"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2012 - ci il ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2012 - ci il ərzində görülmüş işlər barədə


M Ə L U M A T

 

Məcburi köçkünlərin sosial problemlərinin həlli

 

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdi. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çoxsaylı beynəlxalq və yerli qurumların tədbirlərində mütləq bir hal kimi bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə bu problemin siyasi yolla həlli istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk Qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox, həmçinin əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirmişdir.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən 43 Fərman və Sərəncam imzalandı, Milli Məclis 23 Qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi.

 

«İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir» deyən xalqımızın Ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.

 

Bu məqsədlə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 2001-2003-cü illərdə 18 şəhər və rayonda 25 qəsəbə, 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 2 xəstəxana, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik xətti, 133 km irriqasiya su kəməri və s. sosial obyektlər istifadəyə verildi. Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi.

 

Ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi müntəzəm olaraq davam etdirilir.

 

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.

 

Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsi 2007-ci ilin sonunadək ləğv edilmişdir. 
Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 12-nin ləğvi təmin edilmiş, qalan 4-nün ləğvi isə yeni qəsəbələr salınmaqla təmin ediləcəkdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası 2012-ci ildə uğurla davam etdirilmişdir.

 

İl ərzində bu sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 Fərman və Sərəncam, Nazirlər Kabineti tərəfindən 17 qərar və sərəncam qəbul edilmişdir. 2004-2012-ci illərdə isə bu məqsədlə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ölkə Prezidenti tərəfindən 46 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 9 ildə xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 400-dən çox, qaçqın və məcburi köçkünlərlə isə yeni salınmış qəsəbələrdə 23 dəfə, o cümlədən 2012-ci ildə 3 dəfə görüş keçirmişdir.

 

Ötən ildə:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il yanvarın 21-də Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9 ədəd beşmərtəbəli yaşayış binasından ibarət yeni salınmış məhəllənin, sentyabrın 9-da Şəki rayonu ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin, dekabrın 27-də isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimlərində iştirak etmişdir;

 

Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 560 ailəlik 10 ədəd beşmərtəbəli yaşayış binasından ibarət məhəlləyə məcburi köçkün ailələrinin köçürülməsi başa çatdırılmışdır;

 

Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 məcburi köçkün ailə üçün yeni yaşayış qəsəbəsi salınmış və məcburi köçkünlərin köçürülməsi təmin edilmişdir;

 

İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbə salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir:

 

Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınmışdır;

 

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatmaq üzrədir;

 

2012-ci ildə həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış yeni mənzillərə köçürülmüşdür;

 

Dövlət büdcəsində nəzərdə tutulan İnvestisiya xərcləri vəsaiti hesabına (1 milyon manat) Axısxa türkləri üçün 28 evin tikintisi (Beyləqan rayonunda 13 ev, Oğuz rayonunda 7 ev, Saatlı rayonunda 8 ev) başa çatdırılmışdır;

 

Göygöl rayonu ərazisində Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün Murovdağ qəsəbəsində 7 ədəd fərdi yaşayış evi tikilmişdir.

 

Beləliklə, 2012-ci ildə 4.553 ailə və ya 22.765 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bu da 2011-ci ilə nisbətən 2.430 ailə və ya 12.150 nəfər çoxdur. 


İl ərzində 296 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 22.765 nəfərdən ibarət 4.553 məcburi köçkün ailəsi yeni evlərə köçürülmüş, 3300 şagird yerlik 6 məktəb inşa edilmişdir. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.

 

Həmçinin 6 uşaq bağçası, 4 tibb məntəqəsi, 5 klub - icma mərkəzi, 5 inzibati bina tikilib istifadəyə verilmiş, 42,0 kilometr yol, 60,0 kilometr su xətti, 129,0 kilometr elektrik xətti, 92,5 kilometr qaz xətti, 3,4 kilometr istilik xətti, 7,4 kilometr kanalizasiya xətti çəkilmiş, müxtəlif həcmə malik 12 su anbarı, 5 nasos stansiyası, 32 komplekt transformator yarımstansiyası inşa edilmiş, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

 

Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, büdcədən və investisiya xərclərindən isə 52 milyon manat olmaqla 352 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci il ilə müqayisədə 183,5 milyon və ya 2,1 dəfə, 2003-cü ilə nisbətən isə 17,6 dəfə çoxdur.

 

Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası -280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun-Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını stabilləşdirmişdir.

 

Beləliklə, bütün rayonlarda qaçqın və məcburi köçkünlər üçün tikilən qəsəbələrdən və onun infrastrukturundan yerli əhali də bəhrələnmişdir.

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait

 

Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2004-2012-ci illər ərzində 19 min ailə 94 min nəfərdən çox məcburi köçkün üçün 1 milyon 72 min kvadrat metr sahəsi olan 51 qəsəbə və fərdi evlər inşa edilmiş, 115 məktəb, 5 musiqi məktəbi, 30 uşaq bağçası, 33 tibb müəssisəsi, 32 klub icma mərkəzi, 26 rabitə evi tikilmiş, 470,6 kilometr yol, 610,0 kilometr su, 980,0 kilometr hava elektrik, 264,0 kilometr qaz, 61,5 kilometr kanalizasiya, 13 kilometr istilik xətləri çəkilmiş, 537 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılmışdır.

 

Ümumiyyətlə, 2001-2012-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2 milyon kvadrat metr sahəsi olan, 31 min mənzildən ibarət bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmışdır.

 

Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilmiş, 628,0 kilometr yol, 781 kilometr su, 1333 kilometr hava elektrik, 288 kilometr qaz xətti çəkilmiş, 671 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

 

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində yeni mənzillərə köçürülmüşdür.
Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılmış və bu layihə cari ildə də davam etdiriləcəkdir.

 

Beləliklə, indiyədək 31 min ailə 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

 

İl ərzində həmçinin Dövlət Proqramının və ona Əlavələrin icrası ilə əlaqədar aşağıdakı işlər həyata keçirilmişdir:

 

Bərdə rayonunda ayrılmış 14 hektar torpaq sahəsində 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin salınması üçün layihə təşkilatı ilə müqavilə bağlanmış, məhəllənin baş planı hazırlanmış, layihə-smeta sənədlərinin hazırlanması başa çatdırılmış və texniki şərtlərin alınması üçün müraciət edilmişdir;

 

Balakən rayonunda ayrılmış 0,7 ha torpaq sahəsində 43 məcburi köçkün ailəsi üçün bir ədəd beşmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə müvafiq müqavilə bağlanmışdır;

 

İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbəsinin salınması məqsədi ilə 9 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və tikinti işlərinə başlanmışdır;

 

Hacıqabul rayonunda ayrılmış 30 ha torpaq sahəsində 101 ailəlik fərdi evlərdən ibarət qəsəbənin salınması məqsədi ilə layihə təşkilatı ilə müqavilə bağlanmışdır. Hazırda qəsəbənin layihə-smeta sənədləri hazırlanır;

 

Saatlı rayonunda ayrılmış 13 hektar torpaq sahəsində 230 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbəsinin salınması üçün texniki şərtlər alınmış, layihə təşkilatı ilə müqavilə bağlanmış və layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir;

 

Füzuli rayonunda 612 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbəsinin salınması məqsədi ilə 700 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmiş, layihə təşkilatı ilə müqavilə bağlanmış, layihə-smeta sənədləri hazırlanmışdır;

 

Sabirabad rayonunda 440 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbəsinin tikilməsi üçün 30 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, hazırda layihə təşkilatı ilə müqavilənin bağlanması həyata keçirilir;

 

Ağdam rayonunun "Dördyol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 ailəlik fərdi evlərdən ibarət qəsəbənin salınması üçün həmin rayonun Bənövşələr (30,0 ha) və İmamqulubəyli (70,0 ha) qəsəbələri ərazisində torpaq sahələri ayrılmış, texniki şərtlər alınmış və inşaat pasportu hazırlanmışdır. 1-ci mərhələdə 632 məcburi köçkün ailəsi üçün İmamqulubəyli qəsəbəsinin ərazisində yeni yaşayış qəsəbəsinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlaması üçün layihə təşkilatı ilə müqavilə bağlanmış, qəsəbənin baş planı, fərdi yaşayış evlərinin layihəsi, mühəndis-axtarış işlərinin hesabatı hazırlanmışdır. Layihə işləri davam etdirilir;

 

Beyləqan rayonunda ayrılmış 385 hektar (o cümlədən 320 ha suvarılan sahə nəzərə alınmaqla), torpaq sahəsində 320 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni yaşayış qəsəbəsinin baş planı hazırlanmış, Beyləqan və Xocavənd rayon icra hakimiyyətləri ilə razılaşdırılmış, layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilərək müsbət rəy alınmışdır. Həmin rayonda həmçinin146 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbəsinin tikilməsi üçün 30 hektar torpaq sahəsi ayrılmış və texniki şərtlərin alınması məqsədi ilə müraciətlər edilmişdir;

 

Göygöl rayonunda 600 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin tikintisi məqsədi ilə 60 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə təşkilatı ilə müqavilə bağlanmış, qəsəbənin baş planı, fərdi yaşayış evlərinin layihəsi, mühəndis-axtarış işlərinin hesabatı hazırlanmışdır. Layihə işləri davam etdirilir;

 

Gəncə şəhəri ərazisində 1500 ailəlik məhəllənin tikintisi ilə əlaqədar 25 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə təşkilatı ilə müqavilə bağlanmış, məhəllənin baş planı hazırlanmış və layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir;

 

Qazax rayonu ərazisində 300 ailəlik məhəllənin tikintisi ilə əlaqədar 5 hektar torpaq sahəsi ayrılmış və texniki şərtlərin alınması üçün müvafiq müraciətlər edilmişdir;

 

Qəbələ rayonu ərazisində ayrılmış torpaq sahəsində 155 ailə üçün 2 ədəd beşmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar müvafiq işlər davam etdirilmişdir;

 

Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Qobu bələdiyyəsinin ərazisində ayrılmış 380 hektar torpaq sahəsində Qobu şəhərinin salınması üçün texniki şərtlər alınmış və layihə işləri ilə bağlı muqavilənin bağlanması üçün hazırlıq işləri aparılır;

 

Dövlət Neft Akademiyasının 2 saylı yataqxanasında müvəqqəti məskunlaşmış 18 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin başqa vətəndaşlara məxsus mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 62 məcburi köçkün ailəsinin köçürülməsi məqsədi ilə Abşeron rayonunun Ramana qəsəbəsində 450 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədəki boş torpaq sahəsində 80 mənzilli, 5 mərtəbəli yaşayış binasının layihələndirilməsi, tikintisi üzrə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlanması üçün layihə təşkilatı ilə müqavilə bağlanmış, layihə işlərinin başlanması üçün Satınalma üzrə Dövlət Agentliyinə müraciət edilmiş və layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir;

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s nömrəli Sərəncamına əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ofis binasının genişləndirilməsi məqsədi ilə texniki şərtlərin alınması üçün müvafiq müraciətlər edilmiş, layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilmiş, müsbət rəy alınmış və tikinti işlərinə başlanmışdır.

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2012-ci ildə ayrılmış 88,6 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

 

Dövlət büdcəsindən 2012-ci il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədi ilə ayrılmış 108,7 milyon manat vəsait məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir. 
Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 5,0 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Soba yanacağının alınması üçün təsdiqlənmiş 6,8 milyon manat vəsait hesabına payız-qış mövsümündə (oktyabr, noyabr, dekabr, yanvar və fevral aylarında), hər ailəyə ayda 40 litr olmaqla, 64,6 min məcburi köçkün ailəsinə ağ neft paylanılmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 24 rayon (şəhər) icra hakimiyyətinə 696,2 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 228 ailəyə 28,9 min manat, cəmi 725,1 min manat məbləğində humanitar yardım verilmişdir.

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 12 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 37 obyektdə cari təmir işləri aparılmışdır. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2012-ci ildə 900,0 min manatlıq sənaye malları istehsal edilmişdir.

 

2012-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif rayonlar üzrə 73 müvəqqəti məskunlaşma obyektinə 40 ədəd müxtəlif markalı güc tranformatoru, 40 ədəd artezian və digər su nasosu, 3060 metr güc kabeli, 93500 metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal- materiallar verilmişdir.

 

Ümumiyyətlə, 1993-2012-ci illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat həcmində vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 0,8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

 

Bu vəsaitin 77 faizi, yaxud 3,3 milyard manatı son 9 ildə istifadə olunmuşdur. Həmin vəsaitin 1,6 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 307 milyon manatı isə beynəlxalq təşkilatların payına düşür. Hesabat dövründə 1938, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 613 nəfər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1.325 nəfər daimi işlə, 1858 nəfər isə mövsümi işlə təmin olunmuşdur. 570 nəfərə işsiz statusu verilmiş, 605 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 385 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 139 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

 

Məcburi köçkünlərdən 2012-ci ildə 9 min nəfər, 2004-2012-ci illər ərzində isə 85,5 min nəfər müvafiq işlə təmin edilmiş, 3.770 nəfərə işsiz statusu verilmiş, 2331 nəfər peşə hazırlığı kurslarına, 1.716 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilmişdir.

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2012-ci illərdə 1534 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 32,2 milyon manat, o cümlədən 2012-ci ildə 874 məcburi köçkün sahibkara 22,6 milyon manat, həmçinin yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2012-ci ildə dəyəri 2,45 milyon ABŞ dolları (1,92 milyon AZN) məbləğində olan müxtəlif növ 40 icma mikrolayihəsi icra edilmişdir. Bu icma mikrolayihələrinin icrası nəticəsində 20,54 min nəfər faydalanmışdır. Həmçinin 717 nəfərə, o cümlədən 588 nəfər məcburi köçkünə ümumi məbləği 2,0 milyon manat təşkil edən mikrokredit verilmişdir.

 

Ümumiyyətlə, həmin kredit sazişi üzrə son 9 ildə 310 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83%-i məcburi köçkündür.  Bu yaxınlarda Dünya Bankının mərkəzi ofisində həmin Bankın bütün dünya üzrə həyata keçirdiyi 300 layihədən vaxtında, keyfiyyətli və şəffaf icra meyarına görə ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilmişdir.

 

"Azərenerji"ASC tərəfindən ümumilikdə 96069 mənzildə elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda fərdi evlərdə 58340, yığcam məskunlaşma obyektlərində isə 32560 mənzildə, ümumilikdə - 90900 ədəd (94,6%) elektrik sayğacı quraşdırılmışdır. Bunlardan 27300 ədədi (30%) "smart-kart" tipli sayğaclardır. "Bakıelektrikşəbəkə" ASC tərəfindən fərdi və yığcam yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması 100 faiz başa çatdırılmışdır.

 

Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir. Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazla təchiz edilir. Yeni binalar istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə 352.625 nəfər məcburi köçkün təbii qazla təchiz olunur.

 

Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan ınənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir. İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar təşkilata yaradılmıış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onların xətti ilə dəyəri 30,0 milyon ABŞ dolları həcmində prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilmişdir.

 

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 9 ildə 75 faizdən 15 faizədək azalmışdır. 2012-ci ildə hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunmuşdur.  Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.
Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə də geniş məlumat toplanmışdır. Bununla bərabər, Fondun xətti ilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirilir, hər il keçirilən Yeni il şənliklərinə qaçqın və məcburi köçkün uşaqları da dəvət edilir.

 

Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 40-dan artıq ölkədə “Xocalıya ədalət” beynəlxalq məlumat-təşviqat kampaniyası ilə bağlı silsilə tədbirlər təşkil olunur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə kitab, broşura və CD şəklində məlumatların BMT-nin müxtəlif dillərində hazırlanaraq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və keçirilən görüşlərdə yayılması təmin edilmişdir.

 

Həmçinin il ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının nümayəndələri ilə 180 görüş keçirilmişdir. O cümlədən:

 

yanvarın 9-da Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun və Finlandiya Parlamentinin üzvləri ilə keçirilmiş görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri barədə məlumat verilmiş, həmçinin onlar Ağdam rayonuna səfər edərək məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşlar;

 

fevralın 2-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Avropa Şurasına üzv dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitəsinin (Monitorinq Komitəsi) Azərbaycan üzrə həmməruzəçiləri Binəqədi rayonunda salınmış yeni məhəllədə olmuş və məcburi köçkünlərlə görüşmüşlər;

 

fevralın 7-də Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuş, həmçinin Bakı şəhərində ağır şəraitdə yaşayan və yeni salınmış qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur;

 

fevralın 14-də ölkəmizdə səfərdə olan Türkiyənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri və “France 24” kanalının əməkdaşları qəbul edilmiş və onlara məcburi köçkünlərin sosial vəziyyəti və dövlətin bu sahədə gördüyü tədbirlər barədə məlumat verilmişdir;

 

fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı və anma mərasimi keçirilmişdir;

 

fevralın 24-də Almaniyadan olan curnalist Briqit Vetsel Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşdur;

 

martın 2-də Cənubi Koreyanın tanınmış dövlət televiziya kanalı “KBS” şirkətindən olan müxbirlərə məcburi köçkünlərlə bağlı müvafiq məlumat verilmişdir;

 

martın 5-7-də Baş nazirin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsü və Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının təşkilatçılığı ilə Brüsseldə “İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-hüquqi və humanitar aspektlər)” mövzusunda keçirilmiş dinləmələrdə iştirak etmiş, Belçika Senatının sədri ilə görüşmüş, “Reuters” agentliyinin və İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbirlərinə geniş müsahibə vermişdir;

 

martın 9-da Belçika Parlamentinin üzvü Alain Destexhenin rəhbərliyi ilə Avropa Parlamentinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuş və Bakı şəhərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin vəziyyət ilə maraqlanmışlar;

 

aprelin 4-də bir qrup ABŞ Konqresi üzvlərinin köməkçiləri, aprelin 13-də İrlandiyanın aparıcı mətbuat orqanı olan “İrish Times” qəzetinin müxbiri Daniel Edvard Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və onların həyat şəraiti ilə yaxından tanış olmuşlar;

 

aprelin 17-də İspaniyalı müstəqil curnalist Pablo Gonzales Yaguen Komitədə olmuş və Beyləqan rayonuna səfər edərək orada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür;

 

mayın 2-də Finlandiyanın siyasi gənclər təşkilatlarının nümayəndə heyəti, mayın 25-də Belçika Parlamentinin üzvləri Denis Dükarm və David Qerts Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuş, Binəqədi rayonunda yataqxanalarda ağır şəraitdə yaşayan və yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər;

 

mayın 11-də İsveç radiosunun Moskva Bürosunun müxbiri Yoxanna Melen, mayın 15-də İsveçrənin “Sonntags Zeitung” qəzetinin curnalisti Marlen Şniper Bakı şəhərində yataqxanalarda ağır şəraitdə yaşayan və yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmuşlar;

 

mayın 24-də ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyasının siyasi məsələlər üzrə müşaviri xanım Vinson Paker məcburi köçkünlərlə görüşmüş və qonağa münaqişə haqqında ətraflı məlumat verilmişdir;

 

mayın 27-də Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərliyi ilə Fransanın bir qrup senatoru Biləsuvar rayonuna səfər edərək orada yeni salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanmışlar;

 

iyunun 6-da Azərbaycanda səfərdə olan Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti, iyunun 21-də isə bir qrup fransalı curnalist Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuş, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri barədə məlumat verilmiş və qonaqlar Bakı şəhərində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər;

 

iyunun 27-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi və Avropa İttifaqına üzv olan dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər;

 

iyunun 30-da Estoniya Parlamentinin sədri xanım Ene Erqman ölkəmizə səfəri zamanı Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və münaqişə ilə bağlı qonağa ətraflı məlumat verilmişdir;

 

iyulun 23-də Azərbaycanda səfərdə olan italiyalı bir qrup curnalist ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüş keçirilmiş, onlar Binəqədi rayonunda yataqxanalarda ağır şəraitdə yaşayan və yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərl həyat şəraiti ilə tanış olmuşlar;

 

avqustun 22-23-də Baş nazirin müavini-Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Meksika Senatının rəhbərliyi və senatorlarla, o cümlədən Senatın Vitse-Prezidenti (Sədrinin müavini) Fransisko Arroyo Vieyra, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı” ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi Senator Karlos Ximenes Masias, Senatda çoxluq təşkil edən İnstitusional İnqilab Partiyasının qrup rəhbəri Senator Karlos Navarrete Ruiz, Meksikanın Deputatlar Palatasının sədri Oskar Arse ilə geniş tərkibdə görüş keçirmiş və Meksikanın paytaxtı Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkı və burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin, eyni zamanda Tarixi Mərkəz rayonu ərazisində Tlakskoake–Xocalı meydanının və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak etmişdir;

 

avqustun 31-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri ilə keçirilmiş görüşdə onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmiş və qonaqlar Ağdam rayonuna səfər edərək məcburi köçkünlərlə görüşmüşlər;

 

2012-ci il aprelin 26-da daha bir nüfuzlu beynəlxalq təşkilata -BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmmişdir. Oktyabrın 1-də Baş nazirin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında iştirak etmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşin həmin sessiyadakı çıxışında Azərbaycan dövlətinin gördüyü işləri qiymətləndirərkən bunu bir çox ölkələr üçün nümunə göstərmiş və könüllü qaydışı mümkün hesab etmişdir. Bununla da Ali Komissar bir çox beynəlxalq təşkilatların ölkəmizdəki məcburi köçkünlərin torpaqlar işğaldan azad olunandan sonra geri qayıtmayacaqları barədə fikirlərini alt-üst etmişdir;

 

noyabrın 1-də Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti ilə keçirilmiş görüşdə onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmişdir;

 

noyabrın 6-8-də Baş nazirin müavini- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiya Parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün nəticələri ilə bağlı keçirilən dinləmələrdə iştirak etmiş və Finlandiya Parlamentinin sədri cənab Eero Heynyaluoma ilə görüş keçirilmişdir;

 

noyabrın 22-də Baş nazirin müavini-Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Senatında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə dair təşkil olunmuş konfransda iştirak etmiş və səfər proqramı çərçivəsində İspaniya Senatının sədri Pio Qarsiya-Eskudero Markus, Senatın sədr müavini Xuan Xose Lukas və İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo ilə görüş keçirilmişdir;

 

dekabrın 13-14-də Baş nazirin müavini-Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Andorra Senatında Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrinə dair keçirilmiş konfransda iştirak etmiş və Andorra Parlamentinin sədri cənab Visens Mateu Zamora ilə görüş keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 674 müraciət (466 müraciət qaçqın və məcburi köçkünlərdən, 208 müraciət isə digər vətəndaşlardan) daxil olmuş, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 213 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.

 

2012-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 60 min yazılı və şifahi müraciətə baxılmış, 10 min nəfər qəbul edilmiş və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilmişdir.

 

Həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.

 

Bu sahədə mövcud olan problemlərin Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun olaraq həlli ilə bağlı tədbirlərin sistemli şəkildə, vaxtlı-vaxtında icrası daim nəzarətdə saxlanılır.