"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci il ərzində görülmüş işlər barədə
Print

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər barədə

 

H E S A B A T

 

Geridə qoyduğumuz 2022-ci il ölkəmizdə istər daxili, istərsə də xarici siyasət sahəsində əldə edilən bir çox nailiyyətlərlə yadda qalmış oldu. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə beynəlxalq səviyyədə keçirilən bütün görüşlər ilin vacib siyasi hadisəsi kimi tarixə düşmüşdür. Yadda qalan ilk hadisə isə Azərbaycan Respublikasının Prezidenti cənab   İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı imzaladığı Sərəncam olmuşdur. Dövlət başçısının imzaladığı həmin Sərəncama əsasən il ərzində Şuşa ilə bağlı həm ölkə daxilində, həm də Azərbaycandan kənarda bir sıra tədbirlər keçirilmişdir. Paralel olaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının nümayəndələrinin, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərinin Şuşaya səfərləri baş tutdu. "Şuşa İli"nə damğasını vuran hadisə kimi, hazırda Şuşa-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəalların iştirakı ilə davam edən "Qarabağda ekoloji terrora son!" adlı etiraz aksiyasını qeyd etmək olar.

 

İl ərzində diplomatiya sahəsində üstünlüyümüz hərbi sahə ilə paralel surətdə getmişdir. 2022-ci ilin mart ayında Fərrux əməliyyatı, 12-14 sentyabr tarixlərində növbəti erməni təxribatına qarşı həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, Daşbaşı yüksəkliyi və Sağsağan dağ silsiləsi Azərbaycan ordusunun tam nəzarəti altına keçdi. Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarıldı. Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olundu. Sözügedən uğurlu hərbi əməliyyatlardan sonra 16 noyabr 2022-ci il tarixində Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamı, eyni zamanda Ölkə başçısı tərəfindən il ərzində regionlara edilmiş 30 səfərdən 21-nin işğaldan azad olunmuş ərazilərə təşkil etməsi bir daha Qarabağa Böyük Qayıdışın tezliklə reallaşacağı günün uzaqda olmadığını söyləməyə əsas verir. Proqramda qarşıya qoyulmuş icrası vacib hesab edilən məsələlər Komitə tərəfindən diqqət mərkəzində saxlanılaraq, 2022-ci ildə də mövcud Əsasnaməsinin tələbləri nəzərə alınmaqla Ölkə rəhbərliyi tərəfindən qarşısında qoyulmuş tapşırıqların tam şəkildə icra olunması istiqamətində öz fəaliyyətini davam etdirmişdir.

 

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işinin təşkili məqsədilə toplanmış məlumatlar üzrə aparılmış təhlillər məcburi köçkünlərin öz doğma yurd-yuvalarına böyük qayıdışının layiqli yerinə yetirilməsinə şərait yaratmaqla yanaşı, bu sahədə gələcək fəaliyyətin uğurla davam etdirilməsinə ciddi zəmin yaratmışdır.

                                            

Ümumi məlumatlar

 

Qüvvədə olan mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, Komitə tərəfindən keçmiş məcburi köçkünlər üçün təyin olunmuş  vahid aylıq müavinətlərin ödənişi, sosial qayğılarının təminatı və bu kateqoriyadan olan soydaşlarımızın müvəqqəti məskunlaşma obyektlərində tələb olunan təmir - bərpa, Böyük Qayıdışın reallaşması ilə əlaqədar işğaldan azad olunmuş ərazilərin sakinləri arasında sosial sorğuların keçirilməsi işləri davam etdirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 3.1.1. bəndinin icrası ilə əlaqədar olaraq, 2022-2026-cı illərdə “Məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması” məqsədilə 45000 ailəni əhatə edəcək müvafiq sorğuların keçirilməsi ilə bağlı verilmiş tapşırıqların icrası olaraq respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış və ilkin mərhələdə salınması nəzərdə tutulmuş yaşayış məntəqələri (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Tərtər, Xocavənd rayonları) üzrə 2022-ci il 18 yanvar tarixindən 20 dekabr tarixinədək sorğular keçirilmiş, həmçinin, köçməyə razı olan məcburi köçkünlərlə Komitə arasında ilkin razılaşma protokollarının rəsmiləşdirilməsi işləri paralel olaraq həyata keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən cari ilin oktyabr ayından etibarən, işğaldan azad edilmiş ərazilər üzrə aidiyyəti Rayon İcra Hakimiyyətlərinin əməkdaşları da sorğularla bağlı həyata keçirilən işlərə cəlb olunmuşdurlar. Bu məqsədlə Komitə əməkdaşları tərəfindən, təhkim olunduqları aidiyyəti Rayon İcra Hakimiyyətlərinin nümayəndələrinə 12 - 14 oktyabr və 03 - 18 noyabr 2022-ci il tarixlərində Komitənin inzibati binasında və yerlərdə təlimlər keçirilmişdir. 

   

Məcburi köçkünlərin dayanıqlı məskunlaşması və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında 10 fevral 2022-ci il tarixli, 3143 nömrəli Sərəncamının 1.25-ci bəndi ilə “Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması” üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılmış maliyyə vəsaiti hesabına əvvəlki illərdə tikintisi başa çatmış obyektlər üzrə qalıq və keyfiyyət zəmanəti məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur.

 

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış və dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin və Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işləri ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 sentyabr tarixli, 3484 və 3485 nömrəli Sərəncamları ilə qeyd olunan ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə vəsait ayrılmışdır. Bununla əlaqədar olaraq, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin Baş və Müfəssəl Planlarının tikinti mərhələdə dəqiqləşdirilməsi aparılmış və birinci mərhələdə kəndə köçürüləcək ailələrin sayı araşdırılaraq 635 ailə müəyyən edilmişdir.

 

Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin  müddətdən sonrakı inkişaf dövrü nəzərə alınmaqla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 298 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş və sərhədləri Baş Planda öz əksini tapmışdır. Şükürbəyli kənd yaşayış məntəqəsinin (Dəjəl, Şıxalıağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə) Baş Planı işğaldan əvvəl mövcud olmuş sosial-mədəni, xidmət-məişət, sənaye və digər obyektlərin, mühəndis infrastrukturun və respublika əhəmiyyətli dəmir və avtomobil yollarının perspektivi nəzərə alınmaqla layihələndirilmişdir. Birinci mərhələdə 635 ailə üzrə fərdi yaşayış evlərinin tərkibi (2,3,4,5 otaqlı evlərin sayı), zəruri sosial obyektlərin həcmi müəyyən edilmiş və 1 ədəd 360 şagird-yerlik məktəbin, 2 ədəd 80 yerlik uşaq bağçasının, tibb məntəqəsi və inzibati binanın tikintisi nəzərdə tutulmuşdur.

 

Zabux kəndində Baş Plan üzrə birinci mərhələdə 223 birmərtəbəli fərdi yaşayış evləri (beton zirzəmi-sığınacağı olan), orta hesabla 0,094 ha həyətyanı sahədə kölgəlik (talvar), mar-qaranın saxlanması üçün tikili və abadlıq işləri nəzərə alınmışdır. Sosial obyektlərdən 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsinin layihələndirilməsi, eləcə də Baş Planda gəlirgətirən obyektlər (ticarət, iaşə, xidmət və digər investorlar tərəfindən inşa olunması gözlənilən) üçün ərazilər nəzərdə tutulmuşdur. Hazırda fərdi yaşayış evlərinin və sosial obyektlərin işçi layihələri hazırlanmaqdadır.

 

Sus kəndində Baş Plan üzrə birinci mərhələdə 73 birmərtəbəli fərdi yaşayış evləri (beton zirzəmi-sığınacağı olan), 0,12 ha həyətyanı sahədə kölgəlik (talvar), mar-qaranın saxlanması üçün tikili və abadlıq işləri nəzərə alınmışdır. Sosial obyektlərdən 96 şagird-yerlik modul tipli məktəbin layihələndirilməsi, eləcə də Baş Planda gəlirgətirən obyektlər (ticarət, iaşə, xidmət və digər investorlar tərəfindən inşa olunması gözlənilən) üçün ərazilər nəzərdə tutulmuşdur. Hazırda fərdi yaşayış evlərinin və məktəbin işçi layihələri hazırlanmaqdadır.

 

Zəngilan rayonunun işğaldan azad edilmiş Ağalı kəndi ərazisində inşa edilən 200 ailəlik yeni yaşayış qəsəbəsinə ilkin mərhələdə fərdi yaşayış evlərinə köçürüləcək ailələr arasında sorğular həyata keçirilmiş, onlarla Komitə arasında ilkin razılaşma protokolları rəsmiləşdirilərək 66 ailənin (326 nəfər) köçürülməsi təmin edilmişdir. Bundan əlavə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə respublika üzrə müxtəlif rayonlarda salınmış, Komitənin mənzil fonduna aid qəsəbələrdə üzürsüz səbəblərdən yaşayış olmayan boş evlər hesabına 2022-ci il ərzində mənzil-məişət şəraiti ağır olan ailələr yaşayış sahəsi ilə təmin edilmişdir.

 

Məcburi köçkünlərin sosial qayğılarının təminatına və vahid aylıq müavinətlərin ödənişinə dair

 

Azərbaycan Respublikası Prezidentinin Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığına uyğun olaraq, 2022-ci il ərzində də qüvvədə olan normativ-hüquqi aktlara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin müvəkkil bank vasitəsilə plastik kartlarla ödənilməsi təmin edilmişdir.

 

Ölkə ərazisində ictimai və inzibati binalarda sıx məskunlaşmış və kommunal xidmət  haqları dövlət büdcəsindən  ayrılmış vəsait hesabına ödənilən məcburi  köçkünlər tərəfindən istifadə edilmiş - içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində ayrılmış vəsait aidiyyəti xidmət təşkilatlarının hesabına köçürülmüşdür.                           

 

Məcburi köçkün statusunun verilməsinə dair

 

Daxili idarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı fəaliyyətin sürətləndirilməsi üçün 2020-ci ildə hazırlanaraq tətbiqinə başlanılmış elektron sənəd dövriyyəsi sistemi üçün xüsusi proqram təminatı cari hesabat dövrü ərzində daha da təkmilləşdirilmişdir. Sistem kargüzarlıq üzrə dövlət standartlarına uyğun hazırlanmış və nəticə olaraq, əraziləri hazırda işğaldan azad olunmuş rayonların İcra Hakimiyyətləri ilə Komitə arasında gedən yazışmalar elektron sənəd dövriyyəsində öz əksini tapmışdır. Proqramın tətbiqilə bağlı Komitənin aparatında, habelə tabe təşkilatların şöbələrində məsul şəxslər üçün fərdi qaydada lazımi maarifləndirici yardımlar göstərilmişdir.  

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərinin asanlaşdırılması, şəffaflıq və operativliyin yaradılması məqsədilə “myGov” sisteminə inteqrasiya ilə bağlı müvafiq işlər aparılmışdır. Hazırda “myGov” sistemində Dövlət Komitəsinə aid 4 xidmət yerləşdirilmişdir:

 

  1. Məcburi köçkünlərin status sənədi haqqında arayış;
  2. Məcburi köçkünlərin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişləri haqqında məlumat;
  3. Məcburi köçkünlərin vahid aylıq müavinətləri haqqında məlumat;
  4. Məcburi köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumat.

 

Hesabat dövrü ərzində statusla bağlı ümumilikdə 19836 vətəndaş müraciəti qeydə alınmışdır ki, müraciət etmiş 12665 nəfər məcburi köçkünə özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən yeni və ya təkrar status sənədi (məcburi köçkün vəsiqəsi) verilmişdir. Hazırda məcburi köçkün vəsiqələrinin xüsusi ardıcıllıqla nömrələnməsi davam etdirilir ki, vəsiqələrdə qeyd edilən məlumatlar, məcburi köçkün vətəndaşların fərdi identifikasiya nömrələri (FİN) ilə elektron reyestr bazasında cəmləşdirilir.

 

Məcburi köçkün statusunun müəyyənləşdirilməsi zamanı ortaya çıxmış problemlərin həlli məqsədilə cari il ərzində aidiyyatı dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər bölmələrinə, rayon icra hakimiyyətlərinə, habelə digər nazirlik və komitələrə status almaq niyyətində olan şəxslərlə bağlı ümumilikdə 1150  sorğu xarakterli müraciət göndərilmişdir.

 

2022-ci il ərzində məcburi köçkünlərin qeydiyyat ünvanının dəyişdirilməsi ilə bağlı Komitəyə edilmiş müraciətlər araşdırılmışdır. 444 müraciətə müsbət cavab verilmişdir ki, onlardan 404-ü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 40-ı isə respublikanın digər şəhər və rayonlarının payına düşür.

 

Məcburi köçkünlərin məşğulluğunun təminatına dair

 

Komitə tərəfindən əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən  məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların müvafiq peşələrə yiyələnməsi istiqamətində 2022-ci il ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə əməkdaşlıq çərçivəsində  “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” adlı qrant layihəsi reallaşdırılmışdır. Əsas məqsədin gəlirgətirən proqramların hazırlanması hesab olunan layihə çərçivəsində 22 şəhər və rayonda məskunlaşmış məcburi köçkünlər arasında kəmiyyət və keyfiyyət (müsahibə, fokus qrup və s.) yanaşmalarına əsaslanan sorğular aparılmış, ehtiyacların qiymətləndirilməsi həyata keçirilmişdir. Həmçinin layihə çərçivəsində Dünya Bankının sifarişi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Sigma ŞQ” şirkətinin ekspertləri tərəfindən məcburi köçkünlərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, eləcə də məşğulluq və özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil edilmişdir.

 

“DOST İş Mərkəzi” MMC tərəfindən həyata keçirilən “İşsizin DOST”u proqramı çərçivəsində ilkin peşə hazırlığının olması tələb olunmayan 500 nəfər məcburi köçkünün siyahısı Mərkəzə göndərilmişdir. İlkin olaraq 30 nəfərin siyahısı haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün aidiyyəti üzrə təqdim olunmuşdur ki, onlardan, Goranboy rayonundan 18 nəfər, Biləsuvar rayonundan 10 nəfər, Tərtər rayonundan 1 nəfər, Bakı şəhəri Binəqədi rayonundan isə 1 nəfər sosial işlərə cəlb olunmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında imzalanmış memorandum çərçivəsində “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi üzrə Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında müvəqqəti məskunlaşmış 157 məcburi köçkün “İş qatarı” və “Biznes məktəbi” təlimlərinə cəlb olunmuşdur. Onlardan 100 nəfər kiçik biznes fəaliyyəti ilə məşğul olmaları üçün müxtəlif avadanlıqlarla təmin olunmuşdur.      

 

Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən vətəndaşların maliyyə savadlılığı üzrə məlumatlılığının artırılması məqsədilə 15 aprel - 05 may 2022-ci il tarixlərində keçirilən ödənişsiz onlayn təlim kurslarına 495 nəfər məcburi köçkün cəlb edilmişdir. Kurslar istehlak və ipoteka kreditləri, zaminlik, hökumətin fermerlərə, kiçik və orta biznesə dəstək mexanizmləri,  sığorta sahələrini əhatə etmişdir. Komitə ilə “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında imzalanmış memorandum çərçivəsində tərəflər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Laçın şəhəri, Zabux və Sus kəndlərinə köçürüləcək şəxslərin məşğulluğunun təşviqi, bilik və bacarıqlarının artırılması, peşəyönümü məsləhətlərin təmin edilməsi istiqamətləri üzrə seminarların, təlim və təşviqat tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. 

 

Bundan əlavə, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə onların məşğulluğunun artırılması məqsədi ilə 2022-ci il ərzində obyekt yeri və torpaq sahəsi ayrılması üçün  Komitənin Mənzil  İstismar  Departamenti ilə sakinlər arasında 37 icarə müqaviləsi bağlanmışdır. Hesabat dövrü ərzində, Komitəyə məcburi köçkünlər tərəfindən işlə təmin olunmaq üçün 500-dən çox müraciət daxil olmuş, şəhid və qazi ailələrinə xüsusi diqqət yetirilərək aidiyyəti üzrə yönləndirilmişdir.

 

Məcburi köçkünlərin təhsil imkanlarının artırılmasına dair

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və BP şirkətinin sponsorluğu ilə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq həyata keçirilmişdir. İlkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin hədəf qrupunu formal təhsil ala bilməmiş məcburi köçkünlər təşkil etmişdir. Nəticədə 39 nəfərdən ibarət məcburi köçkünün qənnadıçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarıqları artırılmış və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədi təqdim edilmişdir.

 

Komitəyə təhsil hüququnun həyata keçirilməsi ilə əlaqədar xüsusatlarla bağlı müraciət edən məcburi köçkünlərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə”, 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncamlarına və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq hüquqi yardım göstərilmişdir.

 

Hər il olduğu kimi, yeni dərs ili ərəfəsində də aztəminatlı məcburi köçkün ailələrindən olan ibtidai sinif şagirdlərinə müəyyən yaş qrupları üzrə məktəbli formalarının pulsuz verilməsi işi Komitə tərəfindən həyata keçirilmişdir.

 

Məcburi köçkünlərin məişət problemlərinin qarşılanması ilə əlaqədar müvəqqəti məskunlaşma obyektlərində görülmüş tədbirlər

 

Sıx məskunlaşma yerlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə elektrik enerjisi verilişinin və içməli su təminatının dayanıqlılığının təmin edilməsi məqsədilə qabaqlayıcı tədbir olaraq, 2022-ci ildə elektrik naqilləri və kabelləri, 145 dəst kabinəli transformator, 2 ədəd KTM şkafı, 7 dəst dizel generatoru, 295 dəst artezian nasosu, 4 dəst mühərrikli su nasosu, 201270 metr müxtəlif markalı kabel və naqil, 4 ədəd elektrik avtomat-ayırıcısı alınaraq İcra Hakimiyyətlərinin, digər təşkilatların məktubları əsasında Respublikanın müxtəlif ərazilərində yerləşən məskunlaşma obyektlərinə göndərilmişdir.

 

Məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin məskunlaşdığı 110 obyektin dam örtüklərində, yanaraq yararsız hala düşmüş mənzillərdə, şəhid ailələrinin yaşadığı və təmirə ehtiyacı olan mənzillərdə - 46544.5 mrəngli metal dam örtüyü dəyişdirilmiş, 25753 m2 yumşaq dam örtüyü yenilənmiş, 5 şəhid ailəsinin mənzilində təmir işləri aparılmış, 323.4 m2 yeni plastik pəncərə quraşdırılmış, 42 yanmış mənzil təmir olunmuşdur.

 

Eyni zamanda 11 obyektin (5419 m2 rəngli metal, 210 m2 yumşaq) dam örtüklərində və 2 şəhid ailəsinin yaşadığı mənzildə təmir işlərinin həyata keçirilməsi üçün podratçı təşkilatların müəyyənləşdirilməsi məqsədilə tender proseduru başa çatdırılmış və işlər davam etdirilməkdədir.

  

Məcburi köçkünlər üçün salınmış və Komitənin balansında olan qəsəbə və yaşayış komplekslərində aparılmış abadlıq və təmir işləri barədə

 

Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uzun illər istismar olunma nəticəsində binaların fasad və dam örtüklərində, texniki infrastruktur qovşaqlarında, eləcə də qəsəbədaxili yollarda yaranmış qüsurların müəyyən edilməsi məqsədilə Ağdam, Füzuli, Saatlı, Sabirabad, Biləsuvar, Goranboy, Ağcabədi, Beyləqan, Qəbələ, Bərdə, Şabran, Abşeron rayonları, eləcə də Bakı və Sumqayıt şəhərləri üzrə mövcud qəsəbələrə baxış keçirilmiş, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar “Qüsur aktları” tərtib edilərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Qiymətqoyma Mərkəzinə təqdim edilmişdir. İl ərzində bütün qəsəbələr üzrə 135  mənzil (ev) təmir olunmuşdur.

 

Bundan əlavə;

- Qaradağ rayonu ərazisində yerləşən Müşviqabad məcburi köçkün qəsəbəsində  13 binanın dam örtüyü  və fasad hissəsinin təmir işləri aparılaraq yekunlaşmış,

- Qaradağ rayonu ərazisində salınmış “Qobu Park 1-2” qəsəbəsində 4 binanın,           

- Qəbələ rayonunda  isə 3 binanın dam örtüyü təmir edilmiş,

- Qazax rayonu Qazaxbəyli kəndində yerləşən qəsəbədə 3 binanın, Zaqatala rayonu ərazisində yerləşən qəsəbədə 3 binanın,  Balakən rayonu ərazisində yerləşən 1 ədəd 45 mənzilli binanın fasad hissəsi təmir edilmişdir.

 

Hesabat dövründə:

 

- Ağdam rayonunun  “Baharlı-1” qəsəbəsində 11.2 km, 

- Füzuli rayonunun “Qayıdış-6” , “Qayıdış-8”,  “Qayıdış-10” və “Qayıdış-11” saylı qəsəbələrində 16.6 km qəsəbədaxili yollara qum- çınqıl salınmış,

- Bərdə rayonu ərazisindəki  “588 ailəlik” və “866 ailəlik” qəsəbələrdə -  1.5 km daxili yollara asvalt örtüyü salınaraq, təmir işləri yekunlaşdırılmışdır.

 

22  iyun 2022-ci il tarixində baş vermiş  təbii fəlakət nəticəsində (güclü sel daşqını) Goranboy rayonu ərazisində yerləşən “Yuxarı Ağcakənd”, “Aşağı Ağcakənd” və “Börü” məcburi köçkün qəsəbələrində qəsəbədaxili yollara və su ötürücülərinə dəymiş  ziyan ilin ikinci yarısında aradan qaldırılmış, yolların təmiri,  suötürücülərinin təmizlənməsi və  mövcud olan sututarlarda bəndlərin quraşdırılması işləri yekunlaşmışdır.  Aşağı Ağcakənd qəsəbəsındə 6.4 km qəsəbədaxili yollara  qum- çınqıl salınmış, 1.1 km yolun isə  asvalt örtüyü təmir edilmişdir. Sel daşqınları nəticəsində tutulmuş bütün suötürücüləri təmizlənərək işlək vəziyyətə gətirilmişdir.

 

- Qazax, Balakən və Zaqatala rayonlarındakı qəsəbələrdə binaların fasad hissələrində aparılan təmir işləri yekunlaşmışdır.

- Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 8-ci binanın II girişində və “Qobu Park 1-2”  qəsəbsində 12-ci binanın II girişində qısa qapanma nəticəsində yanaraq sıradan çıxmış elektrik kabelləri və avadanlıqları yeniləri ilə əvəz edilmişdir.

 

Qəbələ rayonunda yerləşən qəsəbədə qazanxana sistemində cari təmir işləri aparılmışdır.

 

Məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə və yaşayış komplekslərində mövcud yaşıllığın qorunması və inkişaf etdirilməsi məqsədilə il ərzində ümumilikdə 700-ə qədər qurumuş ağac yenisi ilə əvəz edilmiş, 2000-dən çox yeni ağac əkilmişdir.                   

                                                                      

Məcburi köçkünlərin gündəlik-məişət problemlərinin aradan qaldırılması istiqamətində aparılmış işlər

 

2022-ci il ərzində də məcburi köçkünlərin yumşaq inventar, yataq ləvazimatları, məktəbli forması və xüsusi geyimlərlə, habelə digər zəruri vasitələrlə təmin edilməsi istiqamətində işlər aparılmışdır. Anbarda ehtiyat saxlanılmış mal-materiallardan aztəminatlı məcburi köçkün ailələrinə və həmin ailələrdə olan ibtidai sinif şagirdlərinə Yerli icra hakimiyyətlərinin nəzarəti altında 9036 ədəd məktəbli gödəkçələri, 6617 dəst məktəbli forması, 18997 ədəd yataq dəsti, 30 dəst çadır qurğusu, 450 yorğan-döşək, yastıq dəsti və 14500 cüt corabın aidiyyəti üzrə paylanışı təmin olunmuşdur. Komitənin tabeliyində olan, Mənzil-Kommunal İstismar Sahələrinin xidmət ərazisində fəaliyyət göstərən 21 uşaq bağçasına sifariş əsasında 4068 dəst yüksək keyfiyyətli uşaq yataq dəstinin verilməsi təmin olunmuşdur.

 

Məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş tədbirlər barədə

 

Hesabat dövründə Dövlət Komitəsində xarici ölkələrin, diplomatik korpusların, beynəlxalq təşkilatların və KİV nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir. Görüşlərdə qonaqlara Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilmişdir. Prezident cənab İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərildiyi bildirilmiş, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, sağlamlıqlarının qorunması üçün zəruri işlərin aparıldığı qeyd olunmuşdur. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, minalardan təmizlənmə, təhlükəsiz və dayanıqlı məskunlaşma üçün zəruri olan fəaliyyətlərin icra edildiyi haqqında ətraflı məlumat verilmişdir. 2022-ci ildə Komitədə:

 

  • fevralın 1-də fransalı tarixçi və politoloq Maksim Qaun;
  • fevralın 16-da ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi müşaviri Filip Tişu ilə;
  • martın 4-də BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) ölkəmizdə səfərdə olan icraçı katibi xanım Priti Sinha və Fondun baş müşaviri Zəkəriyə Fellah ilə;
  • martın 11-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyev və federasiyanın Bakı ofisinin əməliyyat rəhbəri Tiffani Laakla;
  • martın 15-də BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri ilə;
  • martın 29-da Almaniyanın Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ilə;
  • aprelin 14-də Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq, Almaniya Federativ Respublikasının Azərbaycana akkreditə olunmuş iqtisadi əməkdaşlıq üzrə regional rəhbəri xanım Lidiya Kristmann və GİZ-in ölkə üzrə direktoru Karin Hörhan ilə;
  • mayın 6-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndələyi, eləcə də, Kənd Təsərrüfatı Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə;
  • mayın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrabın başçılıq etdiyi nümayəndə heyəti ilə;
  • iyunun 3-də Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının idarə heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner və Kanada Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmayıl Vataneri ilə;
  • iyunun 17-də Dünya Bankının (DB) Avropa və Mərkəzi  Asiya regionu üzrə Qlobal Sosial Dayanıqlılıq və İnkluzivlik Fəaliyyətinin təcrübə meneceri Varalakşimi Vemuru, sosial inkişaf üzrə baş mütəxəssislər Erik Conson, Sofiya Georgiyeva, DB-nin Azərbaycan üzrə regional direktoru Sara Maykl, poqram üzrə assistent Səbinə Məcidova ilə;
  • iyunun 18-də Niderlandın “Mine Mark” fondunun nümayəndələri ilə;
  • iyunun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə,
  • iyunun 24-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə;
  • sentyabrın 8-də Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq  və xeyriyyəçi Akio Kanai ilə;
  • sentyabrın 16-da Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə;
  • sentyabrın 29-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədəki Baş Qərargahının baş mütəxəssisi Ertuze Metehan Temurcin və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə;
  • oktyabrın 20-də ölkəmizdə səfərdə olan Moldova Respublikasının əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə;
  • noyabrın 18-də Koreya Respublikasının ölkəmizdəki səfiri Li In Yonq ilə;
  • noyabrın 23-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Avropa üzrə rəhbəri Tilmann Nagel ilə;
  • noyabrın 29-da ölkəmizə səfərə gəlmiş ispandilli əcnəbi jurnalistlərlə görüşlər keçirilmişdir.

Bundan başqa, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov oktyabrın 11-də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 73-cü sessiyasında, dekabrın 4-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 22”də, dekabrın 7- 8-də isə İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak və çıxış etmişdir.

 

 

Məcburi köçkünlərlə əlaqədar keçirilmiş mədəni - kütləvi tədbirlər barədə

 

2 fevral “Gənclər günü” münasibəti ilə əraziləri işğaldan azad edilmiş rayonlardan olan gənclərin və rayonların gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı onlayn rejimdə videokonfrans keçirilmişdir.

 

 “Xarici Siyasət proqramı” ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Komitə sədrinin müavini Fuad Hüseynov  “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda çıxış etmişdir.

 

Aprelin 20-də Dövlət Komitəsində araşdırmaçı-jurnalist Elxan Salahovun Kəlbəcərdə mühasirədə qalanların həyat mücadiləsinə həsr etdiyi “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilmişdir. Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Komitə yanında İctimai Şuranın üzvləri, Kəlbəcər ictimaiyyətinin nümayəndələri, hadisə şahidləri iştirak etmişdir.

 

Mayın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə birgə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər etmişdir. Səfər zamanı qonağa Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir.

 

İyunun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüşmüşdür. Görüşdə doğma yurda qayıdışa hazırlaşan məcburi köçkünlərin ölkəmizdə yeni tətbiq olunan mediasiya barədə məlumatlılıq səviyyəsinin artırılması, bu məqsədlə maarifləndirici tədbirlərin təşkili və onların mediasiya xidmətindən istifadəsinə dəstək göstərilməsinin vacibliyi vurğulanmış, birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.          

 

Dövlət Komitəsinin təşkilatçılığı ilə ADA və Azərbaycan Dillər Universitetində Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilmişdir.

 

Sentyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri bir qrup məcburi köçkün müharibə veteranları ilə görüş keçirmişdir. Görüşdə müharibə veteranları öz fikir və mülahizələrini bildirmiş, postmüharibə dövrünün xüsusiyyətlərindən söz açılmışdır.

 

IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində - “ADEX-2022”-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iştirak etmişdir. Sərgidə çoxsaylı fotorepoduksiyadan ibarət “Dəmir Yumruq” perseptual kompozisiya nümayiş etdirilmişdir. Kompazisiyada birinci və ikinci Qarabağ müharibəsinin qəhrəmanları, Vətən müharibəsindən döyüş səhnələri, Prezident, Müzəffər Ali Baş Komandan cənab            İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərzilərə səfərləri, hərbçilərlə görüşləri, xalqımızın Zəfər sevinci, bərpa-quruculuq işlərinin gedişi və digər maraqlı tarixi anlar əks olunmuşdur.

 

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş həmvətənlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də bir dəqiqəlik sükutla anılmışdır.

 

Oktyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir. Dövlət Komitəsinin Böyük Qayıdışla bağlı apardığı maarifləndirmə, məlumatlandırma işlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi diqqətə çatdırılmış və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilmişdir. İctimai Şura ilə Dövlət Komitəsi arasında operativ əlaqənin təmin olunmasının əhəmiyyəti qeyd edilmiş və bu təcrübənin məcburi köçkünləri narahat edən məsələlərin həllində müsbət rol oynadığı bildirilmişdir.

 

Noyabrın 7-də Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə “Gənclik Mall” ticarət mərkəzində şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil etmişdir.

 

Noyabrın 18-də ərazisi işğaldan azad olunmuş rayonlardan olan 100-ə yaxın məktəblinin iştirakı ilə Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə rəsm müsabiqəsi keçirilmişdir.

 

30 noyabr 2022-ci il tarixdə  BMT-nin Azərbaycandakı nümayəndəliyi və “CBC TV” Azərbaycan ilə birgə “BMT Azərbaycan - dayanıqlı inkişaf məqsədlərinə doğru” adlı yeni təsis edilmiş verilişinin ikinci buraxılışında Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak etmiş, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətlərində BMT ilə Azərbaycan arasında əməkdaşlığın tarixi və hazırda həyata keçirilən layihələr barədə müzakirələr aparılmışdır.

 

Dekabrın 8-də Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşlığı, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda aztəminatlı yerli əhalinin və məcburi köçkünlərin sosial-iqtisadı inkişafı” layihəsi çərçivəsində Bərdə rayonu və Mingəçevir şəhərində “Beynəlxalq Zorakılığın Aradan Qaldırılması Uğrunda Mübarizə Günü” münasibətilə BMT-nin elan etdiyi “Gender zorakılığına qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş ictimai müzakirə və forum-teatr təşkil olunmuşdur. Tədbirdə fəal iştirakçılara sertifikatlar verilmiş, həmçinin GİZ-in məcburi köçkün gənclər arasında keçirdiyi fotomüsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

 

Dekabrın 15 və 16-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bərdə rayonunun Həsənqaya kəndindəki 866 saylı məcburi köçkün qəsəbəsində yerləşən Ağdam rayon 1 nömrəli tam orta məktəbdə və Tərtər rayon, Şıxarx qəsəbəsi, Ağdam rayon 107 saylı köçkün ümumi orta məktəbində mina təhlükəsi mövzusunda maarifləndirici təlim keçirilmişdir.

 

Məcburi köçkünlərin müraciətlərinə baxılması ilə əlaqədar

 

05.01.2022-ci il tarixdən 01.12.2022-ci il tarixədək Komitəyə daxil olan 25397 yazılı müraciətin 11665-ni məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi (məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri vasitəsilə daxil olan), 13732 müraciətin 9275-ni vətəndaşlar tərəfindən yazılan ərizələr, 4457-sini isə müxtəlif təşkilatlardan Komitəyə ünvanlanan məktublar təşkil etmişdir.  Belə ki, 1579 ərizə, 34 məktub - AR Prezidentinin Administrasiyasından, 205 ərizə, 138 məktub - AR Nazirlər Kabinetindən, 166 ərizə - AR Milli Məclisindən, 12 ərizə, 276 məktub - şəhər və rayon icra hakimiyyətlərindən, vətəndaşlardan qəbul otağı, poçt vasitəsilə və müxtəlif nazirlik və təşkilatlardan 7313 ərizə, 4009 məktub daxil olmuşdur. Bu müraciətlərdən 9275 ərizədən 9244-ü (99%), 4457 məktubdan 4347-si (98%) icra olunmuşdur.

 

Bundan əlavə, Komitənin inzibati binasında fəaliyyət göstərən “Qaynar xətt” xidmətinə 2022-ci il ərzində mövcud iş saatlarında ümumilikdə 3164 zəng daxil olmuşdur ki, onlardan 886-sı mənzil-məişət şəraiti, 174-ü işğaldan azad olunmuş ərazilərə qayıdış, 383-ü vahid aylıq müavinət, 152-si müvəqqəti qeydiyyat, 315-i məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi, 231-i qəbul, 49-u məşğulluq, 42-si işğaldan azad olunmuş ərazilərə geri qayıdışla bağlı keçirilmiş sorğular, 89-u FHN-in “112” Qaynar xəttindən müxtəlif hadisələrə, 843-ü isə digər məsələlərə dair təşkil etmişdir. Daxil olan telefon zəngləri operativ qəbul edilmiş, zəruri hallarda aidiyyəti üzrə məsul şəxslərə yönləndirilməklə araşdırılaraq cavablandırılmışdır.

 

Post-COVİD 19 dövründə görülmüş işlərə dair

 

COVID-19 virusunun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar nəticəsində ölkədə koronavirusla bağlı vəziyyət nəzarət altına alınmış və insanlar arasında  kütləvi yoluxma hallarının qarşısının alınmasına nail olunmuşdur.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli, 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın hədəflərinə nail olunması üçün Komitə tərəfindən 2022-ci ildə də məcburi köçkün əhali arasında vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

 

İl ərzində müntəzəm olaraq məcburi köçkünlər üçün salınmış bütün qəsəbələrdə və sıx məskunlaşma obyektlərində  COVİD-19 pandemiyası ilə əlaqədar olaraq dezinfeksiya işləri davam etdirilmişdir.

 

Komitə tərəfindən yuxarıda qeyd olunan və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində növbəti ildə də əməli fəaliyyətin davam etdirilməsi və müsbət nəticələrin əldə olunması üzrə planlı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.