Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.
Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi: Zati-aliləri Prezident İlham Əliyev, ADA Universitetinin təşkil etdiyi forumun hörmətli iştirakçıları.
Cənab Prezident, bu gün Sizi və bütün iştirakçıları bu tarixi dövrdə universitetimizdə salamlamaqdan böyük şərəf və məmnunluq duyuram. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət Sizin uzaqgörən liderliyiniz sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Cənab Prezident, icazə verin Sizi bu misilsiz nailiyyət münasibətilə təbrik edim və Sizə Qarabağın bərpası və yenidən qurulması işində uğurlar diləyim.
Qarşımızda nəhəng vəzifə var. İnfrastruktur layihələri ilə yanaşı əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Bir milyona yaxın azərbaycanlı işğalın qurbanı olub, onların evləri talan edilib və dağıdılıb. Hökumətin tapşırığı əsasında son 3 il ərzində ADA Universitetinin tədqiqatçıları məcburi köçkün ailələri ilə görüşərək onların ehtiyacları və prioritetlərini daha yaxşı anlamaq üçün müxtəlif sorğular aparmışdır. Onların əksəriyyəti doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişdir.
Dünən forum iştirakçıları azad olunmuş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kəndindəki inkişafın şahidi olmuşlar.
Məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə imkan verəcək.
Cənab Prezident, forum iştirakçıları ilə görüşməyə razılıq verdiyinizə və məcburi köçkünlərin qayıdışı ilə bağlı müzakirədə iştirak etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu mövzuda Sizin baxışınız bizim regionumuz və daha geniş coğrafiya ilə məşğul olan bütün təhlilçilər və tədqiqatçılar üçün çox faydalı olacaqdır. Zati-aliləri söz Sizindir.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xanımlar və cənablar sabahınız xeyir. Əvvəlcə rektor Hafiz Paşayevə dəvətə görə təşəkkür edirəm. İlk dəfə deyil ki, mən ADA Universitetinin forumunda iştirak edirəm. Əslində, mən hər birində iştirak etmişəm. Sonuncu dəfə biz bu ilin may ayında bir qrup beynəlxalq mütəxəssis ilə Şuşada görüşdük və şadam ki, bu dəfə siz Azərbaycanın daha bir azad edilmiş bölgəsi olan Zəngilana səfər etdiniz, bərpa və məskunlaşma işlərinin şahidi oldunuz. Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram.
Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.
May ayındakı sonuncu görüşümüzdən bu yana, - tam bu heyətlə deyil, ancaq Şuşada olan iştirakçıların əksəriyyəti bu gün buradadır, – bizim hələ də ümidlərimiz var idi ki, Ermənistanın rəhbərliyini özünün beynəlxalq öhdəliklərini əməl etməyə inandırmaq mümkün olacaq. Xüsusilə də 2020-ci il noyabrın 10-u erkən saatlarda mənim, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatla bağlı. Biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözlə desək, onlar öz qoşunlarını Qarabağdan çıxarmalı idilər. Onlar müxtəlif səbəblərdən bunu etmədilər.
Biz iki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. Üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır.
Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımi şəkildə dəyərləndirilmədi.
May ayında Şuşadakı görüşümüzdən sonra may ayının sonunda Laçına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə mən vəziyyətlə bağlı mövqeyimi ifadə etdim və bildirdim ki, bu məsələnin normal həlli yolunu tapmaq üçün imkan var. Onu da dedim ki, separatçıların liderlərinin təslim olacağı təqdirdə onların amnistiyaya düşmək fürsəti olacaqdır. Bu, ictimai bəyanat idi. Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Hazırda separatçıların liderləri Azərbaycandadır. Onlar bura gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər.
Buna baxmayaraq biz ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər. Bundan əlavə, iki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi.
İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Razılıq ondan ibarət idi ki, həmin ərazidə hər hansı dəyişikliklər baş verməyəcək.
Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.
Beləliklə, bu, bizim may ayında sonuncu görüşümüzdən sonra baş vermiş ən mühüm hadisələr idi. İndi isə biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük və biz mövqeyimizi izah etməyə çalışırıq. Həm də izah edirik ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.
Siz dünən Zəngilanda olmusunuz. Bilirəm ki, mənim azad olunmuş ərazilərdəki nümayəndələrim yenidənqurma və bərpa işləri ilə bağlı sizə məlumat veriblər və bununla bağlı təfərrüata varmağa ehtiyac görmürəm. Əlbəttə, bununla bağlı suallarınız olarsa cavab verməyə hazıram. Ancaq bununla vaxtınızı almaq istəmirəm. Çünki son 3 ildə görülən işlərdən danışsam, vaxtımız başa çatar. Mən çıxışımı burada dayandırım və müzakirəmizi davam edək.