"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1293
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib
Rəsmi xronika 21 May, 2021

Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.

 

Müzakirələri açan Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin çıxış edərək dedi:

 

- Cənab Prezident, Zati-aliləri, xanımlar və cənablar! Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları!

 

Bu, Mərkəz üçün böyük bir gündür. Biz çox şadıq ki, Prezident İlham Əliyev bizim dialoqa qoşulur və Azərbaycan, eləcə də regionla bağlı öz planları və istəklərini bizimlə bölüşür. Cənab Prezident, səkkiz il öncə, Siz dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılmasına dair tapşırıq verdiniz. Bu quruma beynəlxalq üzvlər qoşuldu, onun İdarə Heyəti yaradıldı. Daha sonra Mərkəzin işini və proqramını müəyyən etmək üçün həmsədrlər seçildi və baş katib təyin olundu.

 

Cənab Prezident, Siz bizə etimad göstərdiniz və ümid edirik, biz Sizin etimadınızı doğrulda bildik. Səkkizillik dövrdə çox işlər görülüb, Siz də onlara böyük dəstək vermisiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq səviyyədə get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edib. Forumdan başqa, Mərkəz bir çox digər tədbirləri də təşkil etdi, Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, təşkilatımız beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı.

 

Cənab Prezident, bütün sahələrdə biz Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə kimi mövqeyini təşviq etmişik. Biz bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrilmişik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başladı. Lakin bundan sonra pandemiya baş verdi. Biz 2020-ci ildə keçiriləcək Bakı Qlobal Forumunu təxirə salmaq məcburiyyətində qaldıq. Bununla belə, yəqin Siz məmnunluqla qəbul edərsiniz ki, 2021-ci ilin sonrakı aylarında Bakı Qlobal Forumunun çox uğurla keçirilməsində israrlıyıq. Biz İdarə Heyətinin təlimatları ilə və baş katib Rövşən Muradovun rəhbərlik etdiyi katibliklə birgə “Bakı Qlobal Forumu 2021”in məzmunu və təşkili sahəsində Hikmət Hacıyev və Sizin Protokol xidmətinizlə sıx işləyirik ki, tədbirimiz təqvimə və istəklərimizə uyğun keçsin.

 

COVID-19 pandemiyasına, məhdudiyyətlərə və səfərlərin təxirə salınmasına baxmayaraq, mərkəzimiz çox fəal işləyir. Biz yeni texnologiyalardan tam yararlanmaqla öz səylərimizi göstəririk. Biz 28 konfransa, 90 sessiyaya ev sahibliyi etdik. Tədbirlərimizdə 370 məruzəçi çıxış edib, 60 ölkədən iştirakçılar bizə qoşulub. İstənilən mövzuları əhatə etmişik: pandemiya qarşısında qlobal həmrəylikdən tutmuş, formalaşan dünya nizamı və multilateralizmin gücləndirilməsi yollarına qədər. Ərzaq təhlükəsizliyi, təhsil məsələləri, sülhün əldə olunmasında qadınların rolu da müzakirəyə çıxarılıb. Bütün bu işləri görərkən biz mötəbər təşkilatlarla, tanınmış laureatlarla və şəxslərlə tərəfdaşlıq qurmuşuq. Dostlarımız və tərəfdaşlarımızın sayını iki dəfə artırmışıq. Biz Çindən olan nümayəndəyə - elmlər doktoru Şana bizim beynəlxalq dostlar şuramıza həmsədrlik etdiyinə görə minnətdarıq.

 

Bütün bu tədbirlərlə yanaşı, biz pandemiyaya və onun fəsadlarına qarşı mübarizədə göstərilən səylərdə və həmrəylik təşəbbüslərində çox fəalıq. İnanırıq ki, Zati-aliləriniz, bu işlə əlaqədar çox yerlərdən müsbət rəy alıb. Biz, həmçinin bir çox materialları çap edib yaymışıq. Bu işə bir çox yerli tanınmış şəxsləri cəlb etmişik. Fəaliyyətimiz media tərəfindən də dəyərləndirilib. Bir ildə 12 təşəkkür məktubu almışıq. Onların əksər hissəsi “Ehtiyacı olan insanlara yardım” təşəbbüslərinə görə təqdim edilib. Hazırda İngiltərənin sabiq Baş naziri Qordon Braun bizim adımızdan 7-lər və 20-lər Qrupuna təqdim ediləcək məktubun yekun variantı üzərində çalışır.

 

Ötən ilə nəzər saldıqda, deyə bilərik, bu dövr mərkəzin artan beynəlxalq nüfuzu ilə yadda qalan, çox intensiv iş ilə seçilən, mühüm beynəlxalq təşkilatlarla və dünyanın elmlər akademiyaları, elmi təsisatları ilə əməkdaşlığın genişləndiyi il olub. Dünya mətbuatında da mövqeyimizi gücləndirdik. Ümid edirik ki, sonuncu görüşdə Zati-alinizə haqqında danışdığımız işləri gələn həftələr ərzində başa çatdıracağıq.

 

Cənab Prezident, mən nitqimi çox davam etdirə bilərdim. Lakin, bilirəm ki, hamı məhz Sizi dinləməyi çox arzulayır. Söz verirəm ki, yaxın vaxtlarda işimiz barədə hesabatı yekunlaşdırıb diqqətinizə təqdim edəcəyik və onu bu il Qlobal Forumda paylayacağıq. Ümid edirik ki, Zati-aliniz Mərkəzin həm pandemiyadan əvvəlki, həm də sonrakı fəaliyyətindən tam razı qalacaq.

 

İndi isə icazənizlə mən sözü hörmətli xanım həmsədr Vayra Vike-Freyberqaya verirəm.

 

Sağ olun.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dedi:

 

- Zati-aliləri, cənab Prezident! Xanımlar və cənablar!

 

Biz bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev arasında dialoqda iştirak etməkdən böyük iftixar hissi duyuruq. Bu görüşə Prezidentin nitqi ilə başlayacağıq. Sonra isə sual-cavablara keçəcəyik. Biz dəvətimizi qəbul etdiyinə görə cənab Prezidentə minnətdarıq.

 

Cənab Prezident, dünyanın bu çətin durumunda Azərbaycanın mövqeyi, ölkənin gələcəyinə dair planlarımızla və onların dünya gündəliyinə necə uyğunlaşması ilə əlaqədar Sizin mülahizələrinizi səbirsizliklə gözləyirik. Cənab Prezident, şərhlərinizi eşitməyi səmimiyyətlə arzulayırıq.

 

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.

 
Prezident İlham Əliyevin çıxışı
 

- Çox sağ olun. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri, xanım Vike-Freyberqa və cənab Seragəldin.

 

İlk öncə, mən bu gün keçirilən müzakirələrin bütün iştirakçılarını salamlamaq istərdim. Fürsətdən istifadə edərək, Nizami Mərkəzinin həmsədrinə və üzvlərinə bu müzakirələri başlatdığına görə təşəkkürümü bildirmək istərdim. Çünki hesab edirəm ki, bu, çox yerinə düşən tədbirdir. Təklif etdiyiniz mövzuya gəldikdə isə, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”, fikrimcə, qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.

 

Lakin, əvvəlcə, mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir.

 

Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

 

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.

 

Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.

 

Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.

 

Bəlkə də, yaxşı olardı mən burada çıxışımı dayandırım. Çünki siz bilirsiniz, bir neçə Bakı Qlobal Forumu zamanı mən bütün tədbirlərdə Dağlıq Qarabağ haqqında danışmışam. Ona görə siz dəqiq bilirsiniz nə baş verib, necə baş verib, nəticələr nədir. Hesab edirəm ki, bunu təkrar etməyə ehtiyac yoxdur. Daha yaxşı olardı ki, dialoqumuza çox vaxt ayıraq.

 

Çox sağ olun, istədiyiniz suala cavab verməyə hazıram.

 

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm, cənab Prezident. Aydın giriş nitqiniz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları ilə dialoq qurmaq fikrini dəstəklədiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Bu, çox əlamətdar bir tədbirdir, ona böyük maraq var. Auditoriyamızın şəxsən Sizə sual ünvanlamaq imkanına malik olması onları çox sevindirir. Nəticə etibarilə biz bu dialoqda iştirak etmək üçün bugünkü tədbirə qatılmış çoxlu sayda iştirakçıdan müraciət almışıq. Bu tədbirin moderatorluğunu üzərimə götürməklə mənim auditoriyadan və bütün iştirakçılardan birinci xahişim bundan ibarətdir: sualınızı mümkün qədər yığcam ifadə etməyə çalışın ki, sizdən sonra gələnlərin də Zati-aliləri cənab Prezident tərəfindən səxavətlə ayrılmış vaxt cədvəlinə uyğun olaraq sual vermək imkanı olsun.

 

Mən sual verən şəxsləri maraq göstərdikləri mövzulara uyğun olaraq iki və ya daha çox şəxsdən ibarət qrupa daxil etmişəm. Hər bir ümumi mövzu üçün mən birinci natiqi təqdim edəcəyəm və ondan suallarını verməyi xahiş edəcəyəm. Sonra ikinci natiqi təqdim edəcəyəm və ona da sual vermək imkanı yaradacağam. Yalnız bundan sonra Zati-aliləri cənab Prezident sualları cavablandıracaq. Bu, bizə dialoqumuzu sürətləndirməyə və mövcud vaxt çərçivəsində mümkün olduğu qədər çox sualın verilməsinə imkan yaradacaq. Gəlin, sual-cavab sessiyasını açıq elan edək. İlk sual önəmli regional tərəf olaraq Azərbaycanın əhəmiyyətli geostrateji ölkə kimi rolu haqqındadır. Birinci sual üçün sözü Ağ evdə 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü cənab Deyvid Merkelə vermək istəyirəm. Cənab Merkel, söz sizindir.

 

Deyvid Merkel: Çox sağ olun, cənab Prezident, Sizi görmək çox xoşdur. Sizinlə tezliklə Bakıda şəxsən görüşməyi səbirsizliklə gözləyirəm. Sizin və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi. Bunun əksinə Azərbaycanın müstəqil siyasət yürüdə bilməyəcəyi təqdirdə Mərkəzi Asiya regionunda Rusiyanın dominantlığına gətirib çıxaracağını da söyləmişdi. O vaxtdan bəri çox şeylər baş verib və böyük şahmat lövhəsinə yenidən nəzər salmaq vaxtı yetişib. Dağlıq Qarabağ müharibəsinin həllini, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü nəzərə alaraq Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasındakı rolu, Asiyanın logistik nöqteyi-nəzərdən geostrateji cəhətdən mühüm ərazi sayılan Avropaya birləşməsinin mümkünlüyü və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə çoxtərəfli inkişaf banklarının oynaya biləcəyi rolu haqqında danışa bilərsinizmi? Təşəkkür edirəm.

 

Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox sağ olun. Əslində, cənab Merkel tərəfindən üç sual verilib və mən onları cavablandırmağa çalışacağam. Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən - maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi. Biz həqiqətən də yaxşı bir komanda, bir neçə ölkəni təmsil edən komanda olaraq çalışırdıq. Bu ölkələrin bəziləri Avropa İttifaqının üzvüdür. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni yataqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir. Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib. Beləliklə, bu məsələ tamamlanmış kimi hesab olunur.

 

Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstəkdən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən danışanda deməliyik ki, bunlar da beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq.

 

Cənab Merkelin beynəlxalq banklarla bağlı sonuncu sualına gəldikdə, Sizə deyə bilərəm ki, biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları bizim tərəfdaşlarımız idi. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı. Bütün aparıcı beynəlxalq maliyyə institutları layihədə iştirak edirdi və bu, layihəyə dəstək olmaq üçün kommersiya banklarına ünvanlanmış açıq-aydın bir mesaj idi. İşğaldan azad edilmiş ərazilərdə layihələrə gəldikdə, biz builki yenidənqurma işlərinə büdcəmizdən 1.3 milyard ABŞ dolları ayırmışıq və səmimi söyləsəm biz banklardan kredit almaq istəmirik. Bizim dəyərləndirdiyimiz investisiya yatırmaq imkanlarıdır. Çünki işğaldan azad edilmiş ərazilərdə investisiya yatırmaq üçün çoxlu imkanlar var. Bizim böyük yenidənqurma planlarımız var. Buna görə bankların Azərbaycana, əslində, lazım olmayan birbaşa maliyyə dəstəyi verməsi əvəzinə, əcnəbi və yerli investorlara işğaldan azad edilmiş ərazilərdə layihələri həyata keçirməyə kömək göstərməsi bizi sevindirmiş olardı. Təşəkkür edirəm.

 

Vayra Vike-Freyberqa: İkinci iştirakçımızdan, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işlər naziri olmuş xanım Eka Tkeşelaşvilidən sual verməsini xahiş etmək istərdim. Eka, buyurun.

 

Eka Tkeşelaşvili: Hər vaxtınız xeyir, cənab Prezident.

 

Prezident İlham Əliyev: Hər vaxtınız xeyir.

 

Eka Tkeşelaşvili: Zati-aliləri, Azərbaycan regionda transformasiya xarakterli layihələrdə mərkəz rolunu oynamışdır. Bu, Qafqazın Avropanın ümumi enerji təhlükəsizliyi üzrə önəmli büro ölkəsinə çevrilməsinə, qlobal miqyasda beynəlxalq ticarətin və bağlılığın inkişafına imkan verir. İndiyədək bu istiqamətdə cərəyan edən hadisələri necə qiymətləndirərdiniz? Sizcə, tərəqqinin miqyasını artırmaq anı yetişibmi? Lakin həm də tərəfimizdən nəzərə alınmalı bəzi çatışmayan bəndlər və çağırışlar da var.

 

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Azərbaycanın oynadığı rola verdiyiniz qiymət üçün sizə təşəkkür edirəm. Deyə bilərəm ki, yalnız təkcə biz özümüz bu vacib layihələri tamamlaya bilməzdik və buna görə də bütün bu layihələrin icrası zamanı bizim Gürcüstanla əməkdaşlığımız strateji əhəmiyyətə malik idi. Bildiyiniz kimi, müstəqillik illərində Azərbaycandan çəkilmiş ilk boru xətti Gürcüstana gedən Bakı-Supsa boru xətti idi. Bu kəmər 1990-cı illərin axırında istismara verilmişdir və Azərbaycan neftinin beynəlxalq bazarlara ixracına başlamağa imkan yaratmışdır. Bakı-Tbilisi-Ceyhan kəməri 6-7 il sonra çəkilmişdir. Bu, həqiqətən də inkişafın bir mərhələsi idi. Bu, Cənubi Qafqaz regionunda tamamilə yeni bir vəziyyəti yaratmaq üçün bizim birgə iradəmizin təcəssümü idi.

 

Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə - Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Çatışmayan bəndlərə gəlincə, hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanmasından sonra bütün bəndlər bir-birinə bağlanıb. Eyni zamanda, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması Xəzər regionu, Qafqaz və Türkiyə regionunda bütün bəndləri bir-birinə bağlayıb. Buna görə də biz yeni bəndlərin yaradılması baxımından gələcək planlar haqqında düşünə bilərik. Məsələn, hazırda üzərində işlədiyimiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla, Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir. Biz hazırda həmin ölkələrə qazın çatdırılması üçün sabiq Yuqoslaviyanın bir neçə ölkəsi ilə fəal danışıqlar mərhələsindəyik. Bilirsiniz, bir mühüm layihəni bitirdikdən, missiyanı yerinə yetirdiyinizi düşündükdən sonra bəzi yeni ideyalar yaranır və tərəqqi özünü belə nümayiş etdirir. Əminəm ki, biz faydalı əməkdaşlığın başqa sahələrini də tapacağıq, ölkələr komandasını və dostluğumuzu genişləndirəcəyik.

 

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm, cənab Prezident. Növbəti iki sualda Azərbaycanın konkret ölkələrlə əlaqələrindən bəhs olunacaq. Birinci sual üçün xanım Tzipi Livniyə söz vermək istəyirəm. Xanım Livni 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri olub.

 

Tzipi Livni: Təşəkkür edirəm. İlk növbədə, mən İsraildə Turizm və Ticarətin İnkişafı üzrə Nümayəndəliyin açılmasına görə təşəkkürümü bildirmək istəyirəm. Bunun üçün minnətdaram. Mənim sualım ABŞ, ABŞ-ın yeni administrasiyası və Rusiya ilə bağlıdır. Sizin bu ölkələrin regionla və regionun üzləşdiyi çağırışlarla əlaqəli siyasəti ilə bağlı gözləntiniz nədir?

 

Vayra Vike-Freyberqa: Cənab Prezident, indi isə gəlin sualını vermək üçün sözü 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenkoya verək.

 

Viktor Yuşşenko: Hörmətli cənab Prezident İlham Heydər oğlu. İlk növbədə, mən Sizi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ən mühüm məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik etmək istəyirəm. Bu, həyata keçirilməsi 30 il çəkən bir arzu idi. Bildiyiniz kimi, 2006-cı ildə biz dörd ölkədən ibarət olan beynəlxalq GUAM təşkilatını yaratdıq. Bu təşkilat təhlükəsizlik, iqtisadiyyat, əməkdaşlıq, humanitar əməkdaşlıq və infrastruktur məsələləri ilə məşğul olmalı idi. Bu təşkilatın gələcək fəaliyyəti üçün yol xəritəsini nədə görürsünüz?

 

Vayra Vike-Freyberqa: Cənab Prezident, Sizin cavabınızı səbirsizliklə gözləyirik.

 

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Birinci sual ABŞ və Rusiyanın regiondakı siyasətindən gözləntilərimizlə bağlıdır. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. Əfsuslar olsun ki, bu danışıqlar heç bir nəticə vermədi. Lakin, eyni zamanda, indi ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Beləliklə, müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır. Eyni zamanda, demək istərdim ki, pandemiyadan əvvəl Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik.

 

Bizim ABŞ-la əlaqələrimiz Rusiya ilə əlaqələrimizdən daha az çoxşaxəlidir. Bu da aydın məsələdir, çünki bizim Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Ona görə də bizim Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, demək olar ki, hər bir sahəni əhatə edir. ABŞ-la əməkdaşlığımızın əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda enerji təhlükəsizliyi və bəzi başqa sahələrdir. Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub. Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var. Sözsüz ki, gündəlik fərqlidir, lakin çox açıq, çox aydındır və gözlənilməz heç bir hal baş vermir. Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq. Düşünürəm ki, bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur və onların arasında bir-biri ilə yaxşı əlaqələri olmayan yeganə ölkələr Rusiya və ABŞ deyil. Zənnimcə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək və mənim yüksək rütbəli rəsmilər, Rusiya Prezidenti, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda, Rusiyanın xarici işlər naziri ilə son təmaslarım onu göstərir ki, biz həqiqətən də əməkdaşlığımızı genişləndirmək istəyirik və hər iki tərəf bu əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər hesab edir.

 

Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra düşünürəm ki, gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır və ümid edirik ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək.

 

Mən, həmçinin hörmətli Prezident Yuşşenkonun GUAM-la bağlı sualına cavab vermək istərdim. O, bu təşkilatın dəyişildiyi və ona yeni ad – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat adı verilən vaxtları xatırladı. Viktor Andreyeviçin doğru qeyd etdiyi kimi, GUAM-ın gündəliyi çox geniş idi və o, çox yaxşı xatırlayır ki, onun Ukraynada prezidentliyi dövrü bəlkə də GUAM-ın ən fəal dövrü idi. Biz hər il mütəmadi olaraq müxtəlif paytaxtlarda sammitlər keçirirdik, qeyri-rəsmi müzakirələrimiz olurdu. Biz, həqiqətən də bu təşkilatın çox fəal inkişaf dövrünü yaşayırdıq. Bir çox hallarda bəzi başqa ölkələrin prezidentləri də bizə qoşulurdu, bu isə təşkilatın cəlbedici olduğunu göstərirdi. Lakin əziz dostum Viktor da çox yaxşı bilir ki, GUAM-da aparıcı rolu məhz Ukrayna oynayıb. Ona görə də o, hakimiyyətdən gedəndən sonra siyasi gündəlikdə baş verən dəyişikliklər faktiki olaraq təşkilatın vəziyyətinin bir qədər pisləşməsinə gətirib çıxardı. O, Ukraynanın xarici siyasətinin prioritetlərindən biri olmağı dayandırdı. Bu səbəbdən də biz yavaş-yavaş GUAM-ın əvvəlki dinamikasını itirdiyini görməyə başladıq. Daha az görüş keçirilir, təmaslar və birgə layihələr daha azdır. Buna baxmayaraq, bizim həmin vaxt müzakirə etdiyimiz məsələlər, xüsusilə Azərbaycan neftinin Ukraynaya nəqli baş tutdu və təkcə bu, deyil.

 

Bu gün Azərbaycan Ukraynada çox geniş paylayıcı şəbəkəyə malikdir. Bizim cənab Prezident Yuşşenko ilə fəal şəkildə işlədiyimiz məsələ - Azərbaycandan Ukraynaya neft təchizatı indi reallıqdır. GUAM-ın hələ də onların xarici siyasətinin prioriteti olub-olmaması yenə də əsasən, Ukrayna hökumətinin gündəliyindən asılı olacaq. Əlbəttə ki, bu, təşkilatın özünü fəallaşdırması və ya bir növ gözləmə mövqeyində qalmasında əsas amil olacaq. Sözsüz ki, üzv ölkələrdə bir sıra daxili məsələlər də müəyyən mənada bəzi çətinliklər yaratdı. Çünki bəzi ölkələrdə hökumət dəyişikliyi elə sürətlə baş verdi ki, onların hətta öz xarici siyasət gündəliklərini formalaşdırmağa vaxtı olmadı. Lakin Azərbaycan bu mənada hər zaman sabit ölkə olub və əgər bütün üzv ölkələrdən belə bir tələb olsa, biz doğru düşündüyümüzü edəcəyik.

 

Eyni zamanda, Ukrayna ilə, Gürcüstanla ticarət əlaqələri inkişaf edir, enerji sahəsində əməkdaşlıq inkişaf edir. Hazırda isə nəqliyyat... Ukrayna bəzən Mərkəzi Asiyaya mallar göndərmək üçün Azərbaycanın logistik və nəqliyyat şəbəkəsindən istifadə edirdi. Beləliklə, bütün bunlar mümkündür. Bizim, sadəcə olaraq, praqmatizmə, GUAM ölkələrinin bir-birinə qarşı hər zaman nümayiş etdirdiyi qarşılıqlı dəstəyə əsaslanaraq gələcək addımları planlaşdırmağa ehtiyacımız var. Demək istəyirəm, təşkilatın ən mühüm elementlərindən biri odur ki, biz ölkələrimizin ərazi bütövlüyü məsələsində hər zaman BMT-də bir-birimizi dəstəkləmişik və bu vahid mövqe ölkələrimizin ağrılı məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda həqiqətən də mühüm əhəmiyyət kəsb edirdi.

 

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm, cənab Prezident. Siz bir qədər əvvəl söylədiniz ki, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərinizi dəfələrlə dinləmək şərəfinə nail olacağıq. Lakin bugünkü mövzu Sizin qonşunuz Ermənistanla əlaqələrinizin gələcəyi ilə bağlıdır. Bizə bu ümumi məsələ ilə bağlı 4 sual ünvanlanıb. Biz onları iki-iki cavablandıra bilərikmi? Sual üçün söz ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekutaya verilir. Cənab səfir, buyurun.

 

Robert Sekuta: Hər vaxtınız xeyir, cənab Prezident.

 

Prezident İlham Əliyev: Hər vaxtınız xeyir.

 

Robert Sekuta: Burada olmaqdan və Sizi virtual da olsa, görməkdən çox məmnunam. Mən Xəzər Siyasət Mərkəzinin İdarə Heyətini təmsil edən nümayəndə heyəti ilə birlikdə Bakıdayam. Buraya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş ofisindən gəlirəm. Sizə deməliyəm, mən və bir sıra sabiq ABŞ səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə işləyirik ki, dünya liderlərini “Çatam Hauz” qaydalarına uyğun olaraq Qarabağla bağlı müzakirələrə cəlb edə bilək. Deyə bilərəm ki, xüsusilə Sizin administrasiyanız, Hikmət Hacıyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə iş baxımından bizə çox yardımçı olub, biz buna görə həqiqətən də minnətdarıq. Cənab Prezident, söylədiklərinizin davamı olaraq demək istərdim ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına kömək etmək üçün ABŞ-ın hansı rolu oynamasını, hansı addımları atmasını istəyərdiniz? Təşəkkür edirəm, cənab Prezident.

 

Vayra Vike-Freyberqa: Cənab Prezident, Siz bu suala cavab verməzdən əvvəl biz 2002-2004-cü illərdə, həmçinin 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Frattininin də sualını eşidə bilərikmi? Cənab Frattini, biz sizin sualınızı dinləməyə hazırıq.

 

Franko Frattini: Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə, virtual da olsa, Sizi görməkdən məmnunam. Mən, əvvəlcə, bir daha demək istərdim ki, Sizin bir qədər öncə qeyd etdiyiniz kimi, biz birlikdə bir sıra maneələri dəf edəndən sonra İtaliya Trans-Adriatik boru kəmərinin mükəmməl fəaliyyətindən tam məmnundur.

 

Mənim Ermənistanla bağlı sualım var. Siz o ölkəni qeyd etdiniz. Məndə belə bir təəssürat var ki, Ermənistanda yaşayan sadə insanların daxili siyasi təbliğat səbəbindən təcrid olunmalarından, Qafqazın qalan hissəsi və onun hüdudlarından kənarında yaxşı əlaqələrin onların maraqlarına tam uyğun olmasından bəlkə də xəbərləri yoxdur. Sizcə, Ermənistanda bəlkə də siyasətçilərin başa düşmədiyini erməni xalqının anlaması üçün dost əlini uzatmaq məqsədilə ən konkret təklif nə olardı?

 

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın hansı addımlar ata biləcəyinə gəlincə, düşünürəm ki, ABŞ çox iş görə bilər. O, ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Yeri gəlmişkən, mən başa düşdüyüm və hiss etdiyim qədərilə indi ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır. Çünki bir qədər əvvəl dediyim kimi, münaqişə həll olunub. Ona görə də Minsk qrupu üçün yeni gündəlik olmalıdır və əlbəttə ki, üç ölkə, ilk növbədə, öz aralarında razılığa gəlməlidir. Mən Minsk qrupu səfirləri ilə sonuncu dəfə görüşəndə və biz gələcək barədə müzakirələr aparanda dedim ki, onlardan təkliflər gözləyirəm. Çünki həll yolunu tapmaq üçün həmişə təklifləri verən, hər iki ölkəni yaxınlaşdırmağa çalışan onlar olub. Bu səbəbdən də bu gün başa düşdüyüm qədərilə Minsk qrupu müəyyən mənada yeni kimlik olmasa da, ən azı yeni fəaliyyət sahəsi axtarışındadır. ABŞ həmsədrlərdən biri kimi sözsüz ki, çox mühüm rol oynayır. Eyni zamanda, biz bilirik ki, ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də düşünürəm ki, münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək.

 

Ermənistan cəmiyyətinin daha yaxşı başa düşməsi üçün hansı təklif verə biləcəyimizlə bağlı cənab Frattininin sualına cavab olaraq, mən hər iki suala cavab verməyi üstün tutardım, çünki onlar bir-biri ilə əlaqəlidir. Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, Azərbaycanla və bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik, tarixə və beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytarmaq istəyirdik. Biz bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəyirdik və bizim tələbimiz legitim idi. Beynəlxalq hüququ pozan və bizim ərazilərimizi işğal edən ölkə Ermənistan idi. Lakin Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Onlar hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar. Deyirdilər ki, döyüşü udurlar, deyirdilər ki, yeni əraziləri nəzarətə götürürlər və de-fakto hamı bilirdi ki, döyüş meydanında bunun tam əksi baş verirdi. Beləliklə, birincisi, onlar reallığı çox aydın şəkildə başa düşməlidirlər. Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi.

 

Müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Ona görə də onlar, ilk növbədə, nə etməlidir, onlar Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində bu revanşist hisslər geniş yayılıb. Hazırda onlar parlament seçkiləri ərəfəsindədirlər. Biz gərginliyin yüksəldiyini görürük və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amil azərbaycanofobiyadır. Onlar tamamilə əks təsir göstərən, Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər.

 

Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı. Lakin nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik. Eyni zamanda, müharibə dayanandan - noyabrın 10-dan sonra hazır olduğumuzu, mühüm məsələlər üzərində birlikdə işləməyə hazır olduğumuzu nümayiş etdirmək üçün bir neçə dəfə mühüm jest etdik. Onlardan biri humanitar məsələ idi. Biz müharibə zamanı saxlanılanların hamısını, o cümlədən Ermənistan qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdik. Biz çox sayda yaşlı erməninin qayğısına qaldıq, onları xəstəxanaya yerləşdirdik və Qırmızı Xaça təhvil verdik, onlar sağ-salamat geri qayıtdılar.

 

Onlar 1990-cı illərin əvvəlində bizim torpaqları işğal edəndə bunun eynisini etməmişdilər. Biz meşələrdə, dağlarda cəsədləri axtarırdıq. Biz təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardıq. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və onlar bizə heç bir cəsəd qaytarmayıb. Fərq budur. Bundan əlavə, müharibə dayanandan sonra bizdə 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil.

 

Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir. Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər. Bəs, Ermənistan hökuməti öz xalqını bu barədə məlumatlandırdımı? Xeyr. Hətta bu yaxınlarda bizim könüllü şəkildə azad etdiyimiz həmin saxlanılan 14 hərbçiyə görə onlar təşəkkür belə etmədilər. Onlar hər kəsə təşəkkür etdi. Rusiyalı sülhməramlılara təşəkkür etdi. ABŞ administrasiyasına təşəkkür etdi. Amma bizə, həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bu, onu göstərir ki, onlar normal davranışa hazır deyillər. Onlar Azərbaycanı iblisləşdirməyə son qoymağa hazır deyillər. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini azərbaycanlı adlandırırlar. Bu, ölkəni idarə etmək istəyən şəxslər üçün qəbuledilməzdir. Lakin yenə də biz nə təklif etmişik. Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb.

 

Cənab səfir Sekutanın sualına qayıdaraq deyim ki, bizim dəstəyə ehtiyacımız var. Bizim Minsk qrupunun, həmsədr ölkələrin, o cümlədən ABŞ-ın dəstəyinə ehtiyacımız var, region ölkələrinin, həmçinin hər zaman regionda müsbət inkişafı dəstəkləyən Türkiyənin dəstəyinə ehtiyacımız var və əlbəttə ki, bizim Avropa İttifaqının dəstəyinə ehtiyacımız var. Çünki düşünürəm ki, bu, nadir əməkdaşlıq formatı olacaq və Ermənistan bu şansı əldən versə, peşman olacaq. Bu, son şansdır. Otuz il keçib, qeyd etdiyim kimi, onların hazırkı vəziyyəti 1991-ci ildə olduğundan daha pisdir. Beləliklə, bu, son şansdır, onlar bunu əldən versələr, bəlkə də daha çətin olacaq.

 

Vayra Vike-Freyberqa: İcazə verin, sözü 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş cənab Rosen Plevneliyevə verim.

 

Rosen Plevneliyev: Cənab Prezident, hər kəsin adından bildirmək istəyirəm ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmağımızdan böyük fərəh hissi keçiririk. Sizin rəhbərliyinizlə və Mərkəzin katibliyinin gənc əməkdaşlarının səyləri nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əhəmiyyətli, güclü və səmərəli bir təsisat olaraq fəaliyyət göstərir. Biz bir çox qurumların üzvüyük, ancaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi digərlərdən həqiqətən də fərqlənir. Bundan əlavə, Sizin rəhbərliyinizlə İkinci Qarabağ müharibəsindəki Qələbəniz bizi çox məmnun etdi. Siz qanunun aliliyini təmin etdiniz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz və xalqa ədalət bəxş etdiniz. Mənim sualım Dağlıq Qarabağ bölgəsinin iqtisadiyyatı ilə bağlıdır. Bütün bu illər davam edən işğal nəticəsində həmin bölgədə vəziyyət nə dərəcədə çətindir və iqtisadiyyata hansı ziyan dəyib? Biz - Sizin dostlarınız və beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ bölgəsinin iqtisadiyyatının bərpasına yardım etmək üçün nə edə bilər?

 

Vayra Vike-Freyberqa: Sözü 1987-2015-ci illərdə Anti-Diffamasiya Liqasının direktoru olmuş cənab Abraham Foksmana verirəm.

 

Abraham Foksman: Cənab Prezident, Sizi virtual olsa da, görmək imkanına görə təşəkkür edirəm və tezliklə şəxsən görüşməyə ümid edirəm. Cənab Prezident, Azərbaycanın İsrail Dövləti ilə münasibətləri haqqında nə deyə bilərsiniz, xüsusilə də hazırda yaşanan böhran fonunda?

 

Prezident İlham Əliyev: Əvvəlcə, cənab Plevneliyevin sualına cavab vermək istəyirəm. Cənab Prezident, Azərbaycanın Qələbəsi və qanunun aliliyinin bərqərar olması ilə bağlı xoş sözlərinizə və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Biz mənim sizin gözəl ölkənizə səfərlərim və sizin Azərbaycanda olduğunuz vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllini dəfələrlə müzakirə etmişik. Mən hər zaman sizin ədalət və beynəlxalq hüquqa əsaslanan açıq mövqeyinizi yüksək qiymətləndirmişəm. Səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

 

Artıq qeyd etdiyim kimi, işğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Mənim azad olunmuş ərazilərə çoxsaylı səfərlərim olub və avtomobillə hərəkət edərkən 400-450 kilometr yolboyu yalnız dağıdılmış şəhər və kəndlər görünür. Son altı ay ərzində mənin azad olunmuş ərazilərə bir çox səfərlərim olub, şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışırdılar - işğal altındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb.

 

Erməni işğalçılarının digər məqsədi şəhər və kəndlərimizi dağıtmaqdan ibarət idi ki, azərbaycanlılar heç vaxt oraya geri dönə bilməsinlər və əslində, bu gün geri dönmək üçün heç bir şərait yoxdur. Təsəvvür edin ki, sovet dövründə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan, yalnız şəhər əhalisi 40 min nəfərdən ibarət Ağdam tamamilə dağıdılıb. Müharibədən əvvəl 25-30 min sakini olmuş Füzuli şəhəri darmadağın edilib. Füzulini oktyabr ayında azad edəndən sonra mən hərbçilərimizə göstəriş verdim ki, binaların birinin üzərində Azərbaycan bayrağını dalğalandırsınlar. Onlar isə bunun üçün bir dənə olsun belə salamat bina tapa bilmədilər və bayrağı açıq ərazidə yüksəltdik. Digər şəhərlərdə də vəziyyət eynidir, bütün infrastruktur dağıdılıb və beləliklə, görüləcək işlər çoxdur. Lakin biz artıq işlərə başlamışıq. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Biz magistral yolların inşasına başlamışıq. 10 noyabr Bəyanatının imzalanmasından sonra orada yaşayan ermənilərə əraziləri tərk etmək üçün 20 gün vaxt verildi. Söhbət üç rayondan gedir ki, biz onları 10 noyabr Bəyanatının imzalanması nəticəsində azad etdik. Əslində isə bu, Ermənistanın kapitulyasiyası sənədi idi. Həmin 20 gün ərzində onlar özlərinin yaşadıqları, lakin oralardan qovulan azərbaycanlıların tikdiyi evləri yandırırdılar. Onlar ağacları kəsir və yandırır, evlərə od vurub və vandalizm aktları törədirdilər. Yəni, bütün işlər sıfırdan görülməlidir. Biz artıq işlərə start vermişik. Bizim inkişafla bağlı baş planımız artıq hazırdır. Biz dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətləri dəvət etmişik və işğalçıları beynəlxalq məhkəmələrə verəcəyik. Onlar qanunsuz olaraq bizim sərvətlərimizi talayıb, xüsusilə də qızıl yataqlarımızı. Artıq bu işlə məşğul olan həmin şirkətlərlə bağlı hüquqi prosedurlara başlanılıb. İnfrastruktur layihələrinə artıq start verilib. Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Daha dolğun təsəvvür yaratmaq üçün qeyd etmək istəyirəm ki, azad olunmuş ərazilər sahəsinə görə Livanın ərazisinə bərabərdir.

 

Biz bir milyondan çox insan üçün yaşayış evləri tikməli və infrastruktur yaratmalıyıq. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir. Biz bu işə sadiqik və bunu edəcəyik. Lakin, ilk növbədə, biz əraziləri minalardan təmizləməliyik, çünki onlar çox təhlükəlidir.

 

İsraillə əlaqələrimizə dair suala cavab olaraq bildirmək istəyirəm ki, münasibətlərimiz kifayət qədər çoxşaxəlidir. Biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionda ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər.

 

Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir. Sirr deyil ki, Azərbaycan İsrailin müdafiə xarakterli məhsullarına tam çıxışa malikdir. Biz artıq həmin sahədə yeni irəliləyiş mərhələsindəyik. Perspektivli sahələrdən biri kənd təsərrüfatıdır. Bilirsiniz ki, olduqca çətin iqlim şəraitində İsrail dünyada ən müasir kənd təsərrüfatı sahəsi yaratmağa müvəffəq olub. Bu, bizim üçün çox yaxşı nümunədir və biz həm azad olunmuş ərazilərdə, həm də ümumiyyətlə, ölkəmizdə bu texnologiyadan istifadə edə bilərik. Beləliklə, texnologiya bizim əməkdaşlığımızın mühüm amilidir. Bu, sizin sualınıza olan cavabımdır.

 

Vayra Vike-Freyberqa: Sözü CNN telekanalında “Farid Zakariya GPS” verilişinin aparıcısı, məşhur amerikalı jurnalist Farid Zakariyaya vermək istəyirəm. O, Bakı Forumuna dəvət olunub və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən müxtəlif tədbirlərin iştirakçısıdır.

 

Farid Zakariya: Çox təşəkkür edirəm. Bu tədbirdə iştirak etməkdən məmnunam. Son iyirmi il ərzində böyük inkişafın şahidi olan Bakı kimi möhtəşəm şəhər üçün darıxıram və təəssüf edirəm ki, Zati-aliləri, Sizinlə şəxsən görüşə bilmədim. Cənab Prezident, ABŞ-ın yeni, Bayden administrasiyası ilə bağlı fikriniz nədir? Bu administrasiyanın region və Azərbaycanla bağlı siyasətindən gözləntiləriniz nədən ibarətdir?

 

Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab Zakariya. Mən də sizi görməyə şadam və ümid edirəm ki, bu il Bakıda təşkil olunacaq Qlobal Forumda siz də iştirak edəcəksiniz. Sizinlə Bakıdakı görüşümüzü və uzun müzakirəmizi xatırlayıram, Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunun belə aydın təhlilinə görə də sağ olun. ABŞ-ın yeni administrasiyası bizim üçün o qədər də yeni deyil. Biz Obama-Bayden administrasiyası ilə yaxından əməkdaşlıq etmişik. Mən 2016-cı ildə Vaşinqtonda o zaman vitse-prezident vəzifəsində çalışan cənab Baydenlə görüşümüzü, ikitərəfli gündəliyimizə daxil olan mövzuların geniş dairəsi, beynəlxalq məsələlər ilə bağlı çox yaxşı və səmərəli müzakirəmizi xatırlayıram. Yadımdadır ki, Prezident Baydenin o zaman regionun problematikasına dair dolğun məlumatı var idi və o, ABŞ ilə Azərbaycan arasında münasibətlərə böyük dəyər verirdi. Bizim artıq təmaslarımız olub. Bu yaxınlarda mənim ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Sallivanla telefon danışığım olub. Biz regionda münaqişədən sonrakı vəziyyət və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə etdik. Biz terrorçuluqla mübarizə və Əfqanıstanda sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq edirik. Biz ilk günlərdən Əfqanıstanda əməliyyatlarda iştirak edirik və hazırda orada mövcudluğumuzu davam etdiririk. Bizim hərbçilər oradadır və bu yaxınlarda biz hətta onların sayını artırmışıq.

 

Əməkdaşlığımızın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Qeyd etdiyim sahələr üzrə bizim çoxşaxəli münasibətlərimiz var, lakin biz bu əlaqələri daha da şaxələndirmək istəyirik. Xüsusilə buraya müasir texnologiyalar və ticarət daxildir, çünki ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Digər mövzular da var və əlbəttə ki, biz ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Bu günədək təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Bu, yəqin ki, Ermənistanla münaqişə ilə bağlı idi. Ancaq artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm.

 

Yeni administrasiya ilə bağlı gözləntilərə gəldikdə, bu, yeni administrasiyanın bizim regionla bağlı gündəliyindən asılı olacaq. Bizim ilkin təmaslarımız olduqca müsbətdir. Bu, bizə nəticələrlə bağlı müəyyən təhlil aparmağa imkan verir. Ancaq zənnimcə, bir az zaman tələb olunacaq ki, administrasiya tam gücü ilə işə başlasın. Hər şey Cənubi Qafqazın prioritetlər siyahısında harada yer almasından asılı olacaq. Bu, bizim münasibətlərimizin aparıcı qüvvəsi olacaq. Siz anlayırsınız ki, Azərbaycan ilə ABŞ arasında əlaqələrə gəldikdə aparıcı rol ABŞ-a məxsusdur və hər şey qarşı tərəfin gündəliyindən asılı olacaq. Ancaq biz strateji tərəfdaş olaraq yaxından çalışmağa və əməkdaşlığımızı genişləndirməyə hazırıq. Hesab edirəm ki, ABŞ regionda münaqişədən sonrakı inkişaf sahəsində mühüm rol oynaya bilər. Bilirik ki, ABŞ-da çox fəal erməni diasporu var və əfsuslar olsun ki, onlar Ermənistan dövlətinə qarşı dağıdıcı rol oynadılar. İşğalın bu qədər uzun sürməsi onların radikal mövqeyi ilə bağlı olub. Onlar bunun əbədi davam edəcəyini düşünürdülər, lakin yanıldılar. Hazırda onlar bütün səylərini səfərbər edərək Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırlar. Halbuki biz yalnız öz ərazilərimizi azad etmişik. Bu, bizim hüququmuz idi və biz bunu etmək üçün təqribən 30 il gözləməli olduq. Təsəvvür edin ki, 1992-ci ildən 2020-ci ilədək biz danışıqlar mərhələsində olmuşuq. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələr qəbul etdi, lakin onlar kağız üzərində qaldı. Beləliklə, əminəm ki, ABŞ administrasiyası ilə təmaslarda növbəti irəliləyişin şahidi olacağıq.

 

Münaqişədən sonrakı inkişaf sahəsi vacibdir. Bununla yanaşı, hesab edirəm ki, ümumilikdə Cənubi Qafqazda təmasların sınaqdan keçirilə bilməsi vacib sahə ola bilər. Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb. Biz buna hazırıq. Bir az əvvəl qeyd etdiyim kimi, biz Ermənistanla sülh sazişi üzərində işləməyə hazırıq. ABŞ öz potensialından istifadə edərək Erm

07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub
05 May, 2023 / Rəsmi xronika Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub
04 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
03 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
08 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
06 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib
04 Aprel, 2023 / Rəsmi xronika Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub
04 Aprel, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
28 Mart, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
27 Mart, 2023 / Rəsmi xronika Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib
20 Fevral, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri