"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında
Çap et

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 148 nömrəli qərarı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənzil İstismar Departamentinin tabeliyində respublikanın müxtəlif şəhər və rayon ərazilərində məcburi köçkün ailələrinin sosial məişət şəraitinin qismən yaxşılaşdırılması məqsədilə inşa edilmiş qəsəbə və evlərə müasir tələblər səviyyəsində xidmət göstərmək üçün şəhər və rayonlarda mənzil-kommunal istismar sahələri yaradılsın (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə Siyahısı əlavə olunur). [1]

 

1.1. “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq, 2008-2010-cu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinin və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılsın (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə siyahısı əlavə edilir). [2]

 

2.Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması üçün salınmış qəsəbələrdə mənzil-kommunal xidmətinin təşkili məqsədilə yaradılmış mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin həyata keçirilməsi, maşın və texnikaların alınması üçün Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 2 286,6 min manat məbləğində vəsait ayrılsın.

 

3.Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın:

 

yaradılmış mənzil istismar sahələrinin fəaliyyətinin təşkili üçün müvafiq tədbirlər görsün;

 

Mənzil İstismar Departamentinin tabeliyindəki mənzil-kommunal istismar sahələrinin ştat cədvəllərini və xərclər smetalarını dövlət büdcəsindən bu məqsəd üçün nəzərdə tutulan vəsaitlər dairəsində təsdiq etsin.

 

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmənzilli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən həyata keçirilir. [3]

 

4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin;

 

növbəti illərin dövlət büdcəsi layihəsinin tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün müvafiq vəsaitlərin nəzərdə tutulmasını təmin etsin.

 

4.1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılacaq mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin təşkili 2011-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

 

5. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına tapşırılsın ki, “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli Fərmanının 14-cü bəndinin icrasını təmin etmək məqsədilə mənzil-kommunal xidməti tariflərini və xərc normalarını müəyyən edən zaman Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənzil İstismar Departamentinin tabeliyində olan mənzil-kommunal istismar sahələri üzrə müvafiq tarif və xərc normalarını ayrıca nəzərdə tutsun.

 

6. Aidiyyəti rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, müvafiq ərazilərdə salınmış yeni qəsəbələrdə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələrinə mənzil-kommunal xidmətinin göstərilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yaradılmış mənzil-kommunal istismar sahələrinə hərtərəfli kömək göstərsinlər.

 

7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 1 mart 2007-ci il

 № 47

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.28 mart 2011-ci il tarixli 45nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 238)

 

2. 10 oktyabr 2013-cü il tarixli 297nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1215)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1]  10 oktyabr 2013-cü il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1215) ilə 1-ci hissə, 1.1-ci və 4.1-ci bəndlər ləğv edilmişdir.

 

[2] 28 mart 2011-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 238) ilə 1.1-ci və 4.1-ci bəndlər əlavə edilmişdir.

 

[3] 10 oktyabr 2013-cü il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1215) ilə 3-cü hissəyə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.