"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında
Çap et

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılsın.

 

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

3.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

4. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 fevral 2014-cü il

 № 38