Əhmədov Sabir Əhməd oğlu 20 fevral 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.
Təhsilinə 1983-cü ildə Mingəçevir şəhər 11 saylı tam orta məktəbində başlamış və 1993-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.
1994-cü ildə Qafqaz Universitetinə qəbul olmuş və 1999-cu ildə bakalavr dərəcəsiylə bitirmişdir. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurmuş və magistr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 1999-cu ildən Azərbaycan Respublikası Milli Məclisində başlamışdır. Bir müddət Milli Məclisdə müqavilə əsasında çalışdıqdan sonra, təhsilini artırmaq məqsədi ilə Amerika Birləşmiş Ştatlarına getmiş və orada təhsil almışdır. ABŞ-da təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və 2001-ci ildən Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda əmək fəaliyyətini davam etdirmişdir. Fondda tərcüməçi, menecer köməkçisi, təbliğat və ictimai əlaqələr üzrə menecer, satınalmalar üzrə menecer və direktor müavini vəzifələrinə qədər yüksəlmişdir.
13 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının qərarı ilə direktor vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.