"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 979
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
Rəsmi xronika 28 Sentyabr, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

 

Dövlətimizin başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

 

Bildirildi ki, Baş plana əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq.

 

Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.

 

Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

 

Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.

 

***

 

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

 

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına tikinti işlərinin gedişi barədə məlumat verdi.

 

Qeyd olundu ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

 

Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

 

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

 

Dövlətimizin başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verildi.

 

Qeyd olundu ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək.

 

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır.

 

Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

Qeyd edək ki, ölkəmizin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində Cəbrayıl şəhərində Prezident İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 19-da təməli qoyulan “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

 

Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə edilməsinə imkan yaradacaq. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək. Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları, vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub.

 

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

 

Məlumat verildi ki, 35/0,4 kilovoltluq “Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası olmaqla 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq.

 

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Binanın dam örtüyündə yaradılan “yaşıl enerji” mənbəyinin şəbəkəyə inteqrasiyası həyata keçirilib.

 

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib