"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
ATƏT-in Minsk Konfransının həlli ilə məşğul olduğu Dağlıq Qarabağ regionunda münaqişə
Çap et

ATƏT-in Minsk Konfransının həlli ilə məşğul olduğu Dağlıq Qarabağ regionunda münaqişə


25.01.2005 1416 saylı Qətnamə
Məruzə


Siyasi İşlər Komitəsi
Məruzəçi: cənab David Atkinson, Böyük Britaniya, Avropa Demokrat Qrupu

Xülasə

Hərbi əməliyyatların başlanmasından keçən on ildən artıq bir müddətdə Dağlıq Qarabağ regionunda münaqişə həll edilməmiş qalmaqdadır. Yüz minlərlə insan hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə yaşayır. Azərbaycanın ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan mono-etnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır.

 

Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyininin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir. Assambleya həmçinin münaqişənin dinc yolla həlli üçün həyata keçirilən ATƏT-in Minsk prosesini dəstəkləyir və Ermənistan və Azərbaycanı barışıq yolu ilə getməyə çağırır.

 

I.1416 (2005) saylı Qətnamə

 

1. Assambleya hərbi əməliyyatların başlanmasından keçən on ildən artıq bir müddətdə Dağlıq Qarabağ regionunda münaqişənin həll edilməməsinə təəssüf edir. Yüz minlərlə insan hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə yaşayır. Azərbaycanın ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ regionuna nəzarət edirlər.

 

2. Assambleya hərbi əməliyyatların və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçiliyin etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan mono-etnik ərazilərin yaradılmasına gətirib çıxarmasından narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, regional ərazinin müstəqilliyi və dövlətdən ayrılması etnik mənsubiyyətinə görə insanların yerlərindən qovulması və ərazinin qəsb edilərək de facto başqa bir dövlətə birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə ilə deyil, yalnız bu ərazinin sakinlərinin demokratik dəstəyi əsasında qanuni və dinc yolla həyata keçirilə bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyininin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir.

 

3. Assambleya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə istinad edərək müvafiq tərəfləri təkidlə bu qətnamələrə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri bütün işğal edilmiş ərazilərdən çıxarmağa çağırır. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsində ifadə olunmuş tələblə həmrəy olduğunu bildirərək təkidlə bütün üzv dövlətləri münaqişənin genişlənməsinə və ya ərazilərin işğalının davam etdirilməsinə səbəb ola biləcək silah və hərbi ləvazimat tədarükündən yayınmağa çağırır.

 

4.  Assambleya Ermənistan və Azərbaycanın 2001-ci ilin yanvar ayında Avropa Şurasına üzv olarkən münaqişənin həll edilməsi üçün qonşulara qarşı hər hansı güc tətbiq etməklə hədələməkdən çəkinməklə yalnız dinc vasitələrdən istifadə etmək öhdəliyini üzərlərinə götürdüklərini xatırladır. Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağa əhəmiyətli təsirindən istifadə etmək öhdəliyini üzərinə götürmüşdür. Assambleya hər iki höküməti təkidlə bu öhdəliklərə əməl etməyə və bir-birlərinə qarşı silahlı qüvvə tətbiq etmək, həmçinin hərbi əməliyyatları təbliğ etməkdən çəkinməyə çağırır.

 

5. Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Nazirlər Şurasının 1992-ci ilin mart ayında Helsinkidə münaqişənin dinc yolla həllinə yönələn danışıqlar üçün forumun təmin edilməsi məqsədilə Minskdə konfrans keçirmək barədə razılığa gəldiyini xatırladır. Azərbaycan, Ermənistan, Belarus, keçmiş Çexiya və Slovakiya Federal Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları o zaman bu konfransda iştirak etmək barədə razılığa gəlmişlər. Assambleya bu dövlətləri münaqişənin dinc yolla həllinə nail olmaq üçün səylərini artırmağa çağırır və onların Assambleyadakı milli nümayəndə heyətlərini hər il Hökümətlərinin bu istiqamətdə gördüyü işlər barəsində Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə Assambleya Bürodan xüsusilə bu milli nümayəndə heyətlərinin başçılarından ibarət olan Xüsusi Komitə yaratmağı xahiş edir.

 

6. Assambleya Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin xüsusilə 1994-cü ilin may ayında atəşkəsə nail olmaları və o dövrdən bəri ona əməl edilməsinə nəzarət etmələri ilə bağlı yorulmaz səylərinə ehtiramını ifadə edir. Assambleya ATƏT-in Minsk Qrupunun həmsədrlərini silahlı münaqişənin dayandırılması ilə bağlı, yerinə yetirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasına səbəb olacaq və Minsk Konfransının çağırılmasına imkan yaradacaq siyasi sazişin bağlanması üçün danışıqları sürətləndirəcək təcili addımlar atmağa çağırır. Assambleya Ermənistan və Azərbaycanı ATƏT-in Minsk Prosesindən faydalanmağa və Minsk Qrupu vasitəsilə fəal şəkildə bir-birlərinə münaqişənin beynəlxalq hüququn müvafiq norma və prinsipləri əsasında dinc həllinə yönələn konstruktiv təkliflərini verməyə çağırır.

 

7. Assambleya Ermənistan və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə qoşulduqlarını və bu Nizamnamənin 93-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq ipso facto Beynəlxalq Məhkəmənin Statutunun iştirakçıları olduqlarını xatırladır. Buna görə də Assambleya Minsk Qrupunun həmsədrlərinin himayəsi altında keçən danışıqların bir nəticə verməyəcəyi təqdirdə Ermənistan və Azərbaycanın Məhkəmənin Statutunun 36-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq Beynəlxalq Məhkəməyə müraciət etməyi nəzərdən keçirmələrini təklif edir.

 

8. Assambleya Ermənistan və Azərbaycanı Assambleya, həmçinin Qafqaz Dördlüyünün Parlament Sədlərinin görüşləri kimi digər forumlar çərçivəsində ikitərəfli parlamentlərarası əməkdaşlığı artırmaq yolu ilə öz aralarında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki nümayəndə heyətinin belə barışıq üzrə əldə edilmiş tərəqqini nəzərdən keçirmək üçün Assambleyanın hər sessiyasında görüşməyini tövsiyə edir.

 

9. Assambleya Azərbaycan hökümətini regionun gələcək statusu ilə bağlı Dağlıq Qarabağın hər iki icmasının siyasi nümayəndələri ilə ilkin şərt olmadan əlaqə yaratmağa çağırır. Assambleya belə əlaqələrin Strasburqda həyata keçirilməsi üçün imkan yaratmağa hazırdır və o, əvvəllər Ermənistanın iştirakı ilə dinləmələr formasında belə tədbirlərin təşkil edildiyini xatırladır.

 

10.  Assambleya Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002) saylı tövsiyəsini xatırladaraq, bütün üzv və müşahidəçi dövlətləri hərbi əməliyyatlar və etnik ermənilərin Azərbaycandan və etnik azərbaycanlıların Ermənistandan qovulmaları nəticəsində didərgin düşmüş yüz minlərlə insana humanitar kömək və yardım etməyə çağırır.

 

11. Assambleya Ermənistan və Azərbaycanın mətbuatında nifrət hisslərinin ifadə edilməsini pisləyir. Assambleya Ermənistan və Azərbaycanı məktəblər, universitetlər və mətbuat vasitəsilə xalqlar arasında barışıq, etimad-yaratma və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırır. Belə barışıq olmadan nifrət və inamsızlıq hissləri regionda sabitliyi üstələyəcək və bu da yeni zorakılığa gətirib çıxara bilər. Belə barışıq prosesi istənilən davamlı həlldən öncə gəlməli və davamlı həll də belə barışıq prosesi üzərində qurulmalıdır.

12. Assambleya Avropa Şurasının Baş Katibini qarşılıqlı barışıq prosesinə nail olmaq məqsədilə Ermənistan və Azərbaycana konkret yardım göstərmək üçün tədbirlər planı tərtib etməyə və Ermənistan və Azərbaycanla bağlı müəyyən tədbirlər barədə qərara gələn zaman bu qətnaməni nəzərə almağa çağırır.

 

13. Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyyət Orqanları Konqresini Ermənistan və Azərbaycanın seçilmiş yerli nümayəndələrinin qarşılıqlı əlaqə və regional əməkdaşlıq yaratmalarına kömək etməyə çağırır.

 

14.Assambleya ikitərəfli münaqişələri, həmçinin insan hüquqları, sabitlik və sülhə təhlükə yarada biləcək və yerli və ya regional ərazi birliklərinin və ya hakimiyyət orqanlarının cəlb olunduqları daxili mübahisələri dinc yolla həll etmək üçün üzv dövlətləri daha yaxşı mexanizmlər ilə təmin etmək məqsədilə Avropa Şurası çərçivəsində mövcud olan münaqişələrin həlli mexanizmlərini, xüsusilə Mübahisələrin Dinc Yolla Həllinə dair Avropa Konvensiyasını təhlil etmək qərarına gəlir.

 

15. Assambleya bu münaqişənin dinc yolla həllinə nəzarəti müntəzəm əsasda davam etdirməyi və 2006-cı ilin ilk sessiyasında bu məsələnin müzakirəsinə qayıtmağı qərara alır.

 

II. 1690 (2005) saylı Tövsiyə

 

1. Avropa Şurasının Parlament Assambleyası ATƏT-in Minsk Konfransının həlli ilə məşğul olduğu münaqişə üzrə 1416 (2005) saylı qətnaməsinə istinad edərək Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:

 

I. Müvafiq tərəfləri təkidlə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatdan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq;

 

II. Ermənistan və Azərbaycanın münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Nazirlər Şurasının qərarlarına əməl etmələrini monitorinq etmək və monitorinqin nəticələri barəsində Assambleyaya məruzə etmək;

III. Münaqişənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dinc yolla həlli istiqamətində üzv dövlətlər tərəfindən görülən tədbirlər, o cümlədən üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinə zidd olan və münaqişənin genişlənməsinə və ya ərazinin işğalının davam etdirilməsinə səbəb ola biləcək silah və hərbi ləvazimat tədarükündən çəkinmələri barəsində Assambleyaya məruzə etmək;

 

IV. Dağlıq Qarabağ münaqişəsinə dair 1251 (1994) saylı qətnaməsini xatırlayaraq istədikləri təqdirdə Dağlıq Qarabağın siyasi statusunu müəyyən etmək üçün Ermənistan və Azərbaycanın sərəncamına ekspertlər vermək;

 

V. Ermənistan və Azərbaycan üçün xüsusi etimad-yaratma tədbirləri üzrə tədbirlər planı hazırlamaq məqsədilə vəsait ayırmaq;

 

VI. Daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışığa nail olmaq məqsədilə hər iki ölkədən olan müəllimlər və jurnalistlərə xüsusi treyninq proqramlarının keçirilməsi üçün vəsait ayırmaq;

 

VII. İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının hər iki ölkə ilə bağlı, xüsusilə təhsil müəssisələri və ictimai mətbuat ilə əlaqədar xüsusi tədbirlər hazırlaması üçün vəsait ayırmaq;

 

VIII. Səlahiyyətli Komitəsinə Mübahisələrin Dinc Yolla Həllinə dair Avropa Konvensiyasının Avropa Şurasının üzvü olan dövlətlər arasında münaqişələrin həllinin hazırki tələblərini nə qədər əks etdirdiyini və Avropa Şurasının üzvü olan dövlətlər arasında mübahisələrin dinc yolla həllinə yönələn adekvat sənəd olmasını təmin etmək üçün ona hansı düzəlişlərin edilməsini təhlil etmək tapşırığını vermək;

 

IX. Hər iki dövlət ilə bağlı tədbir görən zaman 1416 (2005) saylı qətnaməni nəzərə almaq;

 

X. 1416 (2005) saylı qətnaməni və bu tövsiyəni bunların milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənmələri üçün üzv dövlətlərin hökümətlərinə göndərmək.