"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 840
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rəsmi xronika 10 Avqust, 2022

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.

 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.

 

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

 

***

 

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.

 

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

 

- Əziz idmançılar, əziz dostlar.

 

Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

 

Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq.

 

Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.

 

Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.

 

Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm.

 

x x x

 

Gənclər və idman naziri Fərid Qayıbov dedi:

 

- Çox hörmətli cənab Prezident.

 

Hörmətli Mehriban xanım.

 

İcazə verin, nümayəndə heyəti adından Sizi Atletlər Kəndində salamlayım. Sizin daimi qayğınıza görə təşəkkürümüzü bildirmək istərdik. Sizin tapşırığınızla atletlər üçün hər cür şərait yaradılıb və komandamız hazırdır. Qeyd etdiyiniz kimi, artıq bizim ilk medalımız var, dünən Anna Skidan qızıl medal qazanıb.

 

Güləşçi Rafiq Hüseynov: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Mən komanda yoldaşlarım adından, həm də, eyni zamanda, öz adımdan Sizi salamlayıram. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə maraqlanırsınız. Mən əminəm ki, Sizinlə görüş bizə əlavə ruh yüksəkliyi verəcək və eyni zamanda, bizim çıxışlarımıza çox müsbət təsir edəcək. Sevinirəm ki, cənab Prezident şəxsən özü bizimlə maraqlanır. Sizə təşəkkür edirəm.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Stend atıcısı Rigina Meftahətdinova: Cənab Prezident, salam. Mehriban xanım Sizi salamlayıram. Mən idmançı ailəsində böyümüşəm. Olimpiya çempionu Zemfira xanım Meftahətdinovanın qızıyam. Özüm də bu idmanla məşğulam. Mən çox fəxr edirəm ki, Siz bizə həmişə diqqət, qayğı göstərirsiniz. Çox olun, Sizə təşəkkür edirəm.

 

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə uğurlar arzulayıram.

 

Mehriban xanım Əliyeva: Anna Skidan qızıl medal alıb.

 

Prezident İlham Əliyev: Qızıl medal, təbrik edirəm.

 

Anna Skidan: Sağ olun.

 

Mehriban xanım Əliyeva: Təbrik edirik, sizinlə fəxr edirik.

 

x x x

 

Xatirə şəkilləri çəkdirildi.

 

x x x

 

Velosipedçi Elçin Əsədov: Cənab Prezident, mən Elçin Əsədovam. Şuşada beynəlxalq velosiped idmanı yarışının qalibiyəm. Çox fəxr edirəm. Orada qürur duyduq, “dəmir yumruq”la. Çox sağ olun, cənab Prezident, minnətdaram.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

 

Paralimpiyaçı: Allah razı olsun, bizim üçün hər cür şərait yaradılıb. Keçmiş müharibə veteranı kimi, İnşallah, burada da bayrağımızı ucaldarıq.

 

Prezident İlham Əliyev: İnşallah. Paralimpiyaçılarımız da Paralimpiya Oyunlarında yaxşı nəticə göstərmişdilər.

 

x x x

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli idi, lakin qlobal pandemiya səbəbindən yarış bir il təxirə salındı. Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

 

Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

 

2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır.

 

“Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

 

 ***

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.

 

Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya muzey barədə məlumat verdi.

 

Bildirildi ki, türk və İslam dünyalarının ən böyük sufilərindən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xətlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.

 

Qeyd edildi ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.

 

Diqqətə çatdırıldı ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əlyazmaları ilə xalı səccadələr nümayiş etdirilir.

 

Vurğulandı ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.

 

Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan ərlərinə aid tabutlar və gümüş qəndillər var.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

 

***

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib.

 

Mohammed Ştayyeh Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

 

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.

 

Mohammed Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi həmrəyliyə, verdiyi dəstəyə və humanitar yardımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Baş nazir İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi vurğuladı. Fələstin Dövlətinin Baş naziri Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini çatdırdı. Mohammed Ştayyeh Azərbaycanın Fələstində səfirliyinin açılması ilə əlaqədar məsələ qaldırdı.

 

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu qeyd etdi. Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini və onunla təmaslarını məmnunluqla xatırlayaraq siyasi, iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

 

Prezident İlham Əliyev fələstinli tələbələrin ölkəmizdə təhsil almasına toxunaraq, onlara dövlət tərəfindən ayrılan qrantları vurğuladı və Azərbaycanın bu qrantları artırmağa hazır olduğunu bildirdi.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

 

Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

 

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.

 

***

 

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşıladı.

 

Prezident Rəcəb Tayyib Ərdoğan dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət etdi.

 

Sonra şam yeməyi oldu.

 

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq dedi: “V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsi ətrafında sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Həzrət Mövlanənin şəhəri Konyamıza hamınız xoş gəlmisiniz. Sizin şəxsinizdə İslam dünyasının müxtəlif bölgələrindən Oyunlarda iştirak edən bütün idmançılarımıza və komandalarımıza da “Xoş gəldiniz!” deyirəm.

 

İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.

 

Prezident Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə etdi, Oyunlara marağın böyük olduğunu vurğuladı. Dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığını, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Konyadan bütün dünyaya ötürüləcək qardaşlıq mesajlarının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyinə əminliyini bildirdi.

 

Türkiyə Prezidenti bütün komandalara və idmançılara uğurlar arzuladı.

 

***

 

Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

 

Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi.

 

Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

 

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı.

 

Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə etdi və şəhidlərlə bağlı başsağlığı verdi.

 

Dövlətimizin başçısı dəstəyə və başsağlığına görə təşəkkür etdi.

 

Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

 

***

 

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.

 

Sonra Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Konsert zamanı dron və işıq effektləri mərasimə xüsusi rəng qatıb.

 

Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

 

Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışladılar.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə qısa söhbət etdi.

 

Mərasimdə əvvəlcə səhnəyə çıxan rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandırdılar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, həmçinin ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

 

Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olundu. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirildi. Ardınca hərbçilər Türkiyənin Dövlət Bayrağını səhnəyə gətirdilər. Bayraq Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı”nın sədaları altında qaldırıldı.

 

Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı oldu.

 

Komandalar ölkələrin adlarının baş hərflərinə uyğun qaydada əlifba sırası ilə meydana daxil oldular. Əvvəlcə Əfqanıstan idmançılarının keçidi oldu. Azərbaycan atletləri meydana dördüncü daxil oldular.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışladılar.

 

Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar.

 

Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

 

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

 

Komandaların keçidini ev sahibi – Türkiyə atletləri tamamladılar. Qardaş ölkəni bu yarışlarda 461 atlet təmsil edir.

 

Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları, azarkeşlər Türkiyə idmançılarını hərarətlə salamladılar.

 

Sonra Konya bölgəsinə məxsus “Qaşıq havası” rəqsi ifa olundu.

 

Adlarını Türkiyənin idman tarixinə qızıl hərflərlə yazdıran səkkiz atlet – cüdoçu Hülya Şenyurt, taekvondoçu Nur Tatar, güləşçi Yasemin Adar, karateçi Merve Çoban, ağır atlet Halil Mutlu, taekvondoçu Servet Tazegül və güləşçi Mehmet Akif Pirim İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını meydana gətirdi.

 

ISSF-nin bayrağı qaldırıldıqdan sonra idmançıların və hakimlərin andı qəbul edildi. İdmançıların adından paralimpiyaçı kamandan oxatan Öznur Cüre, hakimlərin adından isə velosiped idmanı üzrə ədalət təmsilçisi Serkan Karademir and içdilər.

 

Açılış mərasimində Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha və ISSF-nin prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud çıxış etdilər.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi.

 

Sonra atəşfəşanlıq oldu.

 

Ardınca V İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan 24 idman növünün 9 min illik tarixi olan Çatalhöyük mirasından ilhamlanaraq hazırlanan qrafiklərin müşayiəti ilə ecazkar təqdimatı nümayiş etdirildi.

 

Əsas qayəsi Mövlanə Cəlaləddin Ruminin “Biz birləşdirməyə gəldik, ayırmağa gəlmədik” olan açılış mərasimi maraqlı kompozisiyaların təqdimatı ilə davam etdi. “Salam olsun!” kompozisiyası ilə Türkiyədən bütün İslam dünyasına salam göndərildi. “Həmrəyliyin gücü” kompozisiyasının əsas qayəsi odur ki, İslam dünyası bir-biri ilə qovuşur, birlik olur. Dünya müsəlmanları həmrəyliyin gücü ilə birləşir. Bu, İslam dünyasının dəyərlər düşüncəsi ilə birləşməsinin və həmrəyliyinin göstəricisidir. “Elmin gücü” kompozisiyasında İslam dünyasının qızıl dövrü tərənnüm edilir. Bu hissədə dünya qaranlıq dövrünü yaşadığı bir zamanda İslam alimlərinin bütün insanlığa bu günümüzə qədər gəlib çatan bəşəri irs qoymaları təbliğ olunur. “Hikmətin gücü” kompozisiyasında böyük bir mədəniyyətin paytaxtı, elmin və hikmətin diyarı, könüllərin görüş yeri olan Konyanın miras qalan əsərləri təqdim olunur, bu qədim şəhərin tarixinə səyahət edilir. “Könüllər şəhəri: Konya” kompozisiyasında isə İslam aləminin müdriklərinin uzun illər elm və hikmət axtarışlarından sonra Konyaya üz tutmaları və bu şəhərdə İslam mədəniyyətinin ən nadir incilərini yaratdıqları tərənnüm olunur. “Eşqin gücü” kompozisiyasında bu gözəl diyarda kök salan hikmətli düşüncələrin öz bəhrəsini verdiyi, bu hikmətin və sevginin Konyanı “Könüllər şəhəri”nə çevirdiyi təbliğ edilir.

 

İdmanın birləşdirici gücü ilə həmrəyliyi inkişaf etdirməyi hədəfləyən V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

 

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

 

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

 

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

 

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola saldılar.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub