"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriya və pansionatlarında müvəqqəti məskunlaşan məcburi köçkünlərə kommunal xidmətləri yerinə yetirən təşkilatlara yaranmış borcların tənzimlənməsi barədə
Çap et

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriya və pansionatlarında müvəqqəti məskunlaşan məcburi köçkünlərə kommunal xidmətləri yerinə yetirən təşkilatlara yaranmış borcların tənzimlənməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 56 s nömrəli sərəncamı ilə yaradılmış komissiyanın təklifini nəzərə alaraq «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriya və pansionatlarında müvəqqəti məskunlaşan məcburi köçkünlərə kommunal xidmətləri üzrə yaranmış borcları tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriya və pansionatlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin 2002-ci il 1 yanvar tarixinədək istifadə etdikləri elektrik enerjisinə görə «Azərenerji» Səhmdar Cəmiyyətinə 663090 manat, «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinə 2212592 manat, «Sumqayıtelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinə 10392 manat, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinə 57762 manat, təbii qazdan istifadəyə görə «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinə 301281 manat, sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə «Azərsu» Səhmdar Cəmiyyətinə 438970 manat, suya görə «Azərbminsugeokaptaj» respublika ekspedisiyasına 2007-ci il 1 yanvar tarixinədək 60146 manat məbləğində yaranmış borclar həmin təşkilatların dövlət büdcəsinə olan borcları ilə əvəzləşdirilsin.

 

2. «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriya və pansionatlarında müvəqqəti məskunlaşan məcburi köçkünlərə göstərilən digər xidmətlər üzrə yaranmış 1588060 manat məbləğində borclar 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan «Kurort» Səhmdar Cəmiyyətinə ödənilsin.

 

3.«Kurort» Səhmdar Cəmiyyətinin sanatoriya və pansionatlarında müvəqqəti məskunlaşan məcburi köçkünlərlə əlaqədar sonrakı dövrlərdə yaranacaq digər faktiki xərclər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həmin Səhmdar Cəmiyyət tərəfindən təqdim olunan sənədlər əsasında dövlət büdcəsinin vəsaiti hesabına müvafiq qaydada Səhmdar Cəmiyyətə ödənilsin (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin xidmətlərin həcminin və dəyərinin müəyyən edilməsində iştirakı təmin olunmaqla).

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 13 dekabr 2007-ci il

№ 199