"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1929
Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub
Mətbuat xidmətinin məlumatı 30 İyun, 2021

İyunun 30-da Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı olub.

 

Tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar. Sərgiyə baxış zamanı bildirilib ki, burada nümayiş etdirilən fotoların əksəriyyəti AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilib.

 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində Qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib. “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin miqyasını çatdırmaq üçün yaradılıb”, - deyə R.Hacıyev vurğulayıb.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə təcavüzkar ölkə üzərində tam üstünlüyümüzün sübutu olmaqla yanaşı, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır. Biz ədalətsizliklə heç vaxt barışmamışıq və milli maraqlarımızı qorumaq üçün “dəmir yumruq” kimi birləşmişik.

 

Şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu və Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına imkan yaratdı.

 

Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi "Karabakh.Center" layihəsi barədə məlumat verən R.Hacıyev qeyd edib ki, təqdimatı keçirilən internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Bu internet resursunda toplanan çoxsaylı materiallar konkret nümunələr əsasında xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Burada işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür. Bu sahədə AZƏRTAC-ın Fonda göstərdiyi dəstəyi yüksək dəyərləndirən R.Hacıyev internet resursunda agentliyin fotolarından geniş istifadə olunduğunu diqqətə çatdırıb.

 

Bildirilib ki, "Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur. İnternet resursu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə zənginləşdiriləcək, dilbər guşəmiz Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcək.

 

Bu internet resursu həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspertlərin diqqətini cəlb edəcək.

 

Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən "Qarabağda Urbisid" adlı video da nümayiş olunub.

 

İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur. “Müharibə bizi bir çox sınaqlardan keçirdi. Biz bu sınaqlardan üzüağ çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyəti müvəqqəti deyil, bu, daimi prosesdir. Çünki biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik və daimi, dayanıqlı inkişafı hədəfləməliyik”, - deyə M.Cabbarov bildirib.

 

Nazir qeyd edib ki, artıq yeni çərçivədə təqdim olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin, sadəcə, qorunub saxlanılması ilə yanaşı, onun inkişaf etdirilməsi prosesini də əhatə etməlidir. Tarixdə Stalinqrad, Sarayevo, Xirosima hadisələri kimi faciələri xatırladan M.Cabbarov deyib: “Qarabağdakı hadisələr şüurlu şəkildə, onilliklər ərzində həyata keçirilən dağıntı prosesidir. İşğal zamanı təkcə tarixi abidələrimiz, infrastruktur obyektlərimiz, şəhər və kəndlərimiz dağıdılmayıb, regionun gözəl təbiətinə də çox böyük zərər vurulub. İnternet resursunda bu barədə də məlumatlar yer alır. Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda bərpa və rekonstruksiya işlərinin sürətlə davam etdiyini diqqətə çatdıran Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri əmin olduğunu bildirib ki, tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq. “Karabakh.Center” internet-resursu Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. “Bu internet resursun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur. Bu, təkcə onlayn versiya ilə məhdudlaşmamalıdır. Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu layihələrə dəstək verməkdən qürur duyur”, - deyə Mikayıl Cabbarov vurğulayıb.

 

Təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Fondun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilir. Bu məqsədlə Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub.

 

Qarabağda 30 ildən çox davam edən işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dünya ictimaiyyətinə dolğun məlumatın çatdırılmasında müasir informasiya texnologiyalarının rolundan danışan nazir qeyd edib ki, bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet-resursu çox mühüm əhəmiyyət daşıyır.

 

“Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. “Karabakh.Center” internet platforması bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında, təbiətə belə amansız münasibətin ifşa edilməsində böyük rol oynayacaq. Eyni zamanda, qarşımızda təbiət ərazilərinin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətinə qaytarılması kimi böyük məsuliyyət dayanır”, – deyə M.Babayev vurğulayıb.

 

Nazir qeyd edib ki, Qarabağ bölgəsi istər təbii sərvətləri, istərsə də biomüxtəlifliyi baxımından çox zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılacaq. Hazırda “Qırmızı Kitab”ın 3-cü nəşrinin hazırlanmasına başlanılıb. Qarabağın fauna və flora növlərinin hazırkı statusunun qiymətləndirilməsi məqsədilə burada elmi tədqiqat işləri aparılacaq. Bu proseslərin platformada geniş işıqlandırılması məqsədəuyğun olardı.

 

İşğaldan azad olunmuş ərazilərdə həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə edilə bilən zəngin su ehtiyatlarının olduğunu deyən nazir bildirib ki, burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa ediləcək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil ediləcək.

 

Qeyd olunub ki, Azərbaycanın transsərhəd çayları Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalıb və bu çirklənmələr bu gün də davam edir. Xüsusilə də Oxçuçayın hövzəsi “ölü zona”ya çevrilib. Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər zərər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də beynəlxalq səlahiyyətli qurumlar tərəfindən Ermənistana təsir göstərilməsində “Karabakh.Center" internet-resursunun imkanlarından geniş istifadə edilə bilər.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” əhəmiyyətindən danışıb. Bildirib ki, “Karabakh.Center” internet-resursunun vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq. Portalın təbliği işinə vətəndaş olaraq hər birimiz, bütün cəmiyyətimiz öz töhfəsini verməlidir. Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpası prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün vahid platformadır.

 

Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi və əhəmiyyəti barədə fikirlərini bölüşüb, "Karabakh.Center" internet-resursunun videotəqdimatı olub.

18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi
31 Yanvar, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Yanvar, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın şəhərinə çatdı