"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 589
Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
Official news 20 September, 2024

İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.

Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq.

Diqqətə çatdırıldı ki, kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Prezident İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu.

 

***

İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.

Dövlətimizin başçısına kənddə görülən işlər barədə məlumat verildi.

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir.

Bildirildi ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb.

Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev kənddə hazır evlərə baxdı.

 

***

İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye parkında görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır.

Buna görə də mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının artırılması, yeni sənaye sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər görülür.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır.

Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir.

Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.

Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 73 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək ümumilikdə 13,5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 4,3 milyard manatlıq hissəsi ixrac olunub. 2024-cü ilin birinci yarısında sənaye zonalarının rezidentləri tərəfindən 1,4 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 476,6 milyon manatı ixracın payına düşür.

Xüsusi qeyd olunmalıdır ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə ixrac edilir.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. Bunun nəticəsidir ki, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev sənaye parkında əvvəlcə “BAFCO İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə ümumilikdə 120 nəfər işlə təmin ediləcək. İşçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

“BAFCO İnvest” MMC sənaye parklarında tətbiq olunmuş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər bir milyon manatdan çox vəsaitə qənaət edib.

Dövlətimizin başçısı zavodu işə saldı.

X X X

Sonra Prezident İlham Əliyev “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak etdi.

Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış oldu.

Bildirildi ki, sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək.

“Eel Electric” MMC 2022-ci ilin noyabr ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Burada da işçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə qənaət edib.

X X X

Prezident İlham Əliyev Ağdam Sənaye Parkının rezidentlərindən biri olan “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında da iştirak etdi.

Məlumat verildi ki, “Rail Trans Service” MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” MMC sənaye parkının 1,6 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək.

İnvestisiya dəyəri 8,92 milyon manat olan müəssisədə 60 nəfər işlə təmin ediləcək. İşçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Zavodun illik istehsalı gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazarlar üçün nəzərdə tutulub.

“Rail Trans Service” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 70 min manata yaxın vəsaitə qənaət edib.

X X X

Daha sonra dövlətimizin başçısı “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodunun açılışında iştirak etdi.

Bildirildi ki, “Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Ərazisi 1,6 hektar olan müəssisədə divar kağızlarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Alman texnologiyasından istifadə edilən müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

“Mister Decor” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox vəsaitə qənaət edib.

Dövlətimizin başçısı zavodu işə saldı.

X X X

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında, həmçinin “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak etdi.

Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, layihə çərçivəsində havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları istehsal ediləcək.

MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Müəssisə üçün sənaye parkında bir hektar ərazi ayrılıb.

Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Digər istehsal müəssisləri kimi, “Metkons” MMC də sənaye parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 91 min manatdan çox vəsaitə qənaət edib.

X X X

Dövlətimizin başçısı, eyni zamanda, parkın rezidenti “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun açılışında iştirak etdi.

Bildirildi ki, layihə çərçivəsində dam və fasad örtülməsi üçün nəzərdə tutulmuş profilli təbəqələrin, metalkirəmit plitələrin, sendviç panellərin və müxtəlif dam örtüyü aksessuarlarının istehsalı təşkil ediləcək.

Qeyd olundu ki, “Prof-Dam” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki hektar ərazidə yaradılan müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək .

İnvestisiya dəyəri 8,5 milyon manat olan müəssisədə 40-dək iş yeri yaradılacaq. Bu müəssisədə də işçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Zavod ildə 1.4 milyon kvadratmetr profilli təbəqələrin, 1 milyon kvadratmetr metalkirəmit lövhələrin, 1 milyon kvadratmetr sendviç panellərin, habelə 2 min ton dam aksessuarı istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli bazar, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev zavodu işə saldı.

 

***

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bədnam qonşularımız tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.

Dövlətimizin başçısı Qarabağ atlarına baxdı.

Bildirildi ki, hazırda kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb.

Qeyd olundu ki, Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər.

Prezident İlham Əliyev kompleksin ərazisində ağac əkdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

***

İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.

“Oskad” şirkətinin İdarə Heyətinin sədri Oğuz Kadıoğlu dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, “City Hotel” Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub. Hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq vardır. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.

Diqqətə çatdırıldı ki, hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.

 

***

İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.

Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.

Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Dövlətimizin başçısı stadionun təməlini qoydu.

 

***

İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Qeyd olundu ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb.

Kənddə 719 fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

Eyni zamanda, 10 qeyri-yaşayış binası üzrə torpaq və bünövrə işləri tamamlanıb. Həmçinin bu binalarda dəmir-beton və hörgü işləri aparılmaqdadır.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.

Dövlətimizin başçısı kənddə hazır evlərə baxdı.

 

***

İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Bildirildi ki, uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

 

04 October, 2024 / Rəsmi xronika President Ilham Aliyev visited the Jabrayil district.
04 October, 2024 / Rəsmi xronika "President Ilham Aliyev visited the Zangilan district."
20 September, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 September, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 September, 2024 / Rəsmi xronika Kalbajar district had been visited by President Ilham Aliyev and First Lady Mehriban Aliyeva
05 JULY, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 JULY, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 JUNE, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 MAY, 2024 / Rəsmi xronika Ilham Aliyev and First Lady Mehriban Aliyeva met with residents who relocated to the city of Khojaly
10 MAY, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 MAY, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 MAY, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 MAY, 2024 / Rəsmi xronika Speech by President Ilham Aliyev at the opening ceremony of the first residential complex in Shusha
07 December, 2023 / Rəsmi xronika President Ilham Aliyev attended Forum titled "Karabakh: Back Home After 30 Years. Accomplishments and Challenges"
16 October, 2023 / Rəsmi xronika President of Azerbaijan Ilham Aliyev attended inauguration of recreational park in Sugovushan settlement of Tartar district
28 September, 2023 / Rəsmi xronika President of Azerbaijan Ilham Aliyev visited Jabrayil district
17 JUNE, 2023 / Rəsmi xronika Ilham Aliyev and Rais of Tatarstan Rustam Minnikhanov visited Aghali village of Zangilan district
28 MAY, 2023 / Rəsmi xronika Ilham Aliyev met with people who returned to the city of Lachin and presented house keys to them
27 MAY, 2023 / Rəsmi xronika Ilham Aliyev examined progress of construction in village of Zabukh of Lachin district
27 MAY, 2023 / Rəsmi xronika Foundation stone was laid for Zallar village of Kalbajar district