"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında
Çap et

Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1. Bu Qanunun məqsədi

 

Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

 

Maddə 2. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər

 

Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.

 

Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar.

 

Maddə 3. Bu Qanunun qüvvəsi

 

Bu Qanun 1988-ci il yanvarın 1-dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu Qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir.

 

Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

 

Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur.

 

Maddə 4. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri

 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir:

 

müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi;

 

məşğulluğun təmin edilməsi;

 

sosial təminat;

 

tibbi təminat;

 

təhsil hüququnun təmin edilməsi;

 

nəqliyyat və mənzil-kommunal və digər güzəştləri; [1]

 

vergi güzəştləri. [2]

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

 

Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı

 

Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.

 

Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

 

Maddə 6. Məcburi köçkünlərə torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsi

 

Məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [3]

 

Maddə 7. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi

 

Məcburi köçkünlərin məşğulluğu dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir. Dövlət məcburi köçkünlərin müstəqil olaraq işə düzəlmələri, onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait yaradır.

 

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi dövlət idarə, müəssisə və təşkilatlarında kvota müəyyən edilməsi, yeni iş yerlərinin açılması və digər tədbirlərin görülməsi ilə həyata keçirilir.

 

Məcburi köçkünləri daimi işlə təmin etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanları onların müvəqqəti və mövsümi işlərə cəlb edilməsini təşkil edirlər.

 

Məcburi köçkünlərin işə qəbulu zamanı əmək kitabçasının təqdim edilməsi məcburi deyil. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı bu şəxslər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər.

 

Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bank kreditləri verilə bilər.

 

Maddə 8. Məcburi köçkünlərin sosial təminatı [4]

 

Məcburi köçkünlərin iş stajı və əmək haqqı barədə sənədləri olmadıqda onlara pensiya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada təyin edilir.

Məcburi köçkünlərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinət iş stajından asılı olmayaraq əmək haqlarının tam həcmində ödənilir. [5]

 

Maddə 9. Məcburi köçkünlərə maddi yardımlar

 

Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımların göstərilməsində müstəqildirlər. Bu şəxslərin humanitar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.

 

Maddə 10. Məcburi köçkünlərin tibbi təminatı [6]

 

Məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tibb müəssisələri tərəfindən göstərilir.

 

Məcburi köçkünlərə dərman preparatları almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.

 

Maddə 11. Məcburi köçkünlərin təhsil hüquqlarının təmin edilməsi

 

Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada dərsliklərlə və dərs ləvazimatları ilə təmin olunurlar. [7]

Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. [8]

 

Maddə 12. Məcburi köçkünlərə nəqliyyat xidməti

 

Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin yaxınlıqdakı yaşayış məntəqəsinə gedib-gəlmələrinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələri ayırırlar. Məcburi köçkünlər müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən məskunlaşma yerini dəyişdikdə onların əmlakının daşınma xərcləri dövlət hesabına ödənilir.

 

Maddə 13. Mənzil və kommunal xidməti güzəştləri

 

Məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. [9]

 

Maddə 14. Məcburi köçkünlərə dövlət rüsumu ödəməkdə güzəştlər [10]

 

Məcburi köçkünlər şəxsiyyət vəsiqəsinin verilməsinə görə, habelə 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumu ödəməkdən azaddırlar. [11]

 

Maddə 15. Beynəlxalq müqavilələr

 

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 21 may 1999-cu il

№ 669-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

 

2.23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

 

3. 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2005-ci il)

 

4. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

 

5 .12 oktyabr 2018-ci il tarixli 1287-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2018-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2206)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 4-cü maddənin birinci hissəsinin yeddinci abzasında "güzəştləri" sözü "və digər güzəştləri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 4-cü maddənin birinci hissəsinin səkkizinci abzası çıxarılmışdır.

 

[3] 12 oktyabr 2018-ci il tarixli 1287-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2018-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2206) ilə 6-cı maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və üçüncü cümləyə “Torpaq sahələrinin” sözlərindən sonra “istifadəyə” sözü əlavə edilmişdir.

 

[4] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 8-ci maddəsinin birinci hissəsi çıxarılmışdır.

 

[5] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2005-ci il) ilə 8-ci maddənin ikinci hissəsində "sosial sığorta ödəmələri" sözləri "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinət" sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 10-cu maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Məcburi köçkünlərə tibbi xidmət bilavasitə məskunlaşdıqları ərazidə yerləşən tibb müəssisələri tərəfindən göstərilir. Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.

 

Məcburi köçkünlər dövlət tibb müəssisələrində birinci növbədə yerləşdirilirlər və tibbi xidmətin bütün növlərindən pulsuz istifadə edirlər.

 

Məcburi köçkünlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları ilə pulsuz təmin edilirlər.

 

[7] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 11-ci maddə üzrə birinci hissənin 2-ci cümləsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqlar dərsliklərlə və dərs ləvazimatları ilə pulsuz təmin olunurlar.

 

[8] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 11-ci maddə üzrə ikinci hissənin 1-ci cümləsi çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər.

 

[9] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 13-cü maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Məcburi köçkünlər mənzil, kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisi və s.) və telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azaddırlar.

 

[10] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 14-cü maddənin adında "vergi güzəştləri" sözləri "dövlət rüsumu ödəməkdə güzəştlər" sözləri ilə əvəz edilmişdir.

 

[11] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 14-cü maddənin mətnindən "gəlir vergisindən", "və vergiləri" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Məcburi köçkünlər gəlir vergisindən, şəxsiyyət vəsiqəsinin verilməsinə görə, habelə 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumu və vergiləri ödəməkdən azaddırlar.