"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1665
Qaradağlı faciəsindən 30 il ötür
Mətbuat xidmətinin məlumatı 17 Fevral, 2022

Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri də Qaradağlı faciəsidir. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

 

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun olaraq 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında vilayətin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda tətillər keçirilir, mitinqlər təşkil edilirdi. Vəziyyət getdikcə daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq idi. 1991-ci ilin sonları - 1992-ci ilin əvvəllərində Qarabağda vəziyyət daha da ağırlaşdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin noyabr - 1992-ci ilin fevral aylarında Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.

 

Qarabağ müharibəsində Xocavənd rayonunun ən çox faciəyə düçar olan, ağrı-acı yaşayan kəndlərindən biri Qaradağlıdır. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılar baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

 

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

 

1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı.

 

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti silos quyusunda yaralı halda diri-diri basdırıldı. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

 

Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

 

Qaradağlı kənd sakini Məhəmmədəli Bayramov 1990-cu ildən başlayaraq ermənilərin silahlı hücumlar etdiyini bildirib: “Ermənilər kəndə mebel satmağa gələn 3 nəfəri öldürdülər. Sonra kəndin yaxınlığındakı mal fermasında 1 nəfəri yaraladılar. 1991-ci ildə həm kəndi, həm də mal fermasını atəşə tutmağa başladılar. Biz fermaya gedəndə gördük ki, aralarında qadınlar da olmaqla 6 nəfəri yandırılıb. Kəndin mal-qarasını kənara çıxan kimi aparırdılar. 1992-ci ildə vəziyyət daha da gərginləşmişdi. Kənd sakinləri mənə dedilər ki, gedim kömək gətirim. Əvvəlcə Ağdama qərargaha gəldim. Artıq Malıbəyli kəndi də işğal edilmişdi. Qaradağlıdakı qadınları, uşaqları və qocaları çıxartmaq üçün vertolyota ehtiyac var idi. Vertolyot istəmək üçün Gəncəyə getdik. Oradan da əliboş qayıtdıq. Özünümüdafiə dəstələri və polislərlə birgə Ağdamdan Xocavənd istiqamətində yarıb keçmək istəyimiz də alınmadı. Gülablı kəndindən meşə ilə Qaradağlıya doğru gedəndə həmkəndimizlə - Vidadi Hüseynovla qarşılaşdıq. Dedi ki, kənd işğal edildi. Tək o qaça bilib. Camaatı Xankəndi tərəfə aparıblar... Ermənilər kəndimizin sakinlərinə qarşı dəhşətli cinayətlər törətdilər. Bizim ailədən də 4 nəfər – atam, qardaşım, bacım qətlə yetirildi, bir qardaşım itkin düşdü...”

 

Kənd sakini Məlahət Tağıyeva: “Qaradağlı bizim yaralı, ağrılı yerimizdir. Camaatımız çox əziyyətlərə, zülmlərə məruz qalıb. Demək olar ki, kənddə hər bir ailə faciə ilə üzləşib. Qaradağlıda atamı, qardaşımı, qardaşımın oğlunu, dayımı, qayınımı, əmilərimi, əmim oğlanlarını itirmişəm. Hamısı mənim doğmalarım idi. Mən faciə törədilməmişdən əvvəl kənddən çıxmışdım. O zaman 22 yaşım var idi. Heç yadımdan çıxmaz. Faciədən sonra əsir və girovluqdan azad olan həmkəndlilərimizdən yaxınlarımızı, itkinlərimizi soruşurduq. O insanların dedikləri bizi dəhşətə gətirirdi. İnsanlara olmazın işgəncələr veriblər, döyüblər, ac-susuz saxlayıblar, dişlərini, dırnaqlarını çıxarıblar... Bu faciəni unutmaq mümkün deyil. İstəyim odur ki, Qaradağlıya qəhrəman kənd adı verilsin”.

 

Faciəsinin şahidi Oruc Əliyev illər keçməsinə baxmayaraq, hələ də həmin günləri xatırlayanda dəhşətə gəldiyini bildirərək deyib: “Ermənilər fevralın 14-də kəndə hücuma keçdilər. Düşmənə inadla müqavimət göstərdik, gecə-gündüz döyüşdük. Ayın17-də gülləmiz qurtardı. Kənd sakinlərini iki “KamAZ”a yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı “Pir” deyilən yerə qədər piyada gətirdilər. Yolda Şahmurad kişini öldürdülər. Burada “KamAZ”a mindik, Eldarı yerə düşürdülər, ağacla döyüb öldürdülər. Bəylik bağından keçəndə Tut bağının qırağında “KamAZ”ı saxladılar. Dedilər 10 nəfər düşsün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutmağa başladılar. Maşındakıların çoxu öldürüldü. Mən yaralanmışdım. Sonra yola düşdük. Yolda Elmdarı düşürdülər. Ondan xəbərimiz olmadı. Məni və bir neçə kənd sakinini Malıbəyli körpüsündə digər həmkəndlilərimizdən ayırıb Xankəndinə apardılar. Bizi səhərə qədər döydülər. Səhər çölə çıxanda gördüm ki, həbsxananın qabağında bizim camaat yerə yıxılıb, ermənilər də üstləri ilə ora-bura gedirlər. Bizi “KamAZ”a mindirib Əsgərana gətirdilər. Əsgəranda məşəqqətli günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər, döyürdülər, ac-susuz saxlayırdılar. Bir gün erməni nəzarətçisi İlqara dedi ki, üzünün bir tərəfinin tükünü səhərə kimi əllərinlə yolmasan səni güllələyəcəyəm. Səhərə qədər birimiz İlqarın üzündəki tükləri yolduq, digərimiz üfürdük... Sonra İlqarı bizdən ayırıb apardılar. İki nəfər Qaradağlı, 28 nəfər Xocalı sakini bir yerdə idik. Hər gün bizi aparıb döyürdülər. Xocalı işğal olunandan 3 gün sonra məni növbəti dəfə döyməyə apardılar. Qaytaranda qaldığım kameraya deyil, xocalılıların saxlanıldığı kameraya saldılar. İçəri Xocalı sakinləri ilə dolu idi. Ermənilər tez-tez gəlir, qapını açıb bıçaqla, tapança ilə içəridəkiləri öldürürdülər. Səhərə qədər o qədər adamdan 4 nəfəri sağ qalmışdı, hamısını öldürmüşdülər. Bizimkilər Ağdamdan Əsgərana hücum etmişdilər. Ermənilər Əsgəranı tərk edirdilər, bizi Noragah kəndinə aparıb anbarın zirzəmisinə saldılar. Ermənilər mənim də, digər girovların da qızıl dişlərini kəlbətinlə çıxardı. 43 gün orda qaldıq. Suyun içində saxlayırdılar, döyürdülər, işgəncələr verirdilər. Xocalı sakinlərindən neçəsi acından, soyuqdan, döyülməkdən dünyasını dəyişdi... Bu gün sağam, yaşayıram, amma əsirlikdə çəkdiklərim, o müdhiş günləri, əzab-əziyyəti ağır yük kimi özümlə daşıyıram”.

 

Qaradağlı faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı garadaghli.org internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

 

AZƏRTAC

19 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Şuşa şəhərində fləşmob keçirib
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Füzulinin yeni növrağı