Küveyt Dövləti arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Baş nazirin müavini gələcəkdə münasibətlərin daha da yaxınlaşması istiqamətində addımlar atılacağını dedi.
Görüşdə Azərbaycanın iqtisadi inkişafına da toxunuldu. Qeyd olundu ki, Azərbaycan iqtisadi cəhətdən regionun lider dövlətinə çevrilib. Əli Həsənov Azərbaycan Prezidentinin 2020-ci ilə qədər inkişaf konsepsiyası barədə ətraflı məlumat verərək bildirdi ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılacaq.
Əli Həsənov Azərbaycanın Baş nazirinin Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabahın ölkəmizə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırdı.
Küveytin Baş naziri ölkəsinin Azərbaycan ilə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirdi. Qeyd olundu ki, Küveyt Dövləti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
X X X
Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov martın 31-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ilə görüşdü.
Azərbaycan Prezidentinin salamını baş katibə çatdıran Əli Həsənov konfransa dəvətə görə təşəkkürünü bildirdi.
Qeyd olundu ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsi ilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Əli Həsənov bildirdi ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur.
Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq, son 10 ildə ölkənin böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Əli Həsənov dedi ki, bu illər ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb. Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir.
Sonda Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət etdi.
Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söylədi. Eyni zamanda, qeyd etdi ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək. Pan Gi Mun bir neçə dəfə Prezident İlham Əliyev ilə görüşdüyünü bildirərək onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi. O, salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etdi.
Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini bildirdi.
Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edildi.
x x x
Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazirin müavini Əli Həsənov, həmçinin BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, Küveyt Dövlətinin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Məhəmməd Xalid Əl-Sabah, BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq, Küveytin vəqflər nazirinin müavini, Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri doktor Adil Əl-Fələh ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb