"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı il ərzində görülmüş işlər barədə
Çap et

Qaçqınların və Məcburi Köçkünlərin İşləri 
üzrə Dövlət Komitəsi tərəfindən 201
6-cı il ərzində görülmüş işlər barədə


M Ə L U M A T

 

Məcburi köçkünlərin sosial problemlərinin həlli

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu qətiyyətlə və uğurla davam  etdirən   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində də sahə ilə bağlı mövcud qanunvericiliyə və qəbul  olunmuş Dövlət Proqramlarına uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

 

2016-cı il ərzində:

 

Sahə ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 Fərman imzalanmış, Nazirlər Kabineti 10 qərar və sərəncam qəbul etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-2016-cı illərdə məcburi köçkünlərlə yeni salınmış qəsəbələrdə 31 dəfə, o cümlədən 2016-cı  ildə 1 dəfə görüş keçirilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2016-cı il noyabrın 12-də Füzuli rayonu ərazisində 400 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış qəsəbəsinin açılış mərasimində iştirak etmişdir. Bununla da ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbələrin ləğvi prosesi başa çatdırılmışdır.

 

Sabirabad rayonunda fin tipli qəsəbələrdə  müvəqqəti məskunlaşmış 440, Qazax rayonu ərazisində  304, Zaqatala rayonu ərazisində 135, Füzuli rayonu ərazisində 400 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə, 50 məcburi köçkün ailəsinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş  5 mərtəbəli binaya ,  20 ailənin Şirvan şəhərində tikilmiş binaya,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün Pansionatında müvəqqəti məskunlaşan 44 məcburi köçkün ailəsinin Abşeron rayonu ərazisində alınmış hazır mənzillərə, həmçinin zəruri dövlət ehtiyacları ilə əlaqədar 232 məcburi köçkün ailəsinin birdəfəlik kompensasiya ödənilməklə köçürülməsi təmin edilmişdir. 

 

Ahısxa türkləri üçün tikintisi yarımçıq qalmış 55 fərdi yaşayış evinin inşası başa çatdırılmışdır.

 

Bakı şəhəri, Binəqədi rayonunun Sarıqaya massivində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 14 məcburi köçkün ailəsinə dövlət büdcəsinin ehtiyyat fondundan ayrılmış  vəsait hesabına həmin obyekt yenidən bərpa edilərək istifadəyə verilmiş və zərər çəkmiş ailələrə birdəfəlik kompensasiya ödənilmişdir.

 

2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə  dövlət büdcəsinin Ehtiyyat Fondundan  vəsait ayrılmışdır.  

 

Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilmiş, ayrılmış vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılmışdır.Tərtər rayonunda qalan 78 evin yenidən tikintisi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.   

 

Beləliklə, ötən il ərzində 1625 ailə və ya 7000 nəfərin yeni mənzillərə köçürülməsi təmin edilmişdir.

 

Dünya Bankı ilə  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanmışdır.

 

Ümumiyyətlə, 2001-2016-cı  illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınmışdır. Bunun da 3,0 milyon kvadrat metr yaşayış sahəsinə malik  90-ı , yaxud 95 faizi son 13 ildə inşa edilmişdir.

 

Yeni yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq baçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilmiş, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442  kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilmiş, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

 

Beləliklə, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, ondan da  46 min ailə,  yaxud 230 min nəfər (92 %) son 13 ilin payına düşür.

 

Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 800, Pirallahı rayonunda 330,  Qaradağ rayonu, Ümid qəsəbəsində 300, Tərtər rayonunda 1170, Beyləqan rayonunda 146, Şirvan şəhərində 685, Sumqayıt şəhərində 2900, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250 ailəlik qəsəbə və məhəllələrin layihə-smeta sənədləri hazırlanır.

 

Bundan əlavə Gəncə şəhərində, Goranboy, Bərdə və Ağcabədi rayonlarında yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılmışdır.

 

Yemək xərci üçün aylıq müavinət alan  məcburi köçkünlərin  adlı siyahısından  ibarət informasiya sistemi yaradılmış və “Elektron hökumət” portalında yerləşdirilmişdir.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 1,0 milyon  manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 42 rayon (şəhər) icra hakimiyyətinə 1,0 milyon manat məbləğində  humanitar yardım verilmişdir.

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 9 min nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 84 obyektdə  cari təmir  işləri aparılmışdır.

 

Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” Layihəsi üzrə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 32 min nəfərin faydalandığı, dəyəri 8,0 milyon manat olan 63 icma mikrolayihəsi icra edilmiş, məcburi köçkünlərin sıx  məskunlaşdığı  23 obyektdə əsaslı təmir işləri həyata keçirilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2016-cı ildə 900 min manatlıq sənaye malları istehsal edilmişdir.

 

26 min şəxsə məcburi köçkün vəsiqəsi verilmişdir.

 

2016-cı ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 34 ədəd müxtəlif markalı güc tranformatoru, 49 ədəd artezian və 12 su nasosu,  8890 metr güc kabeli, 96,0 min  metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal-materiallar verilmişdir.

 

İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 20 beynəlxalq, 24 yerli humanitar təşkilatа yaradılmış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onların xətti ilə dəyəri 20,0 milyon manat həcmində müxtəlif  humanitar və inkişaf layihələri həyata keçirilmişdir.

 

Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir.

 

 “Azərişıq”ASC tərəfindən ümumilikdə 151925 mənzildə elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda 148922 mənzildə  (98%), о cümlədən  110097 fərdi evdə, yığcam məskunlaşma obyektlərində isə 38825  mənzildə elektrik sayğacı quraşdırılmışdır. Bunlardan 59554 ədədi (40,0%) “smart-kart” tipli sayğaclardır.

 

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri qazla təchiz edilir. Yeni tikilmiş binalar istismara verilərkən sayğaclaşdırılır.

 

Dövlət Proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılmışdır.

 

Sıx müvəqqəti məskunlaşma yerlərində 126 məcburi köçkün daimi, 400 nəfər isə mövsümi işlə təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1426 nəfər daimi işlə təmin olunmuş, 383 nəfərə işsiz statusu verilmiş, 422 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 310 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına və 203 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

 

Azərbaycan Respublikası İqtisadiyyаt Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 173 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə  2,3 milyon manat güzəştli kredit verilmiş, nəticədə 266  yeni iş yeri açılmışdır.

 

2016-cı ildə hər bir nəfər məcburi köçkünə 750 manat vəsait sərf olunmuşdur.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının 150-dən çox nümayəndəsi ilə  görüş keçirilmiş, həmçinin onların yeni salınmış qəsəbələrdə və sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlərlə görüşü təşkil edilmişdir.

 

Keçirilmiş bütün görüşlərdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmiş və qarşılıqlı maraq doğuran bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılmış, onlara Komitə tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğunun azaldılması və məşğulluğunun artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə müxtəlif dillərdə hazırlanmış video materiallar, məlumat kitabları və s. təqdim olunmuş, həmçinin keçirilmiş görüşlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

 

2016-cı il ərzində Komitə tərəfindən Xocalı Soyqırımı barədə 7 dildə 60 səhifəlik məlumat kitabı hazırlanmışdır və keçirilən görüşlər zamanı qonaqlara təqdim edilir.

 

2016-cı il 19-21 aprel tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Məclisinin narkotik probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyasında iştirak etmişdir.

 

2016-cı il  sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilmiş “dəyirmi masa”da  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər tədbirdə iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin və nüfuzlu şəxslərin diqqətinə çatdırılmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  daxil olmuş müraciətlər əsasında  məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 290 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.

 

2016-cı  ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 70 mindən artıq  yazılı müraciətə baxılmış, 20 min nəfər qəbul edilmiş və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilmişdir.

 

Həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.

 

Mövcud qanunvericilik aktlarında, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət Proqramına, həmin Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcəkdir.