XƏBƏRLƏR
Çap et
2013
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi Belçika Parlamentinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaqdır
Mətbuat xidmətinin məlumatı
07 Mart, 2012
Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın dəvətinə əsasən, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə səfərdədir.
Martın 6-da Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə Azərbaycan və Belçika parlamentlərarası dostluq qruplarının üzvləri, belçikalı parlamentarilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 100-dən artıq şəxs iştirak etmişdir.
Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açmış, iştirakçıları müzakirələrdə fəal olmağa çağırmışdır.
Sonra “Euronyus” kanalının 2011-ci ildə “Dağlıq Qarabağ: qaçqınları ziyarət” adlı videoreportajı nümayiş etdirilmişdir.
Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar tərəfləri” mövzusunda çıxış etmişdir.
Baş nazirin müavini Əli Həsənov cıxış edərək bildirmişdir:
Hörmətli cənab sədr!
Hörmətli deputatlar! Xanımlar və cənablar!
İcazə verin, mənim ölkəm üçün olduqca mühüm əhəmiyyət kəsb edən məsələyə həsr olunmuş bu tədbirin təşkilinə, həmçinin məni bu yüksək səviyyəli görüşə dəvətə görə Azərbaycan hökuməti adından Belçika Parlamentinə səmimi təşəkkürümü bildirim.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından yaranaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Münaqişə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində ziyan vurmuşdur.
Milyonlarla insanın faciəsinə səbəb olmuş münaqişə kökündə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları dayanan tarixi bir prosesin müasir mərhələsidir. Belə ki, mühüm əhəmiyyətə malik Cənubi Qafqaz regionunda maraqları olan güc mərkəzlərinin geosiyasi oyunları üçün onlara ayrılan rolu məharətlə oynayan erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına \\\"böyük Ermənistan\\\" yaratmaq xülyası bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur.
Əsrlər boyu erməni xalqının gənc nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni alimlərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimiləşdirilmiş, azərbaycanlılara və türklərə qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda və Şərqi Anadoluda baş verən hadisələr təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində \\\"əzabkeş və məzlum\\\" erməni xalqı obrazı yaradılmışdır.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində müasir İran və Türkiyə ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmişdir.
Rus çarının xüsusi himayəsi altında ermənilər az zaman içərisində yerli azərbaycanlıları silah və zor gücünə sıxışdırmağa başlamış. Nəticədə yerli əhalinin bir hissəsi İran və Türkiyə ərazisinə, bir hissəsi isə Azərbaycanın mərkəzi ərazilərinə köçməyə məcbur olmuşdur ki, bunun da nəticəsində XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişmişdir.
Bu siyasət bölgənin Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra da davam etdirilmişdir. Belə ki, müxtəlif illərdə sovet hakimiyyət orqanlarının qərarları ilə Azərbaycan SSR-nin əraziləri hesabına Ermənistan ərazisi genişləndirilmiş, Ermənistanda tarixən məskunlaşmış azərbaycanlı əhalinin müxtəlif bəhanələrlə kütləvi şəkildə köçürülməsi davam etdirilmişdir.
Bu xüsusda, baş vermiş ən mühüm hadisələrdən biri isə 1923-cü ildə ermənilərin mənafeyinə uyğun olaraq Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması olmuşdur.. Belə ki, Muxtar vilayətdə erməni mənşəli əhalinin üstünlük təşkil edilməsinə xüsusi əhəmiyyət verilərək onun inzibati sərhədləri bu xüsusda tərtib edilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, Sovet hakimiyyət orqanları Qarabağ ərazisində yaşayan ermənilərə muxtariyyət statusu versə də, Ermənistan SSR-in ərazisində öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara eyni yanaşma tətbiq edilməmiş, əksinə onlar öz yaşayış yerlərindən deportasiya edilmişlər.
Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsi isə SSRİ-nin süqutu kontekstində 80-ci illərin sonlarından başlamışdır.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatları vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı Azərbaycan, Ermənistan, eləcə də SSRİ-nin Xalq Deputatları Sovetinə müraciət etdilər. Azərbaycan SSR-in, eləcə də SSRİ-nin o vaxt qüvvədə olan Konstitusiyasına zidd olan bu müraciət SSRİ Ali Soveti tərəfindən rədd edilsə də erməni millətçiləri bölgəni Azərbaycandan qopartmaq niyyətlərindən əl çəkməyərək Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, terror aktları təşkil etməklə onları öz yaşayış yerlərindən qovmağa və bununla da Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi üçün zəmin hazırlamağa başladılar.
1991-ci ildə SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləşmələrinin Dağlıq Qarabağ ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri indiki Ermənistan prezidenti Serc Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndində yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərində azərbaycanlılara və Axısxa türklərinə qarşı soyqırım cinayətini həyata keçirdilər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Bütövlükdə, 1991-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisi işğal edilib. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkünə çevrilib, 20 min nəfər şəhid, 50 min nəfər əlil olub, 200 min nəfər müxtəlif bədən xəsarəti alıb, 4 853 nəfər isə itkin və girov düşüb.
Münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən böyük humanitar fəlakətə səbəb olmuşdur. Öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər ağır və dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Beləliklə, yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır.
Bildirmək istərdim ki, Azərbaycan hökuməti əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.
Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il \\\\\\\"Qaçqınların statusu haqqında\\\\\\\" Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə əlaqədar beynəlxalq normalara tam uyğun hüquqi baza yaradılmışdır.
Ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası zaman-zaman bu sahəyə ayrılan vəsaitin həcmini artırmağa imkan yaratdı. Dövlət Neft Fondunun ilkin vəsaiti də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Ölkədə mövcud olmuş 12 çadır düşərgəsindən sonuncu 2007-ci ilin dekabrında ləğv edildi, həmçinin ötən dövrdə 6 fin tipli qəsəbədə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürüldülər.
Ümumiyyətlə, ötən dövrdə 22 min ailə 110 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infarstruktura malik 70 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
2011-ci ildə sahə ilə bağlı 500 milyon ABŞ dolları vəsait xərclənmiş, bir nəfər məcburi köçkünə düşən vəsaitin həcmi təxminən 894 ABŞ dolları təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Azərbaycan hökuməti bu gün məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatı üçün tədbirlər görür.
Lakin, bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təmini baxımdan kifayət deyildir. Beynəlxalq hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulmuşdur.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO PA, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb edilmişdir..
Lakin, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.
Təəssüflər olsun ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs müntəzəm olaraq pozulur ki, bundan da ən çox ziyan çəkən tərəf məhz Azərbaycandır. Belə ki, Ermənistandan fərqli olaraq təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində dinc əhali məskunlaşmışdır. Atəşkəsin müntəzəm şəkildə pozulması nəticəsində dinc əhali arasında itkilər, yaralanmalar baş verir. Ermənistanın təhrikedici addımları nəticəsində təmas xəttinə bitişik ərazidə məskunlaşan əhalinin təsərrüfat fəaliyyətinə ciddi maneələr yaranır.
Ermənistan işğalı davam etdirmək, qanunsuz güc tətbiqi nəticəsində yaranmış qəbuledilməz vəziyyəti möhkəmləndirmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinin demoqrafik, sosial, inzibati strukturunu dəyişdirir. Beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Ermənistan, eləcə də başqa ölkələrdə, o cümlədən bir sıra Yaxın Şərq ölkələrindən olan milliyyətcə erməni mülki əhali bu ərazilərə yerləşdirilir. Tərkibində BMT QAK-ın nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında işğal altında olan Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür halların bir daha şahidi olmuş, status kvonun qəbuledilməz olduğunu bəyan etmişdir.
Eyni zamanda nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə Əfqan narkotiklərin MDB və Avropa ölkələrinə əlverişli tranzit marşrutuna çevrilir. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə monitorinqin aparılması barədə müraciət etmişik.
Hesab edirik ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda region və bütövlükdə beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir. Lakin, ATƏT-in Minsk Qrupunun himayəsi altında 20 ildən artıqdır ki, davam edən danışıqlar Ermənistanın destruktiv mövqeyi səbəbindən heç bir nəticə verməmişdir.
Bu xüsusda, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istərdim. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünü idarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq.
Buna baxmayaraq, Ermənistan tərəfi hər vasitə ilə bölgənin azərbaycanlı əhalisinin öz doğma yaşayış yerlərinə qayıtmasına mane olur və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına dair Azərbaycanın dəfələrlə irəli sürdüyü təkliflərin həyata keçirilməsinə imkan vermir. Bu məqsədlə, beynəlxalq hüququn norma və prinsiplərinə, münaqişə üzrə qəbul edilmiş qərarlara zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla bundan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Bu, Ermənistan tərəfindən BMT Nizamnaməsinə və Helsinki yekun Aktının tələblərinə zidd olaraq Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin davam etməsi deməkdir.
20 il ərzində davam edən danışıqların nəticə verməməsinə baxmayaraq, biz ümid edirik ki, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi nəticəsində yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcək, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti bərqərar olacaqdır.
Çünki əsrlər boyu, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.
Sonda bizim üçün olduqca əhəmiyyətli olan bu tədbiri yüksək dəyərləndirir və dəvətə görə Belçika Parlamentinə bir daha səmimi təşəkkürümü bildirirəm.
Müzakirələrdə Avropa İntellektual və Təhlükəsizlik Strategiyası” Mərkəzinin direktoru Klod Monike, “Sərhədsiz vəkillər” təşkilatının təsisiçisi və rəhbəri Pyer Leqro da çıxış edərək məsələyə münasibət bildirmişlər.
Klod Monike bildirmişdir ki, ötən əsrin 90-cı illərində alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində terror elementləri kifayət qədərdir. Həmin elementlərdən yalnız birini nümunə göstərən K.Monike qeyd etmişdir ki, Fransada terrorçu kimi axtarışda olan Monte Melikonyan müharibədə erməni silahlılarının əsas simalarından olmuş, bu gün Ermənistanda milli qəhrəman kimi sevilməkdədir. O, üzünü Belçika parlamentarilərinə tutaraq soruşmuşdur: “1988-1991-ci illərdə hələ SSRİ mövcud olduğuna görə münaqişəni bu dövlətin daxili işi hesab edən Avropa ölkələri həmin dövrdə hərəkətsiz qaldıqları halda, nəyə görə 1991-ci ildən sonra bu istiqamətdə tutarlı addımlar atmamışlar? BMT-nin Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı ən sonuncusu 2008-ci ildə olmaqla beş qətnamənin qəbul edilməsi Ermənistanın konstruktiv addımlar atmağa sövq edilməsi üçün yetərli deyilmi? Nəyə görə Avropanın qonşuluğunda yerləşən bu münaqişənin həlli yollarının axtarılmasında 27 üzv dövləti özündə birləşdirən Avropa İttifaqı deyil, yalnız bir Avropa dövləti iştirak edir? Avropa təsisatlarının Tibet, Fələstin, Somali və s. haqqında mütəmadi şəkildə müzakirələr aparıb, sənədlər qəbul etdiyi halda, öz qonşu regionunda yerləşən Azərbaycanın probleminə niyə diqqətini yönəltmir?”
K.Monike münaqişənin həlli ilə bağlı Avropanın fəaliyyətinin gücləndirilməsinin və Belçika parlamentində aparılan dinləmənin məntiqi ardıcıllıqla digər Avropa ölkələrinə də keçməsinin vacibliyini vurğulamışdır.
“Sərhədsiz vəkillər” təşkilatının rəhbəri Pyer Leqro isə çıxışında münaqişənin nizamlanmasına beynəlxalq qeyri-hökumət təşkilatlarının verə biləcəyi töhfədən bəhs edərək, beynəlxalq hüququn münaqişəyə tətbiq olunan prinsipləri barədə danışmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dünyəvi və hüquqi dövlətin qurulduğunu, onun davamçısı Prezident İlham Əliyev tərəfindən həmin dayaqlar üzərində ölkənin uğurla inkişaf etdiyini diqqətə çatdıran natiq, Azərbaycanın Avropaya inteqrasiya kursu seçdiyini, öz hüquqi və qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırdığını bildirmişdir. Avropaya bu qədər yaxınlaşan bir ölkənin yaşadığı problemlərə avropalıların biganə qalmamalı olduğunu söyləyən P.Leqro parlament təmsilçilərini belə bir sual ətrafında düşünməyə çağırmışdır: “BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə riayət etməyən, Azərbaycanın ərazi bütövlüyünü pozan, onun 20 faiz ərazisini işğal edərək bir milyondan artıq dinc əhalini qaçqın və məcburi köçkünə çevirən Ermənistandan nəyə görə münaqişə ilə bağlı status-kvonu dəyişmək üçün hərəkətə keçməsi xahiş olunmalıdır?! Axı Ermənistanın Azərbaycana qarşı törətdiklərini yalnız cinayət kimi xarakterizə etmək olar!”.
ATƏT-in Minsk qrupunun uzun müddətdən bəri münaqişənin həlli sahəsində fəaliyyətinin optimist olmağa əsas vermədiyini qeyd edən natiq, Azərbaycana “Sərhədsiz vəkillər” təşkilatının əməkdaşlarından ibarət missiya göndərilməsini, münaqişə ilə bağlı faktların toplanmasını və Avropa ictimaiyyətini məlumatlandırmaq üçün müvafiq işin aparılmasını təklif etmişdir. O, qeyd etmişdir ki, parlamentarilər dondurulmuş münaqişələrin unudulmuş münaqişələrə çevrilməməsi üçün konkret addımlar atmalı, Avropada haqq-ədalətin gec də olsa, öz yerini tapmasına çalışmalıdırlar.
Azərbaycan Milli Məclisinin deputatları Qüdrət Həsənquliyev və Fərəc Quliyev debatlarda Azərbaycanın mövqeyini diqqətə çatdırmışlar. Belçikalı deputatlardan Alan Desteks, Dalmani və Dükarm mövzu ilə əlaqədar fikirlərini bildirmiş, suallar vermişlər.
Çıxışlardan sonra Baş nazirin müavini Əli Həsənov parlamentarilər və ekspertləri maraqlandıran sualları cavablandırmışdır.
İclas zalında belçikalı parlamentarilərə “Vətən həsrəti... Sönməyən ümidlər” sənədli filmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba torpaqlarından qovulan qaçqınlar, məcburi köçkünlər, həmçinin “qaçqın” statusu almaq niyyətində olan (3-cü ölkələrdən olan sığınacaq axtaran) şəxslər, onların sosial təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər və mövcud problemlər haqqında məlumat kitabçası, “Xocalı: XX əsrin Soyqırımı“ kitabı və digər materiallar təqdim edilmişdir.
Dinləmələrin sonunda Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi David Gerdt elan etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qrup tərəfindən hazırlanmış qətnamə layihəsi gələn həftə Nümayəndələr Palatasına təqdim olunacaqdır.
Müzakirələrdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov, NATO yanında daimi nümayəndə Xəzər İbrahim, deputat Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun üzvləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Zahid Oruc, Azər Kərimli, Ceyhun Osmanlı, eləcə də beynəlxalq hüquq üzrə doktor Fuad Süleymanov və tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı iştirak etmişlər.
Səfərin yekunları barədə fikirlərini AzərTAc-ın xüsusi müxbiri ilə bölüşən Əli Həsənov bu gün Azərbaycan nümayəndə heyətinin Avropa demokratiyasının döyünən ürəyi olan Brüsseldə yüksək səviyyədə qəbul olunmasını, Nümayəndələr Palatasında Azərbaycanın ən ağrılı problemi ilə bağlı müzakirələrin aparılmasını ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu xarici və daxili siyasətin konkret nəticəsi kimi səciyyələndirmişdir. Azərbaycan haqqında həqiqətlərin Belçika parlamentarilərinə çatdırılması üçün yaranmış imkanı yüksək dəyərləndirən Ə.Həsənov gələcəkdə də belə tədbirlərin digər ölkələrin parlamentlərində keçirilməsinin vacibliyini bildirmiş, bu istiqamətdə xarici ölkələrdəki səfirliklər, diaspor təşkilatları, müxtəlif dövlət qurumlarının ciddi səylə çalışmalı olduğunu qeyd etmişdir. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin yollarından biri də Avropa parlamentarilərinin Azərbaycan həqiqətləri barədə obyektiv məlumatlandırılması və onların münasibətində haqq-ədalətə doğru dönüş yaradılmasıdır. Ona görə də bu tədbir Azərbaycan reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə çatdırılması üçün çox mühüm siyasi və tarixi hadisə olmuşdur.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb